"Əlyazmalar yanmır..."
Əvvəlcə isimlərdən başlayaq. Məlumdur ki,
isimlər həm də konkret və mücərrəd isimlər
olmaqla 2 yerə bölünür (hansı kontekstdə işlədilməsindən
asılı olaraq, onlara söz kimi də baxmaq olar).
Konkret isimlər o isimlərdir ki, onların bildirdiyi mənalar
məkandakı cisimlərə aid olur, yəni maddi,
gözönü səciyyə daşıyır. Məsələn,
"daş" sözü bizim gördüyümüz və
tanıdığımız bütün daşların
söz formasında işarəsidir, yaxud adıdır.
Mücərrəd isimlər isə ideal olan, məkan səciyyəsi
daşımayan, hətta xəyali obrazı yaradıla bilinməyən
anlayışlardır. "Vicdan" deyəndə biz enə, uzuna,
hündürlüyə, rəngə malik hansısa bir nəsnə
fikirləşə bilmirik, bu anlayışı bir keyfiyyət
kimi təfəkkürümüzün gücü ilə
açır və izah edirik.
Məndən soruşa bilərsiniz ki, bu məsələlər
hamıya məlumdursa, onları burada yada salmaqda məqsəd
nədir?
Məsələ
ondadır ki, elə isimlər, anlayışlar var ki,
onları tam mənada "konkret", yaxud "mücərrəd"
qəlibinə salmaq olmur, yəni onlar bu haçadan kənarda
qalırlar. Biz isə bunun fərqinə
varmır, yaxud özümüzü görməməzliyə
vururuq.
Məsələn, götürək belə bir ifadəni
- S.Rəhimovun "Mehman" əsəri. Gəlin bu
ifadəyə əvvəlcə konkret isimlərə
verilmiş tərif kontekstində baxaq.
"Əsər" sözü yaradıcılıq məhsulu
mənası verir. Deyək ki, əkinçi torpağa dən
səpir, əkininin qayğısına qalır, zəhmət
çəkir və sonda məhsul - sünbül yetişir və
biz də bu sünbülü görüb qətiyyətlə
deyirik ki, həmin sünbül əkinçinin əməyinin
məhsuludur.
Bu mənada ilk baxışda belə təəssürat
yaranır ki, "Mehman" əsəri dedikdə,
yazıçının kağız üzərində yazdığı
mətn, yəni onun əlyazması başa
düşülür - çünki həmin "əsərin"
gözümüzə görünən ilkin maddi variantı
budur.
Əslində belədirmi?
Məncə,
yox!
Bir az əvvələ
qayıdım və deyim ki, mən əsgərlikdə
padioteleqrafçı (radist) olmuşam və hər gün
yuxarı qərargahdan ötürülən mühüm məlumatları
qəbul edib qeydə alırdım, yəni onları rəqəm,
yaxud hərflərdən ibarət heç bir məna verməyən
gözönü mətn variantları şəklində
kağıza köçürür və dərhal xüsusi
kanalla öz qərargahımıza ötürürdüm.
İndi
soruşuram - yan-yana düzülmüş həmin rəqəmlərin,
yaxud hərflərin (məsələn, "afont", "100843", "fr61ce" və
s.) ötürdüyü informasiyanı əsl
informasiyanın özü, yaxud ən yaxşı halda onun
analoqu hesab etmək olarmı?
Əlbəttə,
yox! Çünki mahiyyət ötürülən informasiyanın məzmunundadır,
formasında yox! Kağız üzərindəki işarələr
isə həmin informasiyanın sadəcə kodlarıdır və
o kodları aşmasan, həmin informasiya da yoxdur!
Tam
aydınlıq üçün bir az da
xırdalayım.
Morze əlifbası dildə "ti" və
"ta" kimi tələffüz olunan səslərin hərf
və rəqəmlərlə qrafik işarələridir. Amma bu işarələrlə
onların bildirdiyi səslər arasında heç bir əlaqə,
birbaşa bağlılıq yoxdur. Elə hər bir
xalqın ana dilinin əlifbasında da belədir, məsələn,
"a" hərfinin bildirdiyi səsə
oxşarlığı barədə danışmaq absurddur. Məlumdur ki, morzedəki səslərin nöqtə
və tirelərdən ibarət digər işarələri də
var, sadəcə onları kağza köçürmək
vaxt baxımından əlverişli olmadığına
görə hərf və rəqəmlərə
üstünlük verilir (müqayisə üçün deyim
ki, 3 rəqəmi ti-ti-ti-ta-ta səslərini bildirən... -
işarələrin əvəzedicisidir, yəni bu işarələr
2-ci dəfə 3 rəqəmi ilə işarələnib).
Bütün bu deyilənlərdən sadə üsulla belə
nəticə çıxarmaq olar ki, ilkin mərhələdə
morze işarələri müxtəlif kombinasiyalarda
"ti" və "ta" səslərindən başqa
heç nəyi bildirmir.
