Analıq

 

Hekayə

 

Həlimə nənə süfrəni hazırlayıb xörəyi boşqablara çəkəndə dərslərini hazırlayan nəvələrini səslədi:

 

- Uşaqlar, gəlin, yeməyiniz soyuyur!

 

Uşaqlar elə bil bir himə bənd imiş kimi dəftər-kitabı bir yana atıb masaya yaxınlaşdılar. 11-12 yaşında olan bir oğlan isə sakitcə çantasını götürüb eyvandan həyətə düşmək istəyəndə Həlimə nənə ona yaxınlaşıb qolundan tutdu:

 

- Cavid, mənim gəşəng nəvəm, qardaşların Ülvini, Fəridi qoyub hara gedirsən? Gəl, gəl, rahat otur çörəyini ye, sonra evinizə gedərsən. Bax, budur Kamil baba da gəldi...

 

Eyvana qalxan Kamil kişi gümrah səslə dilləndi:

 

- Cavid bala, necəsən? Dərslərin necə gedir?

 

...Kamil baba təqaüddə olan köhnə ziyalılardan idi, dünya görmüşdü. Həssas qəlbli bu ahıl kişi qonşusu Muxtarın anadan yetim qalmış oğlu Cavidi nəvələrindən ayırmırdı. Əksinə, çox nadir hallarda gülümsəyən Cavid onlarda olanda nəvələrini çox da əzizləyib nəvazişlərə qərq etmirdi ki, onun ürəyinə dəyə bilər.

 

Həlimə nənə iştahla nahar edən uşaqlara baxırdı, üzü gülsə də, ürəyində Allahına gəmli-gəmli yalvarırdı:

 

- Xudaya, balalarımı belə qismətdən uzaq elə, üzü gülməyən bu uşağın dadına çat, axı bu fağırın nə günahı var?..

 

...Süfrə yığışdırıldı, Ülvi ilə Fərid Cavidi ötürmək istəyəndə Həlimə nənə dedi:

 

- Cavid, sabah Allah qoysa, yaxşı pəl qutabı bişirəcəyəm, mütləq bizə gələrsən!..

 

Uşaq minnətdarlıq dolu nəzərlərlə ona baxaraq cavab verdi:

 

- Sağ olun, Həlimə nənə, mütləq gələrəm...

 

...Cavidin doqquz yaşı tamam olanda amansız xəstəlik anasını işıqlı dünyadan apardı. Atası Muxtar balaca uşağın qayğıları ilə baş-başa qaldı. Qohum-əqraba içində bir-iki ürəyiyanan, sözükeçən adam tapılmadı ki, vaxtında ona bir yol göstərib həyan olsun. Tanış-biliş bir də gördü ki, Muxtar qonşuluqda yaşayan gözəl erməni gəlini Marqonu özünə arvad edib. Marqo hansı səbəbdənsə körpə qız uşağı ilə ərindən boşanmışdı... Daha sonra məhəllədə xəbər yayıldı ki, Marqo Muxtarın qarşısında and-aman edib ki, Cavidə öz balası kimi baxacaq, uşaq anasızlığını hiss etməyəcək. İnsafən ilk aylarda Marqo qayğıkeş ana kimi özünü göstərə bildi. Hamı Muxtarı arxasınca qınayırdı: "Nə olsun ki, əlində uşağın var, gərək başqasının yatağından çıxanı alaydın?", "Çörəyi elə özününkünə verəydin də", "Qoyun bir özünə yer eləsin, görərsiniz o Marqo nələr törədəcək, erməni xisləti əvvəl-axır üzə çıxıb özünü göstərəcək".

 

...Kamil kişinin eyvanından Muxtarın bütün həyəti, hətta yazda, yayda qapı-pəncərələr açıq olanda evinin içi də görünürdü.

 

Çox keçmədi ki, qonşular balaca Cavidin başına gətirilənlərin şahidi oldular. Balaca Cavid o gün olmazdı ki, həyat-bacanı süpürüb yaşına uyğun olmayan ağır işləri görməsin. Marqo yağ-bal içində saxladığı qızı ilə oturub nahar edəndə Cavidi qətiyyən süfrəyə dəvət etməzdi. Zavallı uşaq atasını dəlicəsinə istədiyinə görə, hər şeyi ondan gizləyirdi, ac qaldığını, dərslərini hazırlaya bilmədiyini ona demirdi. Uşaq ağlı ilə fikirləşirdi ki, Marqonun etdiyi zülmləri açıb söyləsə, atasının qəzəbinə gələcək. Əlini ağdan-qaraya vurmadan xoş güzəran keçirən Marqo, elə bil, ikinci gəncliyini yaşayırdı. Onun məkrli oyunları, işvə-nazı Muxtarın gözlərini bağlamışdı...

