Bədii düşüncə imkanlarının özünəməxsusluğu  

 

AFAQ MƏSUDUN ƏDƏBİYYAT TARİXİNDƏKİ PROFİLİ ÜZƏRİNƏ

 

 

3 iyun Azərbaycanın görkəmli ədibi, çağdaş ədəbiyyatımızda xüsusi yer tutan Afaq Məsudun doğum günüdür. 65 yaşının tamam olması münasibətilə Xalq yazıçısı Afaq Məsuda səmimi təbriklərimizi, xoş arzularımızı ünvanlayır və professor Bədirxan Əhmədlinin onun yaradıcılığı barədə yazısını təqdim edirik.

 

Afaq Məsud ən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun ədəbi yaradıcılığı nəsr, dramaturgiya, esse, tərcümə sahələrini əhatə edir. Yaradıcılığında lirik-psixoloji üslub, psixologizm və ekzistensializm elementlərinə geniş yer verilir. Bəzi əsərlərində ("Suiti") postmodernizmin təzahürlərinə də rast gəlmək olur.

A.Məsud bir ədəbiyyatşünas və yazıçı ailəsində anadan olduğundan ədəbi mühitə tez daxil olmuş və tələbəlik illərindən yaradıcılığa başlamışdı. İlk hekayələr kitabına yazıçı Süleyman Rəhimov "Yaradıcılıq baharı" adlı uğurlu yol yazır və gənc yazıçının gələcəyi ilə bağlı nikbin fikirlər söyləyir. İlk hekayələrindən A.Məsud bədii nəsrdə öz yolunu seçməyi üstün tutdu. Əsərlərində ailə-məişət mövzularını psixoloji üslubda cəmiyyət kontekstində bədii təhlilə cəlb edirdi. Bəzən bu təsvirlər cəmiyyətin tərkib hissəsi olan ailənin təsviri fonunda verilirdi. Həm də bu hekayələrdə ilk bədii portretlərini yaradır. Onun bədii portretlərində psixoloji üslub başlıca yer tuturdu. "Həsən əmi" hekayəsində eyniadlı adamın özünəməxsus portreti yaradılır. Bu, həm də cəmiyyətin problemi idi. Yəni bu obrazla cəmiyyətdəki problemləri və ziddiyyətləri verməyə çalışır. Hekayədə Həsən əminin evdə yaratdığı cansıxıcı münasibət təsvir olunur; bu münasibət nəticəsində evdəkilərinin heç birinin azadlığı yoxdur. O, ailənin içində belə bir vəziyyət yaratmaqla yanaşı, onu ətrafdan da təcrid edir, heç kim evdən kənara çıxmır və münasibət saxlamırdı, hərə öz otağına çəkilib işi ilə məşğul olurdu. Ailənin uşaqlarından biri Azərin atası Həsəni boz rəngdə görməsi ümumən yazıçı fikrini tamamlayır.

 

A.Məsudun "Qonaqlıq", "Bekar", "Telefonda işıq", "Üçüncü mərtəbədə", "Oğru", "Ədalət", "Tək", "Uydurma", "Sərçələr", "Dovşanın ölümü", "Su" və sair hekayələrində də cəmiyyətin ayrı-ayrı problemləri təsvir edilir. Gənc ailənin müsibətləri ("Qonaqlıq"), həyatı və ailə səadəti puç olan Oqtayın taleyi ("Üçüncü mərtəbədə"), oğlanın telefonda təsadüfən tanış olduğu qızla gözlənilməz macəraları ("Telefonda işıq") və s. hekayələrində cəmiyyət üçün olduqca vacib problemlərə toxunurdu. Xüsusilə, "Üçüncü mərtəbədə" hekayəsində Oqtayın psixoloji portreti hadisələrin və cəmiyyət problermlərinin açılmasını şərtləndirir. O boyda şəhərdə Oqtay özünü tək-tənha hiss edir. Hər gün tək-tənha eyni küçələri gəzərək divarda vurulmuş qəzetlərdəki başsağlıqlarını oxuyur. Bu, onun gündəlik işi idi, həm də bu yas yerlərinə getməklə özünü ayaqda saxlayırdı. O fikirləşir ki, bir gün ölsə, kim başsağlığı verəcək və kimə verəcək. O, özünü dilənçi, əyyaş, avara biri hesab edirdi. Lakin hadisələrin düyünü Oqtayın özü də bilmədən keçmiş həyat yoldaşı Ceyranın yas yerinə gəlməsi ilə açılır. Yazıçı Oqtayı fiziki cəhətdən yox, mənəvi cəhətdən öldürməyi üstün tutur; hər şeyini - arvadını, qızını, dostlarını, qohumlarını, insanlığını, hətta beyninin qüvvəsini itirən Oqtay cəmiyyət üçün mənasız bir adama, səfilə çevrilmişdi.

