Samuray mənəvi ruhu yaşayır

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

Samuray hərbi təbəqəsinin keçdiyi yol

 

 

 

Samuraylar - kiçik dvoryanların və knyazların (daymyoların) feodal Yaponiyasındakı klan döyüşçüləri idi. Çox hallarda samurayı Avropa cəngavərləri ilə müqayisə edirlər, lakin bu bənzətmə xeyli dərəcədə axsayır. Döyüşçü samuray hərbi təbəqə olsa da, aşağı rütbəli samuray vassal, nökər idi. Çünki samuray sözünün mənası "xidmət etmək" deməkdir.

 

Heyan dövründə (794-1185-ci illər) qüdrətli Fucivara klanının hakimiyyəti sürəndə imperial sarayını tərk edən və öz taleyini yenidən qurmağa çalışan torpaq sahiblərinin silahlı tərəfdarları kimi samuraylar meydana gəlmişdi. Samurayların mənəvi aləmi və davranış xüsusiyyətləri olduqca geniş idi və onları taclandıran özünü intihar qaydasındakı həyatla vidalaşma səhnəsi isə ağır və şərəfli bir jest idi.

 

İeyasu Tokuqava syoqun olduqdan sonra samurayların rolu azalmadı, əksinə, artdı. Yeni syoqun ölkəni birləşdirməyə girişməklə yanaşı, öz müstəqilliyinin ifadəsi kimi paytaxtı Kiotodan 1603-cü ildə Edoya, indiki Tokioya köçürdü və orada ona dəbdəbəli saray tikdirildi. Başlanğıcda isə Edo balıqçı kəndi olmuşdu və onun adı "estuari" (delta) mənasını verirdi. Bu şəhər ilk dəfə XII əsrdə istehkamlanmışdı. Lakin Tokuqava syoqunatı da iki əsr yarımdan artıq ömür sürə bilmədi və onun süqutu samuray sinfinin ləğvi ilə də nəticələndi.

 

Uzun illər ərzində Asiya materikindən, xüsusən Çindən çox sayda ideyaların idxalı yapon düşüncə tərzinin formalaşmasında da müəyyən rol oynamışdı. Tokuqava hakimiyyətinin qurulmasından sonra neokonfutsiçilik məktəblərdəki təhsil yolu ilə öz təsirini genişləndirdi və Tokuqava bu təlimləri sürətlə inkişaf etdirdi. Qılıncdan istifadənin yüksək aspektləri sirli olsa da, ruhi sahənin deyil, əsasən, döyüş məşqlərinin nəticəsi idi. Samurayların döyüşçü kimi tanınmasında, qılıncdan istifadə edilməsində, ona daha çox diqqət verilirdi. Tokuqava dövründə qılıncdan ustalıqla istifadə döyüş sənətinə aid çox saydakı məktəblərdə öyrənilməklə mühüm, hətta birinci yer tuturdu.

 

Tarix boyu samuray əfsanəvi döyüşçü hesab olunmuşdu, Yaponiyada məşhur klan idi. Onlar daim qorxu bəxş edən zirehdə vuruşurdular və ciddi mənəvi kodeksə riayət edirdilər. Bu kodeks onların bütün həyatını idarə edirdi, əslində, onun özü də bir əfsanəyə bənzəyirdi.

 

Samuraylar, adətən, busi adlanan sinfə mənsub idilər, döyüş sənətlərini öyrənirdilər. Onların qılıncı katana adlanırdı və öz ağlasığmaz itiliyi ilə seçilirdi. Samurayın ən qeyri-adi atributu isə qəribə, lakin yaxşı bəzədilmiş, onu qoruyan gözəl zirehi idi. Bu zireh möhkəm olması ilə yanaşı, çevik hərəkət etməyə şərait yaradırdı, ona görə də döyüş səhnəsində sərbəst davranmağa imkan verirdi. Samurayın döyüş formasını kabuto adlanan dəbilqə tamamlayırdı. Onların da özünəməxsus bəzəyi olurdu. Şalvarları isə ümumi mənada işlədilən "hakama" adlanırdı.

