Şimal-qərb bölgəmizin nağılları və "Kitabi-Dədə Qorqud"

 

 

Ümumazərbaycan folklorunun formalaşmasında region folklor nümunələrinin müstəsna əhəmiyyəti var. Xüsusilə, Azərbaycanın şimal-qərb bölgəsinə aid olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından toplanmış folklor örnəklərində özünəməxsus spesifik cəhətlər, elmi-tədqiqat üçün yenilik daşıyan məqamlar diqqətçəkicidir. Müqayisəli folklorşünaslıq xəttiylə bu bölgənin nağılları ilə "Kitabi-Dədə Qorqud" dastanının boyları arasındakı oxşarlıq yerinə yetirdiyimiz tədqiqat işinin aktuallığını ortaya qoyur.

 

Azərbaycan nağıllarının mahir tədqiqatçısı olan Oruc Əliyev "Kitabi-Dədə Qorqud" və Azərbaycan nağılları" adlı məqaləsində bu mövzuya ümumi şəkildə toxunsa da, Azərbaycanın şimal-qərb bölgəsinin nağılları ilə "Kitabi-Dədə Qorqud" dastanının boyları arasındakı paralel xüsusiyyətlər, demək olar ki, işlənməmişdir.

 

Balakən-Şəki bölgəsindən toplanmış nağıllarla "Kitabi-Dədə Qorqud" dastanındakı oxşar paralellərə nəzər salaq.

 

Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda dastanla paralellik oxucuda həm böyük maraq doğurur, həm də onu düşündürür. Yeri gəlmişkən qeyd edək ki, "Kitabi-Dədə Qorqud" dastanı Balakən-Şəki bölgəsi üçün çox doğmadır. Çünki böyük araşdırmaçı, folklorşünas alim Salman Mümtazın arxivindən "Kitabi-Dədə Qorqud" dastanı olmaqla 238 adda əlyazma əldə olunub. Buradan görünür ki, Salman Mümtaz dastanın ən qədim əlyazma nüsxələrini məhz bu bölgədən tapmışdır. Professor Ədalət Tahirzadə "Salman Mümtaz" (tərcümeyi-hal oçerki) kitabında yazır: "Sonsuz əziyyətlə topladığı əlyazmalardan o, misilsiz kitabxana yaratmışdı. "Kitabi-Dədə Qorqud" eposunun Vatikan və Drezdendəkilərdən sonra üçüncü nüsxəsi, Füzuli "Divan"ının dünyada ən qədim və ən mükəmməl əlyazması, Şah İsmayıl Xətai "Dəhnamə" və "Nəsihətnamə"sinin elmə bəlli ilk nüsxələri, Azərbaycanın yüzlərcə qüdrətli şairinin əlyazmaları yalnız bu kitabxanadaydı".

 

Balakən-Şəki bölgəsindən toplanmış "Paxıl bacılar", "İstəkli oğul", "Aslanın əhvalatı", "Çoban İbrahimin nağılı", "Naxırçı ilə padşah qızı", "Dəyirmandaşı və sandıq əhvalatı" kimi nağıllarla "Kitabi-Dədə Qorqud" dastanının "Baybörənin oğlu Bamsı Beyrək boyu", "Salur qazanın evinin yağmalandığı boy", "Dirsə xan oğlu Buğac boyu", "Basatın Təpəgözü öldürdüyü boy", "Duxa qoca oğlu Dəli Domrul boyu" və s. boylar paralellik təşkil edir.

 

Qeyd edəcəyimiz paralelləri "qan", "can" və "rəqəm" anlayışları üzərində izah edəcəyik. Folklorşünas alim, professor Vaqif Vəliyev "Azərbaycan folkloru" kitabında qan məsələsini "Aşıq Qərib" dastanından gətirdiyi oxşarlıqla açıqlayır. O, Beyrəyin atasının gözlərini öz qanıyla açmasını Aşıq Qəribin anasının kor olmuş gözlərini açmasıyla tutuşdurur. Qeyd edək ki, bu məsələyə dastan araşdırıcıları dastanlar arasında toxunsalar da, nağıllarla dastanlar arasındakı qan paralelliyinə toxunulmamışdır. Bu cəhətdən "Paxıl bacılar" nağılı xüsusi maraq doğurur və hər iki folklor örnəyində paralellik olduğu kimi cərəyan edir. "Paxıl bacılar" nağılından gətirdiyimiz nümunəyə diqqət edək: "Əgər sən mənim qızımsansa, qanından bir az mənim gözlərimə sürt. Qız əlini kəsir, qanından anasının gözlərinə sürtür. Anasının gözləri sağalır". Nağılda kiçik qızından ayrı düşən ananın gözləri ağlamaqdan kor olur. Bu oxşarlıq eynən "Baybörənin oğlu Bamsı Beyrək boyu"nda da diqqətçəkicidir. Beyrək 16 il əsirlikdə qalır, bu ayrılığa dözməyən Baybörə bəyin gözləri tutulur.