 

"Tutuquşu", "Yataqxana", "Şənbə gecəsi" hekayələrində də təsvir olunan hadisələr dörd divar arasında baş verir. Bu əsərlərin hər birində insan xarakterinin yeni cizgiləri ilə tanış oluruq. Yazıçı insan psixologiyasının dərin qatlarına enir; bədii araşdırma metodu ilə əsərdə qoyduğu ideyanı obrazlar vasitəsilə inkişaf etdirir. Bu cəhətdən yazıçının hekayələri həmin dövrdə yazılmış hekayələrdən fərqlənir. A.Məsud hekayələrində bədii düşüncənin formal prinsiplərinə çox zaman əməl etmirdi.  "Sərçələr" hekayəsində yazıçı gündəlik problemlərdən bezib cana doymuş Ananın obrazını yaradır. Ana doğma evini, övladını tərk edərək sərçələrlə birgə uçub gedəndə, səmavi kitablardan birində yer almış bu kəlam yada düşür: "Uçub gedir, amma hara uçduğunu heç kəs bilmir..."

 

"Gecə" hekayəsi tək-tənha qalmış qoca ər-arvadın ömrünün son saatlarından bəhs edir. Yazıçı onları faktiki bəşəri tənhalıqla üz-üzə qalmış insanlar kimi təqdim edir. Zaman onların xeyrinə işləmir, onları udmaqla hədələyir, lakin qocalar bir-birinə dəstək verərək sona çatmaqda olan sevgi işığında həyat uğrunda çarpışırlar. Hekayədən çıxan nəticə düşündürücüdür: "Dünyada hər şey əbəsdir. Əbəsliyin özü belə əbəsdir".

A.Məsud hekayələrinin təsvir obyektlərindən biri də təkliyin faciəsi və onun yaratdığı mənəvi fəsadlardır. Təklik onun bir çox əsərlərində boy göstərir; daha doğrusu, yazıçı hadisələrin təsvirindən daha çox, hisslərin təsvirinə yer verir. Bu mənada "Tək" hekayəsi hisslərin süjeti baxımından çox maraqlıdır. Yazıçı özü də bir neçə müsahibəsində "hisslərin süjeti"ni yazdığını bildirib.

 

A.Məsud hekayələrinin qəhrəmanlarının əsas xüsusiyyətlərindən biri onların daxili dramatizmidir. Onun qəhrəmanları daim düşünür, fikirləşir, özünəməxsus daxili dünyaları var. Əslində bu daxili dünyaların təsviri cəmiyyətin və müasir dünyamızın qlobal problemləridir. Yazıçı üzdə olan konfliktdən, hadisələrin təsvirindən şüurlu şəkildə qaçır, vurğunu daha çox daxili hərəkətə, düşüncəyə fikir verir. Ömrü boyu axmaq hərəkətləri, danışdığını bilməyən "Gün" hekayəsinin qəhrəmanı da belələrindəndir. Qəhrəman müəyyən bir yaşa gəldikdən sonra, nəhayət, başa düşür ki, həyatda işinin düz gətirməməyində onun xarakterinin rolu vardır. Çünki bunu öz hərəkətləri ilə haqq edib: gah qonşunun toyuğunu oğurlamış, anasının üzüyünü satıb pul edib, atasının cibindən tapdığı sevgi məktubunu anasına verərək evdə qalmaqal yaradıb. Bu cür qeyri-standart davranışlar onun yaşadığı həyatı da çətinləşdirib.

