"Geriyə baxarkən" görünənlər...
"Şərq-Qərb" nəşriyyatında Xalq
yazıçısı İlyas Əfəndiyevin
ömrünün yaddaqalan anlarını, incəsənət
və mədəniyyət xadimlərinin, yaxın
dostlarının onun haqqında fikirlərinin, maraqlı xatirələrinin,
tanınmış şairlərin dramaturqa həsr etdikləri
şeirlərin toplandığı "İLYAS
ƏFƏNDİYEV. Geriyə baxarkən" adlı kitab
işıq üzü görüb. Nəşrdə
yazıçının müxtəlif illərdə
yazdığı, şöhrətli aktyor və
rejissorların iştirakı ilə səhnələşdirilən
əsərlərindən fotolar yer alıb. Poliqrafik icra baxımından seçilən bu kitabda
İ.Əfəndiyevin yaxınları və ailə üzvləri
ilə həyatının müxtəlif dövrlərində
çəkilmiş fotolarıda əks olunub. Kitabın ideya müəllifi və məsləhətçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Günay Əfəndiyeva, tərtibçisi isə
professor, Əməkdar mədəniyyət işçisi Kərim
Tahirovdur. Nəşrin "Bizdən irəlidə"
adlı Ön sözünü isə Sabir Rüstəmxanlı
qələmə alıb.
Kitab
Ümummilli lider Heydər Əliyevin aşağıdakı
fikirləri ilə açılır: "İlyas Əfəndiyevin
əsərləri həm səlis, gözəl bədii dilinə,
həm dərin məzmununa, həm də yüksək sənətkarlığına
görə fərqlənir, oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında həm
körpüsalanların çətin işi, həm
neftçilərin qəhrəman əməyi, həm
müasir kəndin həyatı, həm də Azərbaycan
ziyalıları arasında mənəvi-psixoloji proseslər
inandırıcı şəkildə və dərindən əks
edilmişdir. Öz
yaradıcılığında yazıçı cəmiyyətimizin
mənəvi təşəkkülünü və
inkişafını diqqətlə izləyir, onun mənasını
açıb göstərir, bugünkü həyatımız
üçün də, gələcək həyat
üçün də nümunə olan adamların parlaq obrazlarını
yaradır. O, öz sənətkarlığı ilə
zəhmətkeşlərin mənəvi tərbiyəsində
fəal iştirak edir".
25 mayda Azərbaycan Milli Kitabxanasında haqqında
danışdığımız kitabın təqdimatı mərasimi,
eyni zamanda İlyas Əfəndiyevin adını daşıyan
mükafatın təltifetmə mərasimi baş tutdu. İlk
mükafat millət vəkili, yazıçı Aqil Abbasa
verildi. Tədbirdə, həmçinin, Azərbaycan
Milli Kitabxanası tərəfindən hazırlanan
"İlyas Əfəndiyevin əsərlərinin elektron
bazası" da oxucuların ixtiyarına verildi. Azərbaycan Respublikasının mədəniyyət
naziri, eləcə də tanınmış ziyalılar və ədəbiyyat
adamlarının iştirak etdiyi tədbirdə İ.Əfəndiyevin
həyat və yaradıcılığı barədə
söylənən fikirlərin (çıxışların
ardıcıllığı gözlənilib) bəzi hissələrini
oxucuların ixtiyarına veririk:
Kərim
Tahirov
Azərbaycan
Milli Kitabxanasının direktoru
- Bu
gün diqqətinizə təqdim edilən kitabda İ.Əfəndiyevin
yaradıcı ömrünün anları xronoloji şəkildə
əksini tapıb. Böyük dramaturq Azərbaycan
mədəniyyəti tarixində silinməz izlər qoyub və
özündən sonra ədəbi məktəb yaradıb.
İ.Əfəndiyev Azərbaycan xalqının dərd-sərini,
tarixini, adət-ənənələrini, mənəvi dəyərlərini
öz əsərlərində çox koloritli şəkildə
təsvir edib.
