Zəfər Yolunun səhnədəki möhtəşəmliyi

 

Bu yazımda sizə Azərbaycan teatr səhnəsində, mənim bildiyim qədəriylə bir ilkdən danışacağam. Sizi bilmirəm, amma mən tamaşaçı zalında başlayan əsər görsəm də, foyedə başlayan səhnə əsəri ilk dəfə görürdüm.

 

Bu ilk nümunəni mayın 28-də - Müstəqillik Günümüzdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaşatdı. Biz teatra çatanda əsərin başlamağına cəmi 2-3 dəqiqə qalmışdı. Ancaq zalın qapıları bağlı idi. Tamaşaçılar isə foyedə gözləyirdilər. Fikirləşdim, yəqin, əsər bir az gecikəcək. Foyedə tanışlarla salamlaşarkən gözüm atası - Xalq artistimiz Ramiz Novruzun başqa bir tamaşada geyindiyi libasıyla qürurla şəkil çəkdirən aktyor Cavidan Novruza sataşdı. Cavidan son illərdə kəşf etdiyim və istedadına güvəndiyim gənc aktyorlarımızdandır.

Təbii ki, Ramiz Novruz kimi sənətkar atadan öyrəndikləri və keçdiyi peşəkar təhsil yolu onu bu cür yetişdirib. Cavidanı adi paltarda foyedə tamaşaçılarla birlikdə görəndə təəccübləndim. Çünki bu gün premyerasına toplaşdığımız əsərdə onun da rol aldığını bilirdim. Elə buna görə də aktyorla salamlaşandan sonra dəqiqləşdirmək üçün onun əsərdə rol alıb-almadığını soruşdu. O isə "tamaşa artıq başlayır, biz aktyorlar da tamaşaçılarla birlikdə zala girəcəyik, amma bunu kimsə bilmir"-dedi. Heyrət etdimmaraqla gözləməyə başladım. Birdən bütün foyeni cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27-də Vətən müharibəmizin başlandığını elan edən o məşhur çıxışı bürüdü. Hər birimiz səsin hardan gəldiyini axtara-axtara diqqət kəsilmişdik. Çıxış bitər-bitməz tamaşa zalının qapıları açıldı və bələdçilər hər kəsi zala keçmək üçün tələsdirməyə başladılar. Biz tamaşaçılar və aramızdakı aktyorlar hamılıqla, aktyorların yaratdığı səs-küylə zala keçdik. Tamaşaçılar əllərində bilet yerlərini axtararkən aktyorlar da onların arasında artıq öz rollarını oynamağa başlamışdılar. Səhnəyə baxanda isə hərbi geyimli bir nəfərin stol arxasında oturub tək-tək cavanları yanına çağırdığını və qarşısındakı dəftərə onların söylədiyi ad-soyadı, təvəllüdü qeyd etdiyini gördüm. Hə... Deməli, belə... Bu çaxnaşmanın, bizi tamaşa başlanandan sonra zala buraxmağın və aramızdakı aktyorların çox gözəl bir məqsədi varmış. Rejissor tamaşa zalında yaranan bu qarışıqlıq sayəsində Vətən müharibəmiz başlanan günlərdə demək olar ki, ölkənin bütün hərbi komissarlıqlarının qarşısındakı o ajiotajı, çaxnaşmanı, cəbhəyə getmək üçün komissarlığın həyətində, qapısında izdiham yaradan insanları göstərmək istəmişdi. Düzü, bu tapıntı heyrətimə səbəb oldu və elə tamaşanın ilk dəqiqələrində rejissora ilk alqışımı göndərdim.

 

Bütün bunlar uzun müddətdir hazırlıqları gedən Milli Dram Teatrının "Zəfər Yolu" tamaşasındandır. Qeyd edək ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

 

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan NovruzVüsal Mustafayev çıxış edirlər.

 

Səhnə əsərində cəbhəyə yola düşdüklərinə şahid olduğumuz oğullardan cəmi birinin şəhidlik xəbəri gəlir ailəsinə. Bu da Xalq artisti Əli Nurun canlandırdığı atanın oğlu idi. Əli Nurun ehtiyata buraxılan hərbçi oğlu Rövşən Nurzadə də Vətən müharibəsinə beləcə könüllü qatılmışdı və Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Həyatda şəhid atası olan sənətkarımız Əli Nur səhnədə də eyni taleni yaşadı-ikinci dəfə şəhid atası olmaq qüruruna nail oldu. Düzü, öncə bir şəhid atasına eyni aqibəti ikinci dəfə yaşamağa məcbur qoyan rejissoru öz qəlbimdə qınadım. Axı, Əli Nurdan başqası yoxdurmu bu rolu həvalə edəcək? Sonra isə düşündüm, ondan başqa kimsə şəhid atası rolunun öhdəsindən bu qədər ali səviyyədə gələ bilməyəcəkdi. Axı aktyor səhnədə rol oynamır, real həyatını yaşayırdı. Əziz aktyorumuza bir daha səbr arzulayır, Rövşən Nurzadə də daxil olmaqla, bütün şəhidlərimizə "Allah rəhmət eləsin!" deyirik.

 

Tamaşada mənfur ermənilər tərəfindən xaincəsinə bombalanan Gəncə, Bərdə faciələri də unudulmamışdı. Nurəddin Mehdixanlının ailə başçısını canlandırdığı ailənin fonunda bu faciələrdəki günahsız qurbanların ümumiləşdirilmiş obrazları yaradılmışdı.

Məncə, əsərin ən təsirli və yenə də Azərbaycan səhnəsində ilk olan səhnələrindən biri son - əsgərlərimizin Şuşaya qalxdığını əks etdirən səhnə idi.

 

Tamaşada ən uğurlu tapıntılardan biri də mükəmməl musiqidir. Vətən müharibəmizi, o günlərdə yaşadığımız ayrı-ayrı, hətta bir-birinə zidd o hissləri ən gözəl şəkildə əks etdirən musiqi Siyavuş Kərimi fərqinin ən möhtəşəm nümunəsi idi.

 

Bir müddət öncə incəsənətimizi Vətən müharibəsini əks etdirən əsərlər ərsəyə gətirməməkdə günahlandıran hər kəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında oynanılan "Zəfər Yolu" tamaşasına baxmağa dəvət edirəm. Keçdiyimiz o möhtəşəm zəfər yolunu bir də səhnədən seyr edək!

 

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2022.- 1 iyun.- S.16.