Könüllərdə əbədi taxt quran Şair
5 iyun 1908-ci il
tarixindən indi 114 il keçir. Bu tarix adi günlərdən
biri də ola bilərdi.
Əgər "Yenə o bağ
olaydı" şeiri
ilə könülləri
fəth edən, arzuları qəlbində qalmağa məhkum olan, "Ah, mən gündən-günə bu
gözəlləşən İşıqlı dünyadan
necə əl çəkim?" misraları
ilə insanları hüznləndirən parlaq
bir imzanın - unudulmaz şairimizin dünyaya göz açdığı gün
olmasaydı. Kimdir gənc
şair? Necə adını
tarixə yazdı?
Niyə əsla unudulmur? Böyükdən-kiçiyə hamımız onu
niyə sevirik? Cavab çox sadədir: Mikayıl Müşfiqdir O!
Cavabı
oxuyarkən istər-istəməz
adam gülümsünür.
29 il yaşadı.
Amma necə yaşayıb qəlblərdə taxt qurdusa, cismən yanımızda olmasa da, ruhən onu hələ də yaşadırıq.
Xəzər dənizinə ən çox nə qədər baxa bilirsiz? 5-10 dəqiqə?
1 saat? Mən isə
5 dəqiqəni tamamlaya
bilmirəm. Halbuki doğma
Xəzərimi çox
sevirəm. Amma keçmişdə
qəddar rejim tərəfindən dəhşətlər
içində, haqsızcasına
gülləbaran edilmiş
Müşfiq kimi ziyalılarımızın bədəninə
qucaq açıb Ana Xəzər. Bədəni
Xəzərin sularına
qarışıb, yox
olub. Mən hər Xəzərə
baxanda repressiya illərini xatırlayıram.
Hüzn bürüyür daxilimi.
Bir məzarı belə çox gördülər
o dəyərli insanlara.
Getməli olduğumu bilə-bilə, Bakıda yerləşən "Siyasi
repressiya qurbanları muzeyi"nə baş çəkməyə ürək
eləmirəm... Yaddaşlarda
iki qaşını çatmış, kəskin
baxışlarıyla, üstü-başı
tozlu və yaxasında 1109 rəqəmləriylə
qalan Mikayıl Müşfiq... O, adi insan, milyonlarla gəncdən biri deyildi. Böyük istedad sahibi
bir şair idi. Bəs kim o gəncin
yaxasına ölümün
iti caynaqlarının
keçməsinə səbəb
oldu? Sapı özümüzdən olan baltalar? Sovet rejimi? Axı niyə? Mən özümü
dərk edəndən
bu suallara cavab axtarıram.
Həmin dövrdə xalq olaraq bizi məhv
etmək istəyirdilər. Milli kimliyimizi,
adət-ənənələrimizi, musiqimizi, ədəbiyyatımızı
və mədəniyyətimizi
silməyə çalışırdılar.
Bu yolda maneə
kimi gördükləri
hər kəs repressiya olunurdu. Ölməz Şairimiz Müşfiq də amansız repressiyanın qurbanına
çevrildi.
Yazdığı bir-birindən qiymətli, unudulmaz şeirləri ilə qəlbimizi fəth edən Mikayıl Müşfiqin acısı hər zaman ruhumuzu sızladır və sızladacaq. Qısa ömür yaşamış
gənc şairin öz həyatına 10 şeirlər kitabı sığdırmasına bu
gün təəccüblənməyə
bilmirik. İnsan
özündən asılı
olmayaraq düşünür: "Gör
60-70 yaş yaşasaydı
nələr yazıb,
yaradardı. Yaşasaydı..."
Müşfiqin dahiyanə şeirləri təmiz Azərbaycan türkcəsi ilə bəzənib. Müşfiqin şeirlərində yüksək həyat eşqi, sevginin möhtəşəmliyi insan
ürəyində fərqli,
qəribə hisslər
bəsləməyinə səbəb
olur.
O sanki hiss edirdi. 1935-ci il idi. Amma ruhu qarşıdakı əzablı günləri duymuşdu, gələn fəlakətdən xəbərdar idi:
... Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan
necə əl çəkim?
Müşfiq özü ilə
pıçıldaşaraq danışdığı mövzuları
kiminləsə bölüşmək
istəyirdi:
Mənim
könlüm deyir ki,
hələ bunlar nədir ki...
Böyük günlər, şanlı
günlər, şən
günlər,
yoluna düşən
günlər
hələ qarşımızdadır!
Məhəbbəti, həyat eşqini
Müşfiqdən öyrənmişəm mən. 11
yaşım var idi onun şeir kitabını
əlimə alanda. Hazırda 20
yaşım var və mən hər gün öz rəfimə
yaxınlaşıb, "Müşfiq
kolleksiyası" adlandırdığım guşəmdən
bir kitabı ehtiramla götürüb vərəqləyirəm.
Köhnə və yeni nəşr, fərq
etmədən, kitablarını toplayıram. Yolum
tez-tez kitabxanalardan keçir. Və hər gedişimdə Müşfiqin kitablarının olduğu cərgəyə
yaxınlaşır, dəfələrlə vərəqlədiyim
həmin kitabları əlimə alır, bir
küncə çəkilirəm. Artıq kitabxana
işçiləri məni hər görəndə "Müşfiqin qızı" gəldi deyirlər.
O qədər içimi titrədir ki bu xitab
mənim! Elə bir gün
yoxdur ki, hansısa şeirini oxumayım. Hər il
doğum gününü
ruhən, qəlbən bizimlə qeyd edir Müşfiqimiz! Həyatdan
nakam gedən, arzusu
ürəyində qalan, xatirələrdə
yaşayan Şairim əsla
unudulmur. Müşfiqsevərlərin sayəsində
hər şeiri oxunanda
daim nəfəs alır, adı çəkiləndə
gülümsünür. 114-cü
yaşın qutlu olsun,
könüllərdə əbədilik taxt
quran Şairimiz!
Nigar Rüstəmzadə
525-ci qəzet.- 2022.- 3 iyun.- S.14.