Əhmədalıların şair qızı

 

 

Eloğlu, bu yerdə ayaq saxla, qal,

Özünü özündən burda xəbər al.

Əlçatmaz illərə boylanır xəyal,

Uşaqlıq ətrimdi Əhmədalılar.

 

 

 

Adla Füzulidən bəriyə sarı,

Yolların gözündən sil intizarı.

Həsrət yuvasını əlinlə sarı,

Əziz xatirəmdi Əhmədalılar.

 

 

 

Həsrət ocağında pörşələnib can,

Səssiz haray çəkib damarımda qan.

Özümdən xəbərsiz hər gecə, inan,

Yuxuma gəlibdi Əhmədalılar.

 

 

 

Əhmədalılar kəndi Füzuli rayonunda, şəhərə yaxın məskənlərdən biridir və şeirlərindən söz açacağım Şəfəq Sahibli həmin o kənddə doğulub, orda orta məktəb bitirib, ilk şeirlərini də o kənddə yazıb və Füzulidə, rayon qəzetində dərc etdirib. Əhmədalılar kəndi otuz il düşmən işğalında olub və Şəfəqin yuxarıda misal gətirdiyim şeirində də bu həsrət yanğısı hiss edilir. O kənd işğal olunanda Şəfəq Sahiblinin yaşı heç iyirmi beşə çatmamışdı, indi isə onun 55 yaşı var. Mən Əhmədalılar kəndini 1984-cü ildə görmüşəm, Füzulinin ən yaraşıqlı, çöllərindən də gül ətri gələn bir kənd idi. Şəfəq Sahibli o kəndin ilk şair qızıdır.

 

Şəfəq Sahibli bu otuz il ərzində özünü istedadlı bir şairə kimi tanıdıb, şeir kitablarının sayı da o qədər çox deyil. Amma etiraf edək ki, bu gün o, qadın yazarlar arasında seçilir, fərqlənir. Nədir bu özünəməxsusluq? Bir şeirindən misal gətirim:

 

 

 

Payızı

şəhidə bənzədirəm.

Ağaclar

saçını yolan vətəndir.

Küləklər

sazağın amansızlığı,

dolan buludlar

ananın göz yaşları,

çaxan şimşək

bir atanın qəzəbi.

Qarabağ məzarımdı,

Qibləm Azərbaycanım.

 

 

 

Bu şeirin içinə çökən kədəri hiss edirik. 2011-ci ilin şeiridir və Şəfəq Sahibli də o illərin üzüntülərini -Qarabağ həsrətini dilə gətirib. Yurd həsrəti o qədər şiddətlidir ki, Şəfəq təbiəti də bu həsrətə qovuşdurur-payızı şəhidə bənzədir, ağacları saçını yolan Vətənlə müqayisə edir. Anaların, ataların nisgilini, qəzəbini dolan buludlara, çaxan şimşəklərə oxşadır. Payızı təsvir edən şairlər bu fəsli müxtəlif təşbihlərlə canlandırmışlar. Amma heç bir şair payızı şəhidlərə bənzətməyib.

 

Şəfəq Sahiblinin yeni şeirlər və poemalarında həm mövzu, həm də sənətkarlıq baxımından inkişafı göz qabağındadır. Əslində, hər hansı şairin ilk şeirlərindən sonuncu şeirlərinə qədər dəyişməyən bir sifəti, bir xarakteri olur, amma bu dəyişmiyən şair xarakteri həmişə yeni poetik çalarlarla zənginləşir. Necə deyərlər, şairin üslubu, nəfəsi dəyişmir, amma hər dəfə bu üslub və nəfəs təzəliklə, yeniliklə diqqəti cəlb edir.

