Qarabağ - Azərbaycanın musiqi beşiyi  

 

Qarabağ - 30 illik həsrətin sonunda vüsalına qovuşduğumuz mədəniyyət incimiz, musiqi beşiyimiz! Musiqi mədəniyyətimizin bütün yaradıcılıq qolları yüzilliklər boyu bu torpaqda yanaşı addımlamışdı.

 

Aşıq sənətinin, muğamın, xalq mahnılarının beşiyidir Qarabağ! Bəlkə də, bu səbəbdən xalq arasında məşhur olan bu ifadə formalaşıb: "Qarabağda hamının gözəl səsi olur, hətta körpələr muğam üstə ağlayıb, gülürlər". Bu yurdun musiqi tarixi özü qədər qədimdir. Bu müqəddəs yurd yerli incəsənətimizə çoxlu xanəndələr, bəstəkarlar, musiqi ifaçıları, şairlər və yazıçılar bəxş etmişdi. Neçə-neçə əsrlər öncə Qurbani, Lalə, Abdalgülablı Valeh, Aşıq Pəri, Aşıq Abdulla (Sarı Aşıq), Aşıq Səməd, Aşıq Abbasqulu, Aşıq Nəcəfqulu, Aşıq Cəfərqulu kimi qüdrətli saz-söz ustadları aşıq sənətinin ən gözəl incilərini məhz bu torpaqda yaratmışlar. Qarabağda ustad aşıqların sazının sehrli simindən çıxan aşıq musiqisi bənzərsiz bir fidan kimi böyümüş, çiçəklənmiş və zamanla musiqi sənətimizin bütün sahələrinə təsir etmişdi. Onun təsirindən Arazbarı, Mani, Kərəmi və Azərbaycanın musiqi simvoluna çevrilən "Qarabağ şikəstəsi" yaranıb.

Musiqi beşiyimiz Qarabağda igidlərin süngü bıçaqla dastan yazdığı müqəddəs Şuşamız isə musiqi konservatoriyamızdır. Bura Azərbaycan musiqisinin ölməz korifeylərindən olan dahi Üzeyir bəyin doğulub böyüdüyü, musiqi tariximizdə əbədiləşən əsərlərini yazdığı ana yurdudur. Şuşa - Xan qızı Nətavanın, Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsnünün, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Zülfi Adıgözəlovun, Rəşid Behbudovun, Zülfiqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun da vətənidir. Qarabağın, o cümlədən, Şuşanın dağlı-yamaclı, güllü-çicəkli, buz bulaqlı, dağ havalı təbiətindən ilham alan bu musiqiçilərimizin yaratdığı əsərlər dillər əzbəri olub, könüllər fəth edib.

 

Şeirin, musiqinin vətənidir Qarabağ. Vaqif də, Zakir də bu yerlərdən ilham alaraq ədəbiyyatımıza incilər bəxş edib, şeirdən füsunkar bir çələng hörüblər. Beləcə musiqi ilə poeziyanın vəhdətindən yaranan Qarabağ muğamları musiqimizin ən təsirli nəğməsinə çevrilib. Yalnız muğamdan ibarət deyil Qarabağın musiqi çələngi. Sevginin nəğməsini dinlədiyimiz "Segah"ı, lirik duyğulara daldıran "Şur"u, iztirabı, həyəcanı, qüssə-kədəri duyduğumuz "Cahargah"ı və mərdlik, gümrahlıq hissi ilə insanı yenidən həyata bağlayan "Rast"ı da var.

 

Qarabağ mühitində yetişmiş bir böyük sənətkar daha var - Cabbar Qaryağdıoğlu! Xanəndələr xanəndəsi, muğamın ustadı! Xalq musiqimizin, aşıq sənətinin bütün sirlərini dərindən bilən, şeirlər yazan, mahnılar bəstələyən ilk xanəndə kimi tarixə düşən sənətkar! Qarabağ mühitində formalaşan, bu torpağın musiqi sənətinin yalnız yaradıcısı deyil, eyni zamanda daşıyıcısı və ötürücüsü də olan Qaryağdıoğlunun əsas qayəsi Qarabağ musiqi sərvətinin yaşaması və günümüzə qədər gəlib çatması olmuşdur. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləməyə və gələcək nəsillərə ötürmək üçün çalışan Cabbar Qaryağdıoğlu Zaqafqaziyada ən yaxşı xalq ifaçısı kimi şöhrət qazanıb. Hətta onu Azərbaycan xalq musiqisinin canlı ensiklopediyası da adlandırırdılar. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

 

Qarabağın adı çəkiləndə Seyid Şuşinskini xatırlamamaq qeyri-mümkündür. Yüksək ifaçılıq məharəti, zil səsi ilə "Arazbarı" aşıq havasını muğam şəklində ilk oxuyan ustad! Qaryağdıoğlu onu "Şərq musiqisinin incisi" adlandırardı. Oxuduğu muğamlar ilə nəinki tamaşaçıları, hətta böyük muğam ustadlarını belə heyrətə gətirərdi. Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biri olan, dinləyicidə coşqunluq oyadan "Cahargah" muğamının mahir ifaçısı idi. Bundan başqa, "Mahur", "Nəva", "Məsnəvi", "Mani", "Arazbarı" və "Heyrati" onun səsi ilə könülləri fəth edib. Xalq musiqimizin çırpınan ürəyi olan Seyid Şuşinski " Rast" da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə oxuyan musiqiçi kimi yaddaşlara həkk olub.

