Dul qadının tənhalığı - Telman Orucov yazır

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

 Sizin saflığınız, təmizliyiniz göz qabağındadır, süni cəhdlər hesabına heç vaxt ulduza məxsus olan parlaqlığı yaratmaq mümkün olmur. Göy qübbəsinə ulduzlar işıq saldığı kimi, gözəl qadınlar da Yer üzünü bəzəyirlər. Onlara həsəd aparanlar, yaxınlaşmaq arzusunda olanlar çox olduğu kimi, paxıllıq, qısqanclıq edənlər də az deyildir. Axı zövqdən məhrum olanlar ən böyük, hamı tərəfindən etiraf edilən, qiymətləndirən gözəlliyə də ağız büzür, özünün başqalarından fərqləndiyini göstərmək üçün bu gözəlliyə heç cür yaraşmayan ifadələr işlətməkdən də çəkinmirlər. Xoşbəxtlikdən, gözəlliyə qiymət verənlər çoxdur, onlar say çoxluğunda ulduz miriadını yada salırlar, gözəlliyə layiq olduğu qiyməti verməyib, onda qüsur tapmağı çalışanlar isə azdır və gücsüzdürlər. Renessans dahiləri onları qiymətləndirənlərin yaxşı münasibəti hesabına ölməz əsərlər yaratmışlar. Bu tablolar, freskalar əsrlər boyu insanlara heyrət bəxş edən incilərə çevrilmişlər.

 

Ruhiyyə xanım, sizinlə hər cür diskussiya aparmaq olar. Məni söz mübadiləsi maraqlandırmır, məni düşündürən yalnız təklifimə cavabın verilməsidir. Yenə rica edirəm, günü günə satmayaq, hansısa bəhanəni əsas götürüb məsələnin həllini təxirə salmayaq. Mən sizə olan məhəbbətim haqqında şərqi qoşmayacağam. Çünki siz onun sözlərini eşitmədən də mənim üsyan edən hisslərimə bələdsiniz. Nəsə əlavə bir şey demək istəmirəm. Könlümün istəkləri sizə iri-iri kitablarda yazılanlardan da artıq çox şeyi dəyir.

 

Ruhiyyə gülümsündü:

 

- Az qala məni Eloiza obrazında görür, özünü isə Abelyara bənzətmək istəyirsən. Onlar bir yerdə olanda bir-birini inandırmağa cəhd etmirdilər, qəlbləri dillərindən daha çox şeyi ifadə edirdi. Ayrıldıqdan sonra, bir-birindən uzaqlaşdırılmağa məcbur edildikdən sonra onların məhəbbət epopeyası poetik dilə yiyələndi, onlardan birinin öz həyatını digərinə həsr etməsinə isə hansısa əlavə bir şəhadət lazım deyildi. Onların qarşılıqlı hissləri dağ çayının sürətli axınından, ağacları kökündən çıxarması enerjisindən qüvvətli, güclü idi. Sözlər çox olanda, məzmunu itməyə məcbur edir, söz qılafı bəzən o qədər yoğun olur ki, içindəki özək müvafiq olaraq müqayisədə kiçilməyə başlayır. Bəlkə, söhbəti uzatmayaq, yoxsa rəyimizdə səhv etdiyimizi anlaya bilərik. Bu sirri açmağa da xeyli vaxt sərf etməli olarıq.

 

Həsən yuxudan ayılan kimi oldu və fikirləşdi ki, Ruhiyyəni tələsdirmək əks effekt verə bilər. Qırqovul tələyə yaxınlaşmamışdan əvvəl canfəşanlıq etmək onu ürküdə bilər, uçub qaçsa, uzaqlaşsa, onu ələ keçirmək çox çətin olacaqdır. Ona görə də yumşalmış qaydada dedi:

 

- Necə istəyirsiniz, gəmini suya mən salmışamsa da, onun sükanı arxasında sizsiniz. Bu gəminin uzaq mənzillərə üzməyi sizdən asılı olacaqdır, mən isə naviqasiyadan yaxşı baş çıxarmıram. Marşrutu seçmək də sizdən asılıdır, mən özümün dənizçi bacarığıma bir qədər əvvəl şübhə etməyə başladım. Çünki sualtı mərcan riflərini də nəzərə almırdım, sahilə çox yaxınlaşmaq istəyirdim, lakin sahilin dayaz olduğunu, gəminin quruya oturacağını da yaddan çıxarırdım. Ona görə də gəmi kapitanlığı sizə məxsusdur. Mənim izafi müdaxiləm, üzməyə yalnız ziyan vura bilər.

