Ömür də külək kimidir...

 

Tanınmış yazıçı-jurnalist Arif Ərşadoğlunun 70 yaşı tamam olur. Yubilyar öz ad gününü  "Mənim kitabım" adlı yeni kitabı ilə qarşılayıb. Kitabdakı novellalar, məqalə və müsahibələr müxtəlif illərdə dövrü mətbuatda dərc edilib.

Arif Ərşadoğlunu yubileyi münasibətilə təbrik edir, onun öz kitabına yazdığı Ön sözü ixtisarla oxucuların diqqətinə çatdırırıq.

 

Nə ceviz ağacıyam Gülhanə parkında, nə palıdam Soltanbud meşələrində... Mən bir tut ağacıyam qəlbimin dərinliyində... Bəlkə ona görə ki, uşaqlığım tut ağaclarının kölgəsində keçib. Saatlarla həyətimizdəki böyük tut ağacının budağından asdığımız yüyürükdə yellənər, kölgəsində palaz salıb oynayardıq. Elə ki tuta dən düşdü, ağacı budaq-budaq gəzər, doyunca tut yeyərdik. Tut yaxşı-yaxşı dəyəndən sonra çırpardıq. Anam bəhməz bişirərdi. Soyumamış mətindən yeyərdik. Bəhməzini yavanlıq  kimi ilboyu işlədərdik. Elə bil tutun kölgəsi də, dadı-tamı da canıma, qanıma hopub...

 

Nənəm təndir qalayanda gedib yanında durardım. Hərdən ona çırpı toplamağa, qurumuş çəkil budaqları gətirməyə kömək edərdim. O da mənə qazmaq kimi nazik çörəklər bişirər, nehrə yağıyla pendir verərdi...

Uşaq bağçası da, məktəb də düz evimizin yanında idi. Hərdən bağçaya da gedərdim.

 

Məktəb yaşım çatdı. Məktəb mənə maraqsız gəldi. Hərfləri tanıyırdım, müəllimləri tanıyırdım, sinif otaqlarını bir-bir gəzmişdim... Sakit oturub müəllimə qulaq asmağa səbrim çatmırdı. Məndən babama tez-tez şikayət edərdilər. Babam da atama deyərdi, atam da məni danlayardı.

Birinci sinifdə oxuyanda tez-tez iki alırdım. Sinifdə müəllimlərə bir şey lazım olan kimi əlimi qaldırıb deyərdim: "Olar gedim evdən gətirim?!"  Müəllimlər də bir söz deməz, razılıq verərdilər... Mən də beş dəqiqəlik yolu yarım saata gedib gələrdim. Bu minvalla birinci sinfi başa vurdum. İkinci sinifdə böyük bacım mənimlə müntəzəm məşğul olmağa başladı. Məni əsl müəllim kimi öyrədirdi. Sonra elə özü də müəllim oldu.

Aşağı siniflərdə oxuyanda günümüz bağlarda, bostanlarda, futbol meydançalarında, axşamlar isə kənd klubunun kinozalında keçərdi, xəlvəti ova da gedərdik.

 

Yeddi-səkkizinci siniflərdə çoxlu bədii kitab oxuyurduq. Qəribə də olsa bu marağı bizdə riyaziyyat müəllimimiz Əmir Məhərrəmov aşılamışdı. O, dərsdən sonra bizi başına yığar, dünya klassiklərinin əsərlərindən maraqlı əhvalatlar danışar, sonra isə həmin yazıçıların əsərlərini oxumaq üçün bizə verərdi.

 

...Səkkiz il Zəngişalı məktəbində oxudum. Zəngişalı kəndində bizə dünyada tayı-bərabəri olmayan müəllimlər dərs deyirdilər.

Orta məktəbi Mahrızlı kəndində bitirdim. Onuncu sinfə qədər əlaçı oldum. Onuncu sinifdə bir müəllim  Əmək təlimi fənnindən mənə üç yazdı... Bu, mənim həyatda gözlənilmədən aldığım ilk zərbə idi.