 

A.Məsudun ən yaxşı hekayələrindən biri "Dovşanın ölümü" həcmcə kiçik olmasına rəğmən, məna və mahiyyət baxımından olduqca uğurludur. Yazıçı hekayənin konfliktinə "həyat-ölüm" antitezisini qoymuşdur. Bu məşhur tezis dünya ədəbiyyatının bir çox əsərlərində öz əksini tapır. Lakin yazıçı burada konflikti həmişə olduğu kimi, adi məişət hadisəsi fonunda təsvir edir və hadisəyə çevrilən dovşanın ölümünü göstərməyə nail olur. Bir ailə üçün dovşanın ölümünün ağrıları təsirli təsvir olunur. Yazıçı maraqlı həyat dramını özünəməxsus şəkildə dovşana münasibətdə əks etdirir. Dovşanın ölümü burada güzgü effekti doğurur. Qeyd etmək lazımdır ki, ölüm-həyat tezisi A.Məsudun "Qarğış", "Dəfn", "Azadlıq" romanları üçün də əsas olur və yazıçı ölümün arxa planında cəmiyyətdəki ictimai və fərdi mürəkkəblikləri təsvir edir.

 

A.Məsud hekayələrini daha çox hadisələr üzərində deyil, təfərrüatlar, detallar üzərində qurur. "Tutuquşu", "Mədəd", "Öldürdülər" hekayələrində istedadla professionallıq paralel iştirak edir. İnsan münasibətlərinin ("Mədəd"), "ölüm kabusu"nun ("Öldürdülər"), ömrünün son günlərini yaşayan qoşa cütlüyün duetinin ("Gecə") təsvirinin açılması yazıçının hekayə yaradıcılığının çoxspektrli mahiyyətini aydın ifadə edir. Əsas motivi tənhalıq olan "Tutuquşu" hekayəsində isə dörd divar arasında oturub qonşuların divarların arxasından gələn səslərə qulaq asmaqla məşğul olan yaşlaşmış İnci qarının  yaşantıları təsvir edilir.

 

A.Məsud ilk hekayələrindən başlayaraq ənənəvi nəsr dili ilə deyil, yeni nəsr texnologiyası tətbiq edir; mövcud nəsr sintaksisini qırıb atır və yeni təhkiyə tərzi qurmağa çalışır.

 

Onun 70-ci illərdə çapdan çıxan "Qarğış" povesti dərhal tənqidə məruz qalır. Gənc yazıçı üçün o qədər də xarakterik olmayan bu üslub müxtəlifliyini tənqidçi bir qədər də qəzəblə qarşılamış və əsərdəki başlıca məziyyətini yazıçının həyat qavrayışının subyektiv-psixoloji təbiəti ilə əlaqələndirmişdi. Bu məqalədən sonra yazıçı İ.Əfəndiyev gənc yazıçının istedadını yüksək qiymətləndirdi. Bu, həm də tənqidçiyə cavab idi. A.Məsudin "Qarğış" povestində də hadisələr mikromühitdə cərəyan edir; lakin burada yazıçı insan xarakterinin bütün tərəflərini göstərməyə nail olur. Bu əsər nəşr edilərkən ədəbi tənqid onu həyat qavrayışının subyektiv psixologizm üzərində qurulduğuna görə tənqidə məruz qoymuşdu. Bu da təsadüfi deyildi, çünki ədəbiyyat sosrealizmin şinelindən hələ tam olaraq çıxa bilməmişdi. Ara-sıra bu çərçivədən çıxan yazıçılar isə ideoloji tənqidə məruz qalırdı. Halbuki əsərin üstün cəhətlərindən biri elə hadisələrin psixologizm kontekstində təsvirindən ibarət olması idi.

A.Məsudun hekayələri təkcə bu janrı mövzu və problematika baxımından zənginləşdirmədi, həm də canlı dili, sənətkarlığı, dialoq və daxili monoloqları, gözlənilməz ifadə imkanları ilə yeniləşdirdi və onu yeni mərhələyə daxil etdi. Onun hekayə qəhrəmanlarının hamısı yeni cəmiyyətin adamlarıdır; çoxu ehtiyac içində çabalayır, yaxşı həyat yaşamır, soyuqdan, iztirabdan əziyyət çəkir, sevgisizlik, qayğısızlıq girdabında boğulur. Lakin onların əksəriyyəti çırpınır, mövcud vəziyyətlə barışmaq istəmir və ən əsası azadlığa can atırlar.

