Xaricdə təhsil üzrə dövlət
proqramları: yüksəliş üçün
geniş imkanlar
Azərbaycanlı gənclərin xaricdə
doktorantura səviyyəsi
üzrə təhsili
üçün prioritet
ixtisas istiqamətlərinə
uyğun olaraq yerli ali
təhsil və elm müəssisələrinə peşəkar
mütəxəssislərin hazırlanması dövlətin
əsas hədəflərindən
biridir. Bu məqsədlə
2018-ci ildə Prezident
İlham Əliyevin müvafiq sərəncamı
ilə "2019-2023-cü illər
üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"
qəbul edilib. 2019-cu ildə isə
Nazirlər Kabineti tərəfindən "Azərbaycan
Respublikası vətəndaşlarının
xaricdə doktorantura səviyyəsində təhsilinin
maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub. Proqramın icrasını təmin
etmək məqsədilə
müxtəlif qurumlara
ayrı-ayrı vəzifələr
həvalə edilib.
Bu vəzifələrin
yerinə yetirilməsində
koordinasiya Təhsil Nazirliyi tərəfindən
həyata keçirilir.
"2019-2023-cü
illər üçün
Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"nı uğurla həyata keçirilən
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"nın
davamı hesab etmək olar. Bu proqram strateji
əhəmiyyət kəsb
edən sahələr
üzrə milli kadrların yetişdirilməsi
baxımından çox
ciddi əhəmiyyət
kəsb edir.
Bu gün Azərbaycanda ölkənin ali
təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin
doktorantura səviyyəsini
bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram
sayəsində xaricdə
təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı
olan yerli ali təhsil müəssisəsində pedaqoji
fəaliyyətə cəlb
ediləcəklər. Məhz
bu yolla da Azərbaycanın ali təhsil
müəssisələrinın kadr potensialı gücləndiriləcək.
"2019-2023-cü
illər üçün
Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət
Proqramı" nın
imkanlardan yararlanaraq öz tədqiqatçılıq
səriştə və
bacarıqlarını daha
da təkmilləşdirmək,
ali təhsilimizin inkişafına töhfə
vermək arzusu ilə yaşayan gənclərdən biri də Dövlət Proqramı çərçivəsində Fransanın
Monpelye Universitetinin
"Bioinformatika elmləri"
ixtisasında PhD (doktorantura) təhsili alan Zərifə Osmanlıdır.
Z.Osmanlı 2009-cu ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində
bakalavr üzrə təhsil alıb. O deyir ki, universitetdə oxuduğu müddətdə
daha çox nəzəri biliklərə
yiyələnsə də,
təcrübi hissənin
də mühüm olduğunu və təhsilini davam etdirməyin vacibliyini anlayıb: "Biofizika sahəsi üzrə ixtisaslaşmağım diqqətimi
müxtəlif sahələrarası
tədqiqatlara yönəltdi.
2014-cü ildə Türkiye Bursları təqaüdü qazanaraq Ege Universiteti molekulyar biologiya ixtisası üzrə magistratura təhsilinə başladım. Burada laboratoriya
təcrübələri ilə
yanaşı bioinformatikanın
müxtəlif istiqamətləri
üzrə kurslarda və dərslərdə iştirak edir, konfranslara və workshoplara qatılırdım.
Ege xəstəxanasının tibbi
biologiya laboratoriyasındakı
ardıcıl stajlar klinik məlumatlarla işləmə qabiliyyətimi
artırırdı. Beləliklə də, işin nəzəri və təcrübi hissələri
bir-birini tamamlamış
oldu. İnsanlarda və heyvanlarda
rast gəlinən
nadir neyrodegenerativ xəstəliklərdən
biri olan prion xəstəliyi geni üzərindəki tədqiqatlar elm sahəsində
davam etmək istəyimi daha da gücləndirdi. Daha sonra ölkəmizə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Biofizika
İnstitutunda kiçik
elmi işçi kimi çalışmağa
başladım. Burada bioinformatika
sahəsi üzrə tanınmış alimlərimizdən
biri olan biologiya elmləri doktoru İlham Şahmuradovun rəhbərlik
etdiyi İnteqrativ biologiya laboratoriyasında xərçəng genlərinin
bioinformatik analizləri
layihəsində iştirak
etdim".
Z.Osmanlı bildirib ki,
2019-cu ildə Monpelye Universitetində doktorantura
təhsilinə başlayıb.
Hazırda Fransa Milli Tədqiqat Mərkəzi tərkibindəki
Monpelye Hüceyrə Biologiyası Mərkəzi
(CNRS, CRBM) Struktur bioinformatikası
və molekulyar modelləşdirmə laboratoriyasında
tədqiqat işlərini
davam etdirir: "Çox sevindirici haldır ki, Azərbaycanda gənclərin
xaricdə təhsili üzrə bir sıra Dövlət Proqramları icra olunur. "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin
artırılması üzrə
Dövlət Proqramı"
mənim kimi onlarla gəncə geniş imkanlar açdı.
"2019-2023-cü
illər üçün
Azərbaycan Respublikasında
ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması
üzrə Dövlət
Proqramı"nın bir sıra əhəmiyyəti
var. Bunlardan biri də təhsilinizə artıq başlamış
olsanız belə, proqrama müraciət etmək imkanının verilməsidir. 2021-ci ildə Monpelyedə davam edən təhsilimin maliyyələşdirilməsi
üçün Dövlət
Proqramına müraciət
etdim və hazırda bu proqram çərçivəsində
təhsilimi davam etdirirəm. Nəzərinizə
çatdırım ki,
beynəlxalq çərçivədə
bu imkanı təmin edən təqaüd proqramları çox
azdır".
