Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə saylarımızda)
Qələm sahiblərinin güzəranı
isə işlətdikləri
mürəkkəbin sərfinə,
indi avtoqələmlər
əsasən balonlarla
işlədiyindən, onların boşalmasına
müvafiq olaraq hansısa məbləğdə
qonorarın gəlməsindən
asılıdır. Onlar heç
vaxt ac qalmırlar, lakin çox kalorili yeməklə qidalanmadıqlarından, bulemiyadan
istifadə etmələri
də olmur. İngiltərə kral ailəsinin
üzvü şahzadə
Diana daim bulemiyadan istifadə edirdi. Biz Diana dəbdəbəsini yuxuda da görə
bilmərik.
Həsən bu sözdən
yapışıb dedi:
- Özünüzü çox
təvazökar göstərməyin,
sizi hamı məclisin Dianası hesab edir. Mən bir
anlığa onun məşuqu Dodi əl-Fayed olsaydım, heç vaxt sizi Parisə getməyə dəvət
etməzdim.
Ruhiyyə dedi:
- Görünür, iştahınız
elə də kiçik deyildir, Uelts şahzadəsinin arvadına da sahib olmaq könlünüzdən
keçirmiş. Bu, özündən razılıq
əlaməti deyildirmi?
- Bəlkə də, siz haqlısınız, lakin uca dağa
dırmaşmaq üçün
azacıq da olsa alpinist peşəsinə
yiyələnmək lazımdır.
Bu olmasa, dağa
qalxmaq, zirvə fəth etmək o qədər də asan məsələ deyildir. Fiziki hazırlıqla yanaşı,
iradə və cəsarət, Franklin Delano Ruzvelt
demişkən, qorxunun
özündən qorxmaq
tələb olunur.
Mən şadam ki, mənim cəsarətimi siz məhkum etmirsiniz, əksinə, bəyənmək işartıları
verirsiniz və mən də bundan istifadə etməkdə zəiflik göstərməyəcəyəm.
Ruhiyyənin ilk söhbəti uzatmaq
istəmədiyini hiss edən
Həsən söhbəti
yekunlaşdırmaq istədi
və icazə aldı ki, bəzən
ona telefonla zəng etsin, əlavə etdi ki, sizinlə kiçik bir söhbət də adama əlavə ruh verir və
onu təlqin edir ki, zəif
də olsan özünü güclü
göstər ki, səni qəbul etsinlər. Belə deyirlər ki,
Yaxın Şərqdə
çox zəif olan dövlətlər də özünü güclü göstərməyə
çalışır ki,
ondan çəkinib, ona hücum etməsinlər.
Ruhiyyə yenə onun özündən razılığına
sataşmaq üçün
dedi:
- Britaniya sarayı səni qane etmədiyindən indi də ərəb şeyxlərinin əbasını
geyinmək istəyirsən.
Pələng dərisindən xəz
paltar geyinənlərin
heç də hamısı Şota Rustavelinin qəhrəmanı
kimi pəhləvan olmur.
Həsən söz altında
qalmayıb dedi:
- Sizə hökmən zəng edəcəyəm
və kiçik bir xahişim olsa, güman edirəm ki, onu rədd etməyəcəksiniz.
Telefon nömrənizi əldə
etmişəm, sizinlə
maraqlandığıma görə,
çox xahişdən
sonra rəfiqənizdən
almışam.
Bu görüşdən heç bir həftə keçməmiş,
Ruhiyyə kompüterdə
işləyəndə, Həsən
ona zəng vurdu. Kefi yaxşı olduğundan
cavab verməkdən imtina etmək istəmədi. Bacısı səhər tezdən zəng edib ona xoş xəbər
çatdırmışdı, hamilə olduğunu demişdi. Toydan yarım ildən
artıq vaxt keçməsinə baxmayaraq,
onun uşaq doğmaqla əlaqədar olan ilkin başlanğıc
barədə heç
nə yox idi. Rayon adamları
isə, gəlin elə toy gecəsindən
hamilə qalmayanda, bunu özlərinə dərd edirlər. Qayınanası və məktəbli
yeniyetmə baldızı
şəhərə onları
yoluxmağa gələndə,
ona kinayəli sözlər atırmışlar.
