Şuşada
yaşananlar
Vaqif Poeziya Günlərində Şuşaya həm də
keçmiş hərbi zabit kimi şəhidlərin ruhuyla
salamlaşmağa, ölümün gözünün
içinə dik baxan, hər günün, hər anın
ölüm olduğunu bilə-bilə kənd-kənd, şəhər-şəhər
irəliləyən qəhrəmanları
alqışlamağa gəldim.
Gəldim fatehlərin ayaq izlərinə, soyumuş -
yadigar gilizləri görməyə, o həyəcanı
duymağa. Qovanla
qovulanın hərəkət trayektoriyasının yol izini, səma
çəkilişini görməyə. Sevincin
qışqırıq səsini duymağa, yaralı
yoldaşı çiynində döyüşə-döyüşə
mövqeyi dəyişən əsgərimizin siluetini görməyə.
Gəldim özümü tanımağa,
kimliyimin təsdiqini tapmağa. Gəldim mənimkinin
mənim olacağını bu uca zirvədən
hayqırmağa, düşmənə yuxarıdan
aşağı baxmağa. Qarabağımın
nə vaxtdır görmədiyim böyüklüyünü
bu zirvədən seyr etməyə. Tökülən
qanın müqəddəs qoxusunu duymağa.
Cıdır düzündən uşaqlıq, gənclik
baxışıyla baxdığım kimi yox, əsgər və
zabitlərimizin aşağıdan yuxarıya bu zirvəni yeyən
baxışları ilə baxmağa.
Kimliyimizə
baxmağa gəldim, Şuşam!
Qeyrətimizi özümüzə qaytaran Şuşama
özündən baxmağa.
Milləti,
dövləti MƏN edən Şuşama!
lll
Yolumuz Şuşayadı. Müqəddəs məkana.
Söz adamların söykəndiyi söz ilk öncə
telefonda gül açırdı.
Bizi ilk qarşılayan şəhidlərimizin ruhları
oldu. Hər yerdə onlar
görünürdülər. Bizə
doğma olan, bizi addım-addım izləyən bu ruhlar
Şuşaya gələnlərə yol yoldaşı olaraq
onları bütün düşmən bəlalarından
qoruyurdu.
Bizə şərəf yaşadan, bizi məğlub vətəndaş
adından xilas edən, Şuşanı bizə qaytaran şəhidlərimizin
ruhları indi bu şəhərin rahatlığının
keşiyini çəkir. Müqəddəs ruhlar missiyasını
sonacan davam etdirmək niyyətindədir.
Cıdır düzündə, Qala divarlarının
dibində gilizləri axtarıram. Bizimkilərdən yan keçən, mənə
qəzəblə baxan, müqəddəs torpağından
düşməni təmizləyən, üzümə
gülümsəyən gilizləri.
Hansının düşmənin, hansının
bizimkinin olduğu mənə baxan, göz dikən gilizlərin
baxışlarından seçilir. Gülləsinin hansının yan
keçdiyi, hansının hədəfə
çatdığı yerə sığınmağından
bəllidi.
Qəhrəman fatehlərimizin, şəhidlərimizin
qayadakı ayaq izləri səmada uzanan Ağ yola bənzəyir.
Qayada cığır salan qan Zəfərə gedən
yolun xəritə sxemini canlandırır.
Şuşadan baxanda Xankəndindən boylanan nifrətli
düşmən baxışları sipər kimi dayanan qayalara,
budaqları ilə Şuşaya qanad tutan ağaclara,
daşlara dəyib geri qayıdır. Bu baxışlarda qəzəblə bərabər
müvəqqətilik, nə vaxtsa buralardan uzaqlara getmək də
hiss olunur.
Ayaq altında görünən Xankəndini gözüm
yaman yeyir. Yəqin
ki, hər gün bu mənzərəni görən əsgər
və zabitlərimizin də.
Şuşaya həmişə Ağdamdan gəlmişdim. 28 kilometrlik məsafə mənə
28 dəqiqə kimi görünürdü.
İlk dəfə idi ki, Şuşaya gedərkən belə
uzaq yol qət edirəm. 30 illik həsrətin qovuşmaq sevinci mənə
köhnə - 28 kilometrlik yolu unutdura bilmir. Bəlkə də bu təkcə məsafənin
uzunluğu deyil. Yol boyu görmək istədiklərimin
yoxluğunu görmək məcburiyyətinin
yorğunluğudu. Uçulan evlər,
dağıdılan kənd və şəhərlər.
Hər şeyin məhvi, olanların yoxluğu
idi adamı yoran, haldan salan. Özümüzünkülərin
yoxluq səhnəsi adamda idmanda öz meydançasında
böyük hesabla məğlub olmağın
acısını yaşadır.
Dağıdılan kəndlərdən, şəhərlərdən
keçdikcə keçmişlə bu gün və gələcək
arasında qalırsan. Bu evləri tikən, qurub-yaradan, orda
yaşamış insanların evlərin sökülən
daşlarının, tozun-torpağın altından baş
qaldıran əl qabarları, sevinc dolu günləri adamı
dəli edir. Təsəvvürə gəlməz
erməni vəhşilikləri onların ibtidai icma
quruluşundan çıxmadıqlarının bir daha təsdiqidir.