O qeyd edib ki,
hazırda doktorantura təhsilini Fransanın Monpelye Universitetində alır.
Burada doktorantlar işlədikləri laboratoriyanın
və ya tədqiqat qrupunun hansı qurum nəzdində yerləşməsindən
asılı olaraq fərqli yerlərdə çalışa bilərlər:
"Mən hazırda
Monpelye Hüceyrə Biologiyası Mərkəzində
yerləşən Struktur
bioinformatikası və
molekulyar modelləşdirmə
laboratoriyasında ixtisaslaşıram.
Bioinformatika bioloji məlumatların
toplanması, saxlanılması,
təhlili və analizi üçün kompüter texnologiyasından
istifadə edən elm
sahəsidir. Bioloji məlumatların
ümumi həcmi çox böyükdür
və getdikcə də artmaqdadır. Böyük miqyaslı
gen, DNT, zülal ardıcıllıqları
məlumatlarının həm
kəmiyyət, həm
də keyfiyyət baxımından tədqiqatını
bioinformatika olmadan aparmaq mümkün olmazdı. Bu elm sahəsinin
təməli 1960-cı illərdə
qoyulsa da, çox mühüm əhəmiyyət daşıması
və "məşhurlaşması"
İnsan Genom Layihəsindən sonraya təsadüf edir. Bu layihə çərçivəsində
insan genomunu kodlayan bütün genlərin ardıcıllığı
müəyyən edilmiş
və geniş miqyaslı bioloji məlumatların analizində
bioinformatikanın əvəzsiz
rolu ön plana çəkilmişdir.
Günümüzdə bioloji tədqiqatlar
bioinformatik analizlərin
köməyi ilə daha az vaxt,
maliyyə və işçi qüvvəsi
sərf etməklə
aparılır".
Z.Osmanlının dediyinə görə,
o, "Qaranlıq" proteomların
- zülalların quruluş
və funksiyaları məlum olmayan qisminin geniş miqyaslı analizləri üzrə tədqiqat aparır: "Qeyd edim ki, indiyə
kimi bizə məlum olan zülalların təxminən
yarısının quruluş
və funksiyası hələ də məlum deyil. Milyonlarla zülal ardıcıllığının
bioloji mənasını
açmaq üçün
onların, 3D quruluşu
ilə yanaşı, təkamül və funksional əlaqələri
haqqında da sistematik yanaşmalar və məlumatlar tələb olunur. Bunun üçün əvvəlcə zülal
məlumatlarını toplayır,
daha sonra xüsusi alqoritmlər yazaraq, kompüter proqramları yaradaraq, kompüter əməliyyatları
xətti hazırlayaraq
analizləri yerinə
yetiririk. Layihə çərçivəsində
tədqiqatlar genomların
yalnız qismən məlum olan kodlaşdırma potensialının
mümkün qədər
tam aydınlaşdırılmasına töhfə verə və yaradılmış
yeni və təkmilləşdirilmiş məlum
bioinformatik proqramlar və onların vasitəsi ilə əldə olunan nəticələr fərdi
tibdə tətbiq edilə bilər. Yuxarıda sadaladıqlarım
həm tərəfdaş
ali məktəb
olan ADA Universiteti, həm də müəyyən tədqiqat
institutlarımız üçün
prioritet sayıla bilər".
O vurğulayıb ki, bioinformatikanın son nailiyyətlərindən danışırıqsa, çox yüksək dəqiqliklə zülal quruluşlarının modelləşdirilməsi, əlaqəli mutasiyaların təyini, kiçik molekul dokinq simulyasiyasını mütləq vurğulamaq lazımdır: "Qeyd edim ki, bu nailiyyətlər struktur biologiyası ilə yanaşı, tibb sahəsinə, xüsusilə də yeni dərman preparatlarının hazırlanmasına töhfə verir. Hər bir elm sahəsi kimi bioinformatika da daim inkişafdadır və qarşıdakı problemlərin effektiv həllinə çalışır. Günümüzdə bioinformatikanın qarşısında zülal qatlanmalarının təyini, zülal mühəndisliyi və sintetik biologiya, zülalların yaranması və təkamülü kimi bir sıra suallar durur. Əgər AMEA-da çalışdığım layihədən söhbət gedirsə, xərçəng genlərinin dəqiq analizi və dolayısı ilə xəstəliyi yaradan genlərin mexanizmini anlamağa kömək edə bilər. Hazırkı doktorantura layihəsi spesifik olaraq xərçəng xəstəliyi ilə birbaşa əlaqəli deyil. Daha çox tədqiqat zamanı yaradılmış yeni və təkmilləşdirilmiş məlum bioinformatik proqramlar və onların vasitəsi ilə əldə olunan nəticələrin tətbiqi ilə əlaqəlidir. Hər bir xəstəliyin müalicəsini təyin etmək üçün ilkin olaraq xəstəliyi yaradan səbəbləri və mexanizmləri araşdırmaq lazımdır və biz də həmin mexanizmləri öyrənirik. Xaricdə təhsil almaq istəyən gənclərin ixtisaslaşmaq istədiyi sahədə qabaqcıl universitetləri, xüsusi ilə də tədqiqat qruplarını diqqətli şəkildə seçmələrini məsləhət görərdim. Bu seçim tədqiqatın gedişinə təsir göstərən əsas faktorlardan biridir. Mənim əsas məqsədim seçdiyim sahədə ixtisaslaşmaq və sərbəst tədqiqatçı kimi formalaşmaqdır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 3 iyun.- S.11.