Qayınanası sözarası
demişdi ki, bizim qonşunun qızının toyu səninkindən 4-5 ay əvvəl
olmuşdu, mən şəhərə gələndən
əvvəl qonşum
məni qınadı ki, niyə məni
təbrik etmirsən,
ilk oğlan nəvəm
olub, qızım rayon
xəstəxanasında hamiləlikdən
azad olub, uşağa da əri qızın atasının, ərimin adını qoymuşdur. Aynur bu sözlərə
heç nə cavab verməyəndə, ərinin anası, bunu laqeydlik nişanəsi hesab edib hirsləndi:
- Biz Sovet dövründə saatlarla avtobus gözləyəndə, yoldan
keçən maşınların
tozuna bulaşırdıq,
indi də öz nəvəmizi səbirsizliklə gözləyəndə,
başqa gəlinləri
doğum evindən gətirən maşınların
tozuna batmaqdan cana yığılmışıq.
Ruhiyyə bacısına təcrübəli
adam kimi
dedi:
- Hələ qayınanangilə heç nə demə, ərinə də tapşır ki, o da dilindən bir söz qaçırmasın. Üç aylıq olanda hamiləliyini gizlətməyib, ərinin valideynlərinə açarsan. Çünki gözləmədiyin bir hadisə də baş verə bilər. Səbirli ol, sevincini tələbə yoldaşlarınla da bölüşmə, yerin də qulağı var, söhbət rayona da gedib çıxa bilər.
Aynur bacısına dedi ki, ehtiyatlılıq nöqteyi-nəzərindən mən də elə fikirləşmişdim. Ginekoloq həkim mənə hamiləlik üçün olan gimnastika tapşırıqlarını vermişdir, mən onları etməliyəm ki, uşaq bətndə yaxşı inkişaf etsin, doğuşun özü də ağır keçməsin.
Ona görə də Həsənə mehribanlıq səviyyəsində cavab verdi:
- Eşidirəm, Həsən. Salam. Yaxşıyam. Siz necəsiniz? Daha hündürlükdən qorxmursunuz ki, özünüzü sığortalamısınızmı?
- Qorxmuram, bilirəm ki, yıxılsam da, əzilməyəcəyəm, pişik kimi tez də ayaq üstə qalxacağam.
- Niyə özünüzü pişiyə oxşadırsınız, gərək dağ keçisi deyəydin. Onlar qayadan iri bir daşın üstünə tullandıqda, ayaqları ilə həmin səthə enirlər. Çünki təbiət onların ayaqlarını və əzələlərini sıldırım qayalar üçün yaratmışdır. Mərakeşdə isə keçilər hətta ağaca dırmaşıb, özlərinə yarpaqların timsalında yem tapırlar.
Həsənin Ruhiyyənin sözündən xoşu gəldi:
- Mən şadam ki, siz məni pişik yox, dağ keçisi hesab edirsiniz. Mən çalışmalıyam ki, bu oxşatmanı doğruldum. Ruhiyyə xanım, siz yaradıcı adamsınız, vaxtınızı çox almaq istəmirəm, sizi bazar günü ürəyinizə yatan bir restoranda kofe içməyə dəvət etmək istəyirəm. Belə tez zəng edirəm ki, bəhanə tapmağınıza və ya başqa bir planla hərəkət etmək istəyinizə imkan verməyim.
Mən bu görüşü, sizinlə xoş söhbəti çox istəyirəm və onu da gizlətmək istəmirəm ki, sizin də istirahətə vaxt ayırmanızı vacib hesab edirəm. Siz ağır zəhmətə qatlaşırsınız, ona görə də kiçik fasilə, tənəffüs, yorucu işdən azacıq da olsun ayrılmağınız sizin yaradıcılığınızın məhsuldarlığı üçün də lazımdır. Ən böyük təvəqqem isə odur ki, təklifimi rədd etməyəsiniz. Sizin xoş münasibətinizdən sui-istifadə etməyəcəyimə, uzun söhbətlərlə, çərənləməklə sizi yormayacağıma da əmin olmanızı istərdim.
