Məğrurluq və mövqe şeirləri
Azərbaycan ictimaiyyəti akademik Teymur Kərimlini klassik
ədəbiyyatımızın görkəmli tədqiqatçılarından
biri kimi qəbul edib. İntibah dövrü və orta əsrlər
Azərbaycan poeziyasının böyük
yaradıcılarının həyatı və sənətinin
əsaslı şəkildə tədqiq edilib öyrənilməsində,
onların əsərlərinin nəşr edilib xalqa
çatdırılmasında Teymur Kərimlinin mühüm
xidmətləri vardır.
Akademik Teymur Kərimli Azərbaycan klassik ədəbiyyatının
sözün böyük və həqiqi mənasında klassik
tədqiqatçısıdır. Fars dilini bildiyi
üçün klassiklərimizin əsərlərini
orijinaldan oxuması, tədqiqat prosesində hazır sxemlərdən
deyil, bədii mətndən çıxış edərək
elmi qənaətlərini irəli sürməsi, nəzəri
ümumiləşdirmələr aparması onun tədqiqatçı
simasını müəyyən edir. Bu mənada
akademik Teymur Kərimli mətnşünaslıqla ədəbiyyat
tarixçiliyini özündə birləşdirən və
mühüm elmi nəticələrini nəzəri ümumiləşdirmələr
vasitəsilə təqdim edən ədəbiyyatşünasdır.
"Nizami və tarix" monoqrafiyası Teymur Kərimlinin
ədəbiyyat tarixçiliyinin ağırlıq təşkil
etdiyi ciddi sanballı monoqrafik tədqiqatıdır. "Görünməyən Füzuli" kitabı
mətnşünaslığın aparıcı olduğu əhəmiyyətli
tədqiqat əsəridir.
"Çağdaşımız Nəsimi"
monoqrafiyası ədəbiyyat tarixçiliyi
işığında yazılmış və mətnşünaslığın
da iştirak etdiyi orijinal monoqrafiya kimi Teymur Kərimlinin
özünəməxsus tədqiqatçılıq
xüsusiyyətlərini özündə əks etdirir. Avropanın
nüfuzlu jurnallarında çap edilmiş "Nizami və
Şekspir" məqaləsi alimin
dünyagörüşünün genişliyini təqdim edən
mühüm tədqiqat əsəridir.
Akademik Teymur Kərimlinin elmi tədqiqat əsərləri
üçün zəruri məqamlarda haşiyə
çıxmaq, ricətlərə müraciət etmək kimi
xüsusiyyətlər də səciyyəvidir. Belə məqamlarda
o, elmi mülahizələrinə aydınlıq gətirmək
üçün haşiyə və ricətlərində
fikirlərini bədii ədəbiyyatda olduğuna bənzər
şəkildə səciyyəvi hadisələr və
obrazlı təsvirlərlə ifadə edir. Beləliklə, haşiyələr, ricətlər və
obrazlı təsvirlərdən yaradıcı şəkildə
istifadə Teymur Kərimlinin elmi əsərlərində bədii
düşüncə faktının da iştirak etdiyini
göstərir. Hələ orta məktəb
illərindən etibarən şeirlər yazmağa
başlaması və elmi fəaliyyətinin bütün mərhələlərində
həm də bədii yaradıcılıqla məşğul
olmağı da davam etdirməsi təbii olaraq onun elmi əsərlərində
bədiilik amilinin müəyyən yer tutmasına təsir
göstərmişdir. Eyni zamanda, Teymur Kərimlinin
şeirlərində elmi təfəkkürdən gələn
yanaşmalar və düşüncələr müşahidə
olunmaqdadır. Təsadüfi deyildir ki, 2010-cu ildə
"Çaşıoğlu" nəşriyyatında
çapdan çıxmış "Hicran ömrü"
adlı şeirlər kitabına sözardı yazmış
akademik Bəkir Nəbiyev "elmlə şeirin
qovşağında" qərar tutmağı onun bədii