Nəsillər dəyişəcək, amma onun
yaratdıqları həmişə sevilərək oxunacaq və
heç zaman öz qiymətini itirməyəcək. Əgər İlyas müəllim sağ olsaydı və
onun Sovet dövründə çap edilən əsərləri
bu gün işıq üzü görsəydi, görkəmli
ədib onların altına yenə də imza atardı. Yalnız böyük sənətkarlar belə
ölməz əsərlər meydana qoya bilər. İlyas müəllim teatr məktəbi yaradıb və
oradan neçə-neçə aktyorlar, rejissorlar yetişib.
O, bizim gəncliyimizin ədibi olub, onun əsərlərini
oxuya-oxuya şəxsiyyət kimi formalaşmışıq. Məncə, görkəmli dramaturqun ən
böyük xoşbəxtliyi həm də ondan ibarətdir ki,
yaratdığı teatr məktəbini, əsərlərindəki
ideyaları bu gün onun oğlu, Xalq yazıçısı
Elçin çox böyük uğurla davam etdirir. Cəsarətlə deyə bilərəm ki. bəli, artıq Azərbaycanda Elçin müəllimin
də bir teatr məktəbi var. Elçin müəllimin
müasir dövrün tələblərinə uyğun, modern
üslubda yazılmış, səhnəyə qoyulmuş əsərləri
neçə-neçə nəsillərin mənəvi
baxımdan yetişməsinə səbəb olub.
Anar Kərimov
Azərbaycan
Respublikasının mədəniyyət naziri
- Bizim
üçün çox əlamətdar gündür ki, ədəbiyyatımızın
ən görkəmli nümayəndələrindən biri, Azərbaycan
milli kimliyinin inkişaf etdirilməsində müstəsna rolu
olan İ.Əfəndiyevin ad günü münasibəti ilə
belə bir gözəl kitabın təqdimat mərasimində
iştirak edirik. İlyas müəllim,
doğrudan da, Azərbaycan ədəbiyyatında çox
önəmli bir iz qoymuşdur. O, Sovet ideologiyası
zamanı azərbaycançılığı,
xalqımızın milli kimliyini öz əsərlərində
əks etdirmiş və beləliklə də, yeni nəslin
milli-mənəvi ruhda yetişməsinə böyük
töhfə vermişdir. İ.Əfəndiyev və
bu qəbildən olan digər görkəmli şəxsiyyətlərimiz
sayəsində biz Qarabağımızı heç zaman
yaddan çıxarmadıq. Qarabağı
görməyən gənclər canlarını həmin
torpaqlar üçün qurban etdilər. Biz
hər zaman bu məqamı vurğulamalı və bununla fəxr
etməliyik. Təsadüfi deyil ki, cənab
Prezidentin sərəncamı ilə onun 100 illik yubileyi YUNESKO qərargahında
da qeyd edildi. Görkəmli dramaturqun
adı YUNESKO-nun görkəmli şəxsiyyətlər
siyahısına daxil edildi. Bu, ciddi bir
göstərici və nailiyyətdir. Biz
bunu qiymətləndirməli və əhəmiyyətini
başa düşməliyik. Mənim
üçün şərəfdir ki, böyük sənətkarın
YUNESKO-da keçirilən yubileyində iştirak etmişəm.
Orda bir daha da şahid oldum ki, İ.Əfəndiyev
dünya səviyyəsində tanıdılası bir ədibdir.
Onun neçə illər bundan öncə
yazılmış əsərləri indi də aktualdır.
O pyeslərdən öyrənməliyik ki, kimik, düşmənlərimiz
kimdir, biz kimlərlə mücadilə aparmışıq,
aparırıq və aparacağıq. Yeni nəslimizi
də bu ruhda böyütməliyik. Ümidvaram
ki, İ.Əfəndiyevin qoyduğu ədəbi miras növbəti
nəsillər tərəfindən davam etdiriləcək.
Bundan sonrakı nəsillər də bu irsi uca
tutmalıdır ki, Azərbaycan xalqı daha da güclü
olsun.
