Milli kinomuzun Naxçıvanda çəkilmiş nümunələri

 

Artıq 3-cü ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Muxtar Respublika Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihə həyata keçirməkdədir. Bu layihənin məqsədi tam orta məktəblərin yuxarı sinif şagirdlərində elmi-tədqiqat işlərinə maraq oyatmaq, onları öz istəklərinə müvafiq surətdə elmin hər hansı bir sahəsinə yönəltmək, ali ixtisas seçimlərinə köməklik göstərmək, elmi məqalələrin yazılması vərdişlərini mənimsətmək, ən əsası isə milli tariximiz, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz, yeraltı və yerüstü təbii sərvətlərimiz, fauna və floramız haqqında daha ətraflı, elmi şəkildə bilik toplamalarına şərait yaratmaqdır.

 

Cari tədris ilində AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Muxtar Respublikanın paytaxtındakı müxtəlif tam orta məktəblərin 10 nəfər şagirdi həmin layihə əsasında elmi tədqiqat işinə cəlb olunmuşdu. Şagirdlər institutun müvafiq şöbələrindəki əməkdaşlar arasından seçdikləri elmi rəhbərlərinin köməkliyilə seçdikləri mövzular üzrə araşdırmalar aparmışlar. Bu araşdırmalar əsasən dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq, onomastika və ingilis dili üzrə aparılıb, sevindirici nəticələr qazanılıb.

 

İlk dəfə olaraq bu tədris ilində layihə çərçivəsində yeni bir sahə - sənətşünaslıq üzrə də tədqiqat mövzusu seçilib və aparılan araşdırmalar əsasında maraqlı nəticə əldə olunub. Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi, incəsənətə böyük marağı olan Aytən Rövnəq qızı Əliyeva elmi rəhbəri - İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun tövsiyəsilə "Naxçıvanda çəkilmiş Azərbaycan bədii filmləri" mövzusu üzərində kompleks araşdırmalar aparıb və yekun olaraq maraqlı məqalə hazırlayıb. Həmin məqaləni təqdim edirik.

 

Qədim Naxçıvan diyari özünün tarixi ərazisi, füsunkar təbiəti - əzəmətli və bənzərsiz dağları, boz qayaları, qırmızı təpələri, mavi gölləri, laləli çölləri, gur şəlalələri, şırıltılı çayları, gözoxşayan meşələrilə, həmçinin, əsrlərin yadigarı olan memarlıq inciləri və təbii abidələrilə hər zaman milli kino xadimlərimizi özünə cəlb edib.

 

Demək olar ki, əsasən 1950-ci illərin əvvəllərindən üzü bəri "Azərbaycanfilm" Kinostudiyası tərəfindən muxtar respublikanın tarixi və müasir dövrü, təbiəti, tükənməz yeraltı və yerüstü sərvətləri, abidələri haqqında, o cümlədən, bu torpağın yetirmələri olan görkəmli şəxsiyyətlər - elm, ədəbiyyat, incəsənət xadimləri, sərkərdələr, müharibə və əmək qəhrəmanları, təhsil, səhiyyə, idman adamları barədə xeyli sayda, bir-birindən maraqlı və məzmunlu elmi-kütləvi və sənədli filmlər ərsəyə gətirilib.

 

Bütün bunlarla bərabər 1970-ci illərdən başlayaraq Muxtar Respublikanın ərazisində bədii filmlərin də müəyyən hissələrinin çəkilişi aparılmağa başlanıldı.

 

Araşdırmalarımıza da belə filmlərin birincisindən başladıq.

 

"Nəsimi"

 

1973-cü ildə ekrana çıxan və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan bu tarixi-bioqrafik filmin çəkilişlərinə 1972-ci ildən başlanılmışdı. Çəkilişlər əsasən Bakıda - Şirvanşahlar sarayında, Abşeronun tarixi məkanlarında aparılmışdı. Əlincə qalası ilə bağlı səhnələr, Nəsimilə Teymurləngin dialoqları, Nəiminin edam səhnəsi və bir neçə döyüş səhnələri muxtar respublikamızda çəkilmişdi. Əlincə qalası və ətraf ərazilər sırf natura şəklində, dekorasiyasız işlənmişdi. Filmin Naxçıvan çəkilişləri maraqlı məqamlarla yadda qalıb.