yaradıcılığının özünəməxsusluğu
kimi təqdim etmişdir. "Hicran ömrü"
kitabının ön sözünün müəllifi,
filologiya üzrə elmlər doktoru, professor
Abuzər Bağırovun aşağıdakı mülahizələri
Teymur Kərimlinin şeir yaradıcılığında
"əndazəli bir intellektual səviyyə"nin
müşahidə olunduğunu bir daha təsdiq edir:
"...Onun alimliyi şairliyinə mane olmamış, əksinə,
topludakı əksər şeirlərdə əndazəli bir
intellektual səviyyə göz önündədir. Bununla belə, onun intellekt işığının
zoruna yazılmış bircə şeirinə də rast gəlmək
mümkün deyil. Teymur ancaq ürəkdən
gələn hisslərini obrazlı deyim tərzi ilə
kağıza köçürən şairdir". Bu
haqlı mülahizələrdəki "şair"
sözünü şərti olaraq qəbul etməklə,
akademik düşərgəni yüksək səviyyədə
təmsil edən Teymur Kərimlinin məhsuldar elmi fəaliyyətlə
yanaşı, fikirlərini həm də şeirlə ifadə
etməyi bacaran yaradıcı şəxsiyyət olduğunu
bir daha diqqətə çatdırırıq. Bu
baxımdan "Hicran ömrü" şeirlər kitabı
alim təfəkkürünün bədii ifadəsi kimi meydana
çıxmış orijinal poeziya toplusudur.
Müstəqillik dövrünün mühüm
ictimai-siyasi hadisələri akademik Teymur Kərimlinin elmi və
ədəbi əsərlərinin ideya-məzmun cəhətdən
daha yetkin şəkildə yazılmasına ciddi təsir
göstərmişdir. Oxuculara təqdim olunan "Şuşanamə"
adlı şeirlər kitabı akademikin elmlə şeirin
qovşağında yazılmış növbəti poeziya
külliyyatı kimi diqqəti cəlb edir. "Hicran
ömrü" kitabında "bazar meydanı"
adlandırdığı dünyanın
haqsızlıqlarından, vətən torpaqlarının
düşmən caynağına keçməsindən
doğan narahatlığından ümumi şəkildə
söz açan Teymur Kərimli artıq "Şuşanamə"
şeirlər toplusunda konkret olaraq dünyada və ölkəmizdə
baş verən hadisələrdən yaranmış təəssüratlarını
poetikləşdirmişdir. Bu mənada
"Şuşanamə" kitabı Teymur Kərimlinin II
Qarabağ savaşı - Vətən müharibəsinin dərsləri
vasitəsilə dərk etdiyi ictimai-siyasi mətləblərin
poetik baxımından şərh edilməsindən ibarətdir.
Bu, ən yeni dövr Azərbaycan ədəbiyyatında Şuşa - Qarabağ zəfərinə həsr
olunmuş ilk şeir kitablarından biri kimi də mühüm
əhəmiyyətə malikdir.
Akademik Teymur Kərimlinin "Şuşanamə"
şeirlər kitabı alimin "Şuşamız - şərəfimiz,
şöhrətimiz, şanımız" adlı elmi xarakterli
giriş məqaləsi ilə açılır. Şuşa
sözünün etimologiyasını və ideya-mənəvi
dəyərini elmi şəkildə açması Teymur Kərimlinin
"Şuşanamə" şeirlər silsiləsi
üçün zəmin hazırlamışdır.
"Sərkərdə igid olsa" adlı "kiçik
ön söz" də mahiyyəti etibarilə
"Şuşanamə" şeirlər toplusunun baş
mövzusu olan Ali Baş Komandan xəttinin əsas
konturlarının diqqət mərkəzinə çəkilməsinə
xidmət edir. Beləliklə, Teymur Kərimlinin təqdim
etdiyi "kiçik ön söz"lər
"Şuşanamə" kitabının tutumlu bir elmi
müqəddiməsi təəssüratı yaradır.