İsa Həbibbəyli
Akademik
- İlyas Əfəndiyevin əsərləri zamanı
qabaqlayan ədəbiyyat nümunələridir. O, Azərbaycan ədəbiyyatında
yeni lirik-psixoloji nəsrin əsas yaradıcılarından
biridir. Onun həm nəsrində, həm də
dramaturgiyasında lirik yanaşma əsas yaradıcılıq
metodudur. İ.Əfəndiyevi müasirlərindən
məhz lirik-psixoloji yanaşma fərqləndirir. Bu nəşr İ.Əfəndiyevin timsalında XX əsr
Azərbaycan ədəbiyyat tarixinin mükəmməl ədəbi
səlnaməsidir. Nəşr albom şəklində
olsa da, ciddi elmi təsnifatla tərtib edilib. İndiyəqədərki bu tipli nəşrlərdə
daha çox başqa yazıçıların obyekt olan
müəllif barədə fikirləri verilirdi. İlk dəfə gördüm ki, K.Tahirovun, G.Əfəndiyevanın
yanaşmasında görkəmli ədibin də müasirlərinə
yaradıcı qiyməti kitabda öz əksini tapıb. Bu gün Qarabağın azad olması İ.Əfəndiyev
ideyalarının qalib gəlməsi, təntənəsi deməkdir.
Fərhad
Bədəlbəyli
Üzeyir
Hacıbəyov adına Bakı Musiqi
Akademiyasının rektoru
- Mən
atam ilə İlyas müəllim söhbətlərinin
şahidiyəm. Onda mən uşaq idim, amma
az-çox anlayırdım ki, onlar həmişə nə qədər
dərin və xalqımız üçün taleyüklü
məsələlərdən söhbət açırlar.
Çünki onlar daim xalqı
düşünürdülər. Bu nəşrin
hazırlamasında Günay xanımın böyük zəhməti
var. Günay xanım babasının və atasının yolu
ilə gedir. O, türk ölkələri ilə
bağlı çoxsaylı tədbirlər keçirir,
ölkəmizi dünyada təbliğ edir. Nə
qədər Azərbaycan ədəbiyyatı, teatrı var, o qədər
də İlyas müəllim var olacaq və millətimiz tərəfindən
seviləcək.
Fərhad
Xəlilov
Azərbaycan
Rəssamlar İttifaqının sədri
- İlyas müəllimin Azərbaycan ədəbiyyatına,
teatrına verdiyi töhfələr çox qiymətlidir. O, ədəbiyyat və
teatr tariximizdə hər zaman yaşayacaq. Şadam
ki, həyatımda İlyas müəllimlə bir neçə
dəfə görüşmüşəm. Onunla görüşlərdə məni heyran edən
o olurdu ki, çox açıq sözlü, sözü
çəkinmədən deyən insan idi.
Sabir
Rüstəmxanlı
Xalq
şairi
- Bu kitab
həqiqətən də ədəbi həyatımıza
böyük bir hədiyyədir. İlyas müəllim
həm ədəbiyyatda, həm teatr sahəsində çox
böyük bir məktəb yaratmış insandı. Mən İlyas müəllim haqqında bir neçə
məqalə yazmışam. Birinin adı
"Gecə görüşləri" adlanır. Meydan hadisələri zamanı mənə tez-tez zəng
vururdu. O, daim Qarabağ məsələsi ilə
maraqlanırdı. Xalqın gələcəyi
onu çox düşündürürdü. Bu günlərdə biz Gürcüstan və
Türkiyə millət vəkilləri ilə təyyarə ilə
Füzuli hava limanına, ordan da Şuşaya getdik. Orda İlyas müəllim yadıma düşdü.
Azad Qarabağı görmək onun böyük
arzularından idi.
İlyas müəllim öz dövründə əyilmədi,
kommunist partiyasına üzv olmadı. Öz yolu ilə getdi, kişi kimi yaşadı. Ömrünün
əvvəlindən sonunacan millətin tarixini, həyatını
yazdı. O, daim qadın azadlığı məsələsini
əsərlərində diqqət mərkəzində
saxladı, Çox zaman onun əsərlərinin baş qəhrəmanları
qadınlar olurdu. İlyas müəllim öz əsərlərində
qadına aid edilən sədaqət məsələsini vicdan
kateqoriyası kimi ümumiləşdirdi.
