Naxçıvanın rəngarəng və
təkrarsız təbiəti
MUXTAR
RESPUBLİKANIN FLORA VƏ FAUNASI ÖZÜNƏMƏXSUS
CƏHƏTLƏRİ İLƏ SEÇİLİR
Naxçıvan Muxtar Respublikasının
cənubda İran, qərbdə Türkiyə
ilə Araz çayı boyunca, şimalda və şərqdə isə Ermənistanla Zəngəzur
və Dərələyəz
silsiləsi ilə həmsərhəd olan unikal məkanda yerləşməsi, buranı
təkrarolunmaz təbiət
laboratoriyasına çevirib.
Qədim
sivilizasiyaların və
mədəniyyətlərin yaranma mərkəzi olan bu diyar,
vəhşi təbiətin
də xeyli sayda bitki və
heyvan növlərinin
yaranmasının təkzibedilməz
mərkəzlərindən biri sayılır.
Muxtar Respublikanın
iqlimi, onun coğrafi mövqeyi, ərazinin hər tərəfdən dağ silsilələri ilə əhatə olunması və iri su
hövzələrindən (dəniz və okeanlardan) uzaqda yerləşməsi bu ərazinin flora və faunasına da öz təsirini göstərib. Hazırda ərazi cəhətdən
çox da geniş olmayan muxtar respublikada ali sporlu,
çılpaqtoxumlu və
örtülütoxumlu bitkilərin
160 fəsiləyə, 910 cinsə
daxil olan 3020 növü məlumdur. Muxtar respublikanın quru onurğalıları faunasına
3 sinfə aid olmaqla, sürünənlər 39, quşlar
265 və məməlilər
70 növ ilə təmsil olunur. Bunlardan 39 növü nadir və ya məhvolma təhlükəsi altındadır.
Hal-hazırda bu diyar məhv olmaq təhlükəsində
olan nadir heyvan növlərindən - bəbir
(Panthera pardus saxicolor), Manul pişiyi (Otocolobus manul), Qaya keçisi
(Capra aegagrus), Dağ qoyunu (Ovis orientalis)
və sairin, demək olar ki, axırıncı sığınacaqlarına çevrilib.
Belə
nadir növlərdən biri
də muflon və ya dağ
qoyunudur.
Dağ qoyunu və ya Asiya muflonu
(Ovis orientalis Gmelin) - dünyada dağ qoyunları cinsinin 7 növündən
biri olub, yalnız Cənubi Qafqazda yayılıb. Bu növlərdən biri də Asiya muflonudur
ki, bu növü
də şərti olaraq iki yarımnövə:
Zaqafqaziya və Anadolu qoyunlarına ayırırlar.
Muxtar Respublikanın
orta dağlıq zonasından başlayaraq,
3900 m d.s.h qədər
Dərələyəz silsiləsinin
Sədərək rayonu
ərazisi və (Vəlidağ - Ardıcdağ),
Zəngəzur silsiləsinin
Soyuqdağ zonalarına
qədər yayılmışdır. Vəlidağ,
Ardıcdağ, Göy
dağ, At dərəsi, Cərəcur,
İlandağ, Darıdağ
və Dərəşam
ərazisinə keçərək
mövsümi - miqrasiyalar
edirlər. Küküdağ,
Keçilidağ və
Ərəci dağlarında
da muflonlara az da olsa rast gəlinir.
Asiya muflonu, muflon və ya dağ qoyunu
kimi tanınan yabanı qoyunlar əhli qoyunların əcdadı hesab edilir. Bezoar keçilərindən fərqli olaraq dişi fərdlərində
buynuz olmur.
Dağ qoyunlarının
görmə və səs eşitmə duyğuları çox yaxşı inkişaf edib, buna görə
də qarşılaşa
biləcək təhlükədən
tez xəbər tuturlar. Buna görə də sıx meşələrdə yaşamırlar.
Muflonların erkəkləri və
dişiləri ayrı-ayrı
qruplar əmələ
gətirirlər. Erkəklər əsasən 10-15 fərd,
dişilər isə
18-20 fərddən ibarət
qruplar halında olurlar. Qoç sürülərində ancaq cinsi yetişkənliyə
çatmış erkəklərdən
ibarət olur.
