Şeir dili ilə
yazılmış hekayələr
(Kəmaləddin Qədimin
"Harda ayrılıq
yoxdur?" şeirlər
kitabı haqqında qeydlər)
Hər ədəbi
təhlil bir qədər subyektiv xarakter daşıyır. Bu anlayışdan yola çıxanda hədəf
daha tez və rahat müəyyənləşir.
Ədəbiyyat, o cümlədən, poeziya həyatdır - insan, təbiət, su, hava, sevgi,
həsrət, xoşbəxtlik,
bədbəxtlik, ölüm
və s. ümumiləşməsidir.
Həyata və həyat
hadisələrinə hər
kəsin bir "baxış bucağı"
var. Ədəbiyyatı, şeiri
dəyərləndirmə də
baxış bucağına
istinad edir və buna əsasən
fikri ifadə edir. Ədəbi təhlilin subyektiv
mahiyyəti də buradan irəli gəlir. Müəllif şeirlərdən aldığı duyğunu
öz qənaətinə
görə şərh
edir. Buna görə də, fikrimcə, ədəbi əsərləri bir tənqidçinin monotonlaşmış
təhlilindənsə, bir
neçə ədəbi
sima və ya səviyyəli oxucular tərəfindən
ictimai-bədii təfəkkür
prizmasından işıqlandırılması
daha məqsədəuyğundur.
Şeir tez-tez bizi düşündürür,
çünki müxtəlif
yerlərdə başımıza
gələn, yaxud şahidi olduğumuz hekayələrin poetik təsviridir. Hər şeiri yazanda
şairin reallıqda və xəyalən getdiyi yerlərə oxucu da gedir
- yəni oxucu məcburən düşünür.
Kəmaləddin Qədimin "Harda
ayrılıq yoxdur?"
kitabında toplanan şeirləri ata yurdunda (Ata yurdunda), metroda (Qatar depoya gedəcək), yuxuda, bir sinifin küncündə
"başına gəlir".
Həyat
sinif otağıdı
elə bil,
Cəzalı şagirdəm,
küncə qoyulmuş
kimiyəm.
Ya da, əkilib, yorulmuş torpağam,
dincə qoyulmuş
kimiyəm.
Və yaxud "Qəbirdən mesaj" şeiri:
Yağışı islatmaz saçlarımı,
əllərimi odu yandırmaz,
üşütməm soyuq küləyindən...
bıçağı-filanı da qorxutmaz gözlərimi.
Torpağa söykəmişəm,
arxayınam kürəyimdən...
Kəmaləddin Qədimin romantik ədəbiyyatı da real
təsvirlərdən doğur. Şərqin və Qərbin ideallarına söykənən
müasir poeziya bu yüksəlişlərin
zirvəsində birləşə
bilmə azadlığından
yaranır. Şairin
"Məcnun" şeiri
buna bariz nümunədir:
Adam oğlu adamıydı,
oturmuşdu oturduğu
yerdə,
Qəfildən yıxılıb eşqə
düşdü,
eşqdənsə səhralara.
İnsanda ağıl əzəli yaranışdan etibarən
cahillikdən kamilliyə
doğru inkişaf etdikcə, sevgi də onunla birgə yol alıb. Ancaq o, ağlın qol-qanad
açdığı kimi
özünü büruzə
verməyib - S-əadətin,
E-şqin, V-əfanın,
G-üvənin və
İ-namın sirrinə
bürünüb. Qəbul
etsək ki, sevginin tarixi insanın yaradılış
tarixilə eynidir, Adəmdən, Həvvadan üzübəri insan ölüncə Yaradandan sevgi diləyib, tapanda itirmək qorxusu yaşayıb, itirəndə sevdiyindən
nişanə qalan qara daşını sevib, - o zaman bütün şeirləri
fərqli çalarlı
sevgi duası adlandırmaq olar. Şairin bir şeirində dediyi kimi: "Bəlkə dualarım əyninə gəldi, Geyin, qoy borandan, qardan
qorusun". Və ya:
Bu yurdun bir qara
daşına döndər,
Ya fırlat, o daşın başına döndər,
Nə olar, İlahi, bir sevgi göndər,
Bu gözdən-könüldən uzaq adama.
Nə qədər
acı olsa da, deməliyik ki, içində olduğumuz hazırkı dövrü "Sevgini əyən zaman" adlandırsaq, səmimi olarıq. Bu, müasir
şairlərin əksəriyyətinin
yaradıcılığında öz əksini tapır. Amma burada dərin
bir incəlik də var. Əslində bu incə xəttin
altında özünü
düzə çıxarmaq
səyi, o əyridən
keçir.
Şairin bir şeirində küsən sevgili küsdürən sevgilini
incə, poetik bir duyğuya - baxışının altından
keçməsi nəticəsində,
bağışlamağa hazırdır. Elə bu
dörd misra da sevginin, səmimiyyətin
və bağışlama
istəyinin tələbi
kimi ortaya çıxır.
Gəl,
özümlə bir məhkəmə
qurum, bağışlayım
səni.
Baxışımın altından keç,
durum, bağışlayım səni.