 

Digər paralelə diqqət edək: Nağılda evinə dönən kiçik bacını böyük bacılar tanımır, boyda Beyrəyi də bacıları tanımır, yalnız kaftanı geydikdə şübhənirlər ki, bu, Beyrəkdir.

 

Qan kultu qismən fərqli məqamda bölgənin daha bir nağılında da özünü göstərir. "Dəyirmandaşı və Sandıq əhvalatı" nağılında qan məsələsi olduqca maraqlı tərzdə verilib. Nağıldakı nümunəyə diqqət edək: "Gültəkin barmağını kəsib Fərhadın yanına gəlir, barmağının qanını Fərhada sürtür, Fərhadın daşları əriyib tökülür, sonra isə Fərhad Gültəkinin barmağının qanını ovcuna töküb daş olmuş adamlara sürtür". Bu nağılda da Gültəkinin qanı köməyə gəlir, Fərhadın daş olmuş bədəni Gültəkinin qanı ilə öz əvvəlki vəziyyətinə qayıdır.

 

Daha bir oxşarlıq kimi bölgə nağıllarıyla dastan arasındakı rəqəm simvolikası böyük maraq kəsb edir. Bilirik ki, nağıllarda 40 rəqəmi daha çox rəmzi, simvolik xarakter daşıyır. 40 gün 40 gecə toy, 40-cı qapının nağılda daha çox sehrli olması və sair məqamlar xasdır. "Kitabi-Dədə Qorqud" dastanında 40 rəqəminin də simvolikası var. Dastanın boylarında işlədilən 40 incəbelli qız, 40 igid kimi təqdimlər diqqətimizi çəkir. 40 rəqəmi ümumi bəsit oxşarlıq yaratsa da, Balakən-Şəki bölgəsinin nağıllarında işlədilən "40 incəbelli qız" formantı oxucunu düşündürməyə bilməz. 40 incəbelli qız formantına nağıl və dastandakı nümunələr rakursundan baxaq.

 

"Kitabi-Dədə Qorqud"da: "Salur Qazanın evinin yağmalandığı boy"da: "Qırx incəbelli qız ilə Boyu uzun Burla Xatun əsir getdi", "Dirsə Xan oğlu Buğac boyu"nda: "Dirsə xanın arvadı "oğlancığımın ilk ovudur" deyə yerindən durdu, qırx incəbelli qızı da özü ilə götürdü. Dirsə xana tərəf getdi".

 

Bölgənin nağıllarında: "Naxırçı ilə padşah qızı" nağılında: "Padşahın qızı qırx incəbelli qızla məscidə gəldi". "Çoban İbrahimin nağılı"nda: "Qədim zamanlarda Şirvan mahalında Xanəhməd adlı bir bəy yaşayırdı. Onun saysız-hesabsız qul-qaravaşları, qoyun-quzusu, qırx incəbelli kənizi, çoxlu var-dövləti vardı və o, böyük malikanəsində ömür sürürdü".

 

Dastanda xüsusi məna daşıyan daha bir rəqəm 15-dir. 15 rəqəmi dastanda sınaq rəqəmidir, yəni 15 yaşına çatan oğuz gənci igidlik göstərməli, ad qazanmalı idi. 15 rəqəmi bir növ oğuz gəncinin döyüş sınağıdır. "Qazan xanın evinin yağmalanması boyu"nda Uruz 16 yaşındadır, ancaq heç bir igidlik göstərməyib, ad qazanmayıb. Bu, Uruz üçün mənfi cəhətdir, çünki 15 yaşında artıq o, igidlik məqamına yüksəlməliydi. 15 rəqəminin döyüş simvolikasını biz Balakən-Şəki bölgəsindən toplanmış nağıllardan olan "Aslanın əhvalatı" nağılında da görürük. Nağıldakı nümunəyə diqqət edək: "Aslan gəlib 15 yaşına çatır. Bir gün əmisi Aslanı və öz iki oğlunu yanına çağırıb deyir: "Övladlarım, artıq vəzirdən qardaşımın və bütün nəslimizin qisasını almaq vaxtı yetişib, yaraqlanın, döyüşə gedirik". Bu nağılda da 15 yaşına çatan gənc döyüşə təhrik edilir. Daha bir paralel kimi dastanın "Qazlıq qoca oğlu Yeynək boyu"nda Yeynək də 15 yaşına çatır, o da sınaqdan keçməli, atasını əsirlikdən qurtarmalıdır. Yeynək dustaq olan atasını xilas etməlidirsə, Aslan öldürülmüş atasının qisasını almalıdır. 15 rəqəminin həm dastanda, həm də nağıldakı ideya oxşarlığı yenə də oxucuda böyük maraq yaradır. Yeri gəlmişkən qeyd edək ki, "Aslanın əhvalatı" nağılı "Kitabi-Dədə Qorqud" dastanının "Basatın Təpəgözü öldürdüyü boy"la da səsləşir. Həm nağıldakı Aslan, həm də boydakı Basat şir südü ilə bəslənmişlər. Boydan gördüyümüz kimi, Basata şir baxıb böyüdür. "Aslanın əhvalatı" nağılında da Aslan şir südü ilə bəslənilib. Nağıldakı adqoyma məsələsi də çox maraqlı məqamdır, dastanda bu işi Dədə Qorqud edirsə, nağılda isə padşahın qardaşı edir.