Cinsi yetişkənliyə çatmamış
1-1,5 yaşlı cavan erkəklər isə dişi sürüləri ilə gəzirlər. 2 yaşlı
dişilər mayalanır
və ilk balasını
doğur.
Otlamaları qruplar şəklində
olur, qrup otlayarkən yüksək bir yerdə növbətçi bir muflon olur, təhlükə
hiss etdiyi zaman, ayaqlarını yerə vuraraq, xüsusi fit səsinə bənzər
səs çıxardaraq,
digərlərinə xəbər
verməklə təhlükədən
qaçırlar. Muflonların erkək və dişi sürüləri
ilin hardasa demək olar ki, 10 ayını ayrı-ayrılıqda keçirərlər.
Dağ qoyunlarının erkəkləri
və dişiləri ayrı-ayrılıqda qrup
əmələ gətirirlər.
Dağ qoyunları ancaq cütləşmə vaxtı
çox saylı qarışıq sürülər
əmələ gətirirlər.
Yaz və yay aylarında dişilər ayrı-ayrı
sürülər halında,
başqa bölgələrdə
günlərinin 8-10 saatını
otlayaraq keçirirlər. Yayda sübh
tezdən intensiv otlayıb, günün isti vaxtında isə gündüz daldalanacaqlarda - qaya, ağac və ya kol kölgəliklərində
istirahət edir, axşamçağı isə
yenidən otlamağa başlayırlar. Azərbaycan
şəraitində muflonların
qida rasionunun əsasını - 78,4 faizini ot bitkiləri
təşkil edir. Muflonların
əsas yemi dənli bitkilərdir.
Naxçıvan MR ərazisində dağ
qoyunları təqribən
70-ə yaxın bitki növü ilə qidalanırlar. Muxtar Respublikada muflonların
bir neçə təbii duzlaqları vardır. Onlar Nehrəmdağda, Darıdağda
və Nəsirvaz silsiləsində yerləşir.
Adətən, sübh tezdən və ya axşamçağı
su içmək üçün aşağılara
enirlər. Noyabr-dekabr aylarında yavaş-yavaş
dişilərin bölgəsində
görünməyə başlayan
qoç qrupları arasında şiddətli döyüşlər başlayır,
hətta bəzən fərdlərdən biri ölümcül yaralanır.
Qalib erkək sürüyə qarışaraq dişi ilə cütləşir.
Cütləşmə dönəmindən sonra qış ayları başlayır ki, bu da
dağ qoyunları üçün ən çətin vaxtlar hesab edilir. Qalın qar örtüyü altında yem tapa bilmədikdə, ayaqları ilə qarı təmizləyərək
yem tapırlar.
5-5,5 ay sürən boğazlığın ardından,
aprel ayının sonları may ayının
əvvəllərində boğaz
qoyunlar sürüdən
ayrılaraq gizli və sakit bir
yerdə doğuşlarını
həyata keçirirlər.
Doğuşdan bir neçə
gün sonra yenə sürüyə qayıdırlar. Doğuşdan bir neçə saat sonra anaları
kimi sürətli qaça bilən balalar, muflonların nəsil artımının
göstəricisidir. Dişilər bir və ya
ekiz bala doğurlar.
Qısa yun örtüyünə, balaca qulaqlara, quyruğa, uzun və incə ayaqları olan, dağ qoyunlarında görmə, qoxu bilmə və eşitmə duyğu üzvləri çox yaxşı inkişaf edib. Son dərəcə cəld və sürətli olan muflonların ön ayaqlarının arxa ayaqlarından qısa olması onların dağlara dırmanmasında çox köməklik edir. Kiçik Asiya muflonu Ovis cinsinin xarakterik nümayəndəsi olub, cinsi dimorfizm, bədən quruluşu, inkişaf etmiş buynuzlar, cidovluq və qarınaltı sahələrdə xüsusi sallaqlıqların olması, xüsusən, qış dövründə xarakterik rəng dəyişiklikləri ilə fərqli görünüşlərə malikdirlər. Yetkin qoçlarda bədənin uzunluğu 105-140 sm, cidovluq nahiyəsində hündürlük 80-90 sm, uzunluğu boyu kənarlara doğru genişlənərək əyilmiş dairəvi üçbucağı xatırladan buynuzlar qoçlarda 75 sm-ə qədər olur. Buynuzlar erkəklərdə 4 aylıqdan çıxmağa başlayır və yaşam müddətincə uzanır. 12-13 yaşlı qoçlarda buynuzların uzunluğu maksimuma çata bilər. Buynuz üzərindəki cizgilər (çıxıntılar) qoçun yaşını göstərir. Buynuzların digər özəlliyi onları digər heyvanlardan qorumasında istifadə edirlər.