 

Ssenari müəllifi sonralar Azərbaycanın Xalq yazıçısı olmuş İsa Hüseynov, quruluşçu rejissoru Xalq artisti Həsən Seyidbəyli, quruluşçu operatoru Rasim İsmayılov (sonralar əməkdar incəsənət xadimi), quruluşçu rəssamı Məmməd Hüseynov, bəstəkarı Xalq artisti Tofiq Quliyev olan filmin müəyyən hissəsinin həmin dövrdə hürufizmin yayıldığı bölgələrimizdən olan qədim Naxçıvanda aparılması ona yeni-yeni çalarlar qatıb. 1972-ci ilin avqust ayında Naxçıvana gələn film heyəti çəkilişlərin aparılacağı yer kimi Muxtar Respublikanın Culfa rayonu ərazisində yerləşən Əlincə qalasını və Əlincə çayının vadisi boyu Xanağa (indiki Xanəgah) kəndinə yaxın məkanları seçmişdi. Ovaxtkı tarixi hadisələrə şahidlik etmiş bu vadi filmə çox uyğun, təbii sahə idi. Filmdə kütləvi səhnələr olduğuna görə, bura yerli sakinlərin də cəlb edilməsi qərara alınıb. Filmin məhz Əlincə qalası və ətrafındakı çəkilişlərində naxçıvanlıların yaxından və fəal iştirakı olmuşdu. Bu da filmin canlı və təbii alınmasına imkan yaradıb. Filmin epizodik rollarında Naxçıvan Teatrının aktyorları da çəkilmiş, o cümlədən, Naxçıvan MSSR əməkdar artisti Yusif Haqverdiyev Əmir Teymurun baş məsləhətçisi Mövlana Əli obrazında çıxış etmişdi.

 

Filmin Naxçıvanda ilk çəkilişləri 14 il Əmir Teymurun ordusunun hücumlarına müqavimət göstərən Əlincə qalasının ətrafında aparılıb. "Nəsimi" filminin çəkilişlərinin aparıldığı Xanağa - indiki Xanəgah kəndi də özünün tarixiliyilə seçilir.

 

Azərbaycan xalqının mübarizlik, vətənpərvərlik və yenilməzlik rəmzi sayılan, tarixi qalalarımızdan biri olan və VII - IX əsrlər ərzində tamamilə tikilib ərsəyə gələn Əlincə qalası elə o dövrlərdən üzü bəri müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub.  Naxçıvanın Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincə qalasının iqtisadi  siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb. Tarixi qaynaqlar əsas götürülərək dünya əhəmiyyətli abidə olan Əlincə qalasının əsaslı bərpa edilməsi xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir.  Burada "Əlincə qalası" Tarixi Mədəniyyət Muzeyi də yaradılıb.

 

 

 

 "Nəsimi" filminin çəkilişlərinin aparıldığı Xanağa - indiki Xanəgah kəndi də özünün tarixiliyilə seçilir.  Bəzi  alimlərimiz bu adın mənbələrdə Xangah, Xanəgah sonralar isə Xanağa şəklində işləndiyini qeyd edirlər.  "Xanəgah" ev mənası bildirən "xanə" sözünə "gah" şəkilçisinin artırılması yolu ilə əmələ gəlib.  Kəndin "Xanəgah" adlandırılması hürufilik təriqətinin adı ilə bağlıdır.  "Xanəgah" təriqət başçıları dəfn olunan, onlar üçün tikilən binalara, müqəddəs ocaqlar deyilir.  Ona görə də tarixçi M. Nemətova yazır ki, kənddə ziyarətgah olduğu üçün bura "Xanəgah" adlanıb və kəndin əsasının qoyulması XIII əsrdən əvvələ aiddir.

 

Filmin çəkildiyi yerlərlə tanış olduqca şahidi oluruq ki, Naxçıvanda tarixi-mədəni irsimizi qayğı ilə yanaşılır, əcdadlarımızın miras qoyub getdiyi mədəni sərvətlərimiz gələcək nəsillər üçün ciddi mühafizə olunaraq qorunub-saxlanılır.  Şeyx Fəzullah Nəiminin dəfn olunduğu Xanəgah Abidə Kompleksinin bərpası da bu sahədə görülən işlərin davamıdır.

