Zəriflik və müdriklik nümunəsi

 

Azərbaycan ədəbiyyatında görkəmli qadın şairləri sırasında Kəmalə Ağayevanın özünəməxsus yeri vardır. XX əsrin ikinci yarısında və müstəqillik dövründə Azərbaycan şeiri və dramaturgiyasının inkişafına Kəmalə Ağayeva mühüm ədəbi töhfələr vermişdir.

 

Kəmalə Ağa qızı Ağayeva 10 iyul 1937-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına 2 saylı məktəbdə orta təhsil almışdır. Kəmalə Ağayeva 1953-1957-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər Universitetində oxumuş, fransız dili müəllimliyi ixtisası qazanmışdır. İndiki Babək rayonunun Şıxmahmud kənd orta məktəbində, Naxçıvan şəhərindəki 1 saylı məktəbdə və internat məktəbində fransız dilindən dərs demişdir.

 

Hələ tələbəlik illərindən bədii yaradıcılıqla məşğul olan Kəmalə Ağayevanın "Hilal olayım" adlı ilk şeiri 1957-ci ildə "Azərbaycan" jurnalında çap olunmuşdur. Pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da ardıcıl şəkildə məşğul olan şairə eyni zamanda fransız poeziyası nümunələrini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan oxucusu Pol Elüar, Pol Verleni kimi fransız şairlərinin şeirləri ilə Kəmalə Ağayevanın tərcümələri vasitəsilə ilə tanış olmuşdur.

 

Kəmalə Ağayeva 1958-ci ildə Azərbaycan Yazıçılarının Naxçıvanda keçirilmiş yaradıcılıq plenumunda Xalq şairi Rəsul Rzanın təklifi ilə Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilmişdir. Mühüm tarixi əhəmiyyətə malik plenumda Rəsul Rzanın hələ ilk kitabı çapdan çıxmamış Kəmalə Ağayeva haqqında dediyi aşağıdakı fikirlər şairənin yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərinin Xalq şairi tərəfindən dərin həssaslıqla müşahidə edildiyini və istiqamətləndirildiyini göstərir. "Son vaxtlarda nəşr olunan şeirlər içərisində Kəmalə Ağayevanın "Gənclik" şeiri yaxşı nümunələrdən sayılmalıdır. Bu, gözəl hisslə yazılmış həqiqi bir şeir nümunəsidir. Müəllifin gənc olduğuna və qələm təcrübəsinin azlığına baxmayaraq, bu əsərdə onun incə, poetik, lirik ürək döyüntüləri aydın duyulur... buradakı ifadə yeniliyini, poetik intibahın zərifliyi, sözlərin sadə və səmimiliyi oxucuda xoş təsir buraxır".

 

Poeziya sahəsində fəaliyyət göstərən Kəmalə Ağayevanın "Gül yarpağı" (1967), "Sən olmasaydın" (1974), "Arpaçayın nəğməsi" (1978), "Daş piyalə" (1982), "O dağlarda gözüm qaldı" (1988), "Tanrıya heyranam mən" (1997), "Vətən sevdalıyam" (2004), "Könül verdiyim ellər" (2006), "Əlixan məhəlləsi" (2010), "Ay-ulduzlu gülüstanım" (2014) adlı şeirlər kitabları ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. Uşaqlar üçün yazdığı şeirlər və pyeslər onun "Qönçələr" adlı kitabında (2005) toplanmışdır. "Bir gül kimi ilahi" kitabı 2003-cü, "Sevdim Türkiyəni" kitabı isə 2009-cu ildə İstanbulda çapdan çıxmışdır.

 

Həyatı və yaradıcılığı teatr və dramaturgiya ilə üzvü surətdə bağlı olan Kəmalə Ağayevanın "Məhsəti" mənzum dramı 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş, şairəyə istedadlı dramaturq kimi şöhrət qazandırmışdır. Sonrakı illərdə onun "İsmət" (1972), "Bizim dağların oğlu" (1976), "Mənim tanrım gözəllikdir, sevgidir" (1982) və "Apardı sellər Saranı" (1985) mənzum dramları da tamaşaya qoyulmuşdur. Kəmalə Ağayeva Azərbaycan nağıllarının süjetləri əsasında yazılmış "Göyçək Fatma" (1993) "Tıq-tıq xanım" (1996), "Məlimkməmməd" (1998) adlı uşaq pyeslərinin, "Sirli sözlər" (1999) və "Köhnə sandıq" (2001) adlı didaktik pyeslərin (1999) müəllifidir.