Muflonların dişilərinin cidov hündürlüyü 80-90 sm olub, buynuzsuz olurlar. Cütləşmə ərəfəsində erkəklərin çəkisi 50 kq (nadir hallarda artıq olur), dişilərinki isə 35 kq-a qədər olur. Yay vaxtı dişilərin və cavan heyvanların rəngi qırmızıya çalan sarı və ya qum rəngində olur, qışda isə bozumtul-qum rənginə çevrilir. Erkəklərin ilin bütün fəsillərində sinəsində və boyun altı sahələrdə qara sallaqlıqları olur. Qışda erkəklərin dəri örtüyü dişilərə nisbətən daha tünd rəngli olur. 3 yaşdan böyük erkəklərin yanlarında açıq rəngli sahələr nəzərə çarpır ki, bunlar ön tərəfdə şaquli qara zolaqlarla məhdudlaşırlar.
Dişilər 16-20 aylıqda, erkəklər isə 24-30 aylıqda cinsi yetişkənliyə çatırlar, ortlama 15-18 yaşa qədər yaşayırlar.
Bezoar keçilərindən fərqli olaraq muflonlar qayalıq - dağ landşaftında deyil, açıq dağətəyi çöllərdə, alçaq təpəliklərdə məskunlaşmağa üstünlük verirlər və dağ keçilərindən daha çox miqrasiya fəallıqları ilə seçilirlər. Muflonlar istiliksevən növ olduğundan, arid şəraitə də uyğunlaşma xüsusiyyətinə malik olurlar. Yaşlı erkəklər, hətta, tipik alp yüksəkliklərində, Dərələyəz və Zəngəzur silsiləsi landşaftlarında məskunlaşa bilir. Payızda yüksək dağlıq ərazilərə qar yağdıqda, heyvanların orta və aşağı dağətəyi sahələrə miqrasiyası başlayır. Yazda isə geriyə miqrasiya edilir. Ancaq bəzi məlumatlara görə cavan heyvanlarla birlikdə bəzi yaşlı erkəklər də müəyyən qrup halında dağətəyi ərazilərdə qalaraq, çox gizli həyat tərzi keçirirlər.
2001-ci ildən Naxçıvan MR-də ova qoyulan qadağa və mühafizənin düzgün təşkili nəticəsində muflonların baş sayı xeyli dərəcədə artıb. Naxçıvan Muxtar Respublika Ekologiya və Təbii Sərvətləri Nazirliyinin, Beynəlxalq təşkilat olan WWF-lə (Ümumdünya Vəhşi Təbiət Fondu) birlikdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən 2021- ci ilin dekabr ayından 2022-ci ilin fevral aylarında aparılan monitorinq nəticələri də bir daha bunu subut edir.
Bütün bunlar bir daha Naxçıvan Muxtar Respublika ərazisinin unikallığını və orijinallığını göstərir. Buranın təbii zənginliyinin qorunması və artırılması bu müqəddəs diyarda yaşayan indiki və gələcək nəsillərin başlıca borcudur. Naxçıvanın çox maraqlı və dəyərli olan təbiətinin qorunması təkcə Azərbaycan və Qafqaz üçün deyil bütün Dünya üçün vacibdir!
İsmayıl MƏMMƏDOV AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
baş direktoru, biologiya elmləri doktoru, dosent
Pərviz
FƏTULLAYEV AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
laboratoriya rəhbəri,
aqrar elmlər üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2022.- 1 iyun.- S.22.