 

Balakən-Şəki bölgəsinin nağıllarıyla "Kitabi-Dədə Qorqud" dastanının boyları arasındakı paralellik kimi can kultuna da nəzər salaq. Can məsələsi, canını fəda etmə, bağışlama dastanın "Duxa qoca oğlu Dəli Domrul boyu"nda verilib. Boyun məzmunundan bilirik ki, Domrul öz canının əvəzinə bir can verməlidi. Atasının, anasının yanına gəlir, ancaq onların heç biri canlarını öz övladına fəda etmir. Yalnız Domrulun qadını canını yoldaşı üçün qurban edir. Burada öz doğma ata-anasının övladı üçün canını fəda etməməsi təəssüf yaradır: "Dəli Domrul durub atasının yanına gəldi. Atasının əlini öpüb dedi: "Ata, səndən can istərəm, verərsənmi? Atası deyir: "Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm. Məndən əziz, məndən yaxın anan vardır, get yanına". Dəli Domrul atasından ümidi üzülüb anasının yanına gəldi. Dedi: "Atamdan can istədim, amma vermədi. Səndən can istəyirəm, ana, canını mənə verərsənmi?" Anası dedi: "Dünya şirin, can əzizdir. Canımı qıya bilmərəm, yəqin bil". "İstəkli oğul" nağılında da "can şirindir" ideyası vardır. Boydan fərqli olaraq burada oğul təkcə anasından kömək istəyir: "Aman ana, qoyma, Əzrail gəldi canımı almağa. Qarı deyir: Aman Əzrail, xəstə mən deyiləm, oğlumdu. Get onun yanına mən hələ ölmək istəmirəm".

 

"Dədə Qorqud" dastanının şimal-qərb bölgəsiylə bağlılığını qüvvətləndirən daha yeni bir əlyazma əldə edilib. Balakən rayonundan toplanmış "Torpağa sancılan qılınc" (əlyazma - Postbinə kənd sakini Bikə Qebedova 1930 təvəllüd, toplayan: Əli Süleymanov) adlı bu yeni folklor örnəyindəki hadisələr "Salur Qazanın evinin yağmalanması boyu"nun mövzusu əsasındadır. Rəvayətin məzmunu boyla paralellik yaratdığından oxucunu düşündürür. Rəvayətdə deyilir ki, Şöklü Məlik gəncliyində Burla Xatını sevmiş, tale onları qovuşdurmuş, lakin Burla Xatın  Qazan xanın qisməti olmuşdu. Buna görə Qazan xanla ömürlük düşmənçilik edən Şöklü Məlik nəyin bahasına olursa-olsun, Burla Xatunu ələ keçirmək fikri ilə yaşayırdı. Boydakı hadisələr xırda dəyişikliklərlə rəvayətdə də olduğu kimi verilir. Boydan fərqli olaraq Burla Xatunun oğlunun adı rəvayətdə Ulusdur. Boydan fərqli olaraq rəvayətdə Şöklü Məlik Ulusu asmaqla qisas almaq istəyir. Boyda Şöklü Məliyi Qazan xan öldürürsə, rəvayətdə Burla Xatun Şöklü Məliyi öldürmək istəyəndə Şöklü Məlik ana deyərək bağırıb aman istəyir. Burla Xatun: "Ana sözü varmış dilində, indi sən ana adı çəkdin, mən səni anaya bağışlayıram" deyərək onu öldürmür. Dastanda isə oğuzlar düşməni əlindən qopuz olarsa, bağışlayarmış.

 

Ümumazərbaycan folklorunun zəngin bir tərkib hissəsi olan şimal-qərb bölgəsinin folklorunun araşdırılması böyük əhəmiyyət kəsb edir. Bu bölgənin folklorunun özünəməxsus, fundamental, tədqiqat üçün yenilik kəsb edən sahələri diqqətçəkicidir. Bu xüsusda biz bölgənin folklorunun "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlılığını xüsusi qeyd edə bilərik.

 

Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda "Kitabi-Dədə Qorqud" paralelləri dastanın ən qədim əlyazmasının məhz bu bölgədən tapılması ehtimalını yaradır. Bu mövzunun daha da ciddi araşdırmaya ehtiyacı vardır.

 

 

Tural ADIŞİRİN

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.21.