 

"Üzü işığa" povestində də ömrünü iztirabla keçirən Ananın obrazı yaradılır. Ümumiyyətlə, A.Məsud nəsrində onun qadın qəhrəmanları daha çox məhrumiyyət və üzüntülərlə təsvir edilir.

 

"Cəza" povestində yazıçı daha ağır problemlər qoyur; hadisələr ailə-məişət çərçivəsində (bu xüsusiyyət yazıçı yaradıcılığında xüsusi önəm daşıyır) təsvir olunsa da, insanın təbiətə, el-obaya münasibəti kontekstində ictimai məzmun daşıyır. Anasının şəhərə oxumaq üçün yola saldığı oğul onu yaddan çıxarır. Bu cəhətdən əsər Ə.Kərimin "Qaytar ana borcunu" şeirindəki problemlə səsləşir. Anasının oxumaq üçün göndərdiyi oğul oxuyub bitirdikdən sonra kəndə qayıtmır. Nəinki qayıdır, hətta anasını belə yaddan çıxarır, öz borcunu hər ay ona pul göndərməklə bitmiş hesab edir. Şəhərdə vəzifə sahibi olsa da, anasını, doğulduğu kəndi yaddan çıxarır. Nəhayət, anası dünyadan köçdükdə onun dəfninə gedir. Dəfndə o, yad adam kimi iştirak edir. Yazıçı burada rəmzləşdirməyə gedir. Oğul həyətdə gəzişəndə vaxtilə həyətlərində olan quyunu axtarır. Quyu burada simvolik məna daşıyır; onu unudanları udmağa məhkumdur. Oğul quyunun yerini unutduğundan quyuya düşüb ölür. Bu ölümün də simvolik mənası vardır. Əslində Oğul Ana üçün, elə oba üçün çoxdan ölmüşdü.

 

A.Məsud yaradıcılığının ən məhsuldar dövrü müstəqillik mərhələsidir. Bu dövrdə yazıçı özünün bir çox romanlarını yazdı və həm də bir dramaturq kimi tanındı. A.Məsudun romanları sosrealist romanları kimi irihəcmli deyil, yaxud böyük konfliktlər qoyulmur. Burada da yazıçı yeni yolla gedərək, necə deyərlər, özünün yeni roman tipini yaradır. Onun ilk romanlarından biri "Yasaq yuxular" adı altında çap olunan "Azadlıq" romanıdır. Müəllif esselərində, hekayələrində müxtəlif vasitələrlə təsvir etdiyi azadlıq duyğularını bu dəfə yuxu formasında verməyə çalışır. Əslində azadlıq ruhu yazıçının özünün və qəhrəmanlarının daxilindədir. Burada isə həm də romanın adında təzahür etmişdir. Əsərə sonradan qoyulan azadlıq adı da təsadüfən seçilmir. Yazıçı 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində cəmiyyətin azadlığa can atması və bu zaman yaşadığı prosesləri və problemləri göstərmək istəyir. Romanın yaxın dövr hadisələrindən bəhs etməsi şahidi olduğumuz hadisələrin təsvirində bəzən bizə təhrif kimi də görünə bilər. Çünki yazıçının özünün hadisələrə baxışı fərqlənir. Ancaq ümumilikdə xalqın azadlığa canatışını, ürək çırpıntılarını, mübarizəsini təsvir edir.

 

Əslində bu roman həm o zaman, həm də indi oxunanda daha çox siyasi-ictimai məsələlər önə çıxır; lakin romanın ən dərin qatında mənəvi eybəcərlik probleminin qoyulması əsərin məzmununu dolğunlaşdırır. Burada Azadlıq yazıçı üçün, S.Rüstəmxanlının dediyi kimi,  "bəzən yuxu, bəzən isə sərçələrə qoşulub getməkdir". Olsun ki, zaman keçəcək, yaxın tarixin hadisələrindən bəhs edən bu roman siyasi gözlüklə deyil, bədii baxımdan dəyərləndiriləcək. O zaman romanın alt qatında olan mənəviyyatsızlıq sindromuna diqqət yetiriləcək.