 

Kəmalə Ağayeva 1968-ci ildən etibarən 20 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışaraq, teatrın və dramaturgiyanın inkişafına xidmət etmişdir. 1971-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü seçilən şairə teatrda tarixilik və müasirlik istiqamətində geniş işlər aparmışdır. O, eyni zamanda, 1982-1986-cı illərdə Naxçıvan şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir.

 

Bir sıra beynəlxalq tədbirlərdə Kəmalə Ağayeva ölkəmizi layiqincə təmsil etmişdir. Amerika dostluq və həmrəylik görüşündə (1979), Özbəkistanda Azərbaycan incəsənəti günlərində (1980), Fransada Azərbaycan Günlərində (1984), Türkiyədə Yunus Əmrə tədbirlərində (1990) iştirak edən şairə ədəbiyyatımızın təbliğinə və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsinə öz töhfələrini vermişdir. O, İran İslam Respublikası tərəfindən Fatimeyi-Zəhranın mövludu münasibətilə 1994-cü ildə elan edilmiş müsabiqədə həmin mövzuda yazdığı şeirinə görə birinci yerə layiq görülmüşdür. Tanınmış şairə-dramaturq Kəmalə Ağayeva çoxcəhətli fəaliyyətinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilmişdir.

 

Ömrünün son illərində Bakıda yaşayan Kəmalə Ağayeva 18 iyul 2019-cu ildə burada vəfat etmişdir.

 

lll

 

Kəmalə Ağayeva çoxcəhətli yaradıcılıq fəaliyyətinə malikdir. Onun yaradıcılığında lirika, dramaturgiya və tərcüməçilik işi əsas yer tutur. O, bədii yaradıcılığa şeirlə başlamış və bütün ömrü boyu şeir yazmaqla məşğul olmuş, istedadlı şairə kimi tanınmışdır. Kəmalə Ağayevanın şeirlərində zərif lirika aparıcılıq təşkil edir. O, qadın qəlbinin ən incə duyğularını, təbii hiss və həyəcanlarını ilhamla şeirə çevirmişdir. Bu mənada ilk kitablarının adlarında ifadə olunan "Baharın sözü", "Gül yarpağı" sözlərinin mahiyyətindəki incəlik, təbiilik və zəriflik onun yaradıcılığının özünəməxsus xüsusiyyətlərini dolğun şəkildə mənalandırır. Lirizm Kəmalə Ağayevanın şeirlərinin ana xəttini müəyyən edir. O, insan vəfasını və ləyaqətini böyük məharətlə lirik duyğular vasitəsilə mənalandırır:

 

 

 

Dedilər dağlarda bitən çiçəksən,

 

Mən onun ətrini almağa gəldim.

 

Dedilər döyünən odlu ürəksən,

 

O oddan könlümə salmağa gəldim.

 

 

 

...Dedilər zirvənə ucalmaq olmur,

 

Mən sənin xəyalın olmağa gəldim.

 

Dedilər heç səndən ayrılmaq olmur,

 

Yanında əbədi qalmağa gəldim.

 

 

 

Kəmalə Ağayevanın ictimai məzmunlu şeirlərində də incə bir lirika vardır. O, vətənimiz Azərbaycanı obrazlı lirik düşüncələrlə aşağıdakı kimi mənalandırır:

 

 

 

Ömür dalğalanır yolların kimi,

 

Fəqət mehribansan ellərin kimi,

 

Heç gül də görmədim güllərin kimi,

 

Güllü-gülüstanlı Azərbaycanım.

 

 

 

Şairə Naxçıvan diyarının özünəməxsus gözəlliklərinin mənalı bir poeziya çələngini yaratmışdır. O, sanki Naxçıvanın nadir təbiətinin obrazlı şəkildə rəsmini çəkmişdir. Naxçıvanın bənzərsiz dağlarını "göylərin hilalı" adlandıran Kəmalə bu diyardakı Gəmiqayanın fərqli bədii obrazını canlandırmışdır:

 

 

 

Ey qədimlik nişanəmiz - Gəmiqaya,

 

Gerçəyimiz, əfsanəmiz - Gəmiqaya.

 

Daş sinəndə sirləri var bu dünyanın,

 

Uzaq-uzaq zəmanəmiz - Gəmiqaya.

 

 

 

Kəmalə Ağayevanın poemalarında da süjetdən çox lirik düşüncələr əsas yer tutur. Haqqında yazılmış tədqiqat əsərində də şairənin poemalarında lirizmin üstünlük təşkil etdiyi xüsusi olaraq qeyd edilmişdir. Müasirləri və tədqiqatçıları şairənin xarakterindəki zərifliklə yaradıcılığındakı zərifliyin vəhdət təşkil etdiyini, bir-birini tamamladığını dönə-dönə nəzərə çatdırmışlar. Zəriflik Kəmalə Ağayevanın şəxsiyyətinin və sənətinin əsas meyarı olmuşdur.

