Bakı salnaməsi
"Bakinski listok"dan
səhifələr
1871-ci ilin mart ayında Bakıda rus dilində ilk
dövri mətbuat orqanı "Bakinski listok" qəzeti nəşr
olunmağa başladı. Qəzetin baş
redaktoru Xristian Sink 1868-ci ildə çar II Aleksandrın fərmanı
ilə Sankt-Peterburqdan Bakıya Bakı realnı
gimnaziyasına alman dili müəllimi kimi işləməyə
göndərilmişdi. Realnı gimnaziyada
alman dilindən dərs deyən Xristian Sink həm də
Bakıda rus dilində qəzet nəşr etdirirdi. Azərbaycan dilində çıxacaq
"Əkinçi"miz hələ 4 ildən sonra
işıq üzü görəcəkdi. "Kaspi"
qəzetinin nəşrinə isə on il
vardı. İki ildə 40 nömrəsi
çıxmışdı. 150 il
bundan əvvəl Bakımız necə idi? Uzaq
Rusiyadan Azərbaycana alman dilindən dərs deməyə
göndərilmiş alman mənşəli Xristian Sink Azərbaycanı,
Bakını, burada yaşayan xalqları necə
tanımışdı? Qəzet nəşr
olunduğu müddətdə öz səhifələrində
onlarla maraqlı yazılar, yol qeydləri çap etmişdi.
Müxbirləri əyalətlərdən
maraqlı yazılar göndərirdilər.
Zamanın köhnəltdiyi, saraltdığı bu qəzet
səhifələrindən biz keçən illərimizin
tarixini, salnaməsini olduğu kimi öyrənə bilirik,
çox mətləblərdən agah oluruq. XIX əsrin
60-cı illərindən əcnəbilər bizi necə
görürdülər? İşğalçı,
fateh, qəsbkar dövlətin nümayəndəsi olduğunu
etiraf edən qəzetin redaktoru Xristian Sinkin müəllif
yazılarından öyrənməli çox məqamlar
vardır. Maraqlıdır ki, Bakıda nəşr
olunan bu qəzet Bakıdakı Erməni insansevərlər cəmiyyətinin
Minasova məxsus mətbəəsində çap edilirdi.
Filologiya üzrə fəlsəfə doktoru, Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti
Lalə Hacıyeva "Bakinski Listok" qəzetinin
Sankt-Peterburqdakı komplektini çox səliqə ilə
kitablaşdırıb 2013-cü ildə oxucuların ixtiyarına
vermişdir.
Bu yazıda qəzetin redaktoru, həm də Bakı realnı
gimnaziyasının müəllimi Xristian Sinkin "Bakı
salnaməsi" adlı məqaləsini oxucuların diqqətinə
çatdırmaqdan məqsədim bədnam, gəlmə
qonşularımızın xislətinin 150 ildə də dəyişmədiyini
bir daha yada salmaq, xatırlamaqdır.
Çox iti müşahidə qabiliyyətinə malik
olan Xristian Sink Bakıda yaşadığı müddətdə
burada yaşayan xalqların milli xüsusiyyətlərini
çox dəqiq müəyyənləşdirə
bilmişdi. Məqalədə alman mənşəli rus vətəndaşının
xalqımıza rəğbəti özünü aydın
göstərir. Sink ermənilərdən danışarkən,
xüsusi vurğulayırdı ki, rusların məqsədi
müsəlman ölkəsinin sivilizasiyasıdırsa, ermənilərin
məqsədi "ölkənin istismarıdır". Qarabağımızın 30 illik işğalı
dövründə erməni faşistlərinin Kəlbəcərdəki
filiz yataqlarının amansızcasına istismarı, Zəngilandakı
nadir, qədim çinar meşələrinin
qırılması onların köhnə vərdişlərindən
əl çəkmədiklərini əyani sübut edir.
Bakının
hərbi qubernatoru, zati-aliləri 1871-ci il
fevralın 22-də miniklə quberniyanı gəzməyə
çıxmışdır.
6 mart
3 il müddətində Bakı şəhəri,
onun əhalisi, ümumiyyətlə, cəmiyyətimizin həyat
şəraiti ilə tanışlıq bizdə əminlik
yaratdı ki, biz çox sürətli inkişaf yolundayıq
və yaxın gələcəkdə bizi və şəhərimizi
həsəd aparılacaq tale gözləyir. Həqiqətən,
elə bircə onun coğrafi mövqeyinə diqqət yetirin;
Bakı nəhəng Xəzəryanı vilayətin təbii mərkəzi
deyilmi? Xəzər dənizi öz sahillərinin
heç bir yerində bizim buxtamız qədər əlverişli
buxtaya malik deyil. Həştərxan artıq öz
dövrünü başa vurub; o, öz vəzifəsini yerinə
yetirib, bizə zəngin yeni bir ölkənin
darvazalarını açıb və biz bu ölkənin
bütün həyat qaynaqlarını bir mərkəzə cəmləşdirməyə
diqqət yetirməliyik və bu mərkəz Bakıdır, hətta
biz Bakının yerində Bakı kimi bir şəhərlə
deyil, səhrayla da rastlaşsaydıq, yenə də Bakı yaranacaqdı.