 

Azərbaycan ordusu 44 günlük müharibəni zəfərlə, qələbəylə başa çatdırdı. Ali Baş Komandanın mahir sərkərdə qüdrəti, Vətən oğullarının misilsiz qəhrəmanlıqları, bütün xalqın yekdilliyi ədəbiyyata da təsirsiz qalmadı. Əslində, müəyyən ümidsizlik notlarına baxmayaraq ədəbiyyatımızda qələbəyə inam hissi zəifləməmişdi. Xalq şairi Qabilin 90-cı illərin əvvəllərində yazdığı "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" çağırışı, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun şeirlərindəki "Ayağa dur, Azərbaycan!" nidaları poeziyanın gur səsiydi ki, xalqı qələbəyə səsləyirdi. Amma İkinci Qarabağ müharibəsindəki qələbə sıralamaları poeziyamızda yeni səhifələr açdı, bu səhifələrdə ümidsizlik deyil, qələbə, qürur nidaları səsləndi. Şəfəq Sahibli də öz qələbə sevinclərini şeirlərinə qatdı.

 

 

 

Sinəmdə arzular çiçək açıbdır,

Qələbçə köynəkli Qarabağam mən.

Gözü aydın olsun Natəvanımın

Ruhunun önündə üzüağam mən.

 

 

 

Otuz il həsrətdə qalan ömrünün,

Üstündən su içir İsa bulağı.

Bu gün gülümsəyir Cıdır düzündə,

Şəhadət ətirli yurdun bayrağı.

 

 

 

Şəfəq Sahiblinin şeirlərində son otuz ildə baş verən ictimai-siyasi hadisələrin - Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, Birinci və İkinci Qarabağ müharibələri, şəhidlik və bayraq mövzuları ilə diqqəti cəlb edir. Yəni bu şeirlərdə daha çox onun vətənpərvərlik duyğuları əks olunur. Təbii ki, doğma Əhmədalılar kəndi və ümumən Qarabağ torpağı ilə bağlı yurd nisgilinə rast gəlirik. Bir sözlə, illərdən bəri onu düşündürən və yazmağa sövq edən - hamısında da Vətən sevgisi ilə yoğrulan poetik nümunələr... Əlbəttə, bütün bu mövzuları bizim digər şairlər də qələmə alıblar. Amma Şəfəq Sahiblinin şeir və poemalarında onun özünəməxsus tapıntıları ilə qarşılaşırıq.

 

Şeirimizdə şəhidlik mövzusunun tarixi çox qədim olsa da, 20 Yanvar qırğınından sonra bu mövzu ənənə halını aldı. Şəfəq Sahiblinin yeni kitabında - bir sıra şeirlərdə və poemalarının ayrı-ayrı bölümlərində şəhidliklə bağlı parçalarla qarşılaşırıq. Təbii ki, belə bir mövzuda əksər şairlər qələm çalırsa, ifadə vasitələrində müəyyən şablonlar da yaranır. Amma Şəfəq bu təkrarlardan qaça bilib...

 

Məni Şəfəqin şəhidlərə həsr etdiyi silsilədə "Şəhidin son məktubu" şeiri daha çox təsirləndirdi. O mənada ki, bu şeirdə bir şəhid öz taleyindən, Vətənə məhəbbətindən söz açsa da, ümumən, bütün şəhidlərə həsr olunan bir şeir kimi ümumiləşir:

 

 

 

Ağlamasın ellər məni,

Qeyrət mənəm, qüdrət mənəm!

Qarabağa sancılan

Bayraq mənəm.

Ağlamasın anam məni..

Göz yaşında sevinc mənəm.

Ağlamasın bacım məni,

O döyünən ürək mənəm,

Dili bağlı sükut mənəm.

 

 

 

Şəfəqin "Xarı bülbül", "Vətən oğlu", "Gedirəm", "Susdur", "Adını yazdım", "Qarabağlı", "Torpağa dönürəm, vətənləşirəm", "Azadlıq" və sair şeirləri də var ki, bu şeirlərdə təkcə məzmun deyil, ən başlıcası, obrazlı ifadə tərzi diqqəti cəlb edir. Məsələn, "Qarabağlı" şeirində hər hansı bir qarabağlının otuz il ərzində keçirdiyi həsrət yanğısını ifadə edən təşbihlərə diqqət yetirin: "Yamyaşıl arzusu kədər duvaqlı", "Kövrək duyğusunun sinəsi dağlı", "Ömrü oxunmamış kədər nağıllı". Ümumiyyətlə, Şəfəq Sahibli əksər şeirlərində sözün bədii təsir gücünü artırmaq üçün axtarışlar aparır, əsasən, bədii təsvir vasitələrinə üz tutur. Məsələn, onun "Tanrı məhkəməsi" şeirində "yaşıl gözlü ümid", "bəxt cığırı", "ürəyimdə ürəyi partlamış misralar" və sair, ilk baxışda anlaşılmayan, amma şeiri oxuduqca mənası zahir olan ifadələr diqqəti cəlb edir. Başqa şeirlərində də həmçinin.

