İradə
Musayeva: "Şuşada hər şeyi və hər kəsi
bağışlamaq olar"
Bu il iyunun 14-15-də Şuşada keçirilən
"Vaqif Poeziya Günləri"ndə iştirak edən
söz, fikir adamları sırasında öz məqalələri,
spesifik yanaşması ilə seçilən ədəbiyyatşünas,
filologiya üzrə fəlsəfə doktoru İradə
Musayeva da var idi. İradə xanımın
qısa təəssüratlarını
bölüşdüyü videonu izlədikdən sonra
geniş müsahibəsini oxucularla bölüşmək qərarına
gəldik.
- İşğaldan əvvəlki Şuşanı necə
xatırlayırsınız? Hansı epizodlar unudulmaz xatirələrə
çevrilib?
- Mən Ağdamda doğulmuşam, işğal
gününə qədər də orada yaşamışam. Lakin bütün qarabağlılar kimi
bizim də istirahət, gəzinti yerimiz adətən, Şuşa olurdu. Atam Şuşanı çox
sevirdi və may ayından etibarən hər həftəsonu
bizi Şuşaya aparırdı. Cıdır
düzü uşaqlıq yaddaşımda göyün yeddinci
qatı kimi qalıb. Orada olanda, elə
bilirdim, Allaha yaxınlaşıram. Maşından
düşən kimi bacı-qardaşlarımla dayanmadan
qaçır, ayaqlarımız altındakı rəngbərəng
çiçəklərin sərin mehə qarışan
qoxusunu ləzzətlə sinəmizə çəkirdik.
İşğaldan
sonra isə İsa bulağı, Şuşa
sanatoriyası, xəngəlxana, onlarla digər məkan
xoşbəxt günlərimizin qara çərçivəyə
salınıb divardan asılmış tablosu kimi əzab verməyə
başladı. Həm də ona görə ki, Şuşa
ilə bərabər o zaman o yerlərdə bizimlə birgə
olan doğmalarımız, atam, əmilərim, nənəm,
bibilərim və başqa yaxınlarım artıq həyatda
yox idi. Şuşa, Ağdam, Qarabağ nisgili ilə
dünyadan köçmüşdülər.
Şuşa şəhəri mənim uşaqlıq yaddaşımda
mədəni, təmkinli, azad və rahat olmağın sirli
qapısı kimi qalmışdı. Elə bilirdim orada yorulmaq, həyatdan bezmək,
kiminləsə dalaşmaq olmaz. Elə bilirdim oraya ancaq
xoşbəxt ailələr gedir və ya insanlar ora xoşbəxt
olmaq, mənəvi zövq alıb dincəlmək üçün
gedir...
- Uzun illərdən
sonra yenidən Şuşaya qayıtmaq sizdə hansı hissləri
yaratdı?
- Qəribədir
ki, 32 il sonra, iyulun 14-də mən
Cıdır düzünə ayaq basanda məhz o zamankı
ovqatda, o zamankı yaşda, o zamankı doğmalarımla bir
yerdə hiss edirdim özümü. Son 30 ildə
ən xoşbəxt günümü yaşayırdım.
Digər tərəfdən də o ucalıqda - Cıdır düzündə
daxilimdəki balaca uşağa bir qalib Azərbaycan,
qalib əsgər gücü də
qarışmışdı.
- Şuşada olarkən təəssüratlarınızı
bölüşdüyünüz videonu izlədim. Sevinclə yanaşı kədər də
hiss elədim. Bunun səbəbi nə idi?
