Afaq Məsud: "Kütlə hər zaman
yüngül ədəbiyyata can atıb"
"Bu gün ədəbiyyata marağın azalmasının
səbəbi həyatın ədəbiyyatdan maraqlı olması,
yəni məna və məzmun aktuallığı ilə
ön plana keçməsidir"
Xalq yazıçısı Afaq Məsudun Azərbaycan
dili, ədəbiyyat, teatr, yaradıcılıq və sair
mövzular ətrafında müsahibəsini təqdim edirik.
- Afaq
xanım, siz yazıçı Əli Vəliyevin nəvəsi,
ədəbiyyatşünas Məsud Əlioğlunun
qızısınız. Ədəbiyyatçı ailəsində
doğulmaq sizə nə verdi və sizdən
nə aldı?
- Əli Vəliyev və Məsud Əlioğlu nəinki
mənə, bütövlükdə Azərbaycan dilinə, ədəbiyyatına
və elminə əlamətdar töhfələr vermiş
tarixi şəxsiyyətlərdir. Əli Vəliyevin dağ
çiçəyi və samovar tüstüsü qoxulu
romanlarını, Məsud Əlioğlunun dərin fəlsəfi
həqiqətlər, ruhi sarsıntılar və ağrı
dolu məqalələrini, monoqrafiyalarını bu gün təkrar
gözdən keçirərkən Azərbaycan dilinin hansı
imkanlara malik olduğuna, hansı bir ustalıqla işlədilməsi
məharətinə heyrətlənməyə bilmirsən. Son
illər əsərlərimi yarımçıq saxlayıb,
yazı prosesindən uzaqlaşaraq var gücümü,
bütün yaradıcı enerjimi Azərbaycan dilinin Ana
kitabı - Orfoqrafiya lüğətinə həsr etməyimin
də, düşünürəm, alt qatında Əli Vəliyev
və Məsud Əlioğlu, onların fitri dil duyumu, Ana dilinə
olan sevgisi dayanır. Məndən alınana gəlincə,
yəqin ki, bu, yazıçılıqdır. Yəni hamı kimi adi qaydada yaşamaq hüququndan,
normal insan həyatından məhrumluq. Daim ətrafını
- baş verənlərə və verəcəklərə məsul
edilmiş gizli casustək qəribə bir sayıqlıqla izləmək,
görüb-sezib anladıqlarını, indicə baş verəcək
qorxunc qəzanın qarşısını alacaq xilas tədbiri,
qoruma kəməritək hafizəndə saxlamağa,
kompüterə, ya kağıza köçürməyə tələsmək,
bəzən yuxu ilə reallığın sərhədlərinin
itdiyi şəffaf çəkisizliklərdə,
yazdığın, yaxud düşündüyün fikir və
cümlələrin sıxlığında - sözlər və
üzlər dolu adamboğan cəngəlliklərdə
vurnuxmaq və sair və ilaxır.
- Statistikaya
görə, ölkədə bədii ədəbiyyat
oxuyanların sayı get-gedə azalır. Sizcə,
bunun səbəbi nədir?
- Söhbət
ciddi ədəbiyyatdan gedirsə, yəni insanın təfəkküründə,
dünyaya baxışında nəyisə dəyişə
biləcək həqiqi ədəbiyyatı nəzərdə
tuturam, bu statistika hər zaman, tarixin bütün dönəmlərində
eyni vəziyyətdə olub. Yəni hər zaman kütlə -
dərin, əbədi həqiqətləri, onların məna
və mahiyyətini açan ciddi ədəbiyyata yox, gündəlik
həyatları boyu gördüklərini və
anladıqlarını onlara bir də, həmin o gördükləri
və anladıqları şəkildə təsvir edən
yüngül ədəbiyyata can atıb. Lakin bu
gün mənzərə bir qədər fərqlidir. Bu gün ədəbiyyata, ümumiyyətlə, insan
təfəkkürünün yaratdığı hər bir
şeyə marağın azalmasının səbəbi - həyatın
ədəbiyyatdan maraqlı olması, yəni məna və məzmun
aktuallığı ilə ön plana keçməsidir.