Müqəddimədəki aşağıdakı elmi fikirlər
"Şuşanamə"dəki bədii yazıların -
şeirlərin də əsas istiqamətini müəyyən
edir: "Biz tarixi günlər yaşayırıq və bu
tarixi yazan əl təkcə öz Vətəninə, öz
xalqına deyil, bütövlükdə mütərəqqi bəşəriyyətə
xidmət edir, qlobal xilaskarlıq missiyasını şərəflə
yerinə yetirir".
"Şuşanamə"nin təqdim etdiyi "Əziz Şuşa, biz
qayıtdıq" şeirlər silsiləsi II Qarabağ
müharibəsində qazanılmış tarixi Zəfərimizə
həsr olunmuş ictimai məzmunlu, qiymətli poetik nümunələrdir.
Orijinal poetik ifadə ilə obrazlı şəkildə
"belqıran" adlandırdığı "qarı
düşmənlərə çalın-çarpaz
sağalmaz dağ çəkən", "qanla tarix
yazan" Azərbaycan əsgərini Vətən-millət
yolunda can verən qəhrəman alp ərləri, "alfa erkəkləri"ni
Şuşanın fatehləri kimi ilhamla tərənnüm
edir. Bu baxımdan klassik poetika gözü ilə baxsaq,
"Şuşanamə"dəki Şuşa şeirləri
Ali Baş Komandanın Dəmir Yumruğu və Azərbaycan əsgərinin
şücaəti ilə fəth olunmuş
"dumanı-çiskini çəkilmiş" bu qəhrəman
şəhərə həsr edilmiş mükəmməl bir
"qəsideyi-şiniyyə"dir.
Canımın
parçası, canımda canımdır Şuşamız,
Damarımda
dolaşan isti qanımdır Şuşamız!
...Vətən
övladına açmış qucağın yaz günütək,
Yağıya buz kimi sərt, qar-boranımdır
Şuşamız.
...Torpağı
musiqidən yoğrulub axır, bilirəm,
Çünki xanəndəmiz olmuş, ozanımdır
Şuşamız.
"Nəzmi-nazik,
bayatı abi-həyatıymış" onun,
Qarabağ tarixini ilk yazanımdır Şuşamız.
Teymurun
könlün açıb doğma Cıdır
meydanımız,
Dar
günümdə köməyimdir, həyanımdır
Şuşamız!
Teymur Kərimli haqlı olaraq Qarabağ Zəfərindən
Vətənin məğrurluq dərsləri kimi söz açır. "Vətən
məğrur, mən məğrur" şeiri məğrurluq
marşı kimi səslənir. "Bu, vətəndir"
şeiri "Əziz Şuşa, biz qayıtdıq"
şeirlər silsiləsinin mənalı poetik
epiqrafıdır. "Paşam"
şeiri Vətən müharibəsində Ulu öndər
Heydər Əliyevin "Tək millət, iki dövlət"
Atalar sözünə çevrilmiş müdrik kəlamlarını
Azərbaycan-Türkiyə münasibətlərində
strategiya səviyyəsinə qaldıran qardaş ölkənin
rəhbəri Rəcəb Tayib Ərdoğana mənalı bir
ithafnamədir. Tarixi Zəfərin
qazanılmasından cəmi on gün sonra, 18 noyabr 2020-ci ildə
yazılmış "Xoş gəldin" şeiri Qalib Ali
Baş Komandana xalqımızın
gözaydınlığının poetik ifadəsidir. Nəhayət, "Dəmir Yumruq" şeiri
Qarabağ savaşındakı Zəfərin Baş memarı
Prezident İlham Əliyevin tarix, vətən və dövlət
qarşısındakı misilsiz xidmətlərinin poetik fəlsəfəsindən
ibarətdir. Tərəddüd etmədən
demək olar ki, Teymur Kərimlinin "Dəmir Yumruq"
şeiri müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
bu mövzuda yazılmış ən yaxşı poeziya
nümunələrindən biridir. "Dəmir Yumruq nədən
doğmuş" sualına verilmiş intellektual poetik cavabdan
ibarət olan "Dəmir Yumruq" şeiri məhz elmiliklə
bədiiliyin vəhdətindən yoğrulması ilə
müasir Azərbaycan şeirinin ön mövqeyinə
çıxmışdır:
Əgər
bilmək dilərsənsə, Dəmir Yumruq nədən
doğmuş:
Dəmir
yurddan, dəmir eldən, dəmir iradədən doğmuş!