 

A.Məsud yaradıcılığında postmodernizm elementləri də xüsusi yer tutur; lakin bu "izm" onun əsərlərinə yeni ştrixlər gətirir. Obrazların yaradılmasında, təsvir üslubunda da bu "izm"in izlərini görmək olar. Bu cəhətdən "Suiti" romanı təqdirəlayiqdir. Romanda xarakterik portret obrazlar yaradılır və ustalıqla postmodernizm elementlərinə müraciət edilir. Yazıçı bu yolla insanın iç dünyasına daxil olur, təkcə daxil olmur, bizim hər birimizin yaşadığımız cəmiyyəti özümüzə göstərir.

 

"Suiti" romanınında çağdaş Azərbaycan cəmiyyətinin yeni baxış bucağı ilə qarşılaşırıq. Onun həyata, cəmiyyətə, insanlara məmur obrazı prizmasından baxması bu baxış bucağını zənginləşdirir. O, tənhalıqdan, öz-özü ilə qalmaqdan qorxur, heç yerdə özünə yer tapa bilmir, hətta həmişə dərdləşdiyi professor tərəfindən yaxşı qarşılanmır. Bu hadisələr onun sonrakı həyatına təsir edir, buradan təcili şəkildə getməni düşünür və hər şeydən baş götürüb qaçaraq dünyanın ən səssiz qatına enir. Yazıçı bunu çevrilmə kimi verir; suyun dibinə enən qəhrəman suitilərin arasında ölümə qucaq açır.

 

A.Məsud həm də çağdaş dramaturgiyanın ən məhsuldar nümayəndələrindən biridir. Onun "Duyğular imperiyası", "Can üstə", "Qatarın altına atılan qadın" dramları bədii strukturu, personajları və xarakterləri ilə diqqəti cəlb edir. O, dramaturgiyaya bir yazıçı kimi məşhurlaşdıqdan sonra müraciət etmişdir. Əslində yazıçının bədii nəsrində yaradıcılığının lap əvvəlində dramatik hadisələrin təsvirinə geniş yer verilirdi. Bu cəhətdən yazıçının nəsrdən "transfer" etməyinin səbəbləri (müasirlik, miqyas genişliyi, ümumbəşərilik, hadisələrin və təfərrüatın ideya-məramına, məfkurəsinə xidmət etməsi, təhkiyənin dramatizmi, simvolizmi və informativ-estetik yüklülüyü və s.) tamamilə təbiidir. Onun yaradıcılığına məxsus səciyyəvi olan cəhətləri bədii nəsrdəki özünəməxsus axtarışların burada da davam etdirir.

 

A.Məsudun dramaturgiyasında nəsrində olduğu kimi, psixologizm və sosial problemlər başlıca yer tutur. Əlbəttə, yazıçının dramaturgiyaya müraciət etməsi ağlına belə gəlmirdi: "Düzü, heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Nəsrdən hadisəliliyi sevən teatr sənətinə keçid bir o qədər də asan başa gələn məsələ deyil". Maraqlıdır ki, onun ilk dram əsərləri də elə nəsrin dramaturgiyaya çevrilməsidir. "Can üstə" hekayəsində Sovet dövründə yaşayan bir qoca kişinin canvermə prosesinin təsviri ilə cəmiyyətin, quruluşun (Sovet hökumətinin) canvermə prosesini göstərirdi. "Yuğ" Teatrının bədii rəhbəri Vaqif İbrahimoğlu hekayəni oxuduqdan sonra yazıçıdan səhnələşdirilməsini istəmişdi. Rejissor A.Məsudun "Can üstə" hekayəsində olan psixoloji dramatizmi sezmişdi. Beləliklə, iki hissəli "Can üstə" pyesi ilk səhnə əsəri oldu. Bundan sonra dramaturq daha bir neçə pyes yazmış və bu əsərlər müxtəlif teatrlarda tamaşaya qoyulmuşdu.