Bu törədilənlər insanlıqdan
çox uzaqdı.
Şuşaya doğru irəlilədikcə yol boyu
sevincli gələcək günlərin sədaları
eşidilir.
lll
Şuşa bizi küləyiylə sığalladı,
günəşi ilə isitdi, buludu ilə üstümüzə
kölgə salır. Nələri vardı onunla qayğımıza
qalır.
Şuşa bizə bir ovuc tut da saxlayıb. Şipşirin, adamın
şəkərini qaldıran tut.
Şuşada üçrəngli bayrağımız gəlib
gedənlərə əl eləyir.
Şuşaya uşaqlığımın gözləriylə
baxıram. Yadıma
Şuşanın Avtovağzalı, Cıdır düzü,
İsa bulağı, məhlələri, bazarı
düşür.
Bu gün həm də "Şuşaya mənim gözlərimlə
bax", - deyən dostların, doğmaların gözüylə
baxıram. Baxışlar
Şuşanın məhlələrini, evlərini axtarır,
gəzir. İlişib qalanlar da oldu, azanlar da, diksinənlər
də...
Sevinənlər daha çox oldu. Şuşanın
varlığına, bu gününə sevinənlər.
Mənim üçün Qarabağın işğaldan
azad olunması Şuşadan keçir. Ağdam mənə nə qədər
əziz, doğma olsa da. Çünki
Şuşasız Qarabağ yoxdur. Bəli,
Ağdam Qarabağın iqtisadi-siyasi mərkəzi olub və
olacaq. Şuşa isə Qarabağın
tacıdı. Qələbə tacsız olmur!
Eşq olsun
müzəffər ordumuza! Onun əsgər və zabitlərinə,
Ali Baş Komandanına!
Bu adi zəfər deyil, bu millətin, dövlətin
qürurudu. Özünə qayıdışıdı. Fəxarətidi!
lll
Ağacların yaşıl qalanı da var, xiffətdən
quruyanı da. Evlərin, binaların dağılanı da.
Ağdam,
Füzuli, Cəbrayılla Şuşanın ilk baxışdan
fərqi ondadır ki, o yerlərdə heç nə
qalmayıb, hər şey dağıdılıb, yerlə-yeksan
olub, ağaclar qırılıb. Varlıq deyilən
ancaq torpaq və dağlardı. Şuşada
isə baxımsızlıqdan (ermənilər
Şuşanı, işğal olunmuş əraziləri
özlərinin olmadığını bildiklərindən hər
şeyə ögey münasibət bəsləyiblər), yiyəsizlikdən
quzulayıb uçan, pəncərəsi, qapısı
sındırılan evlər də var.
Şüşələri yox, rəngi solmuş aynabənd
sınıq eynəyə bənzəyir.
Şuşanın bu vəziyyəti mənə daha
ağır gəldi.
Uçuq-sökük evlərin həyətlərini
kol-kos basıb.
Şuşanın tarixini silmək üçün ən
çox dağıdılan onun qədimi binalarıdı.
İsa bulağı yolunun üstündə, Xankəndi
yolunda sülhməramlıların yanında ermənilərin
səyyari maşın dükanı uzaqda yaşayan ermənilərə
ərzaq bölüşdürürdü. Sakitcə, dinməz.
Şuşa türməsində sükut hökm
sürür.
Damı
uçulmuş evlər papiros çəkən adam kimi küləyi içinə çəkib
çərçivəsiz pəncərəsindən
bayıra üfürür.
Adamlardan çox yiyəsiz, uçuq evlər, yox pəncərə
gözlər idi qonaqlara baxanlar.
Sınıq şüşəbəndli evlərin xatirələri
içəriylə çöl arasında yarı
bölünüb.
Quruyan ağaclar dərdin uzun çəkdiyini göstərir.
Özü
papaq,
evləri damsız,
pəncərəsi çərçivəsiz,
yarı sökük
aynabəndi şüşəsiz,
ümidlər şəhərim.
Şuşam!
Tarixi özündə yaşadan sevilən şəhər.
Hər yerdə varlığımızın göstəricisi
qürurverici üçrəngli bayraq dalğalanır. Bir də Vaqif Poeziya Günlərinin
reklam lövhələri.
Bu da bir
axşam... Xoş sözlərlə, sevgi çələngi
ilə bəzənən Şuşa
axşamı...
Hər gün bir tarixdir. Gözəl olan, yadda qalan xatirələrə
çevrilir. Elə bu axşam kimi... Görünməz
baxışları, hissləri, uzaqları yaxın edən ruh
ovqatlı bir axşam...
Bu axşamda ümid də var, reallıq da. Və ən ümdəsi rahatlıq var.
