Azərbaycanda din sahəsində
birlik və həmrəylik yüksək dəyərləndirilir
Azərbaycan beynəlxalq aləmdə siyasi-ictimai sabitlik şəraitində dini tolerantlığın və
multikultural dəyərlərin
inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi,
dini etiqad azadlığının yüksək
səviyyədə təmin
olunduğu, dini-mədəni
müxtəlifliyin qorunduğu
dövlət kimi tanınır.
Dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri
Azərbaycanın dövlət-din
modelinin bir çox ölkələr
üçün örnək
olduğunu bildirirlər. Buna görə də qlobal səviyyədə dini həmrəyliyə, dinlərarası və mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərin
müxtəlif vaxtlarda
Azərbaycanda keçirilməsi
heç də təsadüfi deyil. Bütün bunlar Azərbaycanda dini münasibətlərin
konstitusion normalara əsaslandığını, vicdan
və dini etiqad azadlığının
yüksək səviyyədə
təmin olunduğunu bir daha əyani
şəkildə göstərir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasi kursu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib
ki,
ölkədə siyasi-ictimai sabitlik daha da möhkəmlənib,
makroiqtisadi sabitlik və yüksək iqtisadi artım təmin edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
və məqsədyönlü
siyasəti nəticəsində
44 günlük Vətən
müharibəsində şanlı
Qələbənin əldə
edilməsi regional və
beynəlxalq səviyyədə
ölkəmizin mövqeyini
daha da möhkəmləndirib.
Cəmiyyətin bütün sahələrində
olduğu kimi, vicdan və dini etiqad azadlığının
təmin edilməsində,
dini-mədəni müxtəlifliyin
qorunmasında Ulu öndər Heydər Əliyevin milli ideologiya səviyyəsinə
qaldırdığı azərbaycançılıq
məfkurəsi mühüm
rol oynayır.
Azərbaycan Prezidentinin sərəncamları
ilə tarixi-dini abidələr, ziyarətgahlar
bərpa edilir, yeniləri tikilir, dini qurumlara mütəmadi olaraq maliyyə yardımları
ayrılır, o cümlədən,
milli-mənəvi və
dini dəyərlərə
verilən yüksək
qiymətin göstəricisi
olaraq hərtərəfli
addımlar atılır. Ali Baş
Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağa səfərləri
zamanı ilk olaraq məscidləri ziyarət
etməsi, bərpa-quruculuq
işlərinin məhz
dini ibadətgahlardan başlaması, Qarabağa
və Şərqi Zəngəzura səfər
zamanı yeni dini ibadət yerlərinin təməlinin
qoyulması ölkə
rəhbərliyinin dini-mənəvi
irsə göstərdiyi
diqqətin parlaq ifadəsidir. Azərbaycan yenidən müstəqilliyini
qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə,
hazırda onların sayı 2253-dür. Bu günədək 992 dini qurum dövlət qeydiyyatına alınıb.
Konfessional baxımdan onlardan
955-i İslam, 37-si isə
qeyri-islam (xristian - 26;
yəhudi - 8; krişna
- 1; bəhai - 2) təmayüllüdür.
Habelə, respublikada 16 kilsə
və 7 sinaqoq fəaliyyət göstərir.
Amma görünən
odur ki, yuxarıda göstərilənlərə
rəğmən, Azərbaycanın
artan uğurlarından
və daha da güclənən mövqeyindən narahat olan bəzi dairələr vətəndaşların
dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac
verirlər. Aydındır ki, bu tipli çirkin "əməllər" multikultural
və tolerant dəyərlərə
söykənən Azərbaycan
cəmiyyəti tərəfindən
birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən
Azərbaycan Konstitusiyasının
əsaslarına zidd olaraq siyasi idarəçiliyi
və həyat tərzini "şəriət
qaydaları" adı
altında təbliğ
edən, özündə
bir neçə nəfəri birləşdirən
"təşkilat" və
yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların
inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyil. Əminliklə demək olar
ki, bu cür
elementlərin fitnəkar
əməllərini xalqımız
böyük ikrah hissi ilə qarşılayır və
buna görə də onların çirkin niyyətləri
beşiyindəcə iflasa
məhkumdur.
Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə "dini
təhsil" verib
"ruhani" kimi yetişdirən bəzi xarici dövlətlərin
dini mərkəzləri
və digər təşkilatları 30 il
düşmən tapdağı
altında qalan və donuz axuru
kimi istifadə edilən məscidlərimizə
görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməyib. Lakin onlar bu gün
öz "kadrlar"ı
vasitəsilə məscidləri
inşa və bərpa edən, İslami dəyərlərini
daim uca tutan müsəlman ölkəsində - Azərbaycanda
"İslamı müdafiə"
adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının
əleyhinə şər
və böhtan kampaniyasına rəvac verir, sülh və barışa böyük önəm verən İslam dəyərlərindən sui-istifadə
edərək süni gərginlik yaratmağa səy göstərirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun sözlərinə
görə, Azərbaycanda
din sahəsində mövcud
birlik və həmrəylik yüksək
dəyərləndirilir: "Təəssüf ki, özünü dünyaya
beynəlxalq təşkilatlar
kimi təqdim edən din və vicdan azadlığından
danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli,
qeyri-obyektiv formada göstərməyə çalışırlar.