Duman
çökdürmək istərkən elin başına
düşmənlər,
Yarıb
zülmətləri çıxmış, günəştək
zirvədən doğmuş!
Elin
yaddaşı ölməz ki, həmişə dumduru, şəffaf,
Dədəm
Qorqud kitabından, nağıl, əfsanədən
doğmuş!
Anamızdır
Vətən, ancaq hücum etdikdə namərdlər,
Xilaskar ərləri
bil ki, Vətən əkmiş, Vətən doğmuş!
Akademik Teymur Kərimli şeirlərində oxucunu
düşündürdüyü kimi, zəruri məqamda
güldürməyi də bacarır. Maraqlı cəhətlərdən
biri də budur ki, Teymur Kərimlinin özünəməxsus
gülüş konsepsiyası vardır. "Gülməlidir"
şeiri "Şuşanamə" müəllifinin bədii
gülüşünün əsas mahiyyətini diqqətə
çatdırır:
Düşüb
ağlar günə, arsızca gülən gülməlidir!
Özünü,
təlxək ikən dahi bilən gülməlidir!
Əzib
acizləri, fəxr ilə durub lovğalanan,
Qoluzorlu
qabağında əzilən gülməlidir!
Dildə
can qurban edən yurduna, həm millətinə,
İşə
gəldikdə durub tez əkilən gülməlidir!
Zil
qaranlıq kimi xalqın başına əngəl olan,
Gün
doğanda aralıqdan çəkilən gülməlidir!
…Mərd
oğullar alacaq əllərinə kəlbətini,
Dişini
çəksən əgər, əfi ilan gülməlidir!
Teymur Kərimlinin "Şuşanamə"sində tərənnüm
şeirlərindən başqa, Qarabağ savaşı ətrafında
baş vermiş hadisələrə həsr edilmiş satirik
şeirlərdə də ölkəmizin ədalətli
mübarizəsinin ayrı-ayrı məqamlarına münasibət
ifadə olunmuşdur. "Şuşanamə"dəki satirik
şeirlər təsirli və ibrətamiz Vətən
savaşı mərmiləridir. Tərənnüm
şeirlərində olduğu kimi, Teymur Kərimli
satiralarında da yüksək professionallıq nümayiş
etdirir. "Hicran ömrü"
kitabındakı tənqid ruhlu şeirlər göstərir
ki, o, satirik ədəbiyyat üçün zəruri olan
bütün əsas gülüş vasitələrindən
yaradıcılıqla istifadə etmək istedadına malikdir.
"Şuşanamə" şeir
kitabındakı satira nümunələri özünün
ideya-məzmununa və sənətkarlıq xüsusiyyətlərinə
görə onun bu istiqamətdə daha da irəli getdiyini nəzərə
çatdırır. Əvvəla, "Şuşanamə"dəki
satiranın tənqid hədəfləri daha aydın və
konkretdir. Teymur Kərimli bəşəriyyətin
başına bəla olmuş erməni terrorizmi və onun nahaq
qanlar tökmüş Njde kimi cəlladlarını,
Qarabağdakı Azərbaycan torpaqlarının işğal
olunmasına rəhbərlik etmiş Ermənistan rəsmilərini
tənqid hədəfi olaraq almış, haqq etdikləri kəskin
sözləri onlara satirik şeirin dili ilə
çatdırmışdır.