 

Bütün busi sosial sinfi samuraylardan ibarət idi, bu döyüşçülərdə iki qılınc olurdu. Ölkə əhalisinin ən azı 10 faizi samuray idi. Busido isə katananı samurayın könlü olduğunu diktə edirdi. Bəzəkli qılınc samurayın statusuna dəlalət edirdi. Onları təkcə formaları, paltarları deyil, hətta bəzi intellekt nümunələri də fərqləndirirdi, bilik səviyyələri yuxarı idi, onlar həm də riyaziyyatı öyrənirdilər. Şeir yazır, kalliqrafiyanı öyrənir, ədəbiyyata və fantastikaya xüsusi maraq göstərirdilər.

 

Samurayın öz həyatını rəqibinin zərbəsi altında başa vurmasından əlavə, əslində, pozulmaz ritual xarakteri daşıyan özünü intihar növü olan seppuku da mövcud idi. Busidoya görə və ya əsir düşdükdə samuray özünü öldürməli idi. Bu, onun üçün könüllü bir hərəkət hesab olunurdu, həm də bir cəza növü də olsa, ölməyin, dünyadan getməyin çox fəxri qaydası idi.

 

Seppukunun və ya xarakirinin pozulmaz ritual qaydaları mövcud idi. Həyatdakı bu son vəzifəsini icra edən adam ona verilən kağızda ömründəki ən kədərli ana təsadüf edən və ruhunu ifadə edən şeirini yazırdı. Sonra su ilə gödək qılıncının tiyəsini yuyub təmizləyib, qarnına soxurdu. Seppuku icra edildikdən sonra vurulan baş da qabağa düşməli, ölü samurayın ağuşunda qalmalı idi. Əgər kəsilmiş baş təsadüfən tamaşaçılara tərəf dığırlansa, bu, əbədi biabırçılıq sayıla bilərdi.

 

Busido və ya "Döyüşçünün yolu" samurayın ölənə qədər riayət etdiyi vicdan kodeksi idi. "Busi" sözünün özü də samurayın həmin adı daşıdığı "döyüşçü" demək idi. Samurayın ağası orta əsrlər Yaponiyasının böyük hərbi feodalları idi. Busido döyüşçü yolu olduğu kimi, kendo da "qılınc yolu" demək idi.

 

Samuraylar başlanğıcda Yaponiyada  kəndli ailələrinin üzvləri kimi meydana gəlmişdi. Samurayın ayrıca zümrə kimi mövcudluğu isə Minamoto feodal evinin idarə etməsi dövrünə (1193-1333-cü illər) təsadüf edir. Buddizmə sitayiş də samuray klanının yaranmasına şərait yaratmışdı, bu vaxt artıq Busido kodeksi pozulmaz göstərişlər kodeksinə çevrilmişdi. Həmin birinci syoqun dövründə samuray silkinin qızıl dövrü hesab olunur. Tokuqava syoqunatı dövründə isə (1603-1867-ci illər) hər beşinci yapon kişisi samuray idi.

 

Feodal ağasına sədaqət, igidlik, mərdlik, dözümlülük və səbirlilik samurayı fərqləndirən keyfiyyətlər idi. O, başqasının həyatı naminə öz şəxsi həyatına da laqeydlik göstərə bilərdi. Bu fədakarlığı yeniyetmələrə ötürmək üçün bir sıra vasitələrdən istifadə edilirdi. Sadəcə olaraq hər bir dövrə onun nöqteyi-nəzərindən baxmaq lazımdır. Bu, keçmiş zamanın tarixinin açarıdır.

 

Samurayın xoşbəxt günləri ağası ilə bağlı idi, hansısa səbəblərə görə, ağasız qaldıqda, ağası öldükdə, o, həm də məvacibdən məhrum olurdu. Bu vaxt artıq ronin adlanmaqla, əslində, sərgərdan həyatı keçirirdi. Samurayın bilavasitə ağası daymyo adlanan knyazlar idi, onlar isə irsi hərbi diktator olan syoquna tabe idi.