- Bəli,
"Xarı bülbül" otelində yuxudan oyanıb eyvana
çıxanda özümü möcüzəli yuxudan hələ tam
oyanmamış kimi hiss edirdim. "Yəni mən
Şuşadayam?!" Çox sevinirdim... Amma hansısa
bir səs, nəfəs, kölgə bu sevincimə sərhəd
qoyurdu sanki... Elə bilirdim bir təhlilə,
analizə, mühakiməyə ehtiyac var. Bu qədər
sevincin bir bədəli olmalıdır, bu xoşbəxtlik
göydən düşə bilməz. Və
təbii ki, səmimi düşünəndə, səmimi və
obyektiv izahlarla həmin xoşbəxtlik anlarının
qapısına gələn yolun tarixçəsini vərəqləyəndə
bu hissin adını bilirdim. Kədərlənməmək
isə mümkün deyildi. Şəhidlərimizin
portretindən baxan nisgilli baxışlar, qara geyimli,
ağsaçlı anaların sükuta qərq olmuş
üzündəki solğunluq, ata şəklini qucaqlayıb
yatan və atasız oyanan körpələrin təbəssümsüz
dodaqları, əlil arabalarındakı qazilər... Çox şey əzab verirdi. Və
bütün bunlar bizim Cıdır düzündəki möhtəşəm
xoşbəxtliyimizin qurbanları idi... Mən də
bütün qarabağlılar kimi bu 30 ildə çox şey
itirmişdim. Lakin mən sağ qalmışam və
Şuşada ən gözəl otelin ən gözəl
otağında dincəlirəm... Qarşıda poeziya tədbiri,
Cıdır düzündə möhtəşəm konserti
dinləmək, gözəl təamlar və xatirələrin
izi ilə gəzinti proqramı var...
Böyük zəfər, arzuolunan və bəlkə də
xəyal etmədiyimiz qələbə çökmüş
ruhumuzu, üzülmüş ürəyimizi dirçəltmişdi. Biz artıq qürurunu,
şərəfini dünyaya tanıdan xalq kimi
özümüzü rahat hiss edə bilərdik. Qüdrətli
və yenilməz ordumuz, dar gündə şəxsi nə
varsa arxa plana atıb bir yumruq kimi bütövləşən
xalqımız və dünyanın böyük gücləri
qarşısında tədbiri, siyasəti, milli iradəsi ilə
layiqli lider obrazını təsdiq etdirən ali
baş komandanımız vardı... Bütün bunlar xoşbəxt
olmaq üçün bəs edərdi...
Təbii ki,
az-çox oxumuş, tarixi, ədəbiyyatı, fəlsəfəni
anlayan adam kimi ağıl və məntiqlə
müharibə qanunlarını, dünya tarixindəki
müharibə reallıqlarını yadıma salıb sakitləşməyə
çalışırdım. Amma mən
bütün bunları kitablardan öyrənən biri kimi
deyil, canlı həyatda yaşayan şahid kimi izah etməliydim.
İşğalı, on illərlə davam edən
sıxıcı və əzabverici atəşkəs
dövrünü, iki mərhələdə baş verən
müharibə faciələrini bütün
varlığımla yaşamışdım.
-
Bütün bu ziddiyyətli hisslərin içində
Şuşada sizi daha çox sevindirən nə oldu, həyatın
canlanmağını necə müşahidə elədiniz?
- Bilirsiniz,
insan hansısa şəhər, hansısa hadisə, hansısa
şəxsiyyətlər haqqında nə qədər
detallı, bütün incəlikləri,
xırdalıqları ilə təsvir edilən roman, hekayə
oxusa, o şeylər barəsində onun düşüncəsində
dəqiq, mükəmməl təsəvvür yarana bilməz.
Canlı şahidlik, canlı təmas,
gözü ilə görüb analiz edəndə həqiqətə
daha yaxın olursan. Bütün
işğalda olan Qarabağ torpaqlarında olduğu kimi
Şuşada da vandallar mədəniyyətə, arxitekturaya,
tarixə, sənətə, elmə, iqtisadiyyata divan tutub, hər
şeyi əxlaqsızcasına dağıdıb.
İşgəncələrlə bədəni dəlmə-deşik
olan, amma əsirlikdən
xilas edilən insan necə olar? Şuşa da o vəziyyətdədir.