Bu satirik şeirlər yalnız tənqid ruhunun
gücünə görə deyil, hədəf kimi
seçilmiş mənfur şəxsin və ya
gülüş obyektinin bütün yönləri ilə təqdim
edilməsinə, habelə satiraya məxsus bədii vasitələrlə
bacarıqla mənalandırılması ilə mükəmməl
sənət nümunəsinə çevrilir. Nikol Paşinyana müraciətlə
yazılmış "Nooldu bəs" satirasında Azərbaycanda
xalq deyimi kimi qəbul edilmiş "Nooldu Paşinyan?"
müraciəti vasitəsilə II Qarabağ müharibəsində
Ermənistanın bütün uydurmalarının, fantastik xəyallarının
boşa çıxması satira güzgüsündə
canlandırılmışdır. "Vaqif və
İsgəndər" şeirində Şuşa şəhərinə
"İsgəndər" raketi atmış hayların
özlərini fateh İsgəndərlə müqayisə etmək
xülyaları "ona nisbətdə qara pula dəyərmi dəriniz"
kimi sərrast misralarla cavablandırılır.
"Şuşanamə" kitabındakı "Aldatdı məni"
satirasında bədnam Ermənistanı faciələrdən
faciələrə aparmaqda davam edən
işğalçılıq siyasətinin mahiyyəti
açılaraq cəmiyyətə təqdim olunur:
Nə
işim vardı Qarabağda, xaç aldatdı məni!
Taxtı
çönsün başına, astvaç aldatdı məni...
Dedilər
ki, Bakıya yollanırıq tezlik ilə,
Türk qanı tökmək üçün xəncəri
taxdım da belə.
"Qoç
igidlər, irəli" - varpetimiz gəldi dilə:
"Yığacaqsız
- dedi, - siz bollu bac", aldatdı məni,
Nə
işim vardı Qarabağda, xaç aldatdı məni!
…Onda
gördüm başıma yağdı alov güllə kimi,
Başımı,
üz-gözümü qarsaladı şillə kimi,
Burnuma gəldi
qoxu, guya ütük kəllə kimi,
Elə
bildim bişirir kimsə xaş, aldatdı məni,
Nə
işim vardı Qarabağda, xaç aldatdı məni!
Göründüyü kimi, şeirdə mövzunun
aktuallığı ilə təsvir vasitələrinin
orijinallığı bir-birini tamamlayır. Məğlub erməni əsgərinin
"üfük kəllə kimi" təqdim edilməsi və
Ermənistanın Qarabağ savaşında qalib gəlmək
xülyasına başına alovlar yağdığı
müharibə cəbhələrində "xaş bişirmək"
kimi baxması fikir olaraq yeni olmaqla bərabər, həm də
satirik bədii təsvir vasitələrindən istifadə etmək
baxımından da yenidir və yaddaqalandır. Teymur Kərimlinin
"Aldatdı məni" şeiri üçün kəşf
etdiyi final ibrətamiz bir novella sonluğu təsiri
bağışlayır:
Neçə
yüz mən kimi axmaq beləcə getdi küyə,
Bilmədik ki, dura bilməz kələyə qarşı
düyə.
Düz
deyirmiş qoca varpet, budu, çatdıq Baküyə...
Yeyirik
türmədə indi qalac... aldatdı məni,
Nə
işim vardı Qarabağda, xaç aldatdı məni!
"Aldatdı məni" satirası müstəqilik
dövrü Azərbaycan satirik şeirinin ən yaxşı
nümunələrindən biri sayılmağa layiqdir.
İkincisi, Teymur Kərimli haqlı olaraq Qarabağ
davasına sadəcə Ermənistan-Azərbaycan müharibəsi
kimi yox, ölkəmizin ermənilərin məkrli
havadarları ilə birlikdə apardığı mübarizə
miqyasında baxmışdır. "Hardasan, Avropa
Şurası", "Qoyma gəldi", "Xocalı cəlladları"
satiralarında Qarabağ savaşı mövzusuna geniş
baxış bucağından yanaşılaraq, məsələnin
dərin kökləri və səbəbləri göz
önünə gətirilmişdir. Müəllif
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Qarabağ - Vətən müharibəsi fonunda dediyi "Avropa
Şurası, hardasan? Niyə susursan?"
sözlərinin işığında bu beynəlxalq qurumun
ikili standartlarına kəskin satirik münasibətini ifadə
etmişdir. Əlbəttə, bu məqamda siyasi-elmi
dünyagörüş satirik şeirin əsas donoru statusunda
çıxış edir:
Səs ver səsimə, hardasan, Avropa Şurası?