Vaxt axarının sürətlənməsi ilə bir xeyli
yığcamlaşmış, ayları, günləri
qısalıb daralmış və bu səbəbdən xeyli
çevikləşmiş həyat ritmi, kainatda, təbiətdə,
cəmiyyətdə baş verən sirli hadisələr,
ictimai-siyasi proseslər, informasiya bolluğu, sosial şəbəkələr
və sair bu gün nəinki ədəbiyyatı, ümumiyyətlə,
əbədi və dəyişilməz olan bir çox dəyərləri
arxa plana atmaqdadır. Yer kürəsinin hərəkətlənməsindən
təkanlanmış Zaman bizlərə,
yaşadığımız həyatın artıq, nə həmin
o miskin xırdalıqlar və onlar uğrunda
çarpışmalar meydanı, nə də dünyanın,
həmin o kobud darısqallıqlar və dayanacaqlar dolu, ləng
zaman boşluqlarıyla uzandıqca uzanan Durğunluqlar Aləmi
olmadığını anlatmaqdadır. Siz bir
düşünün, kimin ağlına gələrdi ki, zəhərlənmiş
təbiəti, ruhu sıxılıb boğulmuş
İnsanlığı ilə uçurumun kənarına, yəni
öz sonluğuna sürüklənmiş
dünyamızı, bir vaxtlar onun bütün
günahlarını - çarmıxa çəkilib,
vücuduna vurulan yoğun mıxların ağrı-əzabıyla
yuyan müqəddəs İsa peyğəmbər kimi,
bütöv bir ölkə, qədim bir xalq - Ukrayna - yenilməz
milli ruhu, hüdudsuz Vətən və azadlıq
yanğısı ilə xilas edəcək?.. Yəni
sözümün canı budur ki, bu gün, bütün bu
sürətin, gözlənilməzliklər dolu dəyişikliklər
dönəminin ədəbiyyatını yaradan
yazıçısı qələmi əlinə almazdan,
kompüterin qarşısına keçməzdən əvvəl,
ilk növbədə, dünyanın hansı tərəfində
olduğunu, bütün bu baş verənlərin - yəni hər
bir şeyin mənzərəsini, ruhunu, məna və məzmunu
dəyişənin nə olduğunu anlamalı, ən azı,
bu barədə müəyyən təsəvvürə malik
olmalıdır ki, nəyi yazmalı və nəyi daha
yazmamalı olduğunu bilsin. Əks təqdirdə
o, yəni Ədəbiyyat köhnəlmiş
ağrıları və dərdləri ilə, ideya və
problemlərinin bu günə dəxlisizliyi ilə sıradan
çıxmağa, daha doğrusu, bir vaxtlar özü kimi əbədi
və dəyişməz sandığı Zamanın
amansız hökmü ilə vurulub kənara atılmağa məhkumdur.
- Bəziləri "Sərçələr" hekayənizi,
bəziləri "İzdiham"ı, digərləri
"Azadlıq" romanınızı yüksək qiymətləndirir. Əgər
seçim imkanınız olsa, hansını seçərdiniz?
- Bunlar fərqli
əsərlərdir. 80-ci illərin sonları
yazılmış "Sərçələr", o qəbildən
"Dovşanın ölümü", "Qəza" və
sair hekayələr - insan tənhalığı, onun
lüzumsuz xırdalıqlar və qaydalar
bataqlığında boğulduğu cəmiyyətə
yadlığı haqqındadır. "İzdiham"
tam ayrı bir ərazidir - insanın real və olsun ki,
keçmiş həyatlarında yaşanan hadisə və
olayları tamamilə ayrı şəkildə görən və
anladığı qaydada fiksə edən şüuraltı
yaddaşın məhsuludur. Bu, daxil
olunması, xatırlanması, hansı səbəbdənsə
insana yasaq edilmiş təhtəlşüurun, onun özü
və həyatı haqqında bildiklərindən tam fərqli
məlumatları - yad həqiqətlər saçan əcaib
yuxuları, qırıq-qırıq, ağ-qara lentlərə
köçürülmüş səssiz xronika
kadrlarını xatırladan adda-budda görüntülər,
anlaqsız mənzərələrdir.