O vaxtlar hamı - yaxşı oxuyan da, pis oxuyan da instituta can atırdı. Mən eyni vaxtda həm Azərbaycan Neft və Kimya İnstitutunun (Az.NKİ) Geoloji-kəşfiyyat fakültəsinə, həm də Bakı Neft Texnikumuna daxil olmuşdum. Texnikuma imtahansız qəbul etmişdilər. Ona görə ki, səkkizillik məktəbi əla qiymətlərlə bitirmişdim. Təbii ki, mən institutu seçdim.

 

Mənim ilk iş yerim də Az.NKİ olub. Altı ilə yaxın bu institutda çalışdım. O zaman şöhrəti bütün dünyaya yayılan bu elm-təhsil ocağında "Dəniz suyunun xalq təsərrüfatında istifadə olunmasının problem laboratoriyası"nda işlədim.

 

İlk yazılarım institutun "Neft kadrları uğrunda" çoxtirajlı qəzetində cap olunurdu. İnstitutda Azad Mirzəcanzadə, Rafiq Əliyev kimi dünya şöhrətli alimlərlə tanış oldum. Görüşlərimizin birində akademik A.Mirzəcanzadə mənə belə dedi:  "Bilirsənmi, faklar da skalyardırlar. Yəni onların istiqaməti yoxdur. Hara istəsən, yönünü dəyişə bilərsən". Bu günə qədər həmin sözləri unutmamışam.

Yazmaq həvəsimin sonsuz olduğunu dərk edib Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum. O gündən həyatım mətbuatla bağlandı.

 

Mətbuatda ilk iş yerim "Elm və həyat" jurnalı oldu. O dövdə bu jurnal çox populyar idi. Tirajı yüz mini aşmışdı. Orada Ülkər Hüseynova, Əlisa Nicat, Aqil Abbas, Eldar Nəsibli, Mehparə Axundova, Maral Poladova, Rəşad Məcid kimi istedadlı jurnalistlər çalışırdılar.

1999-cu ildə "Bilik" cəmiyyətinə Az.TV-nin sabiq sədri, əməkdar incəsənət xadimi Elşad Quliyev sədr təyin olundu.

 

"Elm və həyat" jurnalında on bir ilə yaxın işləmişdim. Perspektiv görünmürdü. Mən bir vaxtlar Mərkəzi Komitəyə göndərdiyim "İşgüzar" qəzetinin layihəsini götürüb "Bilik" cəmiyyətinin sədri Elşad Quliyevin yanına getdim. O, mənim hazırladığım maketə baxdı, bir-iki sual verdi, sonra "Dalğa" qəzetinin yenicə təyin olunmuş baş redaktoru Hahid Hacıyevi çağırıb dedi: "Nahid müəllim, bu oğlanın maraqlı fikirləri var. Onu işə götürün, təkliflərini də nəzərə alın".

 

"Dalğa" qəzetində çalışdığım dövrdə SSRİ Jurnalistlər İttifaqının, sonralar isə Azərbaycan Yazıçılar Birliyinin üzvü seçıldim.

 

...Və günlərin birində köhnə dostum Əlipənah Bayramov məni "Xalq qəzeti"ndə işləməyə çağırdı. Mən "Xalq qəzeti"ndə yeddi il müxtəlif şöbələrdə çalışdım.

 

"Xalq qəzeti"ndə işə qəbil olunanda qəzetin baş redaktoru professor Tofiq Rüstəmov idi. Biz redaktəni onun kitablarından öyrənmişdik.

Uzun illərdən bəri marağında olduğum "Ruzu" qəzetinin - enerjiyə və istehlak dəyərinə malik informasiyalar qəzetinin nəşri ilə məşğul idim. Bu işdə mənə tələbəlik illərimin dostu Şaiq Əsgərov yaxından köməklik göstərirdi. "Ruzu" qəzetinin əlavəsi kimi "Xaricdə təhsil almağın yolları" adlı bir bülleten hazırlamışdım. Onu "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru, rəhmətlik Məhəmməd Baharlıya verdim ki, qəzetdə dərc etsin. Elə həmin gün Məhəmməd Baharlı məni işə dəvət elədi. Və mən 2000-ci ilin fevralından "Azərbaycan müəllimi" qəzetində çalışmağa başladım.