Ramiz
Rövşən
Xalq
şairi
-
Altmışıncılar intibahının beşiyi
başında duran üç ədəbi imza var: Nəsrdə
İsa Hüseynov, şeirdə Rəsul Rza, dramaturgiyada
İlyas Əfəndiyev. Onun "Sən həmişə
mənimləsən", "Unuda bilmirəm" və sair əsərləri
insan münasibətləri haqqında tamamilə yeni bədii
nümunələrdir. İlyas müəllimin
əsərlərindəki qadınlar əvvəlcə həyatımızda
çox deyildilər, onun qələmə aldığı əsərlərdən
sonra o cür xanımlar həyatda da çoxaldılar. Onun əsərlərində vicdan ən
başlıca amildir. "Geriyə baxma
qoca" çox ciddi əsərdir. İlyas
müəllim zamanlar adlayacaq bir sənətkardır. Mən
İlyas müəllimə bir şeir yazmışam, həmin
nəğmənis izə də oxumaq istəyirəm:
Daş
atanlar az olmadı
Bu kişinin əkdiyinə.
Sevənlərdən
yaza-yaza
Çəkildi öz təkliyinə.
Hərdən
yaşla doldu gözü,
Bir
cüt gölə döndü gözü,
Hərdən
elə döndü üzü -
Daş
mat qaldı bərkliyinə.
Dünyayla
küsdü-barışdı,
Ağ
varağa könül açdı,
Qarışdı,
ruhu qarışdı
Ağ
varağın paklığına...
Bəsti
Cəfərova
Xalq
artisti
- İlyas müəllimin əsərlərinin çox
gözəl adları var. Həmin adlar həm oxucuları, həm
də tamaşaçıları özünə cəlb edib. İlyas
müəllim "Hökmdar və qızı" əsərini
çox böyük sevgi ilə qələmə aldı.
Həmin əsərdəki Ağabəyim
ağa obrazını mənim səhnədə
canlandırmağım üçün yazmışdı.
Mən 16 il bu tamaşada oynamışam. Onun əsərlərini həm
tamaşaçılar, həm aktyorlar, həm də rejissorlar
çox sevirlər.
Teymur Kərimli
Akademik
- Bu
gün möhtəşəm bir kitabın, dahi bir
yazıçının qələminin işığına
yığışmışıq. İ.Əfəndiyev
sözünün böyük cazibəsi olan sənətkardır.
Hər yeni ədəbi nəsil onun
sözünü cazibəsi ilə əsərlər
yaradır. "Geriyə baxma qoca" nəsrimizin
şedevrlərindən biridir. Bu kitabın
adı "İLYAS ƏFƏNDİYEV. Geriyə
baxarkən" olsa da, bu nəşr də İ.Əfəndiyevin
yaradıcılığı kimi gəlcəyə
ünvanlanıb.
Mərahim
Fərzəlibəyov
Xalq
artisti
- Xoşbəxtəm
ki, uzun illər öncə, mən hələ gənc rejissor
olarkən İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"
əsərini səhnələşdirmişəm. Mən bu gün bir rejissor kimi əgər Azərbaycan
teatrında nəsə etmişəmsə, buna görə o
dahi insana - İ.Əfəndiyevə minnətdaram. O, həmişə
sağdır və bizimlədir. Hər kəs
bilir ki, o, Azərbaycan teatrına işıq saçıb,
bunda sonra da onun yaradıcılığının şölələri
bütün mədəniyyətimizi nurlandıracaq.
Məsmə
Aslanqızı
Əməkdar
artist
- Mənim
səhnə həyatına gəlişim Elçin müəllimin
"Ah Paris, Paris" tamaşasında rol almağımla olub.
