“XIX
əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan
Əziz oxucular!
Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı
ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar,
Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni
irsə malik bu diyarın XIX əsrdə
yaşayıb-yaratmış şairlərinin əsərləri
ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir
sıra ədibləri barədə yığcam bilgiləri və
əsərlərindən nümunələri, "XIX əsr
Qarabağ şairlərinin şeir antologiyasından"
rubrikası altında, dəyərli "525-ci qəzet"
vasitəsilə diqqətinizə çatdırırıq.
Əbülfət xan Tuti
İbrahimxəlil xanın oğlu
Əbülfət ağa 1766-cı ildə Şuşa
şəhərində anadan olub və orada da mükəmməl
saray təhsili alıb. Öz bilik və
bacarığı ilə atasının diqqətini çəkən
Əbülfət ağaya hələ erkən
yaşlarında ən mühüm dövlət əhəmiyyətli
məsələlərin həllində xanlığın
adından danışıq aparmaq səlahiyyəti də
verilmişdi.
1797-ci ildə əmisi Ağa Məhəmməd
şahın qətlindən sonra İranda hakimiyyətə gələn
Fətəli şah İbrahimxəlil xandan sarayda saxlamaq
üçün girov tələb etdikdə İbrahimxəlil xan oğlu
Əbülfət ağanı və qızı Ağabəyim
ağanı Tehrana göndərmək məcburiyyətində
qaldı. Fətəli şah İrana girov kimi
göndərilən Əbülfət ağanı sarayda
saxlamayıb, oğlu Abbas Mirzənin xidmətinə göndərdi.
Vəliəhd Abbas Mirzə Naibüssəltənə
Əbülfət ağaya xan titulu verib, onu qoşun
başçısı, daha sonra isə şəxsi yavəri
təyin etdi. Əbülfət ağa
siyasi xadim olmaqla yanaşı, İranda şair kimi də məşhur
idi. Məhəmmədəli Tərbiyətin "Nigəristani-Dara"
adlı əsərə müraciət edərək: "Tuti
həm nəzmdə, həm də nəsrdə misli-bərabəri
olmayan şair idi" söyləməsi bu fikri təsdiq edir.
Əbülfət xan həyatı boyu siyasi
mübarizələrdə olub, uzun müddət qürbətdə
yaşayıb və 1839-cu ildə dünyasını dəyişərək
Qum şəhərində dəfn olunub.
Aşağıdakı şeir örnəkləri
AMEA ƏYİ-də saxlanılan cünglərdən
götürülüb.
Qəzəllər
O gün kim, həsrət ilə ol büti-zibadan
ayrıldım,
Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Çəkib
əl xəlqdən Məcnunsifət səhraya üz qoydum,
Kəsilmiş səbrü tabım vəsləti-Leyladan
ayrıldım.
Mana
şümşad sərvi, bağban, ərz etmə kim hərgiz,
Yoxumdur meyli-gülşən, qaməti tubadan
ayrıldım.
Nolur
şamü səhər ney tək
sızıldar sineyi-zarım,
Mərizi-bəstəri-hicrəm dəmi-İsadan
ayrıldım.
Fəraqın
şiddətindən lal olur bu Tuti təbim,
Məzacım
təlxdir kim, ləli-şəkərxadan
ayrıldım.
Vəsiyyətnamə
Ey nigari-qədimü
dirine,
Qəmi-eşqindir rahəti-sine.
Firqətin
cismimi natəvan etdi,
Axərül-əmr qəsdi-can etdi.
Bivəfaliq təriqinə
uyma,
Könül matəmində məni qoyma.
Deməzəm
baş açıb fəqan eylə,
Bu müsibətdə qəsdi-can eylə.
Leyk olma
hüquqdan ari,
Sügüvar ləvazimi-yari.
Zinəti-hüsnü
pak qıl yüzdən,
Tök nihani sirişki gözdən.
Gah məni-binəvanı
yad eylə,
Ağlamaq şivənin ziyad eylə.
Gah dərdü
bəlavü ahə meyl eylə
Gahi rəxti-siyahə meyl eylə.
Rəxti-al
zibi-qamətdir,
Leyk geysən sənə məlamətdir.
Rahi-
eşqində gör dəyanətimi,
Yaxşı saxla mənim əmanətimi.
Qoyma naməhrəmi
hərimə, gözlə,
Etibarü dəyanətini özlə.
Demə ki,
getdi, bunları bilməz,
Dəxi bir də bu aləmə gəlməz.
Dil ki, kuyində
qaldı, fəhm eylər,
Həftəbəhəftə ruhuma söylər.
Həşrdə
xəlq kim, hesabə gədər,
Hamı məzlumlar təzəllüm edər.
Ruhum ol
gündə dadxahın olar,
Dil qabağa gedər qəvahin olar.
Olarsan dil
yanında şərməndə,
Olarsan həşrara şərəfkəndə.