Amma həmin
"ti" və "ta"ların
çatdırdığı ötürülən
informasiyanın özü deyil axı! Bu səslərin
və onların işarələrinin nəyi bildirdiyini anlamaq
üçün "açar" lazımdır və
yalnız onun köməyi ilə həmin o işarələr
nə isə deyir, ötürür.
Eyni sözləri sözügedən povestin orijinalı,
yəni əlyazması, yaxud onun surətləri, yəni
çap variantları barədə də demək olar. Cümlələri
təşkil edən sözlər əslində hansısa
anlayışların "qabığı" - yəni ifadə
formasıdır və yazıda istifadə olunan sözlər
o sayda da anlayışları bildirir. Amma
bizim bu anlayışlardan çıxış etməyimiz yenə
də ötürülən informasiyanı
bütünlüklə anlamağa kifayət etmir - bunun
üçün müəllifin yazdıqları ilə yazmadıqlarını,
lakin yazdıqlarından alınan yazılmamış mənaları
bir yerdə, vəhdətdə götürmək
lazımdır. Başqa sözlə,
işarələrin bizə birbaşa
çatdırdığı informasiyadan başqa bizim
özümüzün çıxardığımız
informasiyanı, yazılmadığı halda mövcud olan
informasiyanı da qəbul etmək lazımdır. Adına "əsər"
dediyimiz şey də əslində elə budur, yəni
kağız üzərindəki işarələrə istinadən
oxucunun çıxardığı nəticədir,
aldığı informasiyadır. Deməli,
kağız üzərində qeydə alınıb bir-biri ilə
hətta leksik, semantik, qrammatik qaydalarla bir-birinə
hörülmüş sözlər, cümlələr -
bütün mətn əslində yazıçının
çatdırdığı informasiyanın özü yox,
kodlarıdır. Əgər belədirsə,
biz hansı əminliklə deyə bilərik ki, o, məsələn,
"Mehman" əsərinin özüdür?!
Söz sənəti
sahəsində yaradılan əsərlər əslində oxucunun
oxuduğu mətndən aldığı informasiyadır, bu
informasiyanın onun beynində yaratdığı vizual
lövhələrdir - o, əsəri oxuduqca obrazlar,
situasiyalar, təsvirlər onun şüurunda vizuallaşır
və fikrimcə, əsər dediyimiz şey də elə bu əsasda
formalaşır. Həmin informasiyanın isə
limiti yoxdur - hər oxucu öz intellektual səviyyəsindən,
oxu mədəniyyətindən asılı olaraq oxuduğundan
müəyyən dozada faydalanacaq və əgər belədirsə,
biz hətta bədii əsər anlayışının yeni
keyfiyyəti - onun amorf xarakterdə olması barədə
gözlənilməz nəticəyə gəlirik. Əsər barədə fikirlərin çox vaxt
üst-üstə düşməməsi, deyək ki,
hansısa bir obrazın ayrı-ayrı oxucuların təsəvvüründə
müxtəlif qiyafədə zühr etməsi də elə
bundan irəli gəlir.
Amma
iş bununla bitmir. Məsələ burasındadir ki, biz
sözügedən ifadəni tam mənada mücərrəd
ifadə kimi də səciyyələndirə bilmirik,
çünki mücərrəd olan şey konkret məkan və
zamanda reallıqla əlaqəsi olmayan şeydir və əgər
biz desək ki, "Mehman" povesti kağız üzərində
əks olunmuş sözlərin, cümlələrin bizə
çatdırdığı informasiya, kağız üzərindəki
şifrələri açarkən gözlərimiz
qarşısında canlanan lövhələrdir, yenə də
çaşıb qalacağıq - bir şey ki, gözlərimiz
qarşısında canlanır (xəyali şəkildə
olsa belə) onu necə mücərrəd adlandırmaq olar?
Axı mücərrəd şey heç vaxt gözönü
obyekt kimi görə bilmədiyimiz şeylərdir və biz
onun xəyali obrazını da görə bilmərik (məsələn,
"yaxşı" sözünün ötürdüyü
informasiyanı xəyalda konkret olaraq canlandıra bilmədiyimiz
kimi).
Söhbətin predmetini bədii ədəbiyyatdan musiqi sənətinə
keçirdikdə məsələ daha da qəlizləşir. Məsələn,
"Qara Qarayevin 2-ci simfoniyası" mücərrəd
isimdir, yoxsa konkret? Məsələyə əsərin
kağız üzərindəki not yazısı -
partiturası müstəvisində baxsaq, guya konkret isimdir,
çünki bu əsərlə bağlı gözlərimiz
qarşısında canlanan yeganə konkret nəsnə - bu not
yazılarıdır. Amma bu partituranı
notun dilini bilməyən milyonlarla insan vərəqləsə
də, məzmun planında heç bir konkret informasiya
almayacaq, heç cür izah edə bilməyəcək ki, bu
konkret partituranın arxasında dayanan, onun bildirdiyi real şey
nədir. Onda belə çıxır ki,
bu simfoniya Q.Qarayevin ideyasının ideal formada təzahür
edən nəticəsidir - yəni mücərrəddir.
