Vüsal Səmavi (Rzayev) - aktyor, teatr və kino
rejissoru, ssenarist, şair-dramaturq, pedaqoq...
1968-ci il
fevralın 2-də Naxçıvan
Muxtar Respublikasının
Şahbuz rayonunda, ziyalı ailəsində anadan olub. 1994-cü
ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetini "Dram teatrı
və kino aktyoru" ixtisası üzrə bitirib. 1999-cu ildən etibarən
həyat yoldaşı
ilə birlikdə Naxçıvan Dövlət
Musiqili Dram Teatrında
aktyor kimi çalışmağa başlayıb.
2006-cı ilin dekabr ayından etibarən təzəcə
yaranmış Naxçıvan
Dövlət Uşaq Teatrında quruluşçu
rejissor vəzifəsinə
də təyin olunub. Bu vəzifədə
2013-cü ilin 27 iyun tarixinə qədər çalışıb, 17 əsərə
quruluş verib, uşaqlar üçün
9 pyes yazıb.
2008-ci il sentyabrın 25-də Naxçıvan
Muxtar Respublikasının
Əməkdar artisti fəxri adına, 2020-ci ilin mayında isə Prezident mükafatına layiq görülüb. "Tanrım,
bir düş, yuxuma gəl", "Dram
əsərləri", "Sur günü" və
"Rəcəm", "Bu dünya bir nağıldır" adlı
kitabların müəllifidir.
Naxçıvan Yazıçılar
Birliyinin xətti ilə nəşr olunan "Uşaqlar və Günəş"
adlı almanaxda və Naxçıvan Muxtar Respublikasının
90 illiyi ilə əlaqədar hazırlanan
"Poema və pyeslər" adlı topluda əsərləri çap edilib. Bir sıra ədəbi-bədii
verilişlərin və
bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub, Naxçıvan Dövlət Universitetinin Aktyorluq fakültəsində
aktyor sənəti və səhnə danışığı fənlərindən
dərs deyib.
Vüsal Səmavi 2021-ci il dekabrın
18-də Naxçıvan şəhərində
vəfat edib.
Xatirəsini ehtiramla anır,
şeirlərindən nümunələri
təqdim edirik.
ETÜD
Söykənib bir ağaca,
siqaret çəkirəm.
Fikrim sarmaşıq
kimi
tüstüyə dolaşır.
Yorulub əldən düşmüş
alpinistlər kimi
Budaqlar boyu
üzü yuxarı dırmaşır...
Ağac başına
dövrə vurur
bir ağ kağız.
Başım üstündə
həzin-həzin
külək əsir.
Zaman xəyalımda
keçmişlə
rə qayıdıb,
Bu küçə saatı
görən hara tələsir?
Baxır aşağıya tərəf,
baxır, anlamır,
Diskinir budaqlar,
budaqlar yaman çaşır.
Baxıb gözlərimdəki
bahar şehlərinə
Titrəyə-titrəyə,
yarpaqlar pıçıldaşır.
Hamının zəhləsi gedən
bu qara pişik
Gecikdi yaman,
vaxtında gələ bilmədi.
Bu pişik, vaxtında
gələ bilərdi axı,
Bu qara pişik,
yolumu
kəsə bilərdi.
Bu ağlayan yarpaqların
nədir günahı?
Yarpaqlar
qara pişikdən
küsə bilərdi.
SƏN VƏ MƏN
Sən və mən,
Üzü qayalığa üzən qayıq.
Ləpələrin bizdən aralıda
batırdığı xəyallar,
Küləklərin sahilə qovduğu
tələsik arzular...
Sən və mən
Səhərdən bu dəniz yolundayıq
Bircə tez çatardıq
tənha sahilə.
Bircə qaranlıq biznən olardı.
Bircə gecəlik də olsa
dünyanın bütün dərdi
bizə yadlaşardı.
Bizsə hələ yoldayıq
Hərəmiz öz dünyamızda
baxırıq üz-üzə
Bu yolda
bu dəqiqə,
bu an
Nə dünya,
nə şahid lazımdı
bizə...
KİMİN NƏ VECİNƏ
Açılıb-örtülən qapı
Nə cırıltı salmısan?
Onsuz da eşidən
yoxdu,
Eşidənin nə vecinə.
Külək çırpıb örtəndə
Qapıda sınan şüşə
İndi para-parasan
Öz halına yanan şüşə.
Zarafatdan qalmayan,
Üzündə ar olmayan,
Usanmayan, yorulmayan
Əcəb ərköyün külək,
Sən nə deyirsən?
İgidlikdən dəm vurma,
Sən də az
öyün, külək!