 

Samuraylar içərisində qadınlara da rast gəlinir. XII-XIII əsrlərdə üç, XVI əsrdə bir, XIX əsrdə isə üç qadın samuray məşhurlaşmışdı. Ümumiyyətlə, yapon dilində "qadın samuray" sözü yoxdur, çünki "samuray" anlayışı heç bir variantsız, yalnız kişilərə aiddir. Onların barəsində daha çox əfsanə kimi danışırlar və bu döyüşçü qadınlar onna-buqeyya adlanırlar. Onlar orta əsrlər Yaponiyasında samuray ailələrində doğulmaqla, döyüş sənətini öyrənmiş qadınlar idi. Çünki yaponlar qadın əməyindən istifadəyə qayğıkeşliliklə, bəlkə də müəyyən qısqanclıqla yanaşırlar. Bir cəhəti də qeyd etmək lazımdır ki, arvada bəslənən qayğıya baxmayaraq, kişi arvadını heç vaxt tərifləmirdi.

 

 Hətta ən böhranlı dövrlərdə də, ağır müharibə illərində işçi qıtlığı yarandıqda  qadınlara münasibət dəyişmirdi, onların ağır fiziki əməyə cəlb edilməsi məqbul sayılmırdı. Böyük millətçilik naminə, ailənin möhkəmliyini qorumaq üçün qadının ağır zəhmət sahələrində işlədilməsinə yol verilmirdi. SSRİ-də, Rusiyada isə tam başqa mənzərə mövcud idi. Yaponiyada inqilabdan 70 il sonra, 1937-ci ildən qadınların başlıca vəzifəsi daha çox uşaq doğmaq və digər yollarla öz vətənpərvərlik borclarını yerinə yetirmək hesab olunurdu. Təbliğat və inandırma vasitələri də buna xidmət edirdi. Müharibə cəhdləri naminə qadınların səfərbər edilməsinə yapon hökuməti həvəs göstərmirdi. Militarizmin siyasi, iqtisadi və sosial həyatda aparıcı rol oynamasına baxmayaraq, qadınlar nəinki hərbi xidmətə cəlb edilmirdilər, heç ağır əmək sahələrində də işlədilmirdilər.

 

Müharibə partiyasının lideri, 1941-1944-ci illərdə ölkənin Baş naziri olmuş Hideki Todzio (ingilislər onu Toco kimi tanıyırlar - müəllif) qadın iş qüvvəsindən istifadənin əleyhinə idi və deyirdi ki, "Ailə sisteminin zəifləməsi millətin zəifləməsinə səbəb olacaqdır. Biz öz borcumuzu yalnız ona görə yerinə yetirməyə qadirik ki, biz evdə arvadlarımza və analarımıza malikik". Ona görə də qadınlar, əsasən, əvvəllər də onlara tanış olan toxuculuq sənayesində işləyir, yaxud da fermer fəaliyyəti ilə məşğul olurdular. İşçi qüvvəsi kasad olanda, çox çatışmayan vaxtda da yapon hökuməti qadın əməyindən istifadə etmək əvəzinə, Koreyanın və Çinin işçi qüvvəsini ölkəyə gətirirdi. Ona görə də qadınların samuray xidməti yalnız təsadüfi hal xarakteri daşıya bilərdi.

 

Onu da qeyd etmək lazımdır ki, II Dünya müharibəsindən sonra iqtisadi inkişafın sürətləndirilməsi ilə əlaqədar olaraq işçi qüvvəsinə ehtiyac artdığına görə qadın əməyindən istehsalatda istifadə edilməsi də xeyli artdı və əvvəlki prinsiplər bu sahədə də qüvvədən düşdü.

 

Meydzi Bərpası və samuraylar

 

Feodal Yaponiyasında qüdrətli hərbi klanın üzvləri olan samuraylar, XII əsrdə ölkədə syoqunat kimi tanınan hərbi diktatorluğun yaranmasına qədər əyalət döyüşçüləri idi. Daymyoların - böyük torpaq sahiblərinin nökərləri kimi onlar artıq syoqun hakimiyyətinə xas olan müstəqilliyin arxasında durmaqla yanaşı, ona hətta mikado (imperator) üzərində hakimiyyət vermişdilər. 1868-ci ildəki Meydzi Bərpasına qədər samuray yapon hökumətində və cəmiyyətində aparıcı rol oynayırdı. Meydzi Bərpası isə feodal sisteminin ləğvini həyata keçirdi. Ənənəvi imtiyazlarından məhrum edilmələrinə baxmayaraq, samurayların çoxu siyasət və sənaye elitası qruplarına daxil oldu. Digər mühüm cəhət odur ki, samurayların şərəf, intizam və mənəvi kodeksi olan Busido yaponların mənəvi həyatında xeyli sonra bərpa edildi və bu sənəd hələ də yapon cəmiyyətinin bir çox cəhətləri üçün davranışın bünövrə kodeksi rolunu oynayır.