Daha sonra onun "Mənim ərim dəlidir",
"Mənim sevimli dəlim", "Teleskop"
tamaşalarında oynamışam, həmin səhnə əsərləri
mənə böyük uğurlar qazandırıb. İ.Əfəndiyevin "Qarabağnamə"sində
Ağabəy ağa rolunu da ifa etmişəm. Daha sonra həmişə
arzusunda olduğum, teatra məhz bu tamaşada oynamaq
üçün can atdığım "Sən həmişə
mənimləsən" adlı səhnə əsərində
Nargilə obrazını canlandırmaq mənə qismət
oldu. Ulu öndər "Hökmdar və
qızı" tamaşasına baxandan sonra demişdi ki,
Qarabağ azad olunana qədər teatr bu tamaşa ilə
açılıb, bu tamaşa ilə də
bağlanmalıdır. 27 ildir bu tamaşa
Akademik Milli Dram Teatrınında oynanılırdı. Tamaşanın sonunda Ağabəyim ağa diz
çöküb ağlayır. Mən dəyərli
rejissorumuz Mərahim müəllimə deyirdim ki, tamaşa belə
bitə bilməz. Çünki mən nə
tamaşalarımızın bu cür sonluqla bitməsini, nə
də tamaşaçılarımızın həmin ovqatla
teatrdan ayrılmasını istəyirdim. Mərahim
müəllim söz vermişdi ki, Qarabağ azad olunsa,
İlyas müəllimin əsərlərindən istifadə
etməklə həmin sonluğu dəyişəcəyəm.
Belə də oldu və sonluq belə dəyişdirildi: "Mənim
əziz bacı və qardaşlarım, bu əzablı
yolların sonu bizi azad Qarabağa aparacaq. Gün
gələcək xan babam Pənah xanın tikdirdiyi qalada bizim
zəfər bayrağımız sancılaq". Ümid edirəm ki, "Qarabağnamə" bir
gün Şuşada oynanılacaq, Beləcə İbrahim
xanın, Ağbəyim ağanın, Ulu öndərin,
İlyas müəllimin ruhu şad olacaq və şəhid
atam da həmin tamaşadakı roluma görə mənimlə
bir daha fəxr edəcək.
Rüstəm
Kamal
Professor
- İlyas Əfəndiyev ədəniyyatımızın
milli qürur mənbəyidir. Onun üslubunu təkrarlamaq
çətindir. Onun nəsrində bir səs,
melodiya var, ona görə də onun nəsr əsərlərindəki
hadisələri həm görürsən, həm də
duyursan. İlyas müəllim sanki cümlələrlə
yox, misralarla yazırdı. Yəni onun
yazı dili yüksək səviyyədə poetikdir. O, həm
də son dərəcə müdrik yazıçı idi,
yazıçılığın
üstünlüyünü vəzifədə yox, yazmaqda
görürdü. Onun əsərləri
heç zaman dəbdən düşməyəcək.
Seyran Səxavət
Yazıçı
- İlyas müəllim Füzulidə mənim valideynlərimə
coğrafiya dərsi deyib. Əsərlərini
uşaqlıqdan sevərək oxumuşam. Onun
yaradıcılığı ədəbi tənqidin
fövqündədir. İ.Əfəndiyev
haqqında "Ehtiyatlı olun, qapılar bağlanır"
adlı hekayə yazmışam. "Qaçhaqaç"
romanımın bir fəsli bu görkəmli
yazıçıya həsr olunub. Onun əsərlərinin
bal kimi şirin dili var. Həmin əsərlər
Azərbaycan nəsrini təfərrüatdan, boş-boş təsvirlərdən
xilas elədi.
Günay
Əfəndiyeva
Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
- Əziz dostlar, həmkarlar, mənim üçün
İ.Əfəndiyev haqqında belə bir nəşrin təqdimatında
olmaq çox xoşdur. Fürsətdən istifadə edərək
Mədəniyyət Nazirliyinə, cənab nazir Anar Kərimova
bu layihəni dəstəklədikləri üçün təşəkkür
edirəm. Eyni zamanda, bu kitaba ön söz
yazan Sabir Rüstəmxanlıya minnətdarlığımı
bildirirəm. Bu nəşri ərsəyə
gətirmək çətin idi. Çünki
əlimizdə İ.Əfəndiyevə aid çox
böyük arxiv vardı. Biz hətta bu
kitabı üç cilddə də hazırlaya bilərdik.
Nəşrin hazırlanması prosesində
kinolarla, teatrlarla bağlı materialları əldə etmək
üçün bir sıra insanlara müraciət edirdik.
Eyni zamanda bu kitabı ərsəyə gətirərkən
İ.Əfəndiyev epoxasını, ömrünü sanki
yenidən yaşayırdıq. Toplaşdığımız
təqdimat torpaqlarımız azad olunandan sonra İ.Əfəndiyevə
həsr edilən ilk tədbirdir. İ.Əfəndiyevin
yaradıcılığı, sözün əsl mənasında,
Qarabağın mədəni və ədəbi xəzinəsidir.