Amma bir
şey ki, dirijor tərəfindən şifrələri
açılıb ifa olunarkən bizim duyğu üvzlərimizə
təsir edir, deməli, o, təcrübəmizdən kənarda
da deyil, eşitmə resiptorlarını
qıcıqlandırmaq gücündədir, yəni həm də
konkretdir!..
Burada çox incə və maraqlı bir məqam da var -
mürəkkəb quruluşa malik simfonik əsərlərin
"klavir" adlanan başqa bir nüsxəsi də olur. Klaviri partituradan fərqləndirən
əsas cəhət odur ki, burada əsərin məzmunu
kağız üzərinə fortepionada ifa olunmaq
üçun fortepiano "açarı" ilə
köçürülür, yəni hər sətrin əvvəlində
şifrələri açmağın yolu göstərilir.
Diqqət edin - söhbət 1 əsərdən getdiyi halda biz
artıq onun keyfiyyətcə 2 müxtəlif nüsxəsindən
danışırıq!!!
Aydınlıq üçün daha bir analogiya aparaq.
Bəzi tədqiqatçıların,
deyək ki, 30-40 il əvvəl baş
tutmuş teatr tamaşaları barədə məqalə
yazmalarına, həmin tamaşaları təhlil edib müəyyən
elmi qənaətlərə gəlmələrinə mən həmişə
təəccüblənmişəm. İlk növbədə
ona görə ki, incəsənətin bu növünün
özünəməxsus məkan-zaman koordinatları var. Belə
ki, tamaşa başlayandan onun bitməsinə qədər
şərti olaraq onun zamanda əriməsi adlandırıla bilən
bir proses baş verir - tamaşanın hər epizodu, hər ən
xırda detalı belə saniyəbəsaniyə doğulur və
elə həmin andaca yoxa çevrilir, ölür. Bu mənada incəsənət növlərinin ən
"bəxtsizlərindən" hesab oluna bilən
tamaşanı musiqi əsərləri ilə də müqayisə
etmək olar. Hərçənd musiqi əsərlərindən
fərqli olaraq teatr tamaşaları təkcə zamanda yox, həm
də məkanda mövcuddur. Di gəl, bu məkan
tamaşanın oynanıldığı vaxtdan keçən
zamanın üstündən aşıb heç cür indiyə
daxil ola bilmir - bunun üçün o,
mütləq lentə alınmalıdır. Yəni
tamaşanı bədii informasiya, tekst kimi qavramaq
üçün ona mütləq baxmaq lazımdır.
Çünki dialoqlar və monoloqlar üzərində
qurulmuş radio tamaşalarını çıxmaq şərti
ilə teatr tamaşaları vizual sənətdir və
dekorasiyalardan, personajların geyimindən tutmuş onların
jest və mimikalarına, nitqlərinin intonasiyasına qədər
hər şey yaradıcılıq məhsulu, incəsənət
əsəri kimi onun bədii-estetik dəyərini, hətta
mövcudluğunu şərtləndirən amillərdir.
Bəs necə olur ki, tədqiqatçı bütün
bu sadalananları görmək, yaxud eşitmək şansı
olmadığı halda tamaşa haqqında yazmağa, hətta
fikir yürütməyə cəsarət edir?
Təbii
ki, özünə qədər yazılanlara, deyilənlərə
istinad etdiyinə görə!
Amma bu platformadan çıxış edib tamaşanı
qiymətləndirmək ən yaxşı halda absurddur. Çünki həmin deyilənlər
və yazılanlar hansısa zaman kəsiyində hansısa
estetik təmayülün təsiri altında formalaşan
subyektiv fikirlərdən o yana keçmir -
hətta onları deyənlər, yazanlar öz dövrlərinin
tanınmış simaları olsalar belə!
Onda belə
çıxmırmı ki, məsələn, 15 il əvvəl
oynanılan tamaşa əgər lentə alınmayıbsa,
onun heç yeganə nüsxəsi də yoxdur (yəni doğuluş
anı başa çatan kimi o, yox olub).
Deməli, tamaşa onu görənlərin yalnız
yaddaşında yaşayır. Yaddaşa isə etibar
yoxdur. Onu görməyənlər üçün isə
o, ümumiyyətlə, mövcud deyil!
Bütün
bu deyilənlərdən belə çıxmırmı ki,
haqqında söhbət açdığımız isimlərin
konkretliyini, yaxud mücərrədliyini "konkret" və
ya "mücərrəd" qütblərində yox, bu iki qütb
arasındakı şkalada axtarmaq daha məqbuldur?!
Deyəsən,
biz gəlib qeyri-səlis məntiqə çıxdıq,
axı...
Amma hələlik
bu qədər...
(Ardı var)
Əlisəfdər HÜSEYNOV
525-ci qəzet.- 2022.- 3 iyun.- S.15.