Xəyal gəmisinin gerçək
limanları
Açığı, mənim şeirsiz nəinki günüm, saatım belə yoxdu. Ən məşğul vaxtımda da sevdiyim misraların ətəyindən yapışıram.
Sevinəndə, kədərlənəndə, hətta əsəbləşəndə
də sığındığım
misralar ovqatıma sığal çəkir.
Həqiqətən də insanın
içini dəqiq ifadə edən ən qüdrətli meyar poetik pıçıltı
və haraylardı.
Amma son vaxtlar ancaq "köhnə" şairlərin
misraları ilə həmsöhbət olardım.
Bu günlərdə Şahnaz Şahin mənə iki kitab göndərmişdi.
Adətən kitabı vərəqləyər,
bir neçə misranı oxuyar, bununla da müəllifə
bələd olar, sonda kitabı ya qatlayıb kənara qoyar, ya da qəribə
bir maraqla axıra qədər oxuyaram. İndi də belə
oldu. İlk oxuduğum misralar:
Ağac
kölgəsində yoxam,
Yoxam, taleyində
yoxam.
Hardadı o köhnə çuxam,
Ver mənə
bürünüb gedim.
Amma mən getmədim, Şahnaz Şahinin "O sözəcən..." kitabındakı şeirləri bir içim su kimi ciyərlərimə, ürəyimə çəkdim. Xəyalımdan nələr keçmədi. Şahnazın şah misraları məni yaman titrətdi:
Alıb gedər nə verdisə əlindən,
Gözün doymaz çiçəyindən, gülündən.
Geyinərsən ipəyindən, tülündən.
Son günündə ağ kəfənmiş bu dünya?!.
Əslində hamımızın bildiyi həqiqətdir, amma Şahnaz elə ifadə edib ki, məlum qəliblər dağıdılıb, təsirli və düşündürücüdü. Müəllif misralardan al-əlvan bir gülüstan yaradıb. Hansı gülü qoxlamaq istəsən, varlığına bir xəbərdarlıq yayılacaq - "Bütün həyatını, bütün ömrünü, qaşla göz arasında yaşayan adam..."; "Bütün yer üzünün yağışlarını, çəkib sinəm üstə qurutdu dünya..."; "Sən mənim ömrümü tutan ilk yağış, mən sənin ömründə son dayanacaq..."
Dünənin xiffəti, bu günün pəjmürdəliyi, sabahın nigarançılığı Şahnaz Şahinin şeirlərində elə həzin və məlhəm sözlərdən poetik libas geyinib ki, oxuduqca hissini, duyğunu qəribə bir ovqat bürüyür. Bu köhnə təzəliyin içindəki bəlli məsələlər adamın xəyalını haralara aparmır. Uşaqlığından üzübəri ömrün illərini təzədən addımlamalı olur, itirdiklərini, səhvlərini xatırlayır, darıxdığın günlər üçün içinin yanğısını hiss edirsən. Oxucuya bu qədər yaxınlaşmağı, doğmalığı bacarmaq şairin ən böyük qələbəsi və qələminin hünəridi. Həqiqətən də Şahnazın ürəkdən su içən misralarında bir güzgü aydınlığı var. Bu görüntülərin arasında özünü görmək, yox, bu, oxucunun deyil, müəllifin qabiliyyəti və daxili məninin qüdrətidir:
Özümü azdırıb özüm,
Gəzirəm, tapa bilmirəm,
Bu meşə, bu səhra yolu,
Gedirəm, çata bilmirəm.
Həyatın təzadları şairin şeirlərindən bir ana xətt kimi
keçir. Ağlı-qaralı, acılı-şirinli dünyada düzü kəsən əyri yolların təkcə mövcudluğu deyil, çox vaxt da üstünlüyü
(qələbəsi deyil!
- F.X.) müəllifin
üzüntülərini misra-misra
oxucuya çatdırır:
Kiməsə yad görünürəm,
Kiməsə doğmayam hələ.
Kimsə
bir dəfə aldanır,
Mənsə gör neçənci
dəfə...
Bu etirafın ahəngindəki
həyəcan oxucunun da duyğularında sanki bir oyanış
yaradır. Poetik harayın nisgili
qəlbimizdə əks-səda
verir. Sualların çoxluğu artır
və cavab axtarırıq. Nədən
belə olur: "Üzümüzə gülə-gülə,
yolumuza qurur tələ..." Müəllifin
öz cavabı mərdanəliyin ifadəsi
kimi təsəlliyə
çevrilir: "Uçurub
taxt gəlmişəm,
ovudub vaxt gəlmişəm, özümü
tox tutmuşam..." Bu yerdə oxucunun
da nigaran duyğuları elə şairin misraları ilə qovuşaraq cavabsız suala çevrilir. Görəsən, öz cılızlıqlarını
anlayacaqmı, bu "ürəyi başdan-başa
yamaq adamlar".
Təbii ki, bu təzadlar
elə həyatın verdiyi dərsdi. İlanların mövcudluğu göyərçinləri
dəyərləndirmək, sevmək üçündü.
Şahnaz xanımın dediyi
kimi, "Hər sabah ümid doğurur, axşam ölür içimdə".
Ağrımı, acımı sıxdım
gözümə,
Bir aslan hünəri gəldi dizimə.
İnandım, aldandım... şükür
səbrimə,
Yüngül dalğalarda vaxt itirmədim.
Şahnazın bu şah misraları
müəllifin həqiqətidi. İxtisasca
həkim olan, uzun illər doğulduğu
kənddə (Sabirabad
rayonu Ulacalı kəndi) soydaşlarının
sağlamlığı keşiyində
dayanan, bir müddət də Sabirabad rayonunda İcra Hakimiyyətində
çalışan Şahnaz
Şahinin iş yerləri dəyişsə
də, əbədi sadiq qaldığı qələmi və bir də qəlbindəki
duyğuları olub. Bu qatmaqarışıq səslərlə dolu dünyada, şeir yazanların bolluğunda fərqlənə bilmək,
seçilmək əsl
istedadın töhfəsidi.