 

"Nəsimi" tarixi-bioqrafik filmində "qanlı kadrlar" çəkildiyi səhnələrə diqqətlə nəzər salsaq, Xanəgah kəndinin ərazisini görərik.  Filmdə ordunun hücumu zamanı Əlincə qalasına doğru qaçan insanlar səhnəsi qalanın yanında deyil, kəndin ərazisindəki "Sarı qayalar" deyilən yerdə və onun arxasındakı ərazilərdə çəkilib. Nəiminin edam səhnəsisə Xanəgah kəndi ərazisində dağa doğru uzanan düzənlikdə lentə alınıb.

 

Azərbaycan kino sənətinin zirvəsini məhz bu filmdə fəth edən Rasim Balayevin (indi Xalq artisti) canlandırdığı Nəsimilə Xalq artisti Yusif Vəliyevin ifa etdiyi Teymur Ləng arasındakı məşhur dialoq səhnəsi də Xanəgah kəndinin ərazisində çəkilib.  Həmin kadrlarda kənddən görünən əzəmətli Əlincə qalası diqqəti cəlb edir. Filmdə Teymurun ilə oğlu Miranşahın qarşılaşdığı səhnə də bu gün  tamaşaçılar tərəfindən maraqla izlənilir. Ümumiyyətlə, böyük sənətkar Yusif Vəliyevin yaratdığ Teymur Ləng onun Azərbaycan kinosunda ən möhtəşəm obrazlarından biridir. Aktyor Əlincə qalasını aşağıdan yuxarı mənalı və sərt baxışları ilə seyr edən fateh Teymurun daxilən keçirdiyi təəccübü, təəssüfü və qəzəbi bir arada gözləri ilə tam dolğun şəkildə tamaşaçıya çatdıra bilir.

 

Çəkilişlərdə epizodik rolda çıxış etmiş İsmayıl Niftəliyev o günləri xatırlayaraq bildirir ki, Nəiminin edam səhnəsinin çəkilişləri zamanı böyük sənətkar İsmayıl Osmanlının (sonralar SSRİ xalq artisti) qollarının və ayaqlarının iplə atlara bağlanması ətrafda onu izləyən yerli sakinləri həyəcanlandırıb.  Bəziləri elə biliblər ki, həqiqətən də atlar hərəkətə gətiriləcək və bədbəxt hadisə baş verəcək. Lakin sonradan kəsilmiş heyvanın bir hissəsinin həmin atların ipinə bağlanmaqla çəkilişlərin aparılması insanları sakitləşdirib.

 

 

 

Onu da qeyd etmək lazımdır ki, "Nəsimi" yeganə tarixi filmdir ki, burada heç bir dekorasiya yoxdur.  Film bütünlüklə naturalarda çəkilib.  Ümumiyyətlə, Azərbaycan kinosunun tarixi uğuru hesab edilən "Nəsimi" filmi 1974-cü ildə keçirilmiş VII Ümumittifaq Kino Festivalında tarixi mövzuda ən yaxşı kişi rolunun ifasına görə dəyərli aktyorumuz R.Balayev xüsusi mükafata layiq görülüb.

 

 "Nəsimi" filmində həmçinin, Xalidə Quliyeva (Fatma), Səməndər Rzayev (Şirvanşah I İbrahim), Məmmədrza Şeyxzamanov (Şeyx Əzəm), Kamal Xudaverdiyev (Yusif), Muxtar Maniyev (Miranşah), Tofiq Mirzəyev (Dövlət bəy), Almaz Əsgərova (Şəms), Əbdül Mahmudov (Dərviş) kimi aktyorlar əsas rollarda iştirak ediblər.

 

Film Nəsimi kimi filosof şairimizin, eləcə də o dövrün bir sıra tarixi şəxsiyyətlərinin, tarixi məkanlarımızın tanıdılması və göstərilməsi baxımından dəyərli bir sənət əsəridir.

 

"Dədə Qorqud"

 

 1976-cı ildə "Dədə Qorqudun Kitabı" dastanının motivləri əsasında çəkilmiş filmin ssenari müəllifi sonra Azərbaycanın Xalq yazıçısı olan Anar, quruluşçu rejissoru Tofiq Tağızadə (sonralar Xalq artisti), quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı Nadir Zeynalov, bəstəkarı Emin Sabitoğludur (sonralar Xalq artisti).