 

Musiqi beşiyimiz olan Qarabağın böyük ustad tarzəni Aşıq Valeh, xalq alətlərinin xüsusi vurğunu olan, milli məxsusluğu dünyəvi texnika ilə məharətlə birləşdirən Bülbül, böyük saz, söz ustadı Aşıq Abbasqulu, Mikayıl Müşfiq məşhur "Oxu tar" şeirini həsr etdiyi dahi ustad Qurban Pirimov, "Rast"ın düzlük, mərdlik xüsusiyyətlərini ustalıqla vurğulayan Zülfi Adıgözəlov və Sadıxcan Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan şəxslər olublar. Əvvəllər diz üstündə çalınan tarı ilk dəfə sinəyə qaldıran Sadıxcan həm də bu musiqi alətini təkmilləşdirərək Azərbaycan musiqi alətləri sırasına daxil edən şəxsdir. O, milli musiqi alətlərimizin tacı olan tara cingənə və kök simlər əlavə edərək simlərin sayını 5-dən 11-ə çatdırıb. Onun təkmilləşdirdiyi tar yalnız Azərbaycanda, Qafqazda deyil, hətta Orta Asiyada da geniş yayılaraq ölkəmizin musiqi simvoluna çevrilib.

 

Qarabağın ayrı-ayrı bölgələrində doğulub, boya-başa çatmış musiqiçilər Azərbaycanın, Qafqazın və yaxın ölkələrin bir çox şəhərlərində konsertlər vermiş, milli musiqimizlə doğma vətənin sədasını hər tərəfə yaymışlar. Azərbaycanın göz bəbəyi, musiqi beşiyi olan bu yurd yerinin hər bir musiqiçisi öz ifası ilə yeni nəslə sanki Qarabağın bir hissəsini ötürmüş, Şuşanın zəngin və əvəzolunmaz musiqi ruhunu aşılamışlar.

 

Azərbaycan musiqisinin inkişafında Qarabağdan çıxmış  elə adı Qarabağla qoşa çəkilən, musiqimizin klassiki, opera sənətinin banisi, görkəmli alim, musiqişünas, alovlu publisist, istedadlı dramaturq, pedaqoq Üzeyir Hacıbəyov! Musiqi adamı yox, elə musiqinin özü olan adam! Onun musiqiləri xalqımızın canına, qanına sirayət edərək mədəniyyətimizin ayrılmaz bir hissəsinə çevrilib. Şərqdə ilk opera olan "Leyli və Məcnun" onun adı ilə bağlıdır. Himnimizin musiqisini bəstələyən dahi Üzeyirin "Sevgili canan", "Sənsiz" romansları və daha neçə-neçə əsərləri musiqi xəzinəmizin əvəzolunmaz incilərindəndir.

 

Biri daha var - adı çəkiləndə insanın ruhu qanad çalıb Qarabağa, gözəl Şuşaya uçur. Bəli, doğru bildiniz, bu, Xan Şuşinskidir. Onun səsində özünəməxsus milli çalarlar var idi. Xanın səsi ürəyə məlhəm olan bulaq suyu, ruha qida verən səhər mehi qədər nəfis və xoş idi. Çünki O, Azərbaycan muğam sənətinin Xanı idi. Mən deyərdim ki, "Qarabağ şikəstəsi"ni onun qədər təsirli oxuyan olmayıb. Xanın adı çəkiləndə qeyri-ixtiyari olaraq Səməd Vurğunun "Azərbaycan" şeirindən bu misralar yada düşür:

 

Könlüm keçir Qarabağdan

Gah bu dağdan, gah o dağdan

Axşam üstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Elə məhz Xan Şuşinskinin qəribsəyən ruhu Qarabağın musiqi rəmzinə çevrilən bu nəğmə ilə səslədi igidlərimizi zəfərə. Musiqinin, sənətkarların beşiyi olan, dünyanın ən gözəl məkanı Qarabağ! düşmənin, yağının işğalında, tapdağında qala bilərdimi? Əsla. Bu insanların sənətində, anaların laylası, ataların öyüd-nəsihəti ilə qanımıza hopmuşdu vətən torpağının sevgisi. 30 il idi ki, içimizdə yaralı halda səslənirdi "Qarabağ şikəstəsi", "Anadır arzulara Qarabağ", "Şuşanın dağları başı dumanlı", "Qarabağın maralı" mahnıları. Ürəklə oxuya bilmirdik, sanki. Hərdən isə əksinə, həsrətdən bu mahnıları o qədər içdən oxuyurduq ki, elə bil mahnının sözlərində, təranəsində dolanırdıq o yurdu. Elə vətən torpağına həsrət qaldığımız bu illərdə Qarabağla bizi bağlayan ən qırılmaz tellərdən biri də bu mahnılar, musiqilər idi. Onlar necə həsrətində idi İsa bulağının zümzüməsinin, Şuşanın dağlarının və dağlar necə intizarla gözləyirdi bu mahnıları, musiqiləri...