Sonra bir müddət Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqında çalışdım.

 

Sonra da Ali Attestasiya Komissiyası... Jurnalist kimi işə başladığım ilk gündən alimlərdən, elm adamlarından daha çox yazmağa başladım. "Elm və həyat" jurnalında "Elin gözü elmin sözü", "Xalq qəzeti"ndə "Alim qələminin mürəkkəbi..." rubrikası altında çoxsaylı yazılarım dərc edilirdi. Hətta "Xalq qəzeti"ndə Hüquq siyasəti və icra orqanları şöbəsində çalışdığım vaxtlarda da elmdən yazardım. Azərbaycan alimlərinin ixtiraları haqqında xeyli məlumat toplamışdım və onları ölkəmizə sərmayə cəlb etmək niyyəti ilə xarici ölkələrin informasiya vasitələrinə, qəzet və jurnallarına göndərirdim. Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "Saman yolu" televiziya kanalında Şamaxı Astrofizika Rəsədxanası barədə sənədli film çəkilməsinə nail oldum.

 

Sonralar elm adamları haqqında bir neçə kitabım da çap olundu. Onu da deyim ki, alimlər bütün bu işlərimə görə məni Milli Elmlər Akademiyasının Fəxri fərmanına layiq gördülər (Sonralar Akademik Yusif Məmmədəliyev adına mükafata və medala da layiq görüldüm). O zaman Fəxri fərmanın təqdim olunma mərasimdə akademik Telman Əliyevin   mənə verdiyi gül dəstəsinin qoxusunu bu gün də duymaqdayam. Və hər dəfə gül qoxusu gələndə o müdrik insanın nurlu siması gözlərim önündə canlanır.

 

Təbii ki, uzun illər elm adamları ilə təmasda olmağım onlarla xoş münasibətimizin təməlini qoyurdu. Tanıdığım, ünsiyyətdə olduğum alimlərin əksəriyyəti sözün əsl mənasında insanlıq nümunəsi idilər. Mən belə başa düşürdüm ki, bu, onların intellektual səviyyələrinin yüksək olmasından irəli gəlir.

 

Akademiklər - Budaq Budaqov, Telman Əliyev, Arif Mehdiyev, Urxan Ələkbərov, Əli Abbasov, Vaqif Fərzəliyev və texnika elmləri doktoru, Dövlət Mükafatı laureatı, professor Telman Nizamov yaddaşımda xeyirxah və parlaq şəxsiyyətlər kimi qalmaqdadırlar.

 

Bir zamanlar AMEA-nın sabiq prezidentləri Fərəməz Maqsudov, Mahmud Kərimov və Akif Əlizadə ilə hələ onlar EA-nın prezidenti seçilməmiş ara-sıra görüşərdim. Onda Fərəməz müəllim hələ Riyaziyyat İnstitutunda, Mahmud müəllim AMEA-nın Radiasiya sektorunda, Akif Əlizadə İsə Geologiya İnstitutunda çalışırdı. Fərəməz Maqsudov və Mahmud Kərimovla AMEA-nın prezidenti seçiləndən sonra da dəfələrlə tədbirlərdə, hesabat yığıncaqlarında görüşərdük.

 

Mahmud müəllim əsl alim idi. Onun başında yalnız ixtiralar, kəşflər, yeni-yeni ideyalar dolaşırdı. O, dəyərli elmi yenilikləri, perspektivli tədqiqat işlərini həssaslıqla duyub qiymətləndirən istedadlı, saf bir elm adamı idi.