 

Tofiq Tağızadənin filmin çəkilişləri üçün seçdiyi məkanlardan biri də Naxçıvan olmuşdu. "Dədə Qurqud" filmi sadəcə məkan baxımından ideal olduğu üçün deyil, həm də bu torpağın tarixi hadisələrlə, obrazlı desək, şahidliyi səbəbindən Naxçıvanda lentə alınıb.  "Dədə Qorqud" filmində bir səhnəni yada salaq.

 

Burla Xatunun ata itkisinə hazır olmayan ağrısının ifadəsi interyerdə deyil, açıq havada, əzəmətli daşların fonunda verilib. Konkret olaraq, bu səhnədə daşlar coğrafi, təbii çərçivəsindən, əzəmətli görünüşündən Burla xatunun ağrısını özündə saxlayan canlı, güvənə biləcəyi mərhəmətli, lirik, kövrək "obraza" çevrilir. Bu səhnənin məkan olaraq ev şəraitində çəkilməsi epizodun ifadə gücünü, enerjisini azaldaraq, onu tamaşaçı üçün effektsiz, təsirsiz edərdi.

 

"Dədə Qorqud" filminin çəkilişləri Naxçıvandan başqa Şamaxının Pirqulu kəndində, Qobustanda, Bakının Fatmayi kəndində, eyni zamanda, kinostudiyanın pavilyonlarında aparılıb.

 

Filmdə Həsən Məmmədov (Dədə Qorqud), Həşim Qadoyev (Qazan xan), Şəfiqə Məmmədova (Burla xatun), Rasim Balayev (Beyrək), Leyla Şıxlinskaya (Banuçiçək), Givi Toxadze (alp Aruz), Əli Haqverdiyev (Yalıncıq), Elçin Məmmədov (Qaraca çoban), Hamlet Qurbanov (Qıpçaq Məlik), İnarə Quliyeva (Selcan), Fərhad Yusifov (Tural), Dilarə Yusifova (Günel), Əfrasiyab Məmmədov (Bayandır) xan), Gündüz Abbasov (Bəybura) kimi məşhur aktyorlar iştirak etmişlər.

 

"Dədə Qorqud" Azərbaycanda istehsal olunan ilk iki seriyalı filmdir.  Ancaq filimin ikiseryalı çəkilişi əvvəlcədən planlaşdırılmayıb. Sadəcə olaraq çəkilişdən sonra baxılan lentdəki materialın kifayət qədər çox olması ona gətirib çıxarıb ki, "Dədə Qorqud" ikiseriyalı film kimi təsdiq olunub.

 

"Babək"

 

Yenə də ikiseriyalı olan tarixi filmimizin də bəzi kadrları Naxçıvanda çəkilmişdir. Film 1980-ci ildə lentə alınmışdır. Əsas çəkilişləri Ramana qalasında, "Azərbaycanfilm" kinostudiyanın pavilyonunda, Suraxanıdakı "Atəşgah" məbədində aparılan "Babək" filminin qanlı döyüş səhnələrinin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında - Culfa rayonunun Camaldın və Ərəzin kəndlərinə yaxın ərazilərdə, Dərəlik və Darıdağ sahələrində lentə alınmışdı. Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru, indi Xalq artisti olan Rövşən Hüseynov öz xatirəsində bildirir ki, "Azərbaycanfilm" Kinostudiyasının rəhbərliyi filmin ikinci rejissorunu natura çəkilişi üçün ərazidə mövzuya uyğun məkanlar axtarıb tapmaq üçün Naxçıvana göndərmişdi. O, Naxçıvanda bir çox ərazilərdə olub məkanları müşahidə etdikdən sonra Culfa rayonunun üzərində dayandı. Həmin rejissor Naxçıvan Teatrına da gəldi və buradan çəkiliş üçün bir neçə aktyoru da seçdi. Onların arasında mən də var idim. Hər gün səhər saat 6-dan axşam saat 11-dək çəkiliş meydançasında olurduq. İş prosesi zamanı yaranan çətinliklər çox idi. Məsələn, 4-5 min insanı 5-6 nəfər geyindirməli olurdu ki, bu da xeyli vaxt aparırdı. Epizodik rolda çəkilənlərin böyük əksəriyyəti aktyor olmadığı üçün onları bir yerə yığmaq asan deyildi və isti də bir tərəfədən insanları əldən salırdı. Həmçinin, atları su ilə təmin etmək üçün iri su maşınları ayrılmışdı. Bəzən çəkilişlər zamanı hətta huşunu itirənlər də olurdu. Lakin yerli sakinlər bu əziyyətə dözərək filmin uğurlu alınması üçün əllərindən gələni edirdilər. Bunu görən filmin quruluşçu rejissoru Eldar Quliyev (sonralar Xalq artisti) naxçıvanlılara dönə-dönə minnətdarlıq bildirmişdi.

