"Xəzinələr adası"nda
gördüklərim
BAKI
UŞAQ VƏ GƏNCLƏR TEATRININ YENİ TAMAŞASI HAQQINDA
QEYDLƏR
Mayın
28-də Bakı Uşaq
və Gənclər Teatrının (BUGT) yerləşdiyi
Qaraçuxur qəsəbəsində
Qurban Abbasov adına mədəniyyət
evinin binasında gözəl bir izdiham vardı. Mən ünvana çatanda tamaşanın başlamasına
hələ 10-15 dəqiqə
qalsa da, valideynlərinin, müəllimlərinin
müşayiətiylə teatra
gələn balaca qonaqlar həyəcanla zalın qapısına yığılmışdılar. Hiss olunurdu ki, bu,
onların teatra ilk gəlişi deyil. BUGT-nin direktoru, Əməkdar
artist İntiqam Soltan həmişə nahaqdan demir ki, "biz tamaşaçı problemi
yaşamırıq". Teatrın yeri
uzaq və darısqal olmasına baxmayaraq, hər zaman səhnələşdirdiyi
maraqlı və tərbiyəvi əhəmiyyətli
tamaşalarıyla həm
uşaqların, həm
də böyüklərin
diqqətini özünə
cəlb etməyi bacarıb.
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
- Müstəqillik Günü
kimi ölkəmizin tarixinin ən mühüm günü və bayramıdır. Həmin gün BUGT-da iki qat bayram
vardı. Axı hər
zaman teatrda yeni tamaşanın ilk oyunu (ictimai baxışı və ya premyerası) bayram yaradır. Bu dəfə bayramın
adı "Xəzinələr
adası" idi.
Aktyor, teleaparıcı Mehman Piriyevin (Dilqəmoğlu) balaca tamaşaçıları
səhnənin ab-havasına
kökləyən şux
giriş nitqindən sonra hamımızın gözü rəngli topu, ya da
göyqurşağını xatırladan alabəzək
pərdəyə zillənir.
Personajlar isə pərdə
açılmamış artıq
səhnədədirlər.
Türkiyəli yazar A.Ercan Tulunayın əsəri əsasında Sərdar Gözəlovun quruluşunda
səhnələşdirilən "Xəzinələr adası"nın baş qəhrəmanı Maviş
adlı kiçik və dəcəl qızcığazdır. İstər sarı,
qıvırcıq saçları,
istərsə də, şən, şaqraq, dinamik oyunu ilə
istedadlı aktrisa Gülər Ləzgiyeva bu rol üçün
seçilmiş ən
uyğun addır, deyə bilərik. Böyüyəndə yazıçı olmağı arzulayan Mavişin ilk səhnədə
mehriban, qayğıkeş
anasıyla söhbəti
olduqca maraqlı və tərbiyəvidir.
Bütün tamaşalarında olduğu kimi bu tamaşada da BUGT hər şeydən əvvəl azyaşlılar üçün
öyrədici, tərbiyələndirici
səhnələrə, dialoqlara
önəm verib.
Lakin teatrın uğuru bundan ibarətdir ki, o, bunu tamaşaçısına
hiss etdirmədən, gülüş
və məzhəkənin
arxasına gizləyərək
çatdırır. Məsələn, əllərini yumaq istəməyən Mavişə
anası bunun niyə bu qədər
əhəmiyyətli olduğunu
onun barmaqlarıyla söhbət əsnasında
çatdırır ki,
bu da izləyicinin
üzündə gülüş
yaradır. Həmçinin, yalan danışmağın
yanlış olduğunu,
kitab oxumağın önəmini, süd içməyin faydalarını
da maraqlı dillə nəql edirlər.
Yazıçı olmağı arzulayan Mavişə anası başa salır ki, əgər o, bunu həqiqətən istəyirsə, onda gərək çoxlu kitab oxusun. Beləcə, rəngli pərdənin açılmasıyla Mavişin
xəyal dünyasına
və bir növ yazıçı təxəyyülünə səyahət
başlayır. Masmavi, ucsuz-bucaqsız
dənizdə kapitan Piratın gəmisiylə xəzinə axtarışına
çıxan Maviş
köpək balığı
və fırtınaya
rəğmən Xəzinə
Adasını tapır
və burada yerlilərlə qarşılaşır.
Xəzinə axtarmaq üçün
yola çıxan Maviş Dəniz Pərisinin köməyiylə
bu dünyadakı əsl xəzinəni- öz insan varlığının
gücünü kəşf
edir. O öyrənir
ki, hər kəs öz taleyinin yazarıdır və ən böyük xəzinə elə insan özüdür.
Tamaşanı balaca izləyicilər üçün daha da maraqlı edən nüanslardan biri də səhnə-zal əlaqəsinin yaradılması idi. Əsərin qəhrəmanları təkcə səhnədəki aktyorlarla məhdudlaşmırdı. Onların tez-tez zala müraciətləri sayəsində əsərə tamaşa edən hər bir uşaq da əsərin qəhrəmanına çevrilmişdi. Onlar anasıyla birgə Mavişi çağırır, Mavişin kitabla bağlı fikirlərinə həmsöhbət olur, özlərinin düşüncələrini aktrisayla bölüşür, beləcə özlərini əsərin içərisində hiss edirdilər.
Bu maraqlı səhnə əsərində rolları Gülər Ləzgiyeva, Könül Şahbazova, Türkan Şahmarlı, Aytən Səfərova, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Gülnar Əlizadə, Toğrul İsabəyli, Orxan Məmmədov, Emin Balayev ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.
Tamaşa bitəndən sonra əsəri seyr edənlər arasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi cənab İbrahim Əliyevi görməyim məni çox sevindirdi. Onun "Xəzinələr adası" uşaq tamaşasının ictimai baxışında iştirakı sənətə, mədəniyyətə, teatra olan rəğbətinin, sevgi və diqqətinin əsas göstəricisidir. Xüsusən, Bakı Uşaq və Gənclər Teatrı kimi Azərbaycan incəsənətinə hazırlıqlı və intellektual tamaşaçı hazırlayan, uşaqların tərbiyəsində, dünyagörüşündə müstəsna əhəmiyyətə malik bir teatra bu cür diqqət, fikrimcə, əvəzolunmazdır.
Yazımın sonunda bütün oxucularımızı və
teatrsevərləri BUGT-ın tamaşalarına, eləcə də
"Xəzinələr adası"na baxmağa
çağırıram. Yaşasın, teatr!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 1 iyun.- S.16.