 

Onlar yeyib-içib, naharı başa çatdırmışdılar. Getməyi qərara aldılar. Həsən gözlədiyi cavabı almasa da, pərt deyildi, hiss edirdi ki, müsbət rəyi eşidəcəyinə çox qalmamışdır.

 

 

 

Ruhiyyə Həsənin evlənmək təklifinə razılıq verir

 

 

 

Bir həftədən sonra Həsən zəng vuranda Ruhiyyə dedi ki, narahatlığının səbəbi mənə aydın olduğundan, qeyri-müəyyənliyə son qoymaq istəyirəm. Qətiyyətliliyin nəticəsiz qalmadı, mən razı olduğumu bildirmək istəyirəm. Elə həmin günü axşam görüşdülər, Həsən çox şad görünürdü, istədiyinə nail olmuşdu. Ona görə də müqəddiməsiz olaraq toy barədəki söhbətlərə keçdi:

 

- Mən istəyirəm ki, şən bir toy təşkil edək, dostlarımızı, qohumlarımızı dəvət edək.

 

Ruhiyyə onun söhbəti davam etdirməyinə imkan vermədi:

 

- Heç bir toy şənliyi lazım deyildir. Hüseynin ölümündən cəmi iki il keçmişdir, mənim ərə getməyim azmış deyə, toy da etməyim onun ruhuna hörmətsizliyim olardı. Biz ancaq nikahımızı rəsmi qaydada dövlət orqanında qeyd etdirməliyik.

 

Həsən fürsəti qaçırmayıb, həm də biz harada yaşamağımızı da müəyyən etməliyik, dedi. Mənim Badamdarda villam vardır, orada yaşaya bilərik, mənfi cəhəti mərkəzdən bir qədər aralı olmasıdır. Hamnetin məktəbə getməsində müəyyən çətinlik ola bilər.

 

Ruhiyyə bu təklifi eşitdikdə dedi:

 

- Güman edirəm ki, mənim mənzilimdə də yaşamaq olar, əvvəllər bacımla bir yerdə yaşayırdıq, indi bacımın yerinə sözlü-söhbətli Həsən peyda olacaqdır. Onun dil boğaza qoymaması ailəmizə müəyyən şənlik də bəxş edə bilər.

 

Həsən dedi:

 

- Bu, bir qədər yaxşı alınmır, gəlin bəyin evinə gəlmək əvəzinə, mən bəy olduğum halda Ruhiyyənin evinə gəlin köçəcəyəm. Amma sənin qərarına zidd çıxa bilmərəm.

 

Üç gün sonra onlar nikahları barədə kəbin kəsdirdilər və Həsən paltarlarını qablaşdırdığı iki çamadanla Ruhiyyənin evinə köçdü. Hamnet o qədər də sevinmirdi, onun sərbəstliyinə bu kişinin mane olacağından qorxurdu, anası isə daim ona güzəştlə yanaşmış, heç bir istəyinə əks çıxmamışdı. Onlar bir-birlərini çox sevdiklərindən, hətta yarım sözdən də başa düşürdülər. Həm də Hamnet nadinc uşaq deyildi, təkcə onun məşğuliyyətinə müdaxilə etməkdən xoşu gəlmirdi.

 

Ruhiyyə ilə Həsənin ər-arvad həyatı başlandı. Yeni əri onu nə qədər əzizləsə də, Ruhiyyə bunun təbii olduğuna nədənsə inanmırdı, ona yaxınlığını da bir oyun kimi qiymətləndirirdi. O, Həsəni heç Hüseynlə müqayisə etmək istəmirdi, onların müqayisəyə sığmadığını da qət etmişdi. Hüseyn ürəkdən sevirdi, yeni ərində isə hətta vurğunluq da süni təsir bağışlayırdı. O, söz daşqını yaratmağın ustası idi, söz isə çox vaxt hissləri ifadə etmir, onun dərəcəsini gizlətməyə xidmət edir. Bir neçə gün keçəndən sonra o, hətta Həsənin həqiqətən də onu sevməsinə şübhə etməyə başladı.