 

"Can üstə" ikihissəli müəmmalı qətl hadisəsi üzərində qurulan əsərdə cəmi doqquz personaj iştirak edir. Bu personajlardan demək olar, yarısı o dünyanın adamlarıdır. Dramaturq burada iki dünyanın insanlarını və onların həyatını qarşılaşdırır. Müəmmalı qətl hadisəsində iştirak edənlər cəmiyyətin müxtəlif təbəqələrini əhatə edir. Dramaturq Nobel mükafatı laureatı orta yaşlı qadın yazıçı, keçmiş vəzifə sahibi uzunömürlü təqaüdçü, yazıçının keçmiş qonşusu, Qocanın uzaq kənddən gələn 70 yaşlı Qohumu və Qocanın nəvəsi, Yazıçının yaşıdı və uşaqlıq rəfiqəsi Səidənin ətrafında baş verən hadisələr cəmiyyətin sosial problemlərini ön plana çıxarır və hadisələrin psixoloji qatlarını açmağa çalışır. Müəllif bunu həm dialoqlarda, həm də monoloqlarda ifadə edir.

 

Müəllif ideyası həm də remarkalarda öz əksini tapır. Dramaturq əsərdə Yazıçı qadınla Qocanı qarşılaşdırır və burada Yazıçının uydurmaları (bədii təxəyyül) ilə Qocanın həqiqətləri (gerçəkliklərini) üz-üzə qoyur. Burada sanki Qoca Nobel mükafatı almış yazıçının hadisələri uydurmaqda qınayır. Böyük əqidə sahibi Qocanı isə Qonaq həyatdan ikiəlli yapışmaqda günahlandırır, ona dəfələrlə canını almağa gəldikdə möhlət istədiyini xatırladır. Bu zaman işıq dəyişir, başqa bir səhnə cərəyan edir, "Öldü!..", "Öldü!.." deyə bağırtılar səslənir, hamı bir- birinə qarışır, otaq boyu vurxunurlar. İşıq yandıqda isə yazıçının otağın ortasında dayanıb dəhşət əllərinə baxdığı görünür. Qocanın sayıqlamasında 30-cu illər hadisələri xatırlanır. Pyesin alt qatında baş verən hadisələri dramaturq psixologizm vasitəsilə göstərmək istəyib.

 

A.Məsud dramaturgiyasında cəmiyyətin bir parçasını göstərməyə çalışaraq onu bir qədər də absurd şəkildə edir; burada insan taleləri və onların qarşılaşdıqları dramlar, eləcə də insanların iki həyat arasında ölüm-dirim dilemması qarşısında qalmaları yeni rakursda verilir. Müəllifin fərdi üslubunda keçmiş, bu gün və gələcək hadisələr geniş yer tutur və bu zaman konteksində baş verən hadisələri bir nöqtədə birləşdirməyi bacarır. "O məni sevir" ikihissəli pyesində də cəmi bir neçə personaj iştirak edir. Ancaq dramaturq bu personajları fərqli rakursda təqdim edir. Bu qeyri-adi təqdimat pyesdəki hadisələrin absurd və psixologizmin konteksində baş verməsi ehtimalını artırmış olur. Bu pyesində də dramaturq zaman və məkan qarışıqlığından istifadə etmişdir. Pyesin fabulasında söhbətin statik olması, ölümdən getməsi olsun ki, əsərdə olan dramatizmi bir qədər azaltmış olsun. Ancaq A.Məsud dramaturgiyasının əsas özəlliklərindən biri məhz əsəri psixologizm üzərində qurmasıdır. Nəsrində olduğu kimi, dramaturgiyasında da dramaturq daha çox virtual qata enir, insanın daxili aləmini üzə çıxarmağa çalışır. Pyesin əsas ideyası içimizdə olan psixoloji qatdan qurtulmamızdır. Aynanın onu izləyən ruhdan qurtulması prosesi psixoloji detallarla göstərilir.

