Fikrət Əmirovun "Min
bir gecə"si Bolqarıstanda səhnələşdirilib
Mayın
31-də Sofiya Opera və
Balet Teatrında Azərbaycan Respublikasının
Müstəqillik Günü
və Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
münasibətilə dahi
bəstəkar Fikrət
Əmirovun "Min bir
gecə" baleti tamaşaya qoyulub.
Bu barədə AZƏRTAC-a bildirilib
ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi
və Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun dəstəyi ilə keçirilən qala balet gecəsində
Azərbaycanın xarici
işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Bolqarıstan rəsmiləri,
bu ölkədəki diplomatik korpusun nümayəndələri, çoxsaylı
qonaqlar iştirak ediblər.
Gecənin açılışında çıxış
edən nazir Ceyhun Bayramov müsəlman Şərqində
ilk demokratik respublikanın
1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyəti olduğunu, 1991-ci ildə ölkəmizin müstəqilliyini
bərpa etdiyini və üç onillik ərzində böyük inkişaf yolu keçdiyini qeyd edib. O, Azərbaycanın
multikulturalizm ənənələrinə
hər zaman sadiq olduğunu və bu gün
nümayiş etdirilən
baletin də məhz Azərbaycan və Bolqarıstan sənətçilərinin birgə
layihəsi kimi multikulturalizm nümunəsi
olduğunu bildirib.
Nazir T.Gençovska
Azərbaycanı Müstəqillik
Günü və diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
münasibətilə təbrik
edib və balet qala gecəsinin
təşkilinin, eyni zamanda, mədəniyyət
sahəsində ikitərəfli
münasibətlərin inkişafına
töhfə olduğunu
bildirib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
100 illik yubileyini qeyd etdiyimiz Fikrət Əmirovun yalnız Azərbaycanın
deyil, bütün türk dünyasının
dahi bəstəkarı
olduğunu deyib, balet qalasının həm də türk mədəniyyətinin
təşviqi baxımından
əhəmiyyətini vurğulayıb.
Dirijor Eyyub
Quliyevin rəhbərliyi ilə Eldar Əliyevin xoreoqrafiyası əsasında
səhnələşdirilən baletdə bolqar
balet rəqqasları izləyicilərə
unudulmaz anlar
yaşadıblar.
525-ci qəzet.- 2022.- 2 iyun.- S.9.