Şəhid Anası:"Xocalı
faciəsindən sonra bir
də qarmonu əlinə almadı"
"CƏBHƏDƏ BİLƏNDƏ Kİ, YAŞI AZDIR ONU GƏTİRİB EVƏ TƏHVİL VERDİLƏR. AMMA YENİDƏN QAÇDI GETDİ"
Vətən müharibəsindən sonra
demək olar ki, bir çoxlarının
bölgələrimizə gedəndə
ilk ziyarət etdiyi yerə çevrilib Şəhidlər xiyabanı. Kimini ailə
bağı, kimini qohumluq əlaqələri,
kiminin dostluq sədaqəti, kiminisə
vəfa borcu, minnətdarlıq hissi aparır o müqəddəs
ruhların məzarlarını
ziyarətə.
Həmin
minnətdarlıq hissi
ilə Kürdəmirin
Şəhidlər xiyabanında
şəhidlərimizi yad
edərkən orada nurani bir şəhid
anası ilə tanış oldum. Ana o qədər
təmkinli və sevgi dolu idi
ki, cəsarətimi toplayıb oğlu haqqında sual etdim. Elə tanışlığımız
və 15 yaşında
şəhid olan oğlu Sehran Qəniyevi ziyarət etmək üçün Şahsevən kənd qəbiristanlığına getməyimiz
də belə baş tutdu. Gülnar ana sanki verəcəyim
sualı duyub qabaqcadan bildirdi ki, bu Şəhidlər
xiyabanı sonradan salınıb. Sehranı isə
Şahsevən kənd
qəbiristanlığında dəfn etmişik.
Məzarı ziyarətdən sonra şəhidin evində olmaq şansım yarandı. Bu evdə
də getdiyim bütün şəhid evlərindəki kimi şəkillərdən ibarət
xatirə guşəsi
vardı. Ana cəmi 15 yaşında şəhid düşən
oğlundan danışarkən
də Allaha ona yazdığı məqam üçün həmd edirdi. Arabir sual vermək
üçün sözünü
kəssəm də, qalan vaxt su
kimi axıcı və təmkinlə danışırdı Sehranın
qısa, amma hər birimiz üçün nümunə
həyatından...
- Gülnar ana necə oldu ki, Sehranın 15 yaşında döyüşə
getməyinə razılıq
verdiniz?
- Döyüşə getməyindən
xəbərimiz yox idi. Müharibə başlayandan Sehran 9-cu sinifdə oxuyurdu, müharibəyə
xəbərsiz, qaçıb
gedib. Biz xəbər
tutanda artıq gec idi, cəbhədə
biləndə ki yaşı azdır onu gətirib evə təhvil verdilər. Amma yenidən qaçdı
getdi. Bir gecə evdə qaldı, səhər dedi gedirəm hərbi paltarı təhvil verib gələm. Yalvardım ki, getmə,
oğul, kənddə
nə qədər arxasıyca qaçdım.
Dedi, ana, qayıt geri, mən kişi
kimi and içib bu paltarı geyinmişəm. Əyildi
aşağı batinkasının
bağını bağlaya-bağlaya
dedi: "Ana, Vətən
mənə "oğul"
desə, nə dərdim. Mamır olub qayasında
bitərdim". Şeiri
axıracan dedi, mənimsə əzbərimdə
bu iki misra
qaldı. Sonra ayağa qalxıb dedi ki, mən
qaçmayacağam, ana.
Heç
olmasa, bu paltarı təhvil verib gəlim. Amma gəlmədi, 16 iyulda şəhid olub gəldi, 17-si isə dəfn etdik. O vaxtlar cəbhədə vəziyyət çətin
idi. Şəhid gələndən sonra atası hərbi geyimlərini, batinkasını da göndərdi hərbi hissəyə ki, əsgərlər geyinsin.
Ona görə, bir dənə geyimi də xatirə qalmadı mənə, təkcə şəkilləri
qaldı.
Özü çox mərd, cəsarətli uşaq idi. Həm güləşə gedirdi, həm qarmon çalırdı.
Son mahnısı "Bu leyli"ni ifa etməyi
öyrənmişdi. Cəmi 15 mahnı
bilirdi. Musiqi dərsindən gəlmişdi,
dedim niyə musiqini məşq edib təkrarlamırsan? Dedi, ana televizora
baxmısan heç, gör kimlər şəhid olub. O vaxtlar Xocalı hadisələri, Milli Qəhrəman Çingiz Mustafayev şəhid olan zamanları idi. Televiziyada Qarakənd faciəsindən
də danışırdılar.
Ona görə, bir də qarmonu
əlinə almadı...
Səhəri günü yazıçı
Seyran Səxavət televiziyada danışırdı.
