Kino sahəsində ənənəvi mükafatın
yeni sahibləri məlum oldu
Azərbaycan
Kinematoqrafçılar İttifaqı (AKİ) kino xadimlərinin
peşə bayramı olan 2 Avqust - Milli Kino Günü
münasibətilə ənənəvi olaraq
mükafatlandırdığı kinematoqrafçıların
builki siyahısını açıqlayıb.
AZƏRTAC
xəbər verir ki, bu barədə AKİ-nin rəsmi internet
səhifəsində məlumat paylaşılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının
katibliyinin qərarına
əsasən, 2022-ci il
üçün İttifaqın
ənənəvi mükafatı
ilə aşağıdakı
kinematoqrafçılar təltif
olunublar: İlkin Yusif - "Mən qəhrəman axtarıram"
sənədli filminin uğurlu rejissor həllinə görə,
Rəşid Ağamalıyev
- Azərbaycan animasiyasının
beynəlxalq əlaqələrinin
inkişafında xidmətlərinə
görə, İntiqam
Hacılı - Müstəqil
kinonun inkişafında
və bölgələrdə
kino mühitinin canlandırılmasında xidmətlərinə
görə diplom və pul mükafatına
layiq görülüblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının
mükafatı hər
il milli
kinematoqrafiyanın inkişafında
xidmətləri ilə
fərqlənmiş yaradıcı
şəxslərə ünvanlanır.
Mükafatı təsis etməkdə
məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir.
Nominantların seçimini apararkən
İttifaqın katibliyi
ötən kino mövsümü ərzində
gedən prosesi diqqətlə müşahidə
və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki
xidmətləri qeyd edir və açıq
səsvermə yolu ilə laureatları seçir.
Xatırladaq
ki, bu vaxta
qədər Xalq yazıçısı Anar,
kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz
Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, mərhum aktyor Fuad Poladov, səs
rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor
Cahangir Zeynallı, operator Yuri Varnovski,
bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas
Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.
525-ci qəzet. - 2022.- 30 iyul.- S.15.