"Azadlığ"a gəlincə, əsər
bütöv bir ölkənin taleyüklü, tarixi keçid
mərhələsində yaşananları, həmin dövrdə
şəhərin meydan və küçələrində cərəyan
edən ictimai-siyasi hadisələri və onlarla, necəsə
paralel şəkildə, hansısa çox yaxın, məhrəm
ərazilərdə - miqyas etibarilə daha geniş - bir
ölkənin, ya şəhərin təhtəlşüurunda
bu baş verənləri təsvir edən mistik tarixi
romandır. Odur ki, onları müqayisə etmək,
bir-birindən fərqləndirmək çətindir.
- Sizcə,
həyatda yaşadığı hadisələrin
yazıçının əsərlərinə nə dərəcədə
təsiri olur?
- Əlbəttə,
yaşadığı dövr, məkan, mühit və sair bu
kimi şərtiliklər yazıçıya da, əsərə
də müəyyən təsirlərsiz
ötüşmür, lakin əgər əsər
yazıçı təxəyyülünün real həyatla
konfliktindən doğulursa, o halda əsaslı təsiri
onların hər ikisinə - müəllifin
şüuraltı, genetik yaddaşı - bəlkə də,
min illərin görüntü və mənzərələrini
özündə saxlayan ilahi həqiqətlər və məlumatlar
hücrəsi göstərir. Əlbəttə,
əgər yazıçının həmin o hücrəyə
yolu, oralarla hər hansı anlaqlı, ya anlaqsız əlaqəsi,
bağlantısı varsa. Bu qəbildən
bağlantıların təsiri özünü,
dünyanın üzü qədimdən bəri
yazıb-yaratmış bir çox yazıçı və
şairlərinin əsərlərində bu gün də
büruzə verməkdədir. Yəni bunu
bir neçə dəfə demişəm - görünənləri
elə göründüyü şəkildə, bəlağətli
cümlələrlə kağıza köçürmək
böyük ədəbiyyatın yolu deyil.
- Əsərlərinizi səhnələşdirən
rejissorların işindən razısınızmı? Ümumiyyətlə,
bu gün teatrımızın səviyyəsi sizi qane edirmi?
- Bu gün teatrlarımızın səviyyəsi,
məncə, heç kimi qane etmir. Yəni əfsuslar
olsun ki, bu gün teatrlarımızda da eyni mənzərə
ilə qarşılaşmaqdayıq. Halbuki
günü-gündən daralıb yığcamlaşan bu həyat
tempimizdə öz yerini və əhəmiyyətini
qoruyub-saxlamış bəlkə yeganə sənət
müstəvisi məhz teatrdır. O səbəbdən
ki, mütaliəsi həftələr, aylar tələb edən
qalın kitabların məzmun və mahiyyətində
olanları qısa zaman çevikliyi ilə, plastika,
işıq, səs və s. effektlərlə canlı və
emosional şəkildə çatdırmaq imkanı yalnız
ondadır. Mənim pyeslərimə gəlincə,
bu günəcən səhnəyə qoyulmuş üç
tamaşanın hər birini milli teatr tariximizin əlamətdar
hadisəsi, böyük uğur hesab edirəm. Bunlar -
istedadlı rejissor, böyük teatr xadimi Vaqif
İbrahimoğlunun Dövlət "Yuğ" Teatrında
quruluş verdiyi, baş rollardan birini - Əzrayılı da
özünün oynadığı "Can üstə",
bir müddət sonra elə həmin teatrda səhnələşdirdiyi
"O məni sevir" və istedadlı rejissorumuz Mehriban
Ələkbərzadənin Akademik Milli Dram Teatrının səhnəsində
quruluş verdiyi "Qatarın altına atılan
qadın" tamaşalarıdır ki, hər biri cəmiyyətə
təsir gücü, oyatdığı maraq dairəsi ilə
bu gün də yaddaşlarda yaşamaqdadır.
- Son illərdə
sizin yaradıcılığınızda iki meyl qabarıq
görünür: dini mövzulara və dram janrına
müraciət... Bu maraq sizdə haradan
yarandı?