 

Şəfəq Sahibli poema da yazır və onun bütün poemaları lirik səpgidədir. Vaxtilə Nigar Rəfibəyli haqqında "Alovuna üşüyən şam" adlı poeması ədəbi ictimaiyyətdə maraqla qarşılandı. Bu poemada Nigar xanımın ömrü, şairliyi, keçdiyi həyat yolu təbiət obrazları ilə paralel təqdim olunurdu. Külək, səma, dəniz, yol obrazları Nigar xanımın obrazını assosiativ planda əks etdirirdi. Keçək yeni poemalarına.

 

"İllərin həsrəti" Şəfəq Sahiblinin, əgər belə demək mümkünsə, onun Qarabağ sevgisinin zirvəsidir, bu sevgini adi sözlərlə ifadə etmək mümkün deyildi. Qarabağ həsrətindən Qarabağ sevincinə qədər, şəhidlikdən "Dəmir yumruğa" qədər, bir fərdin intizarından ciyər dolusu nəfəs alıb qələbə sevincinin zirvəsinə yüksələnə qədər bir vətən qızının poetik düşüncələrini əks etdirir bu poema. Poema ağlar bir bayatı ilə başlayır, Cıdır düzündəki  güllərin, çiçəklərin, əsirlikdən dönən Xarıbülbülün Xan qızının misralarına bənzəməsinə qədər düşüncələri əks etdirir. Xatırlayıram ki, bir şeirində Şəfəq Sahibli yazmışdı ki, Xarıbülbül də mənim kimi bir "köçkün" imiş, başqa yerdə bitən Xarıbülbül, sən demə, Şuşanı heç görməyibmiş. İndi isə Xarıbülbül öz vətənindədir. Poemada iki ovqat hakimdir, əvvəlcə illərin həsrəti, sonra isə bu həsrətin sona yetməsi. Şəfəq Sahiblinin "SƏS" poeması da qələbə ovqatı ilə yazılıb, müəllif bir döyüşçünün qələbədən sonrakı əhval-ruhiyyəsini ön plana çəkir.

 

Şəfəq Sahibli on bir il bundan öncə unudulmaz şairimiz Rəsul Rzanın anadan olmasının 100 illiyilə bağlı bir poema qələmə almışdı. Amma bu poema Qarabağ müharibəsindən doğan düşüncələri əks etdirirdi. Müəllif müharibənin doğurduğu aclıqları, şəhidlərimizi, əksərən Qarabağ həsrətini ifadə edirdi. Amma Rəsul Rza bu poemada müəllifin üz tutduğu -fikirlərinə aydınlıq səpələdiyi Müdrik Şair obrazı kimi təqdim edilir. Şair Söz Sərkərdəsi hesab etdiyi Rəsul Rzanın "Güllər açılsın, Gülçələr açılmasın" çağırışına səs verirdi.

 

Əlbəttə, Əhmədalıların şair qızı Şəfəq Sahiblinin şeir və poemalarından söz açdığım bu yazıda onu tənqid də edə bilərəm. Deyə bilərəm ki, onun mövzu dairəsi heç də geniş deyil, bir çox şeirlərində isə ən yaxşı şeirləri ilə müqayisədə ortabab şeirləri də diqqətdən yayınmır. Sözə, onun obrazlı ifadəsinə, təşbih və metaforalara meyil etdiyi və bunun bariz ifadəsi olan yaxşı şeirləri ilə bir sırada bu keyfiyyətlərdən məhrum olan şeirləri də var. Amma Şəfəq Sahibli istedadlı şairdir. Bu istedad onun bundan sonra yazacağı şeir və poemalarda da öz əksini tapacaq. İndi isə mən onu - Füzuli rayonu Əhmədalılar kəndinin şair qızını 55 yaşı münasibətilə təbrik edirəm!

 

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.19.