Xalq artisti Sara Qədimova anılıb
Azərbaycan muğam ifaçılığı
sənətinin görkəmli
nümayəndəsi, Xalq
artisti Sara Qədimovanın
anadan olmasının
100-cü ildönümü tamamlandı.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə tanınmış
incəsənət və
mədəniyyət xadimləri,
ictimaiyyətin nümayəndələri
Fəxri xiyabana gələrək Sara Qədimovanın
məzarı önünə
əklil qoyub, tər çiçəklər
düzüblər.
Anım
mərasimində Mədəniyyət
Nazirliyinin İncəsənət
və qeyri-maddi mədəni irs
şöbəsinin müdiri
Fərəh Acalova, Xalq artisti, professor Ağaverdi Paşayev çıxış ediblər.
Onlar muğamlarımızın,
xalq və bəstəkar mahnılarının
bənzərsiz ifaçısı
Sara xanımın füsunkar
Qarabağ təbiətinin
zənginliyi ilə köklənmiş geniş
diapazonlu, şirin, məlahətli və ecazkar səsinin uzun illər milyonlarla insana sevinc bəxş etməsindən, görkəmli
sənətkarın muğamın
dərinliyinə, zənginliyinə
nüfuz edərək
onun ilkinliyini, saflığını göz
bəbəyi kimi qorumasından, klassik muğam ifaçılarımızın
yolunu böyük ustalıqla davam etdirməsindən, opera səhnəsində
yaratdığı unudulmaz
obrazların musiqi tariximizdə silinməz izlər qoymasından, bir sözlə, yaradıcılığının gənclər üçün
əsl vətənpərvərlik,
fədakarlıq və
sənətə sədaqət
nümunəsi olmasından
söhbət açıblar.
Qeyd edilib ki, Sara Qədimova 1922-ci il
mayın 31-də Bakıda
anadan olub. Bakıda doğulmasına baxmayaraq,
onun uşaqlıq illəri Qarabağda, Gülablı kəndində
keçib. Bu kənddə Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez Gülablıya gələr,
yerli xanəndələrlə
məclislər qurardılar.
Bu mühit S.Qədimovanın
yaddaşında dərin
iz buraxır və elə uşaqlıqdan onda musiqiyə böyük həvəs yaranır.
Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasının solisti
kimi başlayan Sara Qədimova nadir istedadı
sayəsində qısa
müddət ərzində
müğənni kimi
tanınıb, dinləyicilərin
böyük məhəbbətini
qazanıb. İkinci Dünya müharibəsi
illərində müğənninin
cəbhədə azərbaycanlı
əsgərlər qarşısında
oxuduğu "Şəfqət
bacısı" mahnısı
qəhrəman Azərbaycan
qadınının təcəssümünə
çevrilib.
Sara Qədimovanın sənətkar
kimi yetişməsində
Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz
sələflərinin layiqli
davamçısı olaraq
ömrünün sonuna
kimi klassik ifaçılıq ənənələrinə
sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi.
Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.
Xalq artisti Sara Qədimova
2005-ci il mayın 12-də vəfat edib.
525-ci qəzet.- 2022.- 1 iyun.- S.12.