 

Şairənin əksər poemaları sırf lirik poemalardır. "Lermontovla görüş", "Kərbəla vaqiəsi", "Əlixan məhəlləsi", "Solan qönçələr", "Zərəfşanda bir axşam", "Arpaçay nəğməsi", "Daş piyalə" poemalarında süjet epizodik təsvirlərdən ibarətdir. Kəmalə Ağayeva Azərbaycan ədəbiyyatında lirik poemanın əsas yaradıcılarından biridir. Bir çox hallarda Kəmalənin poemaları lirik monoloqlardan ibarətdir.

 

Azərbaycan ədəbiyyatında Kəmalənin bir sənətkar kimi tanınmasında onun dramaturgiyası, xüsusən, "Məhsəti" mənzum dramı mühüm rola malik olmuşdur. Yaşadığı dövrdə mənzum dramaturgiyanın əsas yaradıcılarından olan Kəmalə Ağayevanın dram əsərlərində lirizm əsas xüsusiyyətlərdən biridir. Həyata şairanə münasibət bəsləməklə yanaşı, dram əsərlərindəki bədii haşiyələr və lirik ricətlər, mahnı mətnləri və şeirlər Kəmalə Ağayevanın dramaturgiyasının simasını müəyyən edir. Beləliklə, Kəmalə Ağayeva Azərbaycan ədəbiyyatında mənzum liro-dramaturgiyanın əsas yaradıcılığından biri olmuşdur.

 

Kəmalə Ağayeva XX əsrin II yarısından sonrakı Azərbaycan mənzum dramaturgiyasının əsas yaradıcılarından biridir. O, Azərbaycan ədəbiyyatında ən tanınmış qadın dramaturqlarındandır. Kəmalə Ağayevanın Azərbaycanda mənzum dramaturgiyanın inkişafında mühüm xidmətləri vardır. Onun 1964-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuş "Məhsəti" mənzum dramı yeni tarixi mərhələdə bu janrın ən yaxşı nümunələrindən biridir. Bu mənzum dramda XII əsrdə yaşayıb-yaratmış tanınmış Azərbaycan şairəsi Məhsəti Gəncəvinin həyatından və yaradıcılıq fəaliyyətindən alınmış səciyyəvi səhnələr təqdim olunur. Kəmalə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Məhsəti Gəncəvinin obrazını teatr səhnəsinə çıxarmışdır. Onun təqdimatında Məhsəti Gəncəvi dərin fəlsəfi düşüncəyə malik rübailər ustadı və mühitə ayıq nəzərlərlə baxan ziyalı qadın kimi təqdim olunur. Kəmalə Ağayeva eyni zamanda dramda Azərbaycan qadınının cəmiyyətin inkişafındakı rolunu da diqqət mərkəzinə çəkmişdir. Məhsəti Gəncəvinin həyatı və fəlsəfi lirikası Kəmalə Ağayevanın zəriflik və müdrikliyin həyatda və ədəbiyyatdakı yerini və əhəmiyyətini dərindən açıb göstərməsinə, cəmiyyətin diqqət mərkəzinə çəkməsinə geniş imkan yaratmışdır.

 

Müəllif Məhsəti Gəncəvinin həyatı və yaradıcılığını tamaşaçıya obyektiv şəkildə çatdırmaq üçün şairənin dövrü, mühiti və müasirləri ilə əlaqələrini mənzum pyesin süjetinə daxil etmişdir. Bu cəhətdən "Məhsəti" dramında böyük Azərbaycan şairi Nizami Gəncəvinin və mütəfəkkir şairə Məhsəti Gəncəvinin mükəmməl bədii obrazlarının yaradılması Kəmalə Ağayevanın ciddi yaradıcılıq nailiyyətidir. Məhsəti obrazını Azərbaycanın Xalq artisti Zəroş Həmzəyeva böyük məharətlə oynamışdır. Bütün bunlara görə görkəmli teatrşünas Cəfər Cəfərov "Məhsəti" tamaşasını "respublikanın teatr hadisəsi" hesab etmiş, tamaşanın rejissoru Baxşı Qələndərlini "teatr üçün tam mənası ilə tapıntı" kimi yüksək qiymətləndirmişdir. "Məhsəti" mənzum dramı uzun illər Naxçıvan teatrında göstərilməklə bərabər, qastrol tamaşası kimi paytaxtda Azərbaycan Dövlət Akademik Dram Teatrında da nümayiş etdirilmiş, Gəncə teatrında tamaşaya qoyulmuşdur.

