Rusiyada hakimiyyət dəyişikliyinin
üç ssenarisi
Almaniyanın gündəlik oxucu
sayı 12 milyondan çox olan "Bild" qəzetinin yaydığı məlumata
görə, Litvada Rusiya prezidenti Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına həsr olunmuş gizli konfrans keçirilib.
Əslində isə tədbir gizli yox, mətbuata
qapalı keçirilib. Konfransda 70 nəfərə
yaxın şəxs iştirak edib. Onların arasında keçmiş siyasətçilər, ekspertlər,
jurnalistlər və hüquq müdafiəçiləri,
o cümlədən, Rusiya
müxalifətinin təmsilçiləri
olub. Konfransın Litvanın xarici
işlər naziri Qabrielius Landsbergis tərəfindən
təşkil edildiyini
nəzərə alanda
tədbirin statusu dəyişir. Belə görünür
ki, Avropda Rusiyanın və Putinin hakimiyyətinin gələcəyi rəsmi
müzakirələrin mövzusuna
çevrilməkdədir.
Bundan öncə
isə Polşanın
paytaxtı Varşavada
Rusiyada yaşayan xalqların təmsilçilərinin
iştirakı ilə
konfrans keçirilmişdi. Putinin hakimiyyətdən
kənarlaşdırılması ilə bağlı tədbirin təşkilatçısının
kimliyi də çox maraqlıdır.
Litvanın xarici işlər
naziri Qabrielius
Landsbergis bu ölkənin
müstəqillik hərəkatının
lideri Vitautas Landsbergisin nəvəsidir.
Litvanın Sovet İttifaqının
tərkibindən çıxmasını
elan etmiş Ali Sovetin sədri olan Vytautas Landsbergis üç Baltikyanı respublikanın müstəqilliyində
ən çox rol oynamış şəxsdir. Baltikyanı respublikaların
Sovet İttifaqından
ayrılması isə
SSRİ-nin süqutunu
qaçılmaz edən
əsas amillərdən
biridir. İndi belə görünür
ki, Qabrielius Landsbergis babasının tarixi rolunu təkrarlamaq, Putinin hakimiyyətdən kənarlaşdırılması və Rusiyanın ehtimal edilən parçalanması prosesinə
öz töhfəsini
vermək niyyətindədir.
Konfransda iştirak edən "Bild" qəzetinin əməkdaşı qeyd
edir ki, iştirakçılar Rusiya
prezidenti Vladimir Putinin
ünvanına sərt
ifadələr səsləndirməkdən
belə çəkinməyiblər. Tədbirdə
iştirak edən Sankt-Peterburqdan olan nümayəndə bildirib
ki, Hitler faşizmi Almaniyaya qəbul etdirdiyi kimi, Putin də Rusiyaya putinizmi gətirib, buna görə də Putin Rusiyasına
Hitler Almaniyası kimi
yanaşmaq lazımdır.
Başqa bir iştirakçı isə
"Rus dünyası"
ideyasının faşizm
kimi irqçi ideologiya olduğunu vurğulayıb: "Putin hesab
edir ki, ruslar etnik cəhətdən
ukraynalılardan üstündürlər.
Ona görə də Rusiyada mümkün qədər tez putinsizləşdirmə həyata
keçirilməlidir".
Konfransda
Rusiya prezidentinin hakimiyyətdən kənarlaşdırılmasının,
yəni "putinsizləşdirmə"nin üç mümkün ssenarisi müzakirə olunub. Konfrans iştirakçıları hesab
ediblər ki, birinci və ən nikbin ssenari Rusiyadakı hazırkı rejimdə çatların əmələ
gəlməsi, demokratik
seçkilərin keçirilməsi
və ölkənin demokratik inkişaf yolunu seçməsidir.
Ancaq konfrans iştirakçıları
etiraf ediblər ki, şərti olaraq "Ukrayna yolu" adlandırılan
bu ssenarinin reallaşma ehtimalı çox azdır.
İkinci
ssenari isə ondan ibarətdir ki, Putin ordu və xüsusi xidmət orqanlarındakı
generallar tərəfindən
devrilir və hakimiyyət daha az təcavüzkar
olan rejimin əlinə keçir. Bu ssenari haqqında
danışan konfrans iştirakçısı istənilən
dəyişikliyin indiki
vəziyyətlə müqayisədə
irəliyə doğru
addım olacağını
bildirib.