- Dram
janrına müraciətimin tarixçəsi barədə bir
neçə müsahibəmdə ətraflı
danışmışam. Qısaca olaraq deyim ki, bu janra
müraciətimin səbəbi, daha doğrusu, səbəbkarı
- 2003-cü ildə yazılmış "Can üstə"
hekayəsindən hədsiz təsirlənən, içi
bağlı qapılar, keçid və dəhlizlərlə
dolu olan əsərin alt qatında yatan gizlinlərə yol
tapmaq, həmin o bağlı qapıları aralayıb
açmaq qüdrətinə, yalnız teatr malik olduğunu
bütün mümkün izahlarla mənə təlqin edib,
ilk, eyniadlı "Can üstə" pyesini yazdıran -
unudulmaz teatr sənətkarımız, böyük səhnə
ustası Vaqif İbrahimoğlu olub. Dini
mövzuya gəlincə, "Kərbəla" pyesini nəzərdə
tutursunuzsa, bu, dini əsər deyil. "Kərbəla"
- Şərq qadınının uca mərdliyindən, Allaha
olan ilahi sevgisi və sədaqəti ilə
qazanılmış kütləvi sevgiyə və inama görə
amansızlıqla qətlə yetirilən müqəddəs
imamların həyat hekayətini qədim Şam şəhərində,
şəhərin adamla dolu mərkəzi meydanında, bir kimsədən
çəkinmədən səsləndirdiyi açıq və
cəsarətli bəyanatı ilə bəşər tarixinin
yaddaşına həkk etmiş tarixi simadan - Həzrət
Əlinin qızı, xanım Zeynəbin, azyaşlı imam
övladları ilə bir yollandığı iztirablı və
şərəfli yoldan, bu gün "Səfər ayı"
adlandırdığımız tarixi səfərdən bəhs
edən epik dramdır. Əsər bir neçə il bundan əvvəl
Mədəniyyət Nazirliyinin açdığı dövlət
sifarişi ilə Akademik Milli Dram Teatrının səhnəsində
tamaşaya qoyulmağa hazırlansa da və oxu məşqlərinə
başlansa da, orada yaşanan mühit, yaradıcı heyətin,
yumşaq desək, "işgüzar" ovqatı məni,
tamaşanın bağlanılması ilə bağlı
Nazirliyə rəsmi müraciət ünvanlamağa sövq
etdi.
- Bir
vaxtlar Məhəmməd Nəsəfi, Qəzali, ibn Ərəbi,
Rumi kimi böyük sufi alimlərin əsərlərini
dilimizə tərcümə etmisiniz. Bu qədim
mətnlərə maraq necə yarandı?
- Sufilik haqqında vaxtilə atamdan eşitmişdim. Bu ilahi fəlsəfənin real həyatdan tam fərqli, mistik bir aləm olduğu, insanı həyatından, ailəsindən, cəmiyyətdən, hətta özündən belə ayırıb-aparan hansısa ayrı, yasaq həqiqətlər saçdığı və sair bu kimi mətləblərin yaratdığı təəssüratlar, hələ tələbəlik illərindən məndə maraq oyatmışdı. Bu aləmə ikinci və daha möhtəşəm maraq dalğasını, daha doğrusu, artıq ehtiyacı - əsərlərim, onların içi ilə, sirli yazı yollarıyla havalı sürətlə, bəzən sürünə-sürünə gedib çıxdığım, daha doğrusu, dirəndiyim girişsiz, çıxışsız, izahsız dalanlar, reallıqla heç cür kəsişməyən və heç bir zaman kəsişməyəcəyinin dəhşətli həqiqətini mənə necəsə, sanki görünməz "dayan!" işarəsi ilə anladan sirli dayanacaqlar - ilahi məqamlar yaratdı. Və mən sufilik haqqında əlimə keçən ilk kitabı oxumağa başladım. Lakin fikirlərin qəlizliyi, ifadə və yazı üslubunun mürəkkəbliyi sətirlərin altında yatanları anlamağa, dərk etməyə imkan vermədi. Belə olan halda, mən kitabın sonluğunda yer almış kiçik bir fəsli - insanın mübhəm ilahiliyi, müqəddəsliyi, günah həssaslığı və bu xəstəhal həssaslığın yaratdığı acı iztirabları əks etdirən "İmam Həsənin zikrləri" adlı kiçik hekayətləri tərcümə etməyi qərara aldım. İlk hekayənin sonuna çatar-çatmaz, təlatümlü duyğular dəryasına düşdüyümü, ürəyimin qəribə - sevgi ağrısını andıran ağrılarla dolmağa, bu işıq və mərhəmət dolu ağrıların bütün vücudumu sarıb, qaynar damlalarla gözlərimdən axmağa başladığını hiss etdim. Hər şey də buradan başladı.