 

Culfa-Naxçıvan magistral yolunun ətrafındakı ərazilər, dağların sıldırım yamacları, enişli-yoxuşlu yollar, qoşunların düzülüşü üçün əlverişli düzənliyin qarşısındakı təpələr ilk baxışdan diqqəti cəlb edir. Doğma yurdumuzun sıldırım qayalıqlarında Bəzz qalasının maket-dekorasiyası qurulmuşdu. Naxçıvanda çəkilən Cavidanla Əbu İmranın döyüş səhnəsində böyük kütləvi səhnə təşkil olunmuşdu. Həmçinin kütləvi çəkilişlərə Naxçıvandakı sərhəd dəstəsinin əsgərləri də cəlb olunmuşdu. Ətraf kəndlərdən xeyli sayda sakin toplaşsa da, hər gün lazım olan 4-5 min insanı yığmaq problemə çevrilmişdi. Çəkilişlər kənd təsərrüfatı işlərinin qızğın dövrünə təsadüf edirdi və bu səbəbdən gecikirdi.Bundan xəbər tutan respublika rəhbəri Heydər Əliyev məsələyə müdaxilə edir və deyir ki, heç bir məsələ "Babək" filminin çəkilişi qədər əhəmiyyətli ola bilməz. O, tapşırıq verir ki, çəkiliş üçün lazım olan bütün şərait yaradılmalıdır. Yalnız bundan sonra qarşıya çıxan çətinliklər qısa vaxtda həll olundu və filmin çəkilişləri uğurla reallaşdı.

 

Culfa Rayon Mədəniyyət Evinin direktoru Qurban Nəcəfov yaxınlıqdakı təpəni göstərərək deyirdi ki, xəlifə ordularını qorxuya salan hadisələr bu təpədəçəkilmişdir. Çəkiliş meydançasında atların və əsgərlərin bir hissəsi Moskvadakı "Kavaler polku"ndan gətirilmişdi.

 

Filmin daha çox izlənməsinin bir səbəbi də buradakı aktyorların öz rollarının öhdəsindən məharətlə gəlmələri olmuşdur. Babək rolunu canlandıran məşhur aktyorumuz Rasim Balayevdir. Atəşgahda, xalqı işğalçılara qarşı mübarizəyə səsləyən zaman R.Balayevin - Babəkin gözündə xalqa, elə, yurda bağlı bir hisslər keçirdiyini görürük. Oğlu ilə danışdığı vaxt sərt baxışları ilə təbii oyun göstərən Rasim Balayev burda aktyorluq sənətinin ən incə detallarını göz önünə qoyur. Həmçinin, R.Balayevin əynindəki ağır geyimlərlə, qızmar Günəş altında mis dəbilqə ilə hərəkət etməsi iradə, cəsarət, fədakarlıq tələb edirdi.

 

 

 

Filmin ssenari müəllifi Ənvər Məmmədxanlı (sonralar Xalq yazıçısı), quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamı Mais Ağabəyov, bəstəkarı Polad Bülbüloğludur (indi Xalq artisti).

 

Əsas rolları Həsənağa Turabov (Afşin), Amaliya Pənahova (Zərnisə), Tamara Yandiyeva (Pərvin), Hamlet Xanızadə (Mötəsim Billah), Səməndər Rzayev (İbn Bəis), Şahmar Ələkbərov (Cavidan), Ənvər Həsənov (Tərxan), Məmməd Verdiyev (Buğday) kimi aktyorların rol aldığı "Babək" filmi təkcə Azərbaycanın deyil, sovet kinosu tarixinin ən bahalı filimləri sırasına daxil edilib. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan və Özbəkistandakı 16 fabrik film üçün 1500 dəstdən çox geyim hazırlayıb. 60-a yaxın ölkə tərəfindən prokata götürülən film təkcə bir il ərzində 35 milyon tamaşaçı tərəfindən izlənilib.