Kəmaləddin Qədimin ümumi yaradıcılığında, xüsusilə, bu kitabda toplanan şeirlərinin hər biri bir hekayə
anladır və o şeirləri səhnələşdirmək
olar. Şeir dili ilə yazılmış hekayələr
xəyali zəmində
oxucunun düşüncəsində
dərin və geniş bir səhnə açır.
Məlumdur ki, hər bir insanda insanlığın
bütün cəhətləri
var. Kitabda çoxu bədbin əhval-ruhiyyəni
əks etdirən
"hekayələr"dir ki, hər oxucuda
fərqli təəssüratlar
yaradır. Oxucu öncə bu
bədbin notlara qaranlığa baxan kimi baxır, sonda isə qaranlığın üzündən
pərdə qaldırılır
və gerçəklik
özünü göstərir.
Həyat
ağacının yarpaqlarına
səpilən yuxu şeir dili ilə bizə söz deyir, bu söz xəyallar,
sevinclər, gülüşlər,
təəssüflər yaradır.
Ağacın gövdəsindəki gerçəklik və kökündəki mütləq
həqiqət - ölüm
insanı yox olmaqdan keçirib varlığa aparır.
Ürəkdə dərd-qübar, başda
duman-çən,
Dərələr keçirəm, dağlar aşıram.
Sənə şeir-şeir yol
gəlirəm mən,
Sənə şeir-şeir yaxınlaşıram...
- deyən şairin
hər poetik nümunəsi qnoseoloji cəhətdən tarixi zamandan qopmasıdır. Kitabın adı - "Harda ayrılıq yoxdur?" sualı da məhz
bu qopma anına işarədir.
Sualın cavabı öz
içindədir. Burada
qeyd olunan iki hal var:
birinci, şairin baş verən zamana "kor" olması - görməyə
etirazı, ikinci isə birdən keçib, dünyanın
o biri üzünü
görməni ifadə
edir.
Bəşəriyyəti var edən əsas
ünsürlərdən biri
də insanların
tale birliyidir. Hər bir bəşərin
yaşadığı bu
tale birliyi - doğulmaq,
yaşamaq və ölmək ayrılığın
labüdlüyünü bildirir.
Bu gün dünya
poeziyasının ən
aktual mövzusu olan "ayrılıq"
Kəmaləddin Qədim
şeirinin də ana xəttidir.
Kəmaləddin Qədimin dünyadan
nakam gedən bacısı Səltənətin
xatirəsinə həsr
etdiyi "Harda ayrılıq yoxdur?" kitabına şeirlərdən
əlavə "Mələk
cildində bir qız var idi"
adlı poema da daxildir. Poema şairin
bacısına yazdığı
qısa, amma dolğun şeir-məktublardan
ibarətdir. Məktubların kimlik ünvanı bəlli olsa da, göndəriləcək
məkan ünvanı
yer üzündə yoxdur, bu səbəbdən
də şair məktubları şeirlərə
köçürüb, bütün
zamanlara və məkanlara ünvanlayıb.
Əslində bu qısa şeir-məktublar doğulmaq,
yaşamaq, özünü
tapmaq və həyatı dərk etmək haqqında mülahizələrdir.
Ağappaq kağızdı əli-ayağı,
Üzü də elə bil bəyaz qar idi.
Yerişi-duruşu mələksayağı,
Mələk cildində bir qız var idi...
...Hər gün bu fanidə öldü-dirildi,
Bir gün qızdırmadı yerini belə.
İlahi,
nə boyda nağıl bilirdi,
Danışa bilmədi birini belə.
Bu şeir-məktublar haqq, ədalət, həqiqət, fanilik və ölümün eyniyyət məqamını
tərənnüm edir.
Günlərdi orda-burdayam,
Özümə gələ bilmirəm.
Deyirlər ki, göz yaşlarım
Dönməkdə selə, bilmirəm...
Bəm-bəyaz donlu sənəmmi?
Dağmı, başında çənəmmi?
Ölən omu, ya mənəmmi,
Bilmirəm, hələ bilmirəm...
Lakin bu eyniyyətin özülündə həyata fərqlilik və həyatın davamına ümid gətirən hərəkət dayanır.
...Sonunda şəkilləşib,
Durub, dayanmaq
da var.
Bir ömür yuxu yatıb,
Ölüb, oyanmaq da var.
Şair bu bəndlə bizə ölümün bir mələk əlində gəlməsi
reallığını və
reinkarnasiyanı və
ya "Ət-Təğabun"
surəsi, 7-ci ayəni
bir daha xatırladır. Kədərlə yoğrulmuş bu
mükəmməl şeirlər
eyni zamanda səmimi, təsiredici və birbaşa ürəyə toxunandır.
Həyata
bir az
fəlsəfi yöndən
baxsaq, ölüm insanı varlığın
zərurətindən xilas
edir. Poetik yöndən baxanda
bu fikirdəki "insan" əslində şairin özüdür.
Elə isə, deyə bilərik ki, şeir şairi yox olmaq zərurətindən
xilas edir.
65 illik yubiley
yaşında Kəmaləddin Qədimə yox
olmaq zərurətindən xilas
olmaq üçün
uzun yaşamasını və çox yazmasını arzulayıram.
Adilə
NƏZƏR
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 2 iyun.- S.13.