Bu, əlbəttə sözgəlişidir.
Əhalimizin
tərkibi olduqca qarışıqdır və az
qala otuza qədər müxtəlif xalqlardan ibarətdir, elə
o qədər də dildə danışırlar, lakin əsas
hissəsini üç xalq təşkil edir: ölkənin
sahibləri - biz ruslar, yerli əhali - farslar (azərbaycanlılar
nəzərdə tutulur - Ü.H.) və qonşu ölkələrdən
gəlmələr - ermənilər. Ruslar
istilaçı və ramedici kimi vilayətin hökmran əhalisidir.
Bütün yatmış Şərq kimi bu
ölkəyə həyat vermək, onu canlandırmaq onun əlindədir.
Bu cəmiyyətin - rus cəmiyyətinin üzərinə
yerli əhalini mədəniləşdirmək, onları
oyatmaq, müasir insana layiq həyata qovuşdurmaq kimi
böyük vəzifə düşür. Onlardan qul deyil, rus xalqının bərabərhüquqlu
böyük ailə üzvünü yaratmaq bizim
vicdanımızdan asılıdır. Belə
böyük bir amalı yerinə yetirmək üçün
cəmiyyət ikiqat qüvvəyə malik olmalıdır: əvvəla
özü lazımi qədər inkişaf etmiş olmalı,
ikincisi isə hökumət tərəfindən rəğbətlə
yanaşılmalı və dəstəklənməlidir. Biz
ruslar buraya Rusiyanın müxtəlif ucqar yerlərindən -
Peterburq, Moskva, Xarkov və s. gəlmişik. Rusiyanın
keçmiş sakinləri bir səma altında Xəzər
sahilləri boyunca, ən çox isə mərkəz Bakı
şəhərində daha sıx məskunlaşmışıq.
Görəsən, taleyin qədəri ilə, təsadüflər
nəticəsində uzaq, yarım vəhşi bir ölkəyə
atılmış bu qədər müxtəlif təbiətli,
çox zaman bir-birinə əks təbiətli insanlardan ibarət
olan cəmiyyətdən həmrəylik gözləmək
olarmı? Lakin bu, ilk baxışda belə görünə bilər.
Əgər biz fiziki, kimyəvi, psixoloji qanunları - yəni
elementlər nə qədər müxtəlif olsa, onların
daha sürətlə və sıx birləşdiyini,
onların birləşməsindən daha möhkəm
növün yarandığını xatırlasaq, müxtəlif
temperamentlərin daha tez dostlaşdığını, əgər
xatırlasaq ki, ümumi toplumdan ayrı düşmüş
kolonistlər, adalara sürgün olunmuş insanlar, dənizin
ortasındakı gəminin sərnişinləri; nəhayət,
dövlətin qayğısı ilə bura gəlmiş, yaxud
çağırılmış bizlər bir işə, bir məqsədə,
ölkənin sivilizasiyasına xidmət etməliyik.
Lakin əhalimizin digər hissəsi - qonşu ölkələrdən
gəlmiş ermənilər tamam başqa məqsəd
güdürlər. Onlar təhsil baxımından ölkədəki
əhalinin içərisində ikinci yerdədirlər, dinləri
isə bizim kimi xristiandır. Buna baxmayaraq,
biz onlarda bir qapanma, nə biz ruslarla, nə müsəlman əhalisi
ilə yaxınlaşmaq meylini görmürük, onlar özlərinin
ayrıca erməni cəmiyyətini yaradırlar. Lakin bir
cəhəti qeyd etməyə borcluyuq ki, rus təhsil müəssisələrində
az və ya çox oxumuş erməniləri
bura daxil etmirik: onlar biz ruslar - ruslaşmış almanlar, finlər,
isveçlilər və s. bütünlüklə rus
maraqlarına xidmət edənlərdir. Ermənilər
arasında ticarət işlərində çox istedadlı,
zəhmətkeş insanlar vardır. Əgər
ticarətə praktiki nəzərdən baxsaq, onlar ölkəyə
xeyli xeyir gətirirlər, lakin bu, dolayısı yolla baş
verir, bu, sanki onların tərəfindən heç arzu
olunmadan baş verir. Belə ki, əgər
rusların məqsədi ölkənin
sivilizasiyasıdırsa, ermənilərin məqsədi ölkənin
istismarıdır. Biz ölkənin yerli
ticarətindən ayrıca bəhs etmək fikrində
olduğumuzdan, bu məsələyə indi
toxunmayacağıq, ancaq biz erməni cəmiyyətindən nəyi
arzuladığımızı demək istəyirik. Düzünü desək, biz arzulayardıq ki, bu
ayrı-seçkilik heç olmasın, ayrı bir cəmiyyət
olmasın, ümumi vahid rus cəmiyyəti, müxtəlif
xalqlardan, onların övladlarından ibarət vahid bir vətənin
mükəmməl bir maşının mexanizmini təşkil
edən, ümumi rus cəmiyyətini arzulayardıq. Biz ermənilərin bizə inanmağını
arzulayırıq, nəhayət yalnız erməni, lap
vicdanlı erməni olmaqdan əl çəkmək
lazımdır; həyat çərçivəsi, hətta
rus olmaqdan da daha genişdir, mütləq mənada insan olmaq
lazımdır. Bilirik ki, sizi ruslaşmaq
fikri qorxudur, bu da təbiidir. İnsan adətlərin
övladıdır, nə qədər az
inkişaf etmişdirsə, öz milliliyindən ayrılmaq
çətindir. Lakin biz sizə nə
özümüzün borşunu, kvasını,
trepakını (rus xalq rəqsi - Ü.H.), qırmızı
köynəyini sırımaq fikrində deyilik; biz Sizə
ümumbəşəri müqəddəs dəyərlərdən
bəhs edirik. Bunları sadalamırıq.