Çıxdın göyə, ya yerdəsən, Avropa
Şurası?
Düşmüş
yadına bəlkə də xaçlı yürüşləri,
Halamı yürüşlərdəsən, Avropa
Şurası?
...Artıq
kəsərmisən bu "demokrat" bəhanəsin -
Məkrə,
xəyanətə bir pərdəsən, Avropa Şurası!
İnsanlığa
məzhəb gərəkir əngəl olmasın,
Bu əngəli
gərəkir yırtasan, Avropa Şurası!
Neyçün ikili yöndə qurursan siyasəti?
Artıq
özün də zordasan, Avropa Şurası!
Adilsən
əgər, bayraq edib sən ədaləti,
Zülmün
gözünə dürtəsən, Avropa Şurası!
Yoxsa bir
arxalı köpəyə bollu yal verib,
Məzlumlara qısqırdasan, Avropa Şurası?
Bəsdir
oyuncaq oynadın, azca kitab oxu,
Bəlkə
böyüdün, xırdasan, Avropa Şurası!
"Hardasan, Avropa Şurası" müstəqillik
dövrü Azərbaycan siyasi satirasının ən mükəmməl
nümunələrindən biridir. Qarabağ savaşı zamanı
müharibədə uduzduğunu görən Ermənistan rəhbərliyinin
xilas üçün Fransa Prezidenti Makrona müraciətinin
satirik şeirimizin böyük ustadı Mirzə Ələkbər
Sabir sayağı şeirə çəkilməsi Azərbaycanın
Dəmir Yumruğu qarşısında ermənilərin və
onların havadarlarının düşdüyü miskin vəziyyəti
böyük məharətlə əks etdirir. Bu
satirik şeir ermənilərin bu vaxta qədər dünyaya
sırıdıqları "yazıq, məzlum erməni milləti"
obrazına real olaraq "miskin, qorxaq" simasını da əlavə
edir.
Makroncan,
amandı, qoyma gəldi!
Yumruğu
yamandı, qoyma gəldi!
Bayraktara olmusanmı halı?
Səssizcə
kəsir qabağı-dalı,
Dənnər
dığanı cücə misalı,
Vəhşi
çalağandı, qoyma gəldi!
Aljirdə
o vaxt fransalı Jan
Milyonlar
ilə qırıb müsəlman;
Neyçün
ki, ərəb deyildir insan!
Öldürmək
asandı, qoyma gəldi!
Doxsanları türk nə tez unutdu?
Azərlərə
hay divan nə tutdu!
Ax-ax, o
gözəl zaman tez ötdü,
Haylar oda
yandı, qoyma gəldi!
...Gül
arzulayan tikan dəribdi,
İndi
Qarabağ bizə qəribdi...
Yumruq yenə
də hazır durubdu -
Məqsəd
İrəvandı, qoyma gəldi!
Makroncan, amandı, qoyma gəldi.
Nəhayət, Teymur Kərimlinin "Yeddi şərtə"
yeddi bənd" adlı satirasını da xüsusi qeyd etməyə
ehtiyac vardır. Bu satirada Teymur Kərimli Qarabağ
savaşı ərəfəsi və müharibə prosesləri
zamanı baş verən məqamları satirik dillə mənalandırmaqla
yanaşı, həm də gələcəyə
çağırışlar etmiş, "Qonşuya iman gətir"
- nidası ilə sabahkı vəzifələrə
işıq salmışdır. Mirzə
Ələkbər Sabirə nəzirə formasında
yazılmış satirada müasir dövrün ictimai-siyasi mətləblərinə
aydınlıq gətirilmişdir. İlk dəfə
olaraq bu satirada uydurma "Böyük Ermənistan"
sözü əvəzinə "Zırpı Hayıstan"
sözünün işlədilməsi ilə onların
boş xəyalatına aydın satirik münasibət ifadə
olunmuşdur. Mövzusu, ictimai-siyasi mahiyyəti ilə
aktual olan "Yeddi şərtə yeddi bənd"
satirası sənətkarlıq xüsusiyyətlərinə
görə də orijinaldır:
Nooldu,
Paşinyan, bizə qoyduğun o "7 şərt"?