Hətta bəzən Azərbaycanı din azadlığı
pozulan ölkələrlə
eyni sırada göstərməyə cəhd
göstərirlər. Erməni vandalizmini,
xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki
erməni vəhşiliyini
göz ardına vuraraq bu məsələyə
kifayət qədər
önəm verməkdən
boyun qaçırırlar.
Hesabatlarda bu faktlara ötəri yanaşılır,
yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda bir sıra
beynəlxalq təşkilatlar
xristian və islam dinini
siyasiləşdirməyə çalışırlar. Təbii
ki, islam
dininin siyasiləşdirilməsi
yolverilməzdir. Din siyasiləşəndə
təhlükəli hala
çevrilir".
S.Heydərov bildirib ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət
göstərməsi üçün
bütün lazımi
şərait yaradılıb:
"Azərbaycana qarşı
dinə yönəlik
təhdidlər bir an belə səngimir.
Azərbaycandakı dini icmalara səslənərək çağırış
edirəm ki, ölkə həqiqətlərini,
erməni vandalizmini dünya ictimaiyyətinə
çatdırmağa var
qüvvələri ilə
çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla
ölkədə mövcud
olan dəyərləri
daha da qorumaq,
inkişaf etdirmək,
eləcə də bəşəri dəyərlər
üçün olduqca
mühüm olan dəyərləri qorumaqdır".
Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, Azərbaycanda dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabərliyi
bütövlükdə cəmiyyət
tərəfindən könüllü
şəkildə dərk
və qəbul edilən münasibətə
çevrilib. Azərbaycan kimi köklü
dini ənənələri
və ruhaniyyət mənəviyyatının güclü
olduğu cəmiyyətlərdə
din-dövlət münasibətlərinin
dünyəvilik şərti
ilə bu cür mükəmməl formada tənzimi təbii ki, ciddi səy və şəxsi nüfuz tələb edir. Prezident İlham Əliyevin dini ənənələrə
münasibətdə şəxsi
nümunə göstərməsi,
müsəlmanların müqəddəs
məkanları, o cümlədən,
Məkkəyə səfəri,
habelə, onun hakimiyyəti illərində
regionun ən gözəl məscidlərindən
biri olan Heydər Məscidi kompleksinin tikilməsi, Bibiheybət, Təzəpir,
o cümlədən, Şamaxı
Cümə məscidləri
başda olmaqla çoxsaylı ibadətgah
və dini abidələrin bərpası,
habelə, işğaldan
azad olunan bölgələrdə təmir
və bərpa prosesinə məhz Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarətində
dini abidələrdən
başlanması ilə
Azərbaycanda dünyəvi
və dini ideyaların dəqiq sərhədlərinin müəyyən
olunması təmin edilib: "İstər işğal dövrü, istər sonrakı zamanlarda vandalizmə məruz qalmış dini abidələrlə bağlı tutduğu barışmaz və qətiyyətli mövqeyi,
o cümlədən, antiislam
dairələr qarşısında
cəsarətli duruşu
ilə Prezident İlham Əliyev İslam dünyasının
təəssübünü çəkən müsəlman
aləminin liderlərindən
biri olduğu reallığını ortaya
qoydu. Həmçinin, Birinci vitse-prezident
Mehriban Əliyevanın
rəhbərliyi ilə
Heydər Əliyev Fondunun analoji istiqamətdə həm yerli, həm də beynəlxalq müstəvidə titanik fəaliyyəti dövlət-din
münasibətlərinin hazırkı
mükəmməl səviyyəsinin
formalaşmasında həlledici
amillərdən birinə
çevrildi".
B.Məhərrəmov qeyd edib ki, cəmiyyətdə bu sahədə hakimiyyətlə həmrəyliyin müşahidə olunmasının kökündə dayanan vacib nüanslardan digəri isə heç şübhəsiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın özlərinin şəxsi nümunələrində dini-mənəvi amillərə yüksək ehtiramla yanaşmaları oldu. Dövlət başçısı və birinci xanım işğaldan azad edilən bölgələrə ayaq basarkən ilk olaraq məscidə qədəm qoydular. Ağdam və Şuşada məscidlərinin ziyarət edilməsi zamanı yaşanan duyğusal anlar, oraya 30 il sonra ilk dəfə məhz Birinci vitse-prezident tərəfindən Quran gətirilməsi xalqın yaddaşında əbədi həkk olundu: "Bundan əlavə, məlumdur ki, Azərbaycan Konstitusiyasına əsasən dövlətin təhsil sistemi dünyəvi xarakter daşıyır. Həyata keçirilən uğurlu din siyasətinin nəticəsi olaraq dini təhsil idarəçiliyinin, o cümlədən, qanunvericiliyə son dəyişikliklərlə din xadimlərinin təyinatının dünyəvi formata salınması daha təşkilatlanmış və daha savadlı kadrların yetişməsi ilə din siyasətinin daha sağlam təməllər üzərində həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Bu, eyni zamanda, bəzi dairələrinin dini dəyərlərdən radikal məqsədlərlə istifadə cəhdləri perspektivlərini heçə endirmiş oldu".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 25 iyun.- S.10.