Lakin biz qədim mədəniyyəti və tarixi təcrübəsi
olan, min dəfələrlə ölüb Səməndər quşu
kimi özünü külündən var edib yenidən
doğulan xalq kimi dünyanın gözü
qarşısında əzəmətimizi, yıxıcı
deyil, qurucu, yaradıcı xalq olduğumuzu sübut edəcəyik. Bu yaxınlarda Zəngilanın
Ağalı kəndi ilə başlanan böyük və təminatlı
qayıdışın görüntüləri Şuşa, Ağdam və başqa rayonlara da
xoşbəxt dönüşümüzə işarədir.
- "Vaqif
Poeziya Günləri"ndən təəssüratlarınız
xüsusilə maraqlıdır...
- Əlbəttə, hər şey möhtəşəm
idi. Qazilərimizin şeirləri xüsusən
hamını kövrəltdi. Poeziya ilə
bağlı hissələrdə, təbii ki, bir ədəbi tənqidçi
olaraq bəyənmədiyim, o səhnəyə layiq bilmədiyim
şeirlər, çıxışlar oldu. Amma olsun...
Şuşada hər şeyi və hər kəsi
bağışlamaq olar - deyə düşünürəm...
Cıdır düzündəki ədəbi-bədii
kompozisiya isə sadəcə möhtəşəm və deyərdim
ki, qüsursuz idi.
- Gələcəkdə
keçiriləcək "Vaqif Poeziya Günləri" ilə
bağlı hansısa təklifiniz varmı?
- Mənə
elə gəlir ki, gələcəkdə "Vaqif Poeziya
Günləri" çərçivəsində mövzu ilə
bağlı beynəlxalq elmi-praktik konfrans təşkil etmək
vacibdir. Yəni tədbirin çəkisini, elmi-bədii
əhəmiyyətini artırmaq üçün bu çox əhəmiyyətlidir.
-
Şuşada olanda şair Zakir Fəxri dedi ki, bu möhtəşəm
qələbənin, Şuşa
qayıdışımızın tarixə çevrilməsi
üçün böyük ədəbiyyat
yaranmalıdır. Müharibə dövrü ədəbiyyatının
mənzərəsi məlumumuzdur. Bəs
siz bir ədəbiyyatşünas kimi necə
düşünürsüz, sizcə, postmüharibə
dövrü ədəbiyyatı necə olmalıdır,
öz şirəsini hansı məqamlardan çəkməli,
nələrə istinad etməlidir?
- Gəldik
çıxdıq, mövzunun daha bir problemli,
ağrılı məqamına... Bilirsiniz,
söhbət qələbənin, zəfərin ədəbiyyatından
getməməlidir. Tərənnüm ədəbiyyatı
həqiqi sənət əsəri ola bilməz!
Qələbənin tarixini, əzəmətini
tarixçilər yazsın. Lev Tolstoy, Hemenquey, Ekzüperi,
Remark, Vonnequt, Henri Müller, Svetlana Aleksieviç və
başqa müharibə mövzusunda monumental əsərlər
ortaya qoyan müəlliflər var ki, onların mətnində əsla
hansısa tərəfi təqdir, tərənnüm
detalları tapa bilməzsən. Böyük ədəbiyyatdan
söhbət gedirsə, tendensiyalılıq olmamalıdır.
Mən çox-çox təəssüf edirəm ki, bizim
müasir ədəbiyyatda böyük ictimai-siyasi, sosial-mədəni,
mənəvi-psixoloji vəziyyətimizin son 30 illik dönəmini
sənətkarlıqla əks etdirə bilən müəlliflər yetişmədi. Söhbət tək-tək müəlliflərin tək-tək
əsərindən getmir. Bu nümunələr
bizim on illər ərzində yaşadıqlarımızdan,
gördüklərimizdən sadəcə fraqmentlərdir.
Amma biz epopeyalara, cild-cild romanlara yerləşən
tarixi ağrılar, böyük ictimai hadisələr,
müharibələr, inqilablar mərhələsini keçmişik.