 

Kəmalə Ağayevanın dramaturgiyasında müasir həyatın müxtəlif problemlərinə həsr edilmiş pyeslər də geniş yer tutur. Şairənin 1972-ci ildə yazılmış "İsmət" pyesində əsərin adında ifadə olunduğu kimi, qadınlıq üçün ali hesab edilən namus, ləyaqət, mənəvi dəyərlər, əxlaqi kamillik problemlərindən bəhs edilir. Müəllifin təqdimatında kənd müəlliməsi olan İsmətin simasında yüksək əxlaqi-mənəvi dəyərlərə malik Azərbaycan qadınının ümumiləşdirilmiş bədii obrazı yaradılmışdır. Onun əri çoban Qayacana sevgisi və ehtiramı əsl Azərbaycan ailəsinə örnək olacaq əxlaqi-mənəvi münasibətlərə nümunə sayıla bilər. Şəhərdən kəndə işləməyə gəlmiş Xəyaləddin həkim və onun həyat yoldaşı Lalə müəllimə isə tamam fərqli baxışların daşıyıcılarıdırlar. Xəyaləddinin yenilikçi olması, insanların təkcə fiziki deyil, daha çox mənəvi cəhətdən sağlam olmasına dair baxışları ilə Lalənin şöhrətpərəstliyi, yüngül xasiyyətləri və məkrli addımları bir-birinə ziddir. Lalənin İsmətə qarayaxmasının, süni gərginlik yaratmasının üstünün açılması ilə ailə-məişət münasibətlərindəki uydurulmuş anlaşılmazlıq aradan qaldırılır. Çətin sınaqlardan keçərək qalib gələn mənəviyyatın təntənəsi "İsmət" dramının əsas qayəsini meydana qoyur.

 

"İsmət" pyesi 1972-ci ildə istedadlı rejissor Vəli Babayevin quruluşunda Naxçıvan teatrında uğurla tamaşaya qoyulmuşdur. Görkəmli teatrşünas, professor Mehdi Məmmədov tamaşaya yüksək qiymət vermişdir.

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dram Teatrında tamaşaya qoyulmuş Kəmalə Ağayevanın müasir həyatdan bəhs edən "Apardı sellər Saranı" pyesində (1985) məşhur Sara əfsanəsi və yeni çağda onunla səsləşən hadisələr canlandırılmışdır. "O bizim dağların oğludur" pyesi isə 1976-cı ildə Azərbaycan Dövlət Televiziyasında səhnələşdirilərək göstərilmişdir.

 

Kəmalə Ağayevanın böyük dramaturq Hüseyn Cavidin tərcümeyi-halı və pyeslərinin motivləri əsasında hazırladığı "Mənim tanrım gözəllikdir, sevgidir" tamaşasında Cavid sənətinin bəşəri  mahiyyəti açılıb göstərilmiş və şairin humanist ideyaları diqqət mərkəzinə çəkilmişdir. Əsər 1982-ci ildə Naxçıvanda yaradılmış Cavid Poeziya Teatrında Vaqif Əsədovun quruluşunda ilk tamaşa kimi böyük müvəffəqiyyətlə səhnəyə çıxarılmışdır.

 

Naxçıvanda Kukla Teatrının yaradılması yerli müəlliflərin, uşaq pyesləri yaratmalarına stimul vermişdir. Kəmalə Ağayevanın qələmindən çıxmış Azərbaycan nağıllarının motivləri əsasında hazırlanmış "Göyçək Fatma", "Məlikməmməd", "Tıq-tıq xanım" pyeslərində uşaq dünyası üçün zəruri olan mühüm əxlaqi-mənəvi keyfiyyətlərin təqdim edilməsi yeni nəsillərin formalaşmasına müsbət təsir göstərmişdir. "Sirli sözlər" və "Köhnə sandıq" didaktik pyesləri uşaqlar və yeniyetmələrdə milli qürur, ana dili sevgisi, vətənpərvərlik duyğularının aşılanmasına uğurla xidmət edir.

 

Kəmalə Ağayevanın uşaq pyesləri Naxçıvan Kukla Teatrında uğurla tamaşaya qoyulmuşdur. "Göyçək Fatma" pyesi 15 il Azərbaycan Kukla Teatrında nümayiş etdirilmiş, Türkiyədə rəğbətlə qarşılanmışdır.

 

Göründüyü kimi, Kəmalə Ağayevanın yaradıcılığı Azərbaycan şeiri və dramaturgiyasının yeni mövzular və parlaq obrazlarla daha da zənginləşdirilməsinə xidmət edir. Görkəmli söz ustası Kəmalə Ağayevanın həyatı və yaradıcılığı zəriflik və müdriklik nümunəsidir.

 

 

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.14-15.