 

"Qatarın altına atılan qadın" pyesində isə sənəti özünə həyat tərzi seçmiş və bütün ömrünü buna həsr etmiş, nəticədə isə küləyə atılmış bir sənətkarın - Gültəkin Sarabskayanın taleyinin psixoloji məqamlarını əks etdirir. Eyni zamanda, yaşadığı quruluşu əsərlərində tərifləyən, bunun müqabilində vəzifələr, orden və medallar alan, indi isə kitablarının ancaq tumsatanlara lazım olduğu yazıçının həyatı paralel olaraq təsvir edilir. Psixologizm yalnız onların müxtəlif cərəyana mənsub olmasında, həyat tərzində deyil, həm də talelərindədir. Maraqlıdır ki, dramaturq onların talelərini eyniləşdirmişdir. Əsas məsələ isə, sənət adamının tale məsələsidir. Dramaturq bununla zamanın dəyişməsi nəticəsində sənətə münasibətin də dəyişməyə məhkum olması fikrini çatdırmaq istəyir.

 

Bir dramaturq kimi A.Məsudun pyeslərini birləşdirən cəhətlərdən biri də personajların ümumiləşdirilmiş adlarla çıxış etməsidir. Yəni bir çox hallarda müəllif personaja ad verməkdən şüurlu şəkildə imtinanı üstün tutur. Bu cəhətdən bu əsərdə iştirak edən personajlardan cəmi iki nəfərin adı, soyadı verilir.

 

A.Məsud dramaturgiyasında cəmiyyətin bir parçasını göstərməyə çalışaraq onu bir qədər də absurd şəkildə edir; burada insan taleləri və onların qarşılaşdıqları dramlar, eləcə də insanların iki həyat arasında ölüm-dirim dilemması qarşısında qalmaları yeni rakursda verilir. Müəllifin fərdi üslubunda keçmiş, bugün və gələcək hadisələr geniş yer tutur və bu zaman konteksində baş verən hadisələri bir nöqtədə birləşdirməyi bacarır. Yaradıcılığında izdiham, insanların toplaşdığı yer, pessimist təsvirlər, faciəvi hadisələr başlıca yer tutur.

 

A.Məsud həm də maraqlı esselər müəllifidir; belə demək mümkünsə, esse onun yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələ yaşayır. "Duyğular imperiyası" adlı esselər silsiləsində ədəbiyyat, sənət, yazı manerası, yaradıcılıq psixologiyası ilə bağlı bəlkə də öz yaradıcılıq atmosferindən və təcrübəsindən doğan son dərəcə maraqlı fikirlər səsləndirir. Bu esselərində mini obrazlar yaratmaqla yanaşı, ədəbiyyatla bağlı nəzəri fikirlərini də bildirir: "Ədəbiyyat - əhvalatların deyil, hisslərin süjetidir..." "Mənim üçün ədəbiyyat ağrını candan çıxarmaq imkanıdır, o ağrını ki, hətta özünə belə deyə bilmirsən, ümidin yalnız kağıza və qələmə qalır. Bu, hardasa, etirafdır. Yazmaq həvəsi məndə yalnız bu anlarda yaranır - yəni o izah olunmaz ağrını kiminləsə bölüşmək istəyəndə. Sakit bir guşəyə çəkilib kağız və qələmlə baş-başa qalanda mən özümü sanki Tanrı dərgahında hiss edirəm..."

 

A.Məsud yaradıcılığı təsvir özünəməxsusluğu, təhkiyə yeniliyi, psixoloji analizləri, qəhrəman konsepsiyası, eləcə də nəsr poetexnikası baxımından dünya nəsri ilə yaxından səsləşir. Onun bu yaradıcılıq manerasını Kamyu və Kafka təcrübəsi ilə müqayisə etmək olar və edirlər. Hətta yazıçının yaradıcılığını Vulf yaradıcılığı ilə eyni kontekstdə təhlil edən və araşdıran tədqiqat işi də yazılıb. Bütün bunlar onu göstərir ki, A.Məsudun yaradıcılığında bədii düşüncə özünün imkanlarından maksimum yararlanıb və yeni bir bədii-estetik meyar formalaşdırıb. Yazıçı, dramaturq, esseist, tərcüməçi Afaq Məsudun ədəbiyyat tariximizdəki profilini də bu meyarlar bəlirləyir.

 

 

Bədirxan ƏHMƏDLİ

 

525-ci qəzet.- 2022.- 3 iyun.- S.12-13.