Fəqət bizim bu on illiklər ərzində dəyişib
formalaşan (fərqi yoxdur inkişaf edib gözəlləşən
və ya tənəzzülə, deqradasiyaya uğrayan) hisslərimizin,
düşüncəmizin, əxlaqımızın şəklini
obrazlaşdıran, şəklini rəsm edə bilən əsərlər
yazılmadı. Gələcək nəsillər
bu dövr haqqında təfsilatlı məlumatı ədəbiyyatdan
deyil, bəlkə bəzi hallarda publisistikadan ala biləcək.
Bəlkə
son 100 ildə bugünkü qədər ədəbiyyata
material, xammal ola biləcək həyat mənzərələri,
tarixi olaylar olmayıb. Sadəcə qələm
və geniş erudik təfəkkür, bədii sənətkarlıq,
ədəbi çeviklik, zəhmətə qatlaşma əzmkarlığı
yoxdur. Hər yanımız, hər anımız mövzu
ilə doludur...
Məsələn,
Şuşada yol yoldaşım Samirə Bəktaşi ilə
otelin yeməkxanasında olanda çox təsirli mənzərə
ilə rastlaşdım. İçəriyə
10-12 nəfər hərbi geyimdə, yaxasında medallar olan
müharibə iştirakçıları, qazilər daxil
oldu. Hər kəsdən fərqli ifadə
vardı üzlərində. Bizlərin
üzündə olan sevinc hissi onlarda yox idi. Sakit, susqun vəziyyətdə nahar edirdilər.
Az danışır və ətrafda
heç kimə nəzər yetirmirdilər. Onlar
odun-alovun içindən çıxıb gəlmişdilər.
Çoxlu ölümlər, dəhşətli mənzərələr
görmüş, bir ömür boyu qulaqlarından getməyən
səslər eşitmişdilər... Onlarla
sonrakı tanışlıq zamanı eşitdiyim faktlar da bunu
sübut etdi. Qucaqlarında neçə
dostları xırıldaya-xırıldaya, imdad istəyən
gözlərini yumaraq canlarını
tapşırmışdı. Bir
addımlıqlarında bir avtobus əsgər yoldaşları
raket atəşi altında həlak olmuşdur.
"Şuşanı alsanız mütləq mənim cəsədimi
də olsa, oraya çıxarıb sonra dəfn edin" - deyən
yaralı
döyüş yoldaşlarının vəsiyyətini
eşitmişdilər. Yeri qazıb tək qol, tək ayaq
basdırıb sonra dərindən ah çəkib, gözlərinin
yaşını silib döyüşə yollanıblar...
Həmin gənclərdən biri danışırdı
ki, müharibədən qayıdanda yaşamağımı
hiss etmirdim sanki. Məni çox təntənə ilə
qarşıladılar, elə bilirdim şəhid olmuşam.
Düşünürdüm ki, yalnız şəhidi
belə qarşılayarlar. Və həmin oğlan mənə
qızı ilə görüşdüyü videonu göstərdi,
dedi ki, ancaq qızım mənim qarşıma gəlib məni
qucaqlayanda yaşadığımın, ölmədiyimin fərqində
oldum... Onların döyüş hekayələri
və müharibədən sonrakı obrazları, dəyişən
simaları mənə Hemenqueyin, Ekzüperinin, Aleksieviçin
qəhrəmanlarını xatırlatdı. Və mən
düşündüm: Axı niyə bu insanların, bu
müharibənin və bizim yaşadığımız bu həyatın
ədəbiyyatı yoxdur?! Lev
Tolstoy da deyirdi ki, siz gələcəkdə tarixi tarix
kitablarından yox, əsl ədəbiyyat materiallarından
öyrənə biləcəksiniz...
Nadir
YALÇIN
525-ci qəzet. - 2022.- 30 iyul.- S.12-13.