Ruhiyyə dedi:
- Mən heç də gözləmirdim ki, bir qısa, ayaqüstü tanışlıqdan sonra siz məni kofe içmək adı altında görüşə dəvət edəcəksiniz. Belə hallarda əsasən, müxtəlif səbəblər gətirməklə boyun qaçırılır, təklifə mənfi cavab verilir. Mən bunu etsəm, sizin cəsarətinizin yoxa çıxacağına səbəb ola bilərəm, həyatda isə hər bir insana çətinliklərdən çıxmaq, mürəkkəb məsələləri həll etmək üçün cəsarət çox lazımdır. Dağ keçisi üçün ayaqlar həm də amortizator rolunu oynayır, onu xəsarət almaqdan, çolaq olmaqdan, bəlkə də, məhv olmaqdan xilas edir. İnsan üçün isə belə qiymətli orqan onun şüurudur, davranışını idarə edən ağlıdır.
Həsən Ruhiyyənin sözlərindən çox razı qalmışdı, bu, onun üçün gələcəyə olan ümid qığılcımının parıltısı demək idi. Ona görə də hələ görüşə tam razılıq almasa da, qanadı olsa, uça bilərdi. Ona görə də minnətdarlıq ruhunda və tonunda dedi:
- Ruhiyyə xanım, birbaşa razılıq ifadə etməsəniz də, məni sadəcə olaraq düzgün başa düdüyünüzə görə sizə minnətdaram. İcazənizlə, bazar günü saat 1-də mən maşınımla gəlib evinizin yanından sizi götürərəm. Sonra ürəyiniz hayana istəsə, ora da gedərik. İslam dini daim insanları mərhəmətə səsləyir, çünki mərhəmətliliyin ali simvolu Yaradanın özü, Allahdır. Ünvanınızı da mən əvvəlcədən öyrənmişəm.
Ruhiyyə Həsənin fərasətli danışığına məəttəl qalmışdı:
- Siz mənim əvəzimə də hər şeyi həll etdiyinizi bildirdiniz, üzərinizə çox böyük səlahiyyətlər götürürsünüz. Cəsarətinizi layiqli qiyməti kimi mən imtina etmək meylindən uzaqlaşıram və təkliflərinizin hamısını qəbul etdiyimi bildirirəm.
Həsən bu sözlərə təəccüblənmişdi, inanmırdı, o, çox həyəcanlı olduğundan, nəfəsi tutula-tutula dedi:
- Bir daha məni düzgün başa düşdüyünüzə görə minnətdaram. Onda danışdığımız kimi, görüşənədək.
Ruhiyyə də onunla sağollaşdı və bu oğlanın həmləsi qarşısında geri çəkilib, təslim olduğuna, onun təkliflərini qəbul etdiyinə görə, özünə də inanmırdı, indiyədək alınmaz qala təsiri bağışlayan bir qadın öz ərazisinə belə üzlü bir adamı buraxmışdı. Axı müasir dünyanı feodal Avropasındakı qəsrlərin ərazisi kimi təsəvvür etmək də ağılsızlıqdır. Hər an "daxil olmaq qadağandır" şüarını irəli sürmək də fayda vermir. Beşinə qapını bağlayırsansa, altıncı fərasətli tərpənib bu məkana girməyə müyəssər olur. Həsəni belə altıncı hesab etmək olardı, o, müraciət formasını düzgün seçmiş və Ruhiyyənin nisbətən yumşalan könlünə yol tapa bilmişdi.
Ruhiyyə onu küçədə gözləyən Həsənin bahalı maşınına oturdu və onlar məşhur restoranlardan birinə getdilər. Şəhərin imkanlı adamları bura tez-tez baş çəkir, əcnəbi qonaqları olanda, onları milli və italyan xörəkləri ilə məşhurlaşmış bu restorana gətirirdilər. Burada həm də yaxşı musiqiçilər var idi, müğənnilər, əsasən, populyar milli və türk mahnılarını ifa edirdilər. Günorta isə musiqi yox idi, bazar günü olmasına baxmayaraq, qonaqlar da elə çox deyildi. Əvvəlcə süfrəyə kofe və süd gətirildi, kofe bahalı xammaldan hazırlandığından dadlı idi.
Sonra menyuda nahar xörəklərinin seçimi başlandı. Ruhiyyə özünə italyan mətbəxindən şaxtaçıların şərəfinə adlanmış "karbonara" xörəyini, Həsən isə bir neçə şiş antrekot və iki şiş pomidor, bibər, badımcan kababları sifariş verdi. Ruhiyyə italyan xörəyindən bir qədər yedikdən sonra çəkildi. Həsən isə təmiz boşqaba onun üçün antrekot və tərəvəz kababları qoydu. Ruhiyyə doyduğunu desə də, Həsən yenə şirin dilini işə salıb, ondan milli xörəklərindən də dadmağı xahiş etdi. Onun yadına ərəb gəlinləri düşdü. O, Abu Dabidə Bakıdakı bir neçə dəfə yediyi, döymə qaydasında farşı hazırlanmış lüləkababı çox tərifləyirdi və imkan olan kimi Bakıya yenidən səfər edəcəklərini və həmin xörəyi yenidən sifariş verəcəyini deyirdi.