Konfrans iştirakçılarına
görə ən təhlükəli və baş vermə ehtimalı daha çox olan ssenari isə xalq kütlələrinin üsyanıdır. Ümidsizlik və yoxsulluq
rejiminə qarşı
qəzəblənmiş kütlə
ayağa qalxsa, müharibəyə bənzər
şərait yaranar, bütün şəhərlərdə
küçə döyüşləri
başlaya bilər.
Bu isə Rusiyanın
bir çox respublikalara parçalanmasına
səbəb olar.
Rusdilli internet resurslar arasında informasiyalarının dəqiqliyinə görə fərqlənən "Meduza" Kremldəki mənbələrinə istinad edərək bildirir ki, Ukraynadakı müharibədə uğursuzluq Putinə qarşı münasibətin dəyişməsinə səbəb olub. "Müharibənin üç ayı həm savaş, həm də sülh tərəfdarlarını Putinin əleyhdarlarına çevirib. Kremldə ümid edirlər ki, "yaxın gələcəkdə" o gedəcək".
"Meduza"nın yaydığı məlumata görə, Putindən razı qalan demək olar ki, yoxdur. Biznes adamları və hökumətin bir çox üzvləri prezidentin sanksiyaların miqyasını düşünmədən müharibəyə başlamasından narazıdırlar. Çünki bu sanksiyalardan sonra normal yaşamaq mümkün deyil. Müharibə tərəfdarlarını isə "xüsusi əməliyyat"ın gedişatı və ilkin nəticələri qane etmir. Müharibə tərəfdarları hesab edirlər ki, ümumi səfərbərlik edilməsə, vəziyyəti dəyişmək mümkün olamayacaq.
Lakin müharibə tərəfdarlarının bu təklifinin icrası da təhlükəlidir. Kremlə yaxın ekspertlər bu addımın təhlükəli olacağını bildirirlər. Ekspertlərə görə, müharibədən əvvəl və ya müharibənin ilk günlərində ümumi səfərbərlik mümkün idi. Ancaq indi vəziyyət çox fərqlidir. Müharibədə uğurun əldə edilməməsi, ordunun böyük itkilər verməsi və sanksiyaların təsiri ilə həyat səviyyəsinin pisləşməsi şəraitində səfərbərlik sosial partlayışın qığılcımı ola bilər.
Ümumi səfərbərliyin əleyhinə olanlar bu mövqelərini həm də müasir hərbi texnika və sursat çatışmazlığı ilə də əlaqələndirirlər. Onlar Rusiya ordusunun Ukraynada müasir hərbi texnika və sursat sarıdan geri qaldığını etiraf edirlər. Son zamanlar isə döyüş meydanında ötən əsrin 60-cı illərində istehsal olunmuş texnikalar müşahidə olunmağa başlayıb. Ukrayna isə Qərb ölkələrinin istehsalı olan müasir silahlarla silahlanır. Belə bir vəziyyətdə ümumi səfərbərlik ancaq canlı qüvvə itkisinin çoxalmasına səbəb olacaq. Bu isə çox ağır hadisələrə yol aça bilər.
Rusiya hakimiyyəti
Ukraynadakı müharibədən necə
çıxacağını bilmədiyindən hərbi əməliyyatları
davam etdirməkdən başqa
yol görmür.
Rusiyanın üzləşdiyi bu vəziyyətin
getdikcə dərinləşəcəyini nəzərə alan Qərb ölkələri isə
Rusiyanın gələcəyi ilə bağlı
düşünməyə və addım atmağa
başlayıblar. Litvada Rusiya
prezidenti Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına
həsr olunmuş konfrans
da təsdiq edir ki, Qərb artıq əməli fəaliyyətə
başlayıb. Rusiyanın cavab
addımlarının nədən ibarət olacağı ilə
bağlı isə heç bir ehtimal yoxdur.
Çünki Rusiya
nüvə silahı istisna olmaqla əlindəki bütün
imkan və resurslardan
istifadə etsə də, vəziyyəti dəyişə bilmir.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 1 iyun.- S.8.