Anar
Xalq
yazıçısı
- Ədəbiyyatımızın böyük klassiki
İlyas Əfəndiyevin doğum günü ərəfəsində
bu tədbirin keçirilməsi onun ruhuna böyük bir hədiyyədir,
amma ondan daha böyük hədiyyə də bu kitabın nəşridir. Bu kitabı vərəqləyərkən
həm də mən öz ömrümün gerisinə
baxdım, çünki İ.Əfəndiyevin
tamaşalarının əksərini səhnədə
görmüşəm, kitabda İlyas müəllim
haqqında söz deyənlərin hamısını
tanıyıram, təəssüf ki, onların əksəri
dünyadan köçüb. İlyas müəllimlə
bir görüş isə əbədi yadımda qalıb:
1952-ci ildə anamla Şuşaya poçt idarəsinə
getmişdim, İlyas müəllim də orda idi. Onlar ədəbiyyat haqqında çox maraqlı
söhbətlər etdilər. Mənim
İ.Əfəndiyev haqqında iki, Elçin haqqında
üç məqaləm var, qismət olsa, Günay xanım
haqqında da bir yazı qələmə alacam.
Biz Azərbaycan Yazıçılar Birliyi olaraq
İ.Əfəndiyev mükafatı təsis etmişik. Biz
İ.Əfəndiyev mükafatını ona görə
yaratdıq ki, o, Qarabağ haqqında çox əsərlər
yazıb. Ona görə də bu
mükafatı gərək elə daim bu mövzuda yazan müəllifə
verəydik. Qərara gəldik ki, mükafatı
Qarabağ haqqında çoxsaylı əsərlər qələmə
alan istedadlı yazıçımız
A.Abbasa təqdim edək. Təbrik edirəm,
Aqil. Bu sənin mükafatın, bu da onun
"şirinliyi".
Aqil Abbas
Millət
vəkili
- Biz
vaxtı ilə İlyas müəllimin tamaşalarına gedəndə
həm tamaşaya, həm də onun lojada oturmasına
heyranlıqla baxardıq. Mən də Anara təşəkkür
edirəm ki, məni bu mükafata layiq görüb. Mən
heç zaman qız sevə bilmədim, ancaq Qarabağı
sevdim... Bu, əslində, mənim həmin
sevgimin mükafatıdır. Kitabın ərsəyə
gəlməsinə görə isə Kərim müəllim və
Günay xanıma "Çox sağ
olun" deyirəm.
Elçin
Xalq
yazıçısı
- Mədəniyyət naziri Anar müəllimə iştirakına görə təşəkkürümü bildirirəm. Yazıçılar Birliyinin sədri Anar müəllimə sağ ol deyirəm ki, rəhbərlik etdiyi birlik İ.Əfəndiyevin adına belə bir mötəbər mükafat təsis edib. A.Abbası isə mükafat almasına görə təbrik edirəm. İ.Əfəndiyev bütün varlığı ilə Azərbaycana, Qarabağa bağlı bir yazıçı idi. Elə bilirəm ki, Aqilin də Qarabağa bağlılığı İlyas müəllimin Qarabağa sevgisi ilə üst-üstə düşür və buna görə şübhə eləmirəm ki, onun bu mükafatı almasından İ.Əfəndiyevin də ruhu şaddır. Mən sizin hər birinizə ən gözəl arzularımı çatdırıram. Hamınıza xoşbəxtlik, cansağlığı diləyirəm. Kərim müəllim başda olmaqla kitabxananın işçilərinə, eyni zamanda "Şərq-Qərb" nəşriyyatının direktoru Sevinc xanıma "çox sağ olun" deyirəm. Arzu edirəm ki, hamınız bu tədbirdən xoş emosiyalarla ayrılasınız və həmin emosiyalar həmişə sizinlə qalsın. Sağ olun.
Hazırladı:
Fərid HÜSEYNOV
525-ci qəzet.- 2022.- 4 iyun.- S.14;15.