Bu narahat dünyada adamın könlünü oxşayan,
özünü belə unutduran bir hal... Bu məqamda adam özünü xoşbəxt sayır,
çünki arzuları reallaşır. Hər şey o qədər
gözəl ki, "özümə özümün
gözüm dəyər", - deyə düşünürsən.
Şuşanın sükutlu gecələri adamı
yatmağa qoymur. Bəlkə
də adam Şuşada yatmağa heyfsilənir.
Ayı işıq salan, ulduzları əl çatacaq yerdən
bərq vuran gecədə adam yatmaq istəmir.
Bütün gecəni açıq səmaya, bu
gözəlliyə doyunca baxmaq istəyirsən. Bu gözəl məkanda keçirəcəyin
günlərdə yatmağı günah bilərək. Hər dəfə yuxu gələndə bayrağa
baxıb diksinən kimi olursan. Dalğalanan
bayrağın sevinci ruhu təzələyir. Gözünü uzaq qaranlıqda illərlə
axtardığın sevinc işığı
qamaşdırır.
Gecəsi gündüzü qədər gözəl olan
bu şəhərdə hər şey gözəldi.
Zamanın
dönməsi varmış,
günlərin
çönməsi varmış,
həsrətin sönməsi
varmış,
Vətən,
külün mübarək!
Şuşada
Xüsusi Nümayəndəliyin inzibati binasında
dalğalanan bayrağa baxdıqca Vətən Müharibəsi
Qəhrəmanları - "Zəfər Günü"ndə
Qələbə bayrağını Şuşaya sancan baş
gizir Yaşar Hüseynovun,
komandiri mayor Gündüz Səfərlinin və
döyüşçü dostlarının - Şuşa
fatehlərinin sevinc sədalarını bir daha eşidirəm.
"Var olun, bizə Qələbə sevinci yaşadan igidlər,
qəhrəmanlar", - deyə bütün içim boyu haray
çəkirəm.
Boyuna yollar
uzanır,
toyuna qollar uzanır,
hayına oylar
uzanır,
Vətən,
günün mübarək!
Qazanacağımız qələbənin xoş sədası
itmiş, yox olmuş qapıları, darvazaları tapıb
yerinə qoyacaq. Sovulmuş həyətdən üstümüzə
yüyürən toz basmış, rəngi solmuş xatirələri
qucaqlayacaq.
Təzədən açacağıq o qapıları. Küsmüş, qoxusu
uçmuş qızılgüllər əvvəlki təravətlə
açmağa başlayacaq. Ömrümüzə
açılan yeni - təptəzə səhifə kimi...
Şuşa yenidən yaşamağa başlayıb.
Şuşaya çəkilən yeni yol
Şuşanın həyatına yeni cığır
açır.
Tikintilər gedir, tədbirlər düzənlənir.
Şuşanın uzun sükutu pozulmaqdadı.
Vaqif Poeziya Günləri söz üçün
darıxan Şuşanı söz çələnginə
bürüdü. "Məclisi-uns" bu dəfə Vaqifin məqbərəsi
önündə davam edir.
Şuşa bu xoş ovqatı, sevinci növbəti gəlişə
qədər yaşadacaq.
P.S. Şuşaya qazilərin, şəhid ailələrinin,
jurnalistlərin, xarici qonaqların, beynəlxalq təşkilatların,
səfirliklərin, ictimai qurumların və vətəndaşlarımızın
səfərləri ilə bərabər yazıçı və
şairlərin də səfərlərinin təşkili
çox vacibdi.
Hər bir şair və yazıçının ifadəsi,
yazısı hadisəni, prosesi yaddaqalan edir. Tarixləşdirir. Çünki tarixi tarixçilər yox, ədəbiyyatçılar
yazır. Onların görüb duyaraq qələmə
aldıqları əsərlərlə olanlar əbədiləşir.
Ona görə də bu səfərlər
mütəmadi təşkil olunmalıdır. Bu və bundan sonra Şuşaya səfər edəcək
bu qisimdən olan insanların yaradıcılığında
tariximiz, bu günümüz və sabahımız əks
olunaraq gələcək nəsillərə
çatdırılacaq.
Vaqif Poeziya Günləri çox gözəl təşkil
olunmuşdu. Şuşanın özüylə bərabər
düzənlənən tədbirlər də
iştirakçıların yaddaşında xoş təəssüratlarla
qaldı. Və bunlar yeni əsərlərin
yaranmasında öz rolunu oynayacaq.
Tədbirin əsas xüsusiyyətlərindən biri də
bir-birini imzasından tanıyan yazarları görüşməsi
və ədəbi əlaqələrin möhkəmlənməsi
idi.
Səfərin ən yadda qalan hisslərindən biri
Vaqifin məqbərəsi önündə Qələbə
müjdəli gənc Qazi şairlərin şeirlərini
oxuması, onları yaxından tanıması oldu.
Cıdır düzündəki konsert - şeir və
muğam sədaları, gözəl kompozisiya
Şuşanı özünə qaytardı. Şuşa yenidən canlandı.
15.07.2022
Rəfail TAĞIZADƏ
525-ci qəzet. - 2022.- 30 iyul.- S.17.