Şahnazın elə
həzin misraları var ki, mən
onları ümumi bir adla təqdim
edərdim: əsl məhəbbət himni! Məncə, qadına şeir həsr etmək bir vurğunluq, qəlb sevgisinin ifadəsidisə,
qadın özü şeir yazırsa, bu, elə bir
ucalıq və gözəllikdi ki... Əsl adını hələ də tapa bilmirəm.
Şahnazın şeirlərində çırpınan ürəyin
təsiri çox güclüdür. Oxuduqca doymadım.
Həmkarımla fəxr etdim.
Şahnazın xəyal gəmisi bəzən elə limanlarda lövbər salır ki, özünü o dayanacaqda
hiss edirsən. Oxucusu ilə özü arasında bu dərəcədə yaxınlığı
və doğmalığı
yarada bilmək şairin həssaslığından
və pisliklərə
meydan oxumağından
irəli gəlir:
Həyat
verən dərsdi
ha...
Ömür boyu bəsdi
ha...
Tale yazan yazdısa,
Bəndə, gözəl ayrılaq...
Şahnaz Şahinin 2017-ci ildə nəşr edilmiş
"O sözəcən..." kitabının qəlbimdə
yaratdığı təlatümlərdən
söz açdım. Mən qısa
da olsa qələm
dostumun uğurlarına
öz sevgimi, rəğbətimi bildirdim.
Müəllifin 2021-ci ildə işıq
üzü görmüş
"Zəfər nəğmələri"
adlı kitabını
da eyni maraq
və diqqətlə oxudum. Möhnətli günlərimizdən və Zəfərimizdən
yazan müəllif vətəndaşlıq qayəsi
və fəxrli duyğuları ilə diqqət çəkir.
QÜRUBSUZ
GÜNƏŞ
Müəllifin bu kitabında Zəfərimizdən öncə
nisgilini əks etdirən şeirləri ilə bərabər, mübarək günümüzlə
bağlı yazdığı
poema və esseləri toplanıb. "Ön
söz"də Şahnaz
xanım yazıb:
"Mən sözün
ucalığına sığınaraq...
30 illik bir Vətən həsrətinin
acısını, şəhid
qanı ilə yazılmış qələbənin
şirinliyini sığdırmağa
çalışmışam. Hər sətirə ürəyimi
qoymuşam. Allahın izniylə,
Tanrının xeyri-duasıyla
ərsəyə gətirmişəm
bu əsəri. Sözdən körpü qurmaq istəmişəm, söz körpüsü möhkəm olar..." Hər kəs də bu körpüdən keçə bilməz ki... 44 günlük döyüşdən sonra
dəmir yumruğun və müzəffər ordumuzun qəhrəmanlığı
sayəsində doğma
Qarabağımız erməni
ışğalından azad
edildi. Bu böyük
Qələbənin yaratdığı
sevincin və müəllifin "Zəfər nəğmələri"ndə
dediyi kimi Azərbaycan əsgəri tarixi təzədən yazır:
Üçrəngli bayrağımız
Tellənir Qarabağda.
Bu gün torpaq özü də
Əsgərdi Qarabağda.
Olmuş
və olacaqların qəfil ağrılarından
sarsılan, 30 il sızıldayan könlünün sarı
simini misralarla haraylayan və ümidini heç vaxt üzməyən Şahnaz inamla yazırdı:
Şuşanın dağları olar
tamaşa,
Gözəllər bürünər tülə,
qumaşa.
Doğma
eli qarış-qarış
dolaşıb,
Yollar keçər yenə düz Qarabağdan...
Şairin həsrəti sovuşdu. Müəllifin
bir etirafı da ürəyimizdən xəbər verir:
Ən gözəl şeiri sən yazdın,
Ali Baş Komandanım!..
Mübtədası, təyini, xəbəri öz yerində.
Azərbaycan əsgəri cəbhənin köz yerində
Düşmənlərin başına od ələyir davada...
Bu qürur dolu şeirlərin ahəngindəki həqiqət duyğularımıza qəribə bir qürur bəxş edir. Biz hələ də keçirdiyimiz o ülvi hissləri tam dilə gətirə bilmirik. Sərtliyimizi, qətiyyətimizi, türklüyümüzü dünyaya göstərə bildik, erməni vandallarını torpaqlarımızdan qovduq, qəmli, kədərli şeirlərimizin ruhunu dəyişdik:
Dalğalanır vüqarla
Bayrağım Qarabağda.
Başlanır türk ellərin,
Novrağı Qarabağda.
Bu bir pafos, yaxud da şüar deyil, illərlə həsrətin çəkdiyimiz, arzuladığımız bir görüntünün poetik harayıdır. Düşmənin bağrını yarır, dostları sevindirir, xalqımızın fərəhini, qürurunu ifadə edir. Bu, həm də bir ananın yenilməz qürurudu.
Müəllifin esselərinin də mövzusu yenə vətənə, onun azadlığı yolunda çarpışanlara həsr olunub. "...Günəşin övladları" da məhz ordumuzun qələbə əzmindən və yenilməzliyindən söz açır. Müəllif Ulu öndərimiz Heydər Əliyevin bir kəlamını öz essesinə epiqraf seçib: "Azərbaycan dünyaya Günəş kimi doğacaq". Şahnaz Şahinin təbirincə desəm, "Qartal duruşlu, aslan baxışlı Azərbaycan" bu gün qürubsuz Günəşdi.
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2022.- 1 iyun.- S.17.