- Hazırda nə üzərində işləyirsiniz?
- Dediyim kimi, son yeddi ilim Ana dilimizin Ana kitabı, bütün ədəbiyyatların söz və ifadə mənbəyi olan Orfoqrafiya lüğəti üzərində işə həsr olundu. Böyük zəhmət, yorucu beyin fəaliyyəti tələb edən bu işin nəticəsi olaraq 2017-ci ildə əvvəlki orfoqrafiya lüğətlərində yer almış 60000 minə yaxın yazılışı və mənası qüsurlu, əcnəbi sözlərdən, ədəbsiz mənalı ifadələrdən, "hafıltı", "tırtıltı" və "gavılltı"lardan, it hürüşləri, miyoltu və quqqultulardan təmizlənmiş ilk mükəmməl orfoqrafiya vəsaiti - "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü", 2020-ci ildə irihəcmli "Azərbaycan dilinin orfoqrafiya lüğəti" işıq üzü gördü. Prosesin davamı olaraq, keçmiş lüğətlərdən çıxarılan 60000-ə yaxın qüsurların ayrı-ayrı fəsillər və bölümlər üzrə təsnifatlaşdırıldığı "Azərbaycan dilinin orfoqrafiya lüğətindən (Nəsimi adına Dilçilik İnstitutunun 2013 və 2021-ci il nəşri) çıxarılmış sözlərin Təsnifatı" adlı irihəcmli tədqiqat işi də artıq yekunlaşıb, kitab yaxın günlərdə Dövlət Dil Komissiyasına, eləcə də xalqın müzakirəsinə veriləcək. Dilimizin başına açılan oyunları bütün mənzərəsi ilə əks etdirən həmin o sarı cildli, "məşhur" kitabın içindən, dərimin altından pinsetlə çəkib-çıxarantək çıxardığım, sonra hər birini, az qala lupa şüşəsi altında o üz-bu üzünə çevirib nə olduğunu müəyyən etməyə çalışdığım bu zəhərli söz-cücülərin, bığ-buynuzlu, saqqal-quyruqlu hərf quramalarının tədqiqinə həsr etdiyim ruhi sarsıntılar, ürəkbulanma və baş ağrıları dolu yuxusuz illərim, düşünürəm, yaddaşımda - gəmisi, taleyin acı hökmü ilə adamyeyən aborigenlərin adasına tuş gəlmiş və orada onların qurbanına çevrilmiş məşhur ingilis dəniz səyyahı Ceyms Kukun kədərli həyat hekayəsi tək, əbədi qalacaq. Lakin məsələnin digər, daha maraqlı tərəfi - bir xeyli gücümü, yaradıcı enerjimi aldığını düşündüyüm həmin o boğucu illərin, sən demə, məni heç də üzüb əldən salmadığını, əksinə, ağır hərbi təlimlər hərbçini mətinləşdirdiyitək - Söz, Onun qüdrəti, gizli həyatı və imkanları ilə bağlı hansısa sirli biliklər və ilahi məlumatlarla doldurduğunu kəşf etməyim oldu. Bu sirli hadisə lap bu yaxınlarda - ardını yazmağa başladığım "Akademiya" romanının yeraltı tunelləri andıran, tozlu əlyazmalar dolu yarıqaranlıq qatlarına enərkən baş verdi.
"Fraza" jurnalı
525-ci qəzet.- 2022.- 4 iyun.- S.12;13.