Qoydu
KOMANDAN sənə bircə tələb - xeyli sərt!
Bunkerinin küncünə indi qısıldınmı pərt?!
İt sürüsü ordunun öfkəsi qan oldumu?
İndi sənə biz qoyan şərtlər əyan
oldumu?
Hürdü
köpəklər bizə, indi qısıb quyruğu,
Artıq
eşitmir deyən, sahibinin buyruğun!
ALİ
BAŞ KOMANDANIN əzdi dəmir yumruğu -
Nooldu, fırəng lobbisi, gəldi, həyan oldumu?
İndi sənə biz qoyan şərtlər əyan
oldumu?
Var bəşərin
tarixi, çünki deyil həmhəmə!
"Zırpı
Hayastan" sözün yaxşıca süz, qoy dəmə!
Bəsdi
gülünc eylədin millətini aləmə!
Yoxsa qulaqburması boş baraban oldumu?
İndi sənə biz qoyan şərtlər əyan
oldumu?
Qonşuya
xainliyi tərk elə, artıq bitir!
Basma
müqəddəs yeri, çəkmələrin
çirklidir!
Şeytana
bel bağlama, Qonşuya iman gətir!
Qonşudan üz döndərən kor-peşiman oldumu?
İndi sənə biz qoyan şərtlər əyan
oldumu?
Göründüyü kimi, akademik Teymur Kərimli
"Şuşanamə" kitabındakı satirik şeirlərində
ölkə masştablı məsələlərə beynəlxalq
müstəvidə baxmağı bacarmış, müasir
oxucuya dövrün mühüm həqiqətlərini
çatdırmışdır. Tərənnüm
şeirlərində olduğu kimi, o, satiralarında da məğrurluq
və mövqe ifadə etmək missiyasını yüksək
səviyyədə yerinə yetirmişdir. Teymur Kərimli tənqidi mövzuda
yazılmış şeirlərində satirik
gülüşün bütün imkanlarından
yaradıcı şəkildə istifadə etməyi
bacarmışdır. İlk növbədə
tənqid hədəfləri seçmək baxımından
dünyaya qlobal miqyasda baxan müəllif satiralarında
yaxın dövrün ən aktual problemlərini satirik ədəbiyyata
gətirmiş və satira vasitəsi ilə oxucuda obyektiv
ictimai rəy formalaşdıra bilmişdir. Teymurun satirik tipləri tənqid hədəfi kimi
müəyyən edilmiş hadisənin, mühitin tipikləşdirilməsinə
də uğurla xidmət edir. Aydın surətdə
görünür ki, Teymur Kərimlinin satiraları
güldürmək üçün deyil, bədii
gülüş vasitəsilə konkret mövqe ifadə etmək,
düşündürmək və nəticə
çıxarmaq üçün yazılmış tənqidi
şeirlərdir.