Oturub ona baxıb, ağlayırdı. Dedim
oğul bax, sənin adaşındır,
mən də səni bu cür
yaxşı kişi
görmək istəyirəm.
Mənə dedi, ana, sən nə
bilirsən bəlkə
mən daha yaxşı kişi
oldum. Elə bil, ürəyinə dammışdı...
- Seyranın məzarı ilə birlikdə daha üç şəhid məzarı gördüm. Həmin şəhidlərlə birlikdə döyüşüb?
- Gördüyün o 4 şəhid
bir nənənin iki nəvəsi, iki kötücəsidir. Biri şəhid Teymur Kərimov qardaşım oğludur, digəri
şəhid Sərdar
Əmiraslanov, şəhid
Nazim Kərimov və oğlum Qəniyev Sehran. Sehranla Teymur bir gündə
şəhid düşüb
gətirildilər. Səhəri gün Sərdar, iki ay sonra da
Nazim şəhid düşdü. Şükür Allahın böyüklüyünə,
qismət belə imiş. Mənim atam özü
də İkinci Dünya müharibəsi iştirakçısı olub.
- Bəs döyüş yolları harada olub?
- Ağdərə -Suqovuşan istiqamətində döyüşdə olublar. Aşağı Çaylı kəndi deyilən ərazidə. Sehran 48 gün döyüşüb. Döyüşdüyü kənddə mühasirəyə düşərək şəhid olub. Mərd oğul idi, o qədər cəsarətli idi ki, heç deməzdin 9-cu sinif şagirdidir. 1990-cı il 20 Yanvar hadisələrində də Bakıda idi. 3 gün idi evə gəlmirdi, qohumlara xəbər saldıq heç kim bilmədi haradadır. 4-cü gün hansı ki, artıq 20 Yanvar faciəsi yaşanmışdı, Sehran bir dərddə gəldi ki evə... Hisin-pasın içində, paltarları bulaşıq, nimdaş, özü də yorğun. Dedik ay oğul, axı sən uşaqsan orda günlərlə nə edirdin? Deyirdi, ana heç olmasa əliyalın tankın qarşısına çıxan insanlar üçün taxta yığa bildim, ocaq qaladım ki, isinsinlər. Onu ki, bacarırdım. Qəzetlərdə 20 Yanvar hadisələri ilə bağlı yazılar çıxmışdı. Həmin səhifələri saxlayırdı. Deyirdi bu tarixi faktlardı qoy gələcək nəsillərimizin də xəbəri olsun. Bir dəfə qonşuda ev yanmışdı, balaca canıyla girib yanar evdən əşyaları çıxarmışdı. Çox mərd uşaq idi, heç nədən qorxmurdu.
- Bir şəhid anası kimi şəhid analarına nə demək istəyərdiz?
- Bircə onu deyirəm ki, birinci-ikinci, əvvəlki-sonrakı şəhidlər deyilib ayrı-seçkilik salınmasını istəmərəm. Bu məsələ biz şəhid analarını incidir. Çünki bütün şəhidlərimiz el-oba, Vətən uğrunda canlarından keçib. Hamısı bizim canımız-qanımız, hamısı bizim balalarımızdır. Daha sonra bütün şəhid ailələrinə səslənirəm ki, səbrli, təmkinli olsunlar. Onların balaları, qardaşları, ataları, həyat yoldaşları necə yüksək, necə ali zirvədədirlər. Şükür Allahın böyüklüyünə ki, belə ali zirvə qismət edib oğullarımıza. Tez-tez digər şəhid ailələri ilə görüşürük. Çalışırıq bir-birimizə dəstək olaq. Ümumiyyətlə, şəhid ailələrinin bir istəyi var ki, şəhidlər unudulmasın, kimsə quru ayaqla gəlib onların şəhidini yad edəndə şad olurlar.
- Vətən müharibəsi zamanını necə xatırlayırsınız?
- Mən elə bilirəm o günlər mənim üçün canlı tarix idi. Çünki mən o hadisələrin içində hiss edirdim özümü. Vətən müharibəsi vaxtı da şəxsən özüm oğlumla Füzulidəki hərbi hissələrə gedirdim, orda döyüşən balalarıma öz əllərimlə hazırladığım yeməklər aparırdım ki, balalarım döyüşə gedir. Elə bilirəm hamısı öz balamdı. O tarix bizim üçün baş ucalığıdır. 1992-ci ilin çətin zamanında Birinci Qarabağ müharibəsində canından keçən oğulların davamçıları idi İkinci Qarabağ müharibəsindəki igidlərimiz. Allah şəhid olanlara rəhmət etsin, qazilərin canı sağ olsun. Vətən hər şeydə ucada dayanır. Hamımızın borcudur ki, onu qoruyaq.
Afaq RZA
525-ci qəzet.- 2022.- 2 iyun.- S.16.