 

Uzun müddət Azərbaycan Ağsaqqallar Şurasının sədri olmuş, Coğrafiya İnstitutunun sabiq direktoru, mərhum akademik Budaq Budaqovu dərin hörmət və ehtiramla xatırlayıram. O, təmiz ürəkli, təvazökar bir alim idi. Sadə və zarafatcıl olması onu insanlara sevdirirdi.

 

Mənim tanıdığım alimlərin əksəriyyəti humanist və vətənpərvər insanlar idilər. Onlardan biri də Arif Şəfaət oğlu Mehdiyev idi. Arif Mehdiyevlə biz 90-cı illərin ortalarında tanış olmuşduq. O, Kosmik Tədqiqatlar İnstitutunda baş direktor vəzifəsində çalışırdı. Cenevrədə BMT-nin kosmosla bağlı bir iclasına sədrlik etmiş, yenicə geri dönmüşdü. Həmin iclas barədə bir informasiya hazırladım. Yazı "Xalq qəzeti"ndə dərc edildi. İllər keçdi, mən Arif müəllimin elmi-pedaqoji fəaliyyəti barədə bir neçə dəfə müxtəlif janrlarda yazılar yazdım. Və günlərin birində o, məni rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında işləməyə dəvət etdi. Mən altı ilə yaxın AAK-da müxtəlif şöbələrdə çalışdım.

 

Arif müəllim formanı deyil, məzmunu dəyərləndirən bir şəxsiyyət idi. O, mənə həddən artıq güvənir və etibar eləyirdi. Mən də axıradək onun etimadını doğrultmağa çalışdım. İşin incəliklərini öyrənən kimi, o, limitdən və növbədənkənar işlərin texniki ekspertizasını mənə həvalə etdi. Mən bütün təzyiqlərə baxmayaraq, işimdə sonadək obyektiv oldum.

 

Mən Arif müəllim dünyasını dəyişəndən az sonra təqaüdə çıxdım. O zaman AAK sədrini əvəz eləyən AMEA-nın müxbir üzvü Vəli Hüseynov qalıb işləməyimi istəyirdi. Lakin mən qərarlı idim. Düşünürdüm ki, 65 yaş təqaüdə getməyin əsl vaxtıdır.

 

Təqaüdə çıxandan sonra da boş dayanmadım. Uzun zaman idi ki, faydalı, praktiki əhəmiyyəti olan, enerjiyə və istehlak dəyərinə malik informasiyalar yayan bir qəzet açmaq arzusunda idim.

 

Hələ 1993-cü ildə bu qəzet üçün nəzərdə tutduğum materialların ilk nümunələri "Şans" başlığı altında "Xalq qəzeti"ndə işıq üzü görmüşdü. Sonra " Ruzu" qəzetini buraxdıq. Təqaüdə çıxandan az sonra bütün bunların davamı kimi "Eybisi" adlı sayt yaratdım. Vətən müharibəsində isə həmin saytın vasitəsilə informasiya savaşına qatıldım.

 

Nəhayət, gəldik çıxdıq başa... Mən bu illəri yaxşılıq eləməkdən, xeyirxahlıqdan ləzzət ala-ala yaşadım... Mənə dünyanın heç bir neməti kiməsə etdiyim ən xırda yaxşılıq qədər məmnunluq bəxş etməyib.

 

Tanrımız heç nəyi səbəbsiz, məqsədsiz yaratmayıb. İnsanları da həmçinin... Hər bir insanın həyatda öz yeri, öz missiyası var. Görəsən, mən qismətimdə olanları doğru-dürüst yaşaya bildimmi?! Demək çətindir...

 

1952-ci ildə, iyunun 1-də Ağdamın Zəngişalı kəndində dünyaya göz açdım. Gözlərimi harada, nə vaxt əbədi yumacağımı isə hamı kimi mən də bilmirəm. Təkcə onu bilirəm ki, mən öz həyatımı yaşadım...

 

 

Arif QULİYEV

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı

 

525-ci qəzet.- 2022.- 2 iyun.- S.12.