 

"Əzablı yollar"

 

 Bu filmin də bir sıra natura çəkilişləri Naxçıvan ərazisində olub. Film 1982-ci ildə lentə alınıb. Quruluşçu rejissoru Tofiq İsmayılov (sonralar Azərbaycan Respublikasının Xalq artisti) olan filmin ssenari müəllifi Oqtay Məmmədov, quruluşçu operatorları Şərif Şərifov və Vladimir Sapojnikov, quruluşçu rəssamları Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkarı isə Xalq artisti Tofiq Quliyevdir.

 

Ramiz Rövşənin (indi Xalq şairi) sözlərinə yazılmış mahnıları Lütfiyar İmanov, Mirzə Babayev, Flora Kərimova, Akif İslamzadə, Eldar Axundov, Yaşar Nuri, Səyavuş Aslan ifa edirlər. Rəqslərin quruluşu Xalq artisti Əminə Dilbaziyə məxsusdur.

 

"Əzablı yollar" filmi Azərbaycan xalq nağılı "Məlikməmməd" əsasında çəkmişdr. Film muxtar respublikanın unikal tarixi - təbiət abidələrindən olan Əshabi-kəhf adlı məkanda, onun mağarasında və ətraf ərazilərində çəkilmişdi. İki dağ arasında yerləşən bu abidənin adı ərəbcə tərcümədə "mağara əhli" anlamına gəlir və "Quran"nın Kəhf surəsində haqqında ətraflı bəhs olunur .

 

Film sovet dövründə çəkildiyindən, o zaman Əshabi-kəhf bugünkü kimi möhtəşəm ziyarətgah kimi istifadə olunmur, hətta onun bərpası heç kimi maraqlandırmır və cüzi təmir belə olunmurdu. Məhz burada natural çəkilişlərin olması daha məqsədəuyğun idi. Filmə diqqət yetirsək, qayaların, daşların bir-biri ilə harmonik kompozisiya yaratdığının şahidi olarıq.

 

Ümumiyyətlə, Əshabi-Kəhf hər kəsin inam yeridir. Bu gün ona müqəddəs, toxunulmaz, mistik məkan kimi yanaşırlar. Bu məkanın mistikliyi çəkiliş prosesində də meydan çıxıb. Belə ki, çəkiliş müddətində aktyor heyətindən bir neçə nəfər xəsarət alıb. Filmin 10 dəqiqəlik hissəsi isə itib.

 

1989-cu ildə "Əzablı yollar" film Amerika kinoprodüsserlərinin seçib ABŞ-da nümayiş etdirdikləri 17 ən yaxşı sovet filmi siyahısına daxil edilmişdi.

 

Yaşından asılı olmayaraq filmin böyük kütlə tərəfindən maraqla izlənməsinin bir səbəbi də Ötkəm İskəndərov (Məlikməmməd), Həmidə Ömərova (Nurzad), Həsən Məmmədov (Şah), Məmmədrza Şeyzamanov (Nağılçı), Həşim Qadoyev (Nağılçl), Eldəniz Zeynalov, Səyavüş Aslan, Yaşar Nuri (Divlər) kimi aktyorların öz rollarının öhdəsindən məharətlə gəlmələridir.

 

"Gümüşgöl əfsanəsi"

 

Naxçıvanda çəkilmiş Azərbaycan filmlərinin sırasında özünəməxsusluğu ilə seçilən bu filmin ssenari müəllifləri İsi Məlikzadə, Eldar Quliyev, quruluşçu rejissoru Eldar Quliyev, quruluşçu operatoru Rafiq Qəmbərov, quruluşçu rəssamı Mais Ağabəyov, bəstəkarı SSRİ Xalq artisti Müslüm Maqomayevdir.

 

"Gümüşgöl əfsanəsi"ndə məkan lirik, asketik və mifik obraz kimi ortaya çıxır. Bu məkan süjetə uyğunlaşaraq vizual üslub səviyyəsində təzahür edir. Rəsmi adı Arpaçay su anbarı olan Gümüşgöl Azərbaycanın strateji yeri hesab olunur.