 

Hüseyn işdən çıxan kimi arvadı üçün darıxdığından evə tələsdiyi halda, yeni əri nədənsə axşamlar evə gec gəlirdi. Ruhiyyə bunun səbəbi ilə maraqlandıqda, Həsən müxtəlif bəhanələr gətirirdi, Ruhiyyə onun sözlərinin uydurma olduğu qənaətinə gəlirdi.

 

Bir yerdə yaşamalarından iki ay keçsə də, o, evə yenə gec qayıtmışdı, çox qaşqabaqlı idi, heç kefi yox idi. Əslində, əvvəlki axşamlar da evə qayıdanda fikirli görünürdü, arvadı ilə söhbət etməkdən də çəkinirdi. İndi ondan niyə belə kefsiz olmasını soruşmaq istəmədi və əri özü pis xəbəri ona çatdırdı ki, bankları Mərkəzi Bankın qərarı ilə bağlanmışdır, lisenziyası ləğv edilmişdir. Onların ilkin kapitalının miqdarı, norması son illərdə bir neçə dəfə qaldırılsa da, son vaxtlar yoxlama müəyyən etmişdir ki, onların bankının dövriyyəsi də ilkin kapitalın həcmindən iki dəfədən də aşağıdır. Çoxlu filiallarının da olması bankın fəaliyyətinin yaxşılaşmasına kömək etməmiş, xərclərinin artmasına səbəb olmuşdu. Hətta nüfuzlu hamiləri də özəl bankın bağlanmasının qarşısını ala bilməmişdi.

 

Həsən şikayətlənirdi ki, onlar qoyulmuş əmanətləri öz yiyələrinə qaytarmalıdırlar. Bu isə olduqca müşkül məsələdir, kreditlər qaytarılmalıdır ki, depozitləri sahiblərinə qaytarmaq mümkün olsun. Qaytarılması qeyri-real olan kreditlər isə çox böyük məbləğdə olduğundan, əmanətlərin ödənilməsi o qədər də mümkün olan kimi görünmürdü.

 

Həsənin işsizlik günləri başlandı. O, səhər-səhər çarpayıdan qalxmaq istəmirdi, elə hey yatırdı. Deyəsən, əsəbləri də korlanmışdı, əvvəlki deyib-gülən adamdan əsər-əlamət qalmamışdı. Hər şeyə deyinirdi. Hamnetin müstəqilliyini, uşağın onu saymaması kimi qəbul edirdi. Ruhiyyəyə qarşı da əvvəlki gülər üz yoxa çıxmışdı, bir gün özünü saxlaya bilməyib dedi ki, sənin ayağın mənə düşmədi, birdən-birə bankrot oldum. Ruhiyyə heç nə başa düşmürdü, iş yerinin bağlanmasının bankrotluqla nə əlaqəsi vardır. Axı indi işsizlər, iş axtaranlar da çoxdur, bürokratiya nə qədər şişsə də, hamını məmur etmək də mümkün deyildir. Məmurların da seçiminə diqqət artırılmışdır, savadı yüksək olanlar, işdə səriştəlilik göstərmək potensialı ilə fərqlənənlər vəzifələrə təyin edilirdi. Tamadanın, musiqiçinin, yaxud xörəkpaylayanın rayon rəhbərliyinə irəli çəkilməsinə son qoyulmuşdur, çünki onlar rəsmi vəzifələrini yerinə yetirmək əvəzinə pul qazanmaq, var-dövlət sahibi olmaq üçün yüz cür pəstəhalardan çıxır və ona görə artıq iyrənc fəaliyyətləri ilə xüdahafizləşib, həbsxanada məcburi "istirahət" etməli olurdular. Son tədbirlər əhali tərəfindən də razılıqla qarşılanır.

 

Həsənin dərdindən isə baş açmaq mümkün deyildi. Son vaxtlar ah-ufu lap çoxalmışdı. Evlənəndən sonra Ruhiyyəni iki dəfə restorana aparmışdı, evin xərclərinə isə qarışmırdı, bütün yük arvadının çiyinlərinə düşmüşdü. Bir yerə getmək üçün zəng edib, taksi sifariş verirdi, şəxsi minik maşınından da artıq istifadə etmirdi.