Nazik qabırğaların üstündə xırda piy qatı olan ətdən hazırlanan antrekot kababı da mülayim odun təsiri ilə olduqca dadlı idi, ofisiant hər dəfə bir aran rayonunun adını çəkib, bu quzuları bizim restoran üçün iri bir tərəkəmə tayfasının becərdiyini təkrarlayırdı. Sonra tərəkəmələrin sevimli kababı olan iç piyinə bükülmüş qaraciyər kababını gətirdi. Ümumiyyətlə tərəkəmələr iç piyindən çox istifadə edirlər, özlərinin məşhur bağırbeynini - iç piyinə qatılmış qoyunun beynindən hazırladıqları xörəyi ən hörmətli qonaqlarına təklif edirlər. İspanlar isə mal beynini xoşladıqları halda ona iç piyi qatmırlar. Kababda piydən süzülən yağ, əsasən, odun təsiri ilə codlaşmış və quru qaraciyəri çox yumşaltdığından ləzzətlə yeyilirdi. Ruhiyyə Həsənin israrlı xahişini poza bilmədiyindən, ondan bir tikə yedi və kababın dadından məmnun qaldı, əlavə etdi ki, həkimlər deyirlər ki, qaraciyərin xolesterini çoxdur və damarlarda kirəc yaradır. Əslində, belə qorxutmanın özü də düzgün deyildir, çünki xolesterini orqanizm özü istehsal edir, elə adamlar vardır ki, xolesterini çox olan kalorili qidalardan qaçdıqları halda, xolesterin onlardan nəinki qaçır, əksinə, onların qan damarlarını özləri üçün çox rahat mövcudluq məkanı hesab edir.
Süfrəyə təzə meyvələrdən sıxılıb süzülmüş şirələr gətirildi, sonra yenə kofe dəstgahı təkrar olundu. Bunlar barədə ofisianta bir şey deyilməsə də, o, təmkinini pozmadan yeməkləri və içkiləri bir-birinin ardınca gətirirdi. Ruhiyyəyə bu, maraqlı gəlirdi, niyə sifariş olmadan xidmətçi bir belə şey gətirib təklif edir, Həsən isə nəinki etiraz edir, hətta bəzən razılığını da bildirir. Ruhiyyə anladı ki, menyudan xörək seçməyin özü də formal xarakter daşıyırmış. O, yəqin ki, əvvəlcədən zəng edib, restoranın menecerinə bu sifarişlərini çatdırıbmış, bu da onun səxavətinin bir nümayişi imiş.
Həsən üzrxahlıq edirmiş kimi dedi ki, o, ehtiyatlılıq ucbatından spirtli içki barədə adi təklifi də etmədi, çünki Ruhiyyə xanımın buna mənfi münasibət bəsləyəcəyindən çəkindi. Ruhiyyə də bildirdi ki, düz hərəkət etmisiniz, mənim spirtli içkilərlə aram yoxdur, heç vaxt onlara qarşı xoş münasibətim olmamışdır.
Həsən onun sözündən razı qaldığını bildirmək üçün dedi:
- Gizlətmirəm, bəzən intuisiyam həyatda mənə çox köməkliklər edir, bura gələndən əvvəl xeyli götür-qoy etmişdim, özümü sığortalamaq üçün onun adını çəkməməyi qərara almışdım və çox şükür ki, səhv etməmişəm. Spirtli içki məclis üçün, şadlıq üçün lazımdır, hətta bəlkə də, vacibdir, bircə şərtlə ki, içki içmək sərxoşluq həddinə keçməsin, çünki özünü idarə etməyi bilməyən, bacarmayan adam ağılsız sözlərə və hərəkətlərə yol verir və buna qədər mehribancasına davrandığı adamlara hörmətsizlik etməkdən də çəkinmir. Təəssüf ki, bu, hətta təcrübəli adamlar arasında da baş verir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 4 iyun.- S.22.