Əgər siz onlar haqqında eşitməmişsinizsə,
onda uşaqlarınızı öyrənmək
üçün bizim məktəblərə göndərin.
Öz qapalılığınızdan əl
çəkin. Axı, hətta çinlilər
sədlərini yarıb öz limanlarını
üzümüzə açırlar, amma siz öz
arvadlarınızı rus nəzərlərindən
qısqanclıqla qoruyur, rus qızı ilə evlənməyə,
yaxud qızınızı rusa verməyə ölümə
betər günah kimi baxırsınız. Nəhayət,
yalnız pulu, varlı adamı deyil, sadəcə insana
hörmət etməyi bacarın. Onda sizin
də həyatınız daha dolğun, daha zəngin olacaq,
onda biz də sizə rəğbət, simpatiya bəsləyəcəyik
və Sizi doğma adlandırıb, öz
qardaşlarımızın sırasında görəcəyik.
Əhalimizin ən çox saylı hissəsini köklü yerlilər, farslar, yaxud da bizim onları səhvən tatar adlandırdığımız əhali təşkil edir. Onlar islam dininə qulluq edirlər, çox az inkişaf etmişlər, heç cəmiyyətləri də yoxdur, lakin aralarında xeyli savadlı adamlar vardır; maddi cəhətdən onlar ölkənin digər əhalisindən çox kasıbdırlar, ona görə də daha az müstəqildirlər. Fars hələ ki, təbiətin körpə övladıdır, ləngdir, qayğısızdır, sanki ətrafında baş verən hər şeyə biganədir, çoxbilmişdir, fəndgirdir, yeri gələndə sizi aldatmağı, kəf gəlməyi xoşlayır. Lakin bütün bu çatışmazlıqlarına baxmayaraq, onlar öz şəxsiyyətləri ilə adamda mənfi ovqat yaratmır. Əksinə, özlərinə qarşı simpatiya və hüsn-təvəccöh yaradır; fikirləşirsən ki, bu nədən və niyə belədir. Çünki onun təbiətində eqoizm və kin azdır; çünki o, təbiətən namuslu və xeyirxahdır. Onun ticarətinə diqqət yetirin, o, lap cüzi gəlirə qane olur, kapitala da cüzi faiz qoyut. Evinə qonaq gedin, öz qonaqpərvərliyi ilə o, sizə şərqli olduğunu xatırladacaq. Onunla tanış olun, dostluq edin, sizə bəxşeyişlər verəcək. O, sizi heç vaxt mənfəət məqsədilə aldatmayacaq, əgər belə bir iş görsə də, sadəcə sənətə məhəbbətindən edəcək: Təbiətən çoxbilmiş və fəndgir olsa da, həmişə verdiyi sözə etibarlıdır. Bax, ona görə biz müsəlman əhalimizin tərəfinə meyilliyik; bax, ona görə biz onun inkişaf yolunda hər addımının uğuruna sevinirik; Övladlarının təhsilini bizim məktəblərə etibar etdiyinə görə sevinirik; rus xidmətində olduğuna sevinirik, rus cəmiyyətində, rus arasında rast gəldiyimizə sevinirik; tatar dilində ilk qəzet çıxartmaq cəhdlərimizə xoş məramla yanaşdıqlarına sevinirik; elanımız onların tərəfindən hüsn-rəğbətlə qarşılandı; abunəçilərin sayı gözlədiyimizdən də çox oldu, abunə hətta ucqar tatar kəndlərinə də yayıldı və biz öz kiçik qardaşlarımızın xeyri və faydasına fəaliyyət göstərəcəyimizə tam ümidvarıq.
Xristian
SİNK
"Bakinski
listok" qəzeti,
6 mart 1871-ci il
Ülkər
HÜSEYNOVA
525-ci qəzet.- 2022.- 4 iyun.- S.18.