 

Çılpaq dağların əhatəsində yerləşən Gümüşgöl adamı dərhal mistik hisslər burulğanına atır. Bu səbəbdən də rejissor Eldar Quliyev məkanın sirli aurasını hiss edərək 1984-cü ildə lentə aldığı "Gümüşgöl əfsanəsi" filminin ən məşhur səhnəsini Naxçıvan Muxtar Respublikasında, Şərur rayonunun ərazisində çəkib.

 

Filmdə göl insanın mənəvi təmizliyini, saflığını ifadə edən obrazdır. Əsas obrazlardan biri olan Leyli gölün üzərində asanlıqla yeriyir, onun inancına görə mənən təmiz insanlar bu göldə bata bilməz.

 

Filmin məzmunu belədir: Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya sataşmaq məqsədilə maşının gur işığını onun üstünə buraxırlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusupova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa o, gölün üstü ilə asanlıqla yeriyə bilər.

 

 Fərid Bakıya qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görünür. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən həmin dağ kəndinə gedir...

 

Filmdə eyni zamanda Mətanət Atakişiyeva (Nərgiz), Kamil Zöhrabov (Dəmir), Etibar Rəhimov (Rza), Həsən Turabov (Ağazəki), Firəngiz Şərifova (Fatma) və digərləri çəkilmişdi.

 

 "Gümüşgöl əfsanəsi" filmi insanlar üçün bir növ xəbərdarlıq aşılayan, həyat haqqında dərindən düşünməyin, vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin zərurəti haqqındadır.

 

"Doğma sahillər"

 

Ssenari müəllifi Əhmədağa Muğanlı, quruluşçu rejissoru Əbdül Mahmudov (sonralar Xalq artisti), quruluşçu operatoru Kənan Məmmədov ("Gümüşgöl əfsanəsi" sonralar əməkdar incəsənət xadimi), quruluşçu rəssamı Kamil Nəcəfzadə, bəstəkarı SSRİ Xalq artisti Arif Məlikov olan "Doğma sahillər" filmi 1989-cu ildə çəkilmişdi. Filmdə beynəlxalq layihə sayılan Araz Su Elektrik Stansiyasının tikintisi zamanı gedən proseslər öz əksini tapıb. Bu tikinti 1966-cı ildən başlayaraq 1971-ci ilə qədər davam etmişdir. Sovet dövləti ilə İran arasında əldə olunan razılığa əsasən müştərək su elektrik stansiyası tikildi. Filmdə bunun yerinə yetirilməsini istəməyən, tikintidə müəyyən təxribatlar törətməyə çalışan mənfi qüvvələrlə mübarizə öz əksini tapır.

 

Film sovet sərhədçiləri, onların çətin və şərəfli xidməti haqqındadır. İctimai-siyasi sistemləri, ideologiyaları müxtəlif olan iki qonşu dövlət sərhəddə - Araz çayı üzərində elektrik stansiyası inşa etməyə hazırlaşır. Lakin bu əməkdaşlıq Qərb dairələrində müsbət qarşılanmır. Düşmən qüvvələr müxtəlif yollarla tikintini dayandırmağa, onun başa çatmamasına çalışırlar. Sərhədçilərin təxribat törətməyə can atan düşmənlərlə mübarizəsi filmin əsas süjetini təşkil edir.

 

 O illərdə sovet qaydalarına əsasən sərhəddə, Araz çayı sahilində heç bir çəkilişə icazə verilmədiyi üçün filmin çəkilişləri Culfa rayonu ərazisində və Əlincə çayın sahilində, Ərəzin kəndi yaxınlığındakı bəzədilmiş, rənglənmiş "Ərəzin körpüsü"ndə aparılmışdı.

 

Filmdə baş rolları Tariyel Qasımov (Polkovnik Nəsibov), Rasim Balayev (Polkovnik Həbibi), Həmidə Ömərova (Zivər), Lev Prıqunov (Podpolkonik Nesterenko) ifa edirlər. Əsas rollarda Həsən Məmmədov, Gündüz Abbasov, Muxtar Maniyev, Ənvər Həsənov, Nüsrət Kəsəmənli və Alqimantas Masyulis çəkilmişlər. Filmdə xalqımızın Cənubi Azərbaycanla bağlı dərdlərinə də toxunulmuşdu. Bu xətt Araz və Aşıq Həsrət obrazları vasitəsi ilə çox incəliklə verilmişdi.

 

 Aytən ƏLİYEVA,

 Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.18-19;20.