Qır o uzaq yolları
Bu gün uşaqlardan
yazmaq istədim, amma adi uşaqlardan
deyil, adları ilə qoşa çəkilən, çətinlikə
dilə gətirdiyimiz
atılmışlardan. Hər eşitdiyimdə
çox sarsılıram
bu kəlmədən.
Ara-sıra onların yaşadığı
ünvana gedirəm.
Bu ünvanla tanışlığım
isə uzun illərə söykənir.
Zavallı bir körpənin
acı taleyi tanıtdı bu ünvanı mənə.
Müəyyən müddətə qədər onunla maraqlana bildim, lakin sonra itirdim,
hansı ünvana göndərildiyini bilmədim.
Və elə o zamandan bu günə qədər onun həyatını yaşayanlara
qarşı biganə
qala bilmirəm.
Bir neçə
gün əvvəl yenə də onları görməyə
getdim. Yaraşıqlı dəhlizlər, səliqəli
otaqlar, dadlı yeməklər, gözəl
libaslar, maraqlı oyun otaqları, oyuncaqlar - bir sözlə, uşağın
böyüməsi üçün
lazım olan hər cür şərait. Amma onlar görmür bütün bunları, çünki o gözlərin
axtardığı bir
varlıq var ki, adı Anadı...
Və bir-birindən gözəl, səmimi mehriban olan bu
uşaqların yalnız
baxışları eynidi.
Müdirə ilə bir qədər söhbət edib, binanı gəzmək istədiyimi bildirdim. Dəhlizlə gedərkən qarşıdan
bir qızcığazın
yavaş addımlarla gəldiyini gördüm.
Bir əlində vərəq,
o birində qələm
vardı. Dayanıb gözlədim.
Yaxınlaşanda bir gözü qüsurlu, qısa qara saçları olan bu balaca ilə
söhbətləşmək istədim:
- Tanış olaq?
- Hə...
- Adın nədi?
- Nəzrin.
- Neçə yaşın var?
- Beş.
- Nəzrin iyunun 1-i nə günüdü?
- Uşaqların bayramı.
- Uşaqlara nə arzu edirsən?
- İstəyirəm uşaqların
hər şeyi olsun.
Mənə nəsə deməyə
imkan vermədən soruşdu:
- Yazı yaza bilirsən?
- Bilirəm.
- Onda məktub yaza bilərsən?
- Kimə yazım məktubu?
- Anama... Yazandan sonra anama verə bilərsən məktubu? Qələmim
də var, kağızım da...
Ona baxa-baxa
sözün bitdiyi anları yaşadım. Qısa
saçlarını oxşayıb,
balaca əlindən öpüb bunu deyə bildim: "Yazaram, balaca, sonra da məktubu
anana verərəm".
İndi qarşımda vərəq,
əlimdə qələm
kimə verəcəyimi
bilmədən ünvansız
bir məktub yazıram. Yazıram ona görə
ki, Nəzrinə söz vermişəm.
"Salam, ana! Necəsən? Bu, mənəm, qızın Nəzrin. Ana, mən böyük bir evdə yaşayıram. Tək yox, çoxlu uşaqlarla. Burda böyüklər də var - birinə xala, birinə müəllimə deyirik. Amma heç birimizin anası yoxdu burda. Böyüklərdən soruşanda ki, anam nə vaxt gələcək, deyirlər, hələ balacasan. Axı, balaca uşaqların anası yanında olur. Özü də mən balaca deyiləm, beş yaşım var, amma hələ məktəbə getmirəm. Uşaqlarsa, deyir ki, analarımız bizi atıb. Belə deyəndə mən onlarla dalaşıram, küsürəm. Deyirəm ki, mənim anam elə etməz. O, uzaqda işləyir, gələn kimi məni aparacaq. Ana, darıxıram, tez gəl, məni evimizə apar. Qızın Nəzrin"...
Bu yaraşıqlı binanı gəzərkən, mənə elə gəldi ki, bir uşaq bağçasındayam. Bir azdan vaxt bitəcək kiminin anası, kiminin atası, kiminin nənəsi, ya da babası gəlib hərə öz uşağının əlindən tutub evə aparacaq. Yol gedə-gedə biri dəcəllik edəcək, biri şıltaqlıq. Biri dayanmadan suallar verəcək, cavab almayanda: nənəmdən soruşaram, deyərək mızıldanacaq. Biri kimdənsə, şikayət edəcək, biri: şokolad istəyirəm deyib qışqıracaq. Və beləcə, yavaş-yavaş evlərin işıqları yanacaq. Hamı bir süfrə arxasına cəm olub, deyə-gülə yemək yeyib, çay içəcək. Bu ev isə işıqlarını söndürüb, səhər yenidən uşaqlarla bərabər oyanacaq. Bu, mənim arzuladığım xoş xəyallar idi, çünki bu evin sakinlərinin gözlədiyi Ananı var qüvvəmlə müdafiə etmək istəyirdim. Ana, sən elə bir varlıqsan ki, daşıdığın bu ad ləkə götürməz, övladına xəyanət etməz, ondan imtina edib rahat yaşamağa tab gətirməz. Heç bilirsən səni nə qədər məsum baxışlar axtarır? Kənar adam görən kimi: kaş bu, mənim anam olaydı deyib köks ötürənlər, xəlvətə çəkilib için-için ağlayaraq, anam tez gəlsin deyənlər gözləyir? Ola bilməz ki, sən bunları duymayasan, axı köksündə döyünən ana ürəyidi... Həyatda atdığın səhv addıma, etdiyin yanlış hərəkətə görə bu zavallılardımı günahkar? Səni axtaran, yollara dikilən gözlərə baxmaqdan çəkinsən də, cavab verə bilməyəcəyin suallardan qorxsan da, onları intizarda qoymağa haqqın varmı? Uşaqlığını əlindən almağa haqqın varmı? Körpə qəlbləri sındırmağa, ümidləri sönməyə, arzuları, istəkləri puç etməyə haqqın varmı? Hər gün səni yuxularında görən, ünvansız məktublar yazan bu məsumları intizardan qurtarmağa tələs, ana. Nə qədər ki, anam bizi atıb hissini duysalar da, bununla barışmaq istəmirlər, özündə cəsarət tapıb, qır o uzaq yolları, Ana!
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Balaca Nəzrin dedi ki, istəyirəm uşaqların hər şeyi olsun. Sənin səsinə mən də qoşuluram, Hər şeyin gözəli sizin - uşaqların olsun. Unutmayaq ki, irqindən, millətindən, mənsubiyyətindən asılı olmayaraq, onların hər zaman sevgiyə, qayğıya, müdafiəyə ehtiyacı var. Niyə və nə üçün bu dünyaya gəldiklərindən bixəbər olan bu məsumlar üçün nə qədər ki, həyat alabəzək və rəngarəngdir, biz böyüklərə möhtacdılar, çünki onların bir ümumi adı var - UŞAQ!
Tamilla
M-zadə
525-ci qəzet.- 2022.- 1 iyun.- S.9.