Tuti, kimdir
asan bu sözə qulaq,
Olur gözdən
uzaq-könüldən iraq.
Mirzə Həsən Qarabaği
Həsən Əli oğlu Yüzbaşov
1824-cü ildə Şuşa şəhərində
anadan olub. İlk təhsilini Şuşada alan
Həsən hələ gənc yaşlarında ərəb-fars
dillərini öyrənib, klassik poeziyanın
qayda-qanunlarına mükəmməl bələd olub. Gəncliyində xırda alverlə məşğul
olan Mirzə Həsənin həyatı o qədər də fərəhli
keçməyib. Yaşadığı
maddi sıxıntıya baxmayaraq, o, ruhən zəngin bir şəxs
olub, müasirləri arasında böyük ədəbiyyat həvəskarı,
gözəl məsnəvi ustası kimi tanınıb. Yaradıcılığının aparıcı xəttini
məhəbbət lirikası təşkil etsə də, onda
Zakiranə satirik üslub, dövrün ictimai mənzərəsinə
öz prizmasından baxmaq məharəti güclü olub.
Bu xüsusiyyətlərinə görə o,
"Məclisi-üns"ün mötəbər üzvlərindən
biri kimi tanınıb.
Mirzə Həsən Yüzbaşov
1904-cü ilin fevralında 80 yaşında vətəni
Şuşada vəfat edib və orada dəfn olunub.
Şairin "Divan"ı əsasında
onun "Seçilmiş əsərləri" (Tərtib edəni
və nəşrə hazırlayanı Nəsrəddin
Qarayevdir) 1973-cü və 2000-ci illərdə iki dəfə nəşr
edilib. Burada verilən şeir
nümunələri həmin əsərdən seçilib.
Qəzəllər
Gözlərin
mayil olubdur yenə xunxarlığa,
Bəli, sərxoş olur amadə sitəmkarlığa.
Küfri-zülfün
dinü imanıma çox şaiq olub,
Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.
Yoxdu
hicranına könlümdə dəxi tabü təvan,
Ha belə
talib olubsan bu dilazarlığa?
Qamətinlə
nə rəva sərv bərabər ola kim,
Xeyli müşküldü o gəlsin belə rəftarlığa.
Gül cəmalınla
əgər bəhs gəlibsə, nə əcəb,
O səbəb
salmış özün gülşən ara
xarlığa.
Etməzəm
şikvə gözündən nə qədər qılsa cəfa,
Məst olan mail olar çünki cəfakarlığa.
Fələyin
mahın edib mehri-rüxün sərgəştə,
Gah verir nur ona, gah salır tarlığa.
Olma divanə,
o zülfi-xəmə meyl etmə, Həsən,
Əqlin olsun, özünü salma o
şahmarlığa.
lll
Könül,
çox qılma nalə, etmə fəryad,
Fələyin gərdişindən eyləmə dad.
Nişati-qüssədir,
eyşi-mərarət,
Olubdur zülm ilə bu deyr bünyad.
Sevər qəm
könlümü, könlüm bəlanı,
Bəlavü qəmdən olmazam bir dəm azad.
Bəli, bir ləhzə
Şirin etmədi kam,
Dağıtdı gərci dağlar zari-Fərhad.
Əzəl məşşatəsi
tözmüş cəmalın,
Əyandır arizindən süni-ustad.
Nə
mümkündür gözündən can qurtarmaq,
O türki-məstdir,
qəmzəndi cəllad.
Necə dad
etməsin müjgan oxundan,
Könül
bir parça qan, onlardı fulad,
Fanadır
axiri, yoxdur bəqasi,
Bu
dünyadan, Həsən, kim oldu dilşad?
Qitələr
Uyma
dünyaya, gözüm, eyləmə çox eyşü
nişat,
Başədək bir kəs ilə getməyib əsla bu
büsat.
Çoxları
sən kimi al eylədi dünyayi-dəni,
Əliboş saldı yola axiri bu köhnə rübat.
lll
Mərd odur kim, ola bieybü
riya, mərdi-nəvaz,
Edə ətvarını
xoş, xülqini xoş, hirsini az.
Cümlə
köftarı səlamət ola, rəftarı
səlim,
Qıla hər seyrü sülukin nəki var şərilə
saz.
Rübailər
Etmə
özünü rişteyi-dünya ilə bənd,
Ta çəkməyəsən
onunla axırda güzənd.
Meyl eyləmə
çox cifeyi-dünyayə, könül,
Çün batini zəhrdir onun, zahiri qənd.
Dünya sənə
üz versə, ona etmə qürur,
Qılmaz başadək birində bu eyşü sürur.
Aldanma,
gözüm, işrəti-dünya belədir:
Gəh
məndə birüz edər, gəhi səndə zühur.
Raqub KƏRİMOV,
Filologiya üzrə elmlər doktoru,
professor
525-ci qəzet. - 2022.- 30 iyul.- S.23.