Satira janrları baxımından da Teymur Kərimlinin
yaradıcılığı zəngindir. Doğrudur,
yaradıcılığında klassik şeir formalarına
üstünlük verdiyi üçün onun əksər
satirik şeirləri qəzəl şəklində qələmə
alınmışdır. Bu cəhətdən
Teymur Kərimli qəzəl janrı vasitəsilə satirik mətləbləri
ifadə etməyin geniş imkanlarını nümayiş
etdirir. Deməli, satirik qəzəl Teymur Kərimlinin
satira yaradıcılığının əsas janrı kimi
çıxış edir. Bununla belə, o,
özünün yazdığı kimi "köhnə
sözün kimsəni tərpətməsinin" çətinliyini
dərk edərək, satirik şeirin bədii ifadə
formasında dəyişikliklər etmək yolu ilə müəyyən
yeniləşmələrə də nail ola
bilmişdir. "Hardasan, Avropa Şurası"
satirasının qəzəl-pamflet janrında
yazıldığını nəzərə
çatdırması onun satirik qəzəl formasında etdiyi
dəyişikliyin konkret bədii ifadəsidir. Əslində pamflet, yəni həcv
üçün konkret bədii forma yox, məzmun əsas
faktor olduğu üçün "Hardasan, Avropa
Şurası" satirası pamfletdir, yəni həcvdir.
Şərq ədəbiyyatında, o cümlədən,
Azərbaycan klassik poeziyasında həcvlər əsasən qəsidələrdən
ibarət olmuşdur.
Çünki ictimai mətləbləri ifadə etməsi baxımından qəsidə həcvə daha yaxındır. Aşiqanə məzmunda yazılmış qəzəl vasitəsilə həcvguluq etmək ənənəsinə isə çox az rast gəlmək olar. Bəlkə də Teymur Kərimlinin "Hardasan, Avropa Şurası" qəzəl-pamfleti bu baxımdan həmin janrda yaradılmış ilk satirik şeir nümunəsidir. Yəqin ki, klassik Şərq və Azərbaycan şeirinin tarixi təcrübəsinə dərindən bələd olan akademik Teymur Kərimli də "Hardasan, Avropa Şurası" satirasının janrı haqqındakı "qəzəl-pamflet" sözlərini manjetə çıxarmaqla bu janrda yazdığı şeirin bədii forma baxımından novatorluğunu nəzərə çatdırmaq istəmişdir.
"Şuşanamə" kitabındakı satirik şeirlər içərisindəki nəzirələr də janr baxımından müəyyən özünəməxsusluqları ilə seçilir. Məsələn, Mirzə Ələkbər Sabirin şeirlərinə nəzirə kimi yazılmış "Qoyma gəldi" şeiri satira ustadından fərqli olaraq heca vəznində yazılmışdır. Bu satirik şeirdə bədii forma olaraq qəzəl yox, qoşma janrının strukturundan istifadə olunmuşdur. Bundan başqa, "Qoyma gəldi" satirasında Sabirdən fərqli olaraq əsas fikri ifadə edən əvvəlinci iki misradan yalnız birinin yenidən qafiyələndirilmiş şəklindən istifadə etmiş, təkrara yol verməmişdir. Buna görə də Teymur Kərimli haqlı olaraq "Qoyma gəldi" satirasını nəzirə yox, "Sabirə uyarı" adlandırmışdır.
Ümumiyyətlə, Teymur Kərimlinin
"Şuşanamə" kitabındakı şeirlər
müstəqillik dövrü Azərbaycan poeziyasının
klassik poetik üslubda ən müasir ictimai fikirləri və
mətləbləri obrazlı şəkildə ifadə edib mənalandırmağın
mükəmməl nümunəsidir. Bu mənada
"Şuşanamə" şeirlər külliyyatı yeni
tarixi epoxanın klassik poeziyasıdır. Janrından və
üslubundan asılı olmayaraq, "Şuşanamə"
şeirləri müstəqillik dövrünün akademik
düşüncə ilə yazılmış Qarabağnaməsi
funksiyasını uğurla yerinə yetirir. Akademik Teymur Kərimli
elmi əsərlərində ifadə edilməsi mümkün
olmayan fikirləri və mətləbləri
"Şuşanamə"dəki şeirlərlə
bacarıqla mənalandırmışdır. Bu baxımdan
"Şuşanamə" şeirləri görkəmli tədqiqatçı
alimin "Şuşa İli"nə layiqli poetik töhfəsidir.
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2022.- 4 iyun.- S.16-17.