 

Muxtarın nəinki divar qonşuları, hətta məhəllənin o biri sakinləri də Cavidin tükürpədici qışqırtısını dəfələrlə eşitmişdilər. Sinif yoldaşları öz valideynlərinə Cavidin bədənində göyərmiş yerlərin olmasını gördüklərini və həmişə analığı tərəfindən döyüldüyünü, çox vaxt ac qaldığını danışırdılar. Ülvi ilə Fərid dəfələrlə Həlimə nənəyə Cavidin gizlincə ağladığını demişdilər...

 

Nəhayət, bir gün Kamil kişinin səbr kasası doldu, gördüyü mənzərə o qədər dəhşətli idi ki, dözmək mümkün deyildi. Marqo əlində çubuq Cavidi döyə-döyə həyət boyu qovurdu... Sısqa, cansız uşaq "Ay ana, ay ana!" bağıraraq gizlənməyə yer tapa bilmirdi. Kamil kişi küçəyə çıxıb əsas qapıdan Muxtarın həyətinə keçmək istəyəndə, bayaqdan uşaqın naləsinə dözməyib çölə çıxan qonşu qadınlar qəzəblə onu qabaqlayıb içəri keçdilər. Cavid ilanın ağzından qurtulmuş şikar kimi onlara sığındı... Məhəllə arvadları daha o söyüş qalmadı ki, Marqoya deməsinlər. O isə məsələnin artıq əndazədən çıxdığını duyaraq kəkələməyə başladı: Vallah, billah, mən ona toxunmadım, sözümüzə baxmır, dərslərini hazırlamır, atası özü deyib ki, nadinclik edəndə qulağından çək...

 

Səs-küyə özünü yetirmiş məhəllənin ağbirçəyi sayılan Mədinə arvad onun üstünə qabardı:

 

- Bura bax, bu camaatın yanında sənə deyirəm, bir də cürət edib uşağı vursan, sənin də, o axmaq ərinin də başına oyun açdıraram. Ləçərin biri ləçər, yazıq uşaq bir dəri, bir sümükdür. Uşağı da belə vurarlar? Elə bilirsən hökumət yoxdur?..

 

...Axşam məsələdən halı olan Muxtar Cavidin könlünü alaraq elə onun yanındaca Marqoya təpindi:

 

- Mən səni evimə onun üçün gətirməmişəm ki, yeganə oğlumu gözümçıxdıya salasan. Ağlını başına yığ, məni qonum-qonşular yanında başıaşağı eləmə. Axırıncı dəfə deyirəm, bir də belə qələtlər eləmə...

 

Marqo bir az ağlamsındı, bir az əsəbindən şikayət etdi, axır ki, hiyləgərlik edib Muxtarı sakitləşdirə bildi.

 

...Günlər bu minvalla ötürdü, amma Cavidin üzü gülmürdü ki, gülmürdü. Marqo asta-asta, səsini qaldırmadan, kinini büruzə vermədən uşaq üçün əsl cəhənnəm yaratmışdı...

 

lll

 

...Axşamçağı idi. Kamil kişi eyvanda çay içirdi, bir azdan nəvələri qan-tər içində gəldilər. Onlar bayaqdan küçədə qonşu uşaqlarla futbol oynayırdılar.

 

Kamil kişi sevincək nəvələrini bağrına basaraq tərli üzlərindən öpdü.

 

- Hə mənim igidlərim, gedin əl-üzünüzü yuyun. Cavid bala da sizinlə idi?

 

- Bəli baba! Odur, həyətlərindədir - deyə Fərid cavab verdi.

 

Marqonun çığırtısı eşidildi:

 

- Səni çörək almağa göndərmişdim... Bir onluq verdim... İndi utanmadan qayıdıb gəlmisən ki, mağazada çörək yoxdur. İt balası, bəs pulu neynədin? Atan indi işdən gələcək, evdə nə pul qaldı, nə çörək! Sonra da mənə böhtan atırsan ki, mən sənə göz verib işıq vermirəm...

 

Bunu deyib Marqo uşağı şillələməyə başladı və sonra Kamil kişinin qonşu həyətdən baxdığını görüb onu darta-darta ikinci mərtəbəyə çəkib apardı...

