"Yunus Əmrə və Azərbaycan" mövzulu seminar keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrə Azərbaycan" mövzusunda seminar təşkil edilib. Seminarda Türkiyəli alimlər-professor Haşim Şahin, BDU-nun doktorantı Oğuz Kağan Bayraktar institutun əməkdaşları iştirak ediblər.

 

 

İclası Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq qonaqları salamlayıb.

 

Ölkəmizdə, xüsusilə Ədəbiyyat İnstitutunda ortaq türk ədəbiyyatı ilə bağlı görülən işlər barəsində ətraflı məlumat verib. Bildirib ki, 2021-ci il qardaş Türkiyədə YUNESKO-nun qərarı ilə "Yunus Əmrə İli" elan olunmasına töhfə olaraq Ədəbiyyat İnstitutu Yunus Əmrənin "Salam olsun" ("Divan") kitabını çap edib. Kitabın ideya müəllifi "Yunus Əmrə dastanı" adlı ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.

 

Sonra Anadolu Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölümünün Ortaçağ tarixi mütəxəssisi, tarix elmləri doktoru, professor Haşim Şahin çıxış edərək Yunus Əmrə çağdaşları haqqında Türkiyədə aparılan araşdırmalar barəsində məlumat verib.

 

Seminarda İnstititun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçiləri, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, filologiya elmləri doktoru, dosent Xuraman Hümbətova, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov mövzu ilə bağlı müzakirədə fikirlərini söyləyiblər.

 

525-ci qəzet.- 2022.- 4 iyun.- S.15.