Nə uçmaqdan qorxuram,
Nə də itik düşməkdən,
Nə qurumuş bir ağac,
Nə də kötük
düşməkdən.
Ələyim çoxdan ələnib,
Xəlbirim də göydədi.
Ürəyim asta vurur,
Damarlarım keydədi.
İndi yor özünü
Ta səhərə kimi.
Əsməyinə sözüm yox.
Əgər ağcaqanadlar
Səndən qorxub qaçmırsa,
Əgər qanımı sorub,
Heç yerindən uçmursa
Onda əsməyində ol.
Onsuz da bir
azdan
Gedirəm yuxugilə.
Girəcəm yorğan alta
Sakitcə, gülə-gülə.
BU DÜNYA
Bu dünya əzab gəmisi,
Üzür çirkab dənizində.
Günahlar buluda dönüb,
Görünməyir göyümüz də.
Nə bir sahil, nə
bir ada
Allahdan da gəlmir səda.
Doğuluşdan yandıq oda,
Boğuluruq iyimizdə.
Bu gəmi haçan
yorular?
Bu dəniz haçan
durular?
Bu tilsim haçan qırılar
Tilsimli ürəyimizdə?..
BELƏ KOBUD ÖYRƏTMƏYİN
ƏLLƏRİ
Qızılgüllər xoş təbəssüm,
çöhrədi,
Qərənfillər açılmayıb,
pöhrədi.
Yasəmənlər bərəkətdi, bəhrədi,
Belə kobud öyrətməyin əlləri,
Qoparmayın, dərməyin siz gülləri.
Bu həyatdır, yüz
yozumu, yönü var.
Həm əvvəli, həm də axır sonu var.
Çiçəyin də əzab çəkən günü
var,
Belə kobud öyrətməyin əlləri,
Qoparmayın, dərməyin siz gülləri.
Həyat sizi yandırdısa, yaxdısa,
Ağrı acı qəlbinizə axdısa,
Çiçəklərlə qərəziniz yoxdursa
Belə kobud öyrətməyin əlləri,
Qoparmayın, dərməyin siz gülləri.
NİYƏ BELƏ KÖVRƏYƏM?
Yel qopardı
kəpənəyin qanadın,
Yel apardı kəpənəyin qanadın.
İndi qanadı yox bir kəpənəyəm,
Anam, görən niyə belə kövrəyəm?
Dolu döydü
çiçəyimi, gülümü,
Bulandırdı şəffaf rəngli gölümü.
Küsmüş göləm, tapdalanmış
çiçəyəm,
Anam, görən niyə belə kövrəyəm?
Günəş qaçıb istisini gizlədi,
Tutqun hava göy
qurşağın gözlədi.
Göy üzündə yeddi rəngdən biriyəm,
Anam, görən niyə belə kövrəyəm?
Sən məni doğandan təklənmiş ələm,
Bükülmüşəm, qalxammıram dikələm.
Nə qorxaq, nə aciz, nə də
köləyəm,
Anam, görən niyə belə kövrəyəm?
SÜRÜ GEDİR
Sürü gedir yol uzunu,
Bilirsənmi hara gedir?
Kimi gedir
dirilməyə,
Kimisi də gora
gedir.
Gedənləri izləyən yox,
Təhlükədən gözləyən yox.
Ağın qədrini bilən yox,
Ön cərgədə qara gedir.
Baş qaldırıb baxan yoxdu,
Kimi acdı, kimi toxdu.
Bu sürüyə güman yoxdu,
Tutulub azara, gedir...
GECİKMİŞ MƏHƏBBƏT
Hardan çıxdın
qarşıma sən,
Bir gecikmiş bahar kimi?
Qaranlıqda işıq gəzən
Bir sahibsiz şəhər kimi.
Hardan çıxdın
yolum üstə,
Gec açılan güllər kimi?
Yol izlərdə
çaşıb qalan
Yorğun-arğın illər kimi.
Niyə belə gecikdin sən
Saçı yasəmən çiçəyi?
Niyə belə gecikdin sən,
Su gəzən çəmən
çiçəyi?
Telindəki qızıl gülü
Kim qoxlayır indi
görən?
O dürr kimi gözlərinin
Varmı barı qədrin
bilən?
Yanağının qızartısı
Bizim dağın laləsidir.
O məftun gülüşlərini
Daha kimlər görəsidir?
Sən mənimçün bir röyasan,
Əl çatmayan zirvədəsən.
Xoş ətrindən yelə qatıb,
Mənə necə göndərəsən?
Vüsal SƏMAVİ
525-ci qəzet. - 2022.- 30 iyul.- S.20.