 

Kamil kişi ürəyində Marqonun, Muxtarın ünvanına söyə-söyə ətrafına baxdı. Başı qab-qasığa qarışmış Həlimə nənə, əl-üzlərini yuyan uşaqlar nə yaxşı ki, Cavidin döyülməsini görmədilər.

 

...Marqo isə Cavidi yerə sərib təpikləyirdi.

 

- İt balası, hanı onluq, hanı çörək? Mən atana nə deyəcəyəm? İndi yenə də şikayətlənəcəksən? Görüm indi nə bəhanə tapıb atana deyəcəksən? İndi sənin heç bir sözün olmayacaq.

 

Zavallı uşaq özünü itirmişdi. Dükana çörək gəlməmişdi. Amma bəs bu pul zəhrimar nə oldu? Cavidi indi atasının sorğu-sualı qorxudurdu... Pulu hara qoyduğunu tamam unutmuşdu, indi isə fikri-zikri birtəhər özünü zərbələrdən qorumaq idi. Marqonun əlinə yaxşı fürsət düşmüşdü. Həyətə girən Muxtarın hənirtisini eşidən kimi tələsik onun qabağına atıldı.

 

- Muxtar, əzizim, evdə çörək yoxdur, axşam düşür. Cavidə səhər evdə qoyduğun onluğu verdim ki, çörək alsın. O gedən getdi, bütün günü futbol oynayıb, dərslərini də hazırlamayıb. Söz deyirsən, qayıdır ki, atama deyəcəyəm məni döyürsən. Mən başıma haranın daşını salım! - Marqo bütün hiyləgərliyini işə saldı.

 

- O hardadır? Cavid, çıx bura görüm!

 

- Bayaqdan girib çarpayının altına, çıxmır ki, çıxmır.

 

Muxtar əyilib çarpayının altında uzanmış Cavidin ayağından tutub xalçanın üstünə çəkdi. Uşaq tərpənmirdi, gözləri açıq idi, nəfəsi gəlmirdi. Muxtar əvvəl elə bildi ki, Cavid onu qorxutmaq üçün belə edir. Əyilib qulağını yüngülcə buranda uşağın donuq gözləri onu qorxutdu.

 

Uşaq keçinmişdi... Muxtar hövlnak çölə çıxıb bağırdı:

 

- Həlimə nənə, Kamil əmi!

 

Onların eyvandan boylanaraq, nə olub, nə baş verib suallarına ancaq bunu deyə bildi:

 

- Evim yıxılıb!

 

Bir azdan qonum-qonşu, qohum-əqrəba həyətə tökülüşdü. Milis idarəsindən də gəldilər... Təcili yardım maşını ilə gəlmiş həkimlər milis zabitinin köməyi ilə uşağı xəstəxanaya apardılar...

 

...Muxtar, Kamil və bir neçə yaxın adam xəstəxananın dəhlizində durub uşağın taleyi ilə maraqlanırdı. Təcili yardım şöbəsinin qapısına nigarançılıqla baxırdılar. Beş dəqiqə keçməmiş həkim əməliyyat otağından əsəbi halda onları içəri dəvət etdi. O, bədəninin hər yeri qançılarla örtülmüş çılpaq uşağı göstərərək qəzəblə soruşdu:

 

- On bir yaşında uşağın nə günahı var ki, bu günə salıblar. Lematomalardan görünür ki, onu hər gün döyüblər... Bir dəri bir sümük... Belə də imansızlıq, belə də vəhşilik olar? Yarılmasa da, təxmin etmək olar ki, bu zəif uşağın ürəyi hansısa əsəbi sarsıntıya davam gətirə bilməyib... Burada məhkəmə-tibb eksperti də iştirak edir, o da mən deyəni təsdiq edə bilər.

 

...Kamil kişinin dünya başına fırlandı, yıxılmamaq üçün əlini divara dayaq verdi. Həkim əzik-üzük olmuş onluğu Muxtara uzadaraq ağır səslə dilləndi:

 

- Uşağın əynindəki idman şalvarının balaqları rezin idi, bu onluq da orada ilişib qalmışdı, yəqin şalvarın cibi cırıldığı üçün düşübmüş.

 

...Dəfnə gələnlər Muxtarın üzünə də baxmırdı...

 

Akif Rəfiyev

 

525-ci qəzet.- 2022.- 4 iyun.- S.20.