 

Samuray qiyamı 1867-ci ildə geniş yayıldığından syoqunat ləğv edildi və ölkə hakimiyyətinin başçılığına imperator bərpa edildi.

 

Samuraylar ölkədəki iqtisadi və sosial vəziyyətdən narazı idilər və ona görə də qiyam qaldırmışdılar. Qiyam ölkə tarixində böyük dəyişikliklərə səbəb oldu, Yaponiya Avropadan fərqli olaraq daha çox qocalıq dövrü keçirməsi ilə fərqlənən feodalizmlə gec də olsa vidalaşıb, modernləşmə yolunu tutdu və kapitalizm dünyasındakı dövlətlərin ailəsinə daxil oldu.

 

Öz səyləri ilə insanın təbiətə və tam yaxşı qaydada özünə hakim olmaq bacarığı barədəki yeni dünyəvi inam Meydzi Bərpasında mühüm rol oynadı. Yapon təbiətə heç də əkslik kimi baxmırdı, əksinə, ona sitayiş etməklə, onun qeyd-şərtsiz aliliyini qəbul edirdi. Yapon heç vaxt şüurlu qaydada təbiətin ziddinə olan nəsə etmək işləmirdi, əksinə, daim onunla bir ahəngdə fəaliyyət göstərməyə, harmoniyada olmağa can atırdı.

 

Meydzi Bərpası başlananda Yaponiyanın dünyanı özü üçün açması üç əsr əvvəlki tək məhdud qaydada deyil, daha geniş miqyasda getməklə, onu anlaması və öyrənməsi prosesində həm də başa düşüldü ki, əsrlər boyu getdiyi köhnə cığırı artıq tərk edib, uzun və geniş zaman yoluna, dünyanın qabaqcıl ölkələrinin və xalqlarının xeyli müddət ərzində getdiyi bir yola qədəm qoyulması zərurəti yaranmışdır. Keçmiş yol yoldaşları olan feodallarla və onların meydana gətirdiyi samuray sinfi ilə vidalaşmaq da zamanın öz tələbidir və yeni quruluş onları tarixin arxivinə təhvil vermədən, özünü təsdiq edə bilməz.

 

Dövlət keçmişə nisbətən həqiqətən də əsasən, başqa qaydada idarə olunurdu, burada Qərbin təcrübəsinin tətbiq edilməsi də az rol oynamırdı. Meydzi Bərpası illərinə həm də Yaponiyanın qonşu dövlətlərlə müharibə aparması da daxil idi. İmperator müharibə vaxtı cəmiyyəti adətən yüksək qaydada səfərbər edirdi. Bütün milli resurslara nəzarət edilməsinin təminatı üçün qiymətləri, maaşları və işçi qüvvəsindən istifadəni diqqətdə saxlamaqdan ötəri xüsusi planlaşdırma şurası yaradılmışdı. İtaət qaydası və iyerarxiyanın ənənəvi adətləri, imperial ilahilik konsepsiyası vətəndaşları öz resurslarını, bəzi hallarda isə öz həyatlarını millət naminə qurban verməyə cəsarətlənməyi vurğulayırdı.

 

İnqilaba qədər isə syoqun kübar döyüşçüləri olan samurayın köməyi ilə öz hakimiyyətini çətinlik çəkmədən həyata keçirirdi, hökmranlığına qarşı heç bir maneə hiss etmirdi. Bu vaxt imperator idaretmədən bütünlüklə uzaqlaşdırılmışdı, onun funksiyası başlıca olaraq dini xarakter daşıyırdı.

 

Taleyin istehzasına bax ki, samuraylar qiyam qaldırıb, syoqunatı ləğv edib, imperatoru hakimiyyətə bərpa etdiləri halda, buna qədər isə o, Klotoda əslində guşənişin həyatı yaşayırdı, syoqunun tabeliyində idi, gənc imperator Mutsihito vətəndaş müharibələrinə son qoymaq adı altında samuray institutunu bütünlüklə ləğv etdi.

 

(Ardı var) 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.21.