 

Ruhiyyə heç nə anlaya bilmirdi, bu bədbəxt özünü elə aparırdı ki, elə bil dağ uçub, onun altında qalmışdır. Bir-iki dəfə ərinə məsləhət verdi ki, vəzifəni itirdiyinə görə çox qəm-qüssə keçirmə, yenidən işə girərsən, yəqin ki, sənin kimilərə tələbat vardır. Özünü iradəli apar, dünyanın axırı deyil ki? Özün də daim yaxşı dostlarının olduğundan danışırdın, onlar hökmən sənə kömək əli uzadacaqlar. Təkcə darıxmaq, özünü qara fikirlərlə üzmək lazım deyildir. Mənim qonorarım üçümüzə də bəs eləyər. Çox da fikir eləmə, əsəblərini korlama.

 

Həsən gözlərini bərəldib, ona diqqətlə baxdı:

 

- Gör nə günə qalmışam ki, sən mənə ağıl öyrədirsən. Özü də heç nədən xəbərin olmadığı halda arbitrlik etmək istəyirsən. Sən bir dəfə də olsun mənim vəziyyətimlə maraqlanmadın, indi də situasiyaya hali olmadığın halda mənə nəsihət verirsən. Mən gərək ağlımı itirməyəydim. Hər şeydə tez qərar verməyim məni fəlakətə sürükləyir, dərdimə bir qalanım da yoxdur. Hər şeydə uğurlu olan bir adam indi elə bir bədbəxtə çevrilmişdir ki, arvadı ona dərs verir, səbirli olmağı məsləhət görür.

 

Ruhiyyə yenə heç nə başa düşmürdü. Ərinin ah-vayı ona heç xoş gəlmirdi. Eşitmişdi ki, şəhərdəki məşhur falçıların yanına gedib, onlardan kömək istəmişdir. Söhbətin davamının xoşagəlməz olacağını hiss edib, nəşriyyata getmək istədiyini dedi və ərini otaqda tək qoyub çıxdı.

 

Yolboyu nə qədər fikirləşsə də, bir nəticəyə gələ bilmirdi. Ərindəki apatiya onu qorxudurdu. Evləndiklərindən az vaxt keçməsinə baxmayaraq, onlarda doğmalaşma əvəzinə yadlaşma baş verirdi. Onun əvvəlki şuxluğundan, hisslərinin coşqunluğundan əsər-əlamət qalmamışdı.

 

O, nəşriyyata çatıb, katibə ilə görüşdü, direktorla bəzi məsələləri həll etmək istədiyini bildirdi. Katibə direktorun kabinetinə girdikdən az sonra direktor çıxıb, onu salamladı və kabinetinə dəvət etdi. Ruhiyyə söhbətə başlamaq istəyərkən, direktor onu qabaqladı:

 

- Ruhiyyə xanım, yeni qurduğunuz ailədə vəziyyət necədir? Əriniz sizi layiq olduğunuz kimi qiymətləndirə bilirmi? Bəzən arzusuna çatan adamlarda, arxasınca süstlük, xoşbəxtliyi qiymətləndirməmək, hətta buna qarşı bir laqeydlik yaranır, əvvəlki hərəkətlərindən peşmançılıq keçirmək kimi olur. Sizdə vəziyyət necədir? Hamı deyir ki, xoşbəxt adamdır, həm gözəl bir qadına evləndi, bu azmış kimi onun mənzilinə də sahib oldu.

 

Ruhiyyəni bu söhbət heç açmadı, niyə yad bir adam onun ailə vəziyyəti ilə, əri ilə belə yaxından maraqlanır. "Mənzilə sahib olmaq" sözlərini isə heç cür anlaya bilmirdi:

 

- Mən narazı deyiləm. Əgər biz evlənmişiksə, ayrılıqda yaşaya bilməzdik ki, çox müzakirədən sonra indi mövcud olan qaydanı seçməyi lazım bildik.

 

Direktor dedi:

 

- Saytlarda bəzi yazılar getdiyinə görə mən maraqlandım. Bəlkə də, hamısı böhtandır, uydurmadır. Ancaq adamı məyus edir.

 

Ruhiyyə:

 

- Düzü, mən internet saytları ilə maraqlanmıram, bir əcnəbi dövlət başçısı interneti kanalizasiya adlandırmışdır. Mən onunla razılaşmasam da, internetdə axan çirkab suları da az deyildir. Adamlar bir-biriylə sosial şəbəkə meydanında duelə çıxırlar. Ona görə də elə yazılar mənim maraq dairəmdən kənardadır.

 

(Ardı var) 

 

Telman ORUCOV

 

525-ci qəzet. - 2022.- 30 iyul.- S.22.