 

Mahnıların həsrətinə və həsrətin şərqisinə son qoymaq üçün igidlərimiz cəngavərlik yerişini, döyüşə çağırışı ifadə edən "Cəngi"nin sədaları ilə qalxdı vətənin müdafiəsinə. Onlar döyüşün ən qızğın anında belə topun, güllənin səsini deyil, Şuşanın dağlarında yanqılanan və bütün Azərbaycanda eşidilən Xanın səsini duyurdular. Onun narahat ruhu "Qarabağ şikəstəsi" ilə vətən oğullarını döyüşə səsləyirdi. Beləcə zəfər nəğməsi oldu "Qarabağ şikəstəsi".

 

Qarabağın musiqi ilə yoğrulan ecazkar ruhunun təsiri, qəmzəli gülüşü ilə yaddaşlarda qalan Xudayarı cuşa gətirərək Vətən savaşının ən qızğın anında bu şərqini söylətdi:

 

Deyirlər bülbülə çəmən yaxşıdır

İnsançün laləzar, vətən yaxşıdır

Şair, sorma Vətən nədən yaxşıdır?

Adı gəlcək könlüm dastana döndü

Dastana döndü....

 

İndi musiqi beşiyimiz olan, hər qarışında "Şur" , "Segah" pərvazlanan Qarabağda hər daş, hər qaya igidlərimizin dilindən düşməyən bu azadlıq, qələbə şərqisini dinləyir. "Xudayarın Təsnifi" ilə həsrətin şərqisi bitdi, zəfərin nəğməsi oxundu musiqi beşiyimiz Qarabağda, Şuşada! Azadlığın nəğməsi ilə Qarabağın bütün dağları, təpələri, dərələri, düzləri gül-çiçəyə büründü. Eşqi ilə şeirlər yazılıb, nəğmələr bəstələnən xarıbülbülün şərəfinə festival təşkil edildi. Ana yurdun əsl sahibləri yalnız Qarabağda bitən bu gözəl çiçəyin görüşünə gəldi. Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun bəstələdiyi əsərlər Şuşanın dağlarında əks-səda doğurdu. Xarıbülbülün ətri və gözəlliyi isə onu görənləri başqa cür heyran eləmişdi. Onun ətrində cənnətin qoxusu duyulurdu. Çünki mərd igidlərin qanı ilə sulanan torpağın bağrında bitmişdi. Onun ətrində vətəni, milləti, yurdu üçün atasını, anasını, yarını, övladını arxasında buraxaraq Qarabağın azadlığı üçün canından keçən igidlərin qoxusu duyulurdu. Artıq xarıbülbül təkcə Qarabağın nadir çiçəyi deyildi, o, həm də zəfər nəğməsinin ən zil melodiyası olmuşdu.

 

Zəfər nəğməsinin sədaları altında Şuşada Vaqifin Poeziya Günləri də yenidən quruldu. Vaqifin azad ruhu bərpa olunan məqbərəsinin önündə salamlayırdı onun görüşünə gələnləri. Sözün, musiqinin çələnginə dönən Şuşada şeirin ahəngi muğamın zümzüməsinə qarışmışdı. Zamanın fövqündə duran, əzəli və əbədi musiqi statusu alan muğamımız bir daha əbədiləşdi Qarabağ torpağında. Azadlığa və müstəqilliyə qovuşduğumuz bu məsud anların, qürurlu günlərin sevincinə çevrildi muğam.

 

Səcdəgahımız, qibləgahımız olan Qarabağda musiqinin, muğamın təsiri ilə artıq təbiətin hər fəslində bülbüllər oxuyur, quşlar cəh-cəh vurur. Zəfərin nəğməsi çalınandan bəri bu torpaqlarda canlı və cansız olan hər şey dil açıb danışır.  Təbiətin ruhunu oxşayan bu şərqinin təsiri ana torpağı da dilə gətirdi. İllərdir anasından ayrı düşərək həsrətin alovuyla qovrulan vətən torpağı yeri-göyü lərzəyə gətirəcək bir hayqırışla "Ayrılamaz, ayrılmadı və heç bir zaman ayrılmayacaq könül candan" söylədi.

 

İlahə ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universiteti Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.15.