Bilinqval (polilinqval) təlimin təhsilimizdə
prioritet istiqamətlərdən biri kimi elan olunmasının
vaxtıdır
Hazırda bütün dünyada geniş yayılmış bilinqval və polilinqval təlimin ölkəmizdə tətbiqinin vacibliyi, dördüncü sənaye inqilabı dövründə insan resurslarımızın səmərəli şəkildə istifadə olunmasında, maddi və mənəvi dəyər-lərimizin təbliğində əhəmiyyətli rol oynaya biləcək bu təlim modelinin elmi-nəzəri və metodiki əsasları, bu məqsədlə hər bir təhsil pilləsi və səviyyəsi üçün konkret tədris standartları və proqramlarının yaradılması ilə bağlı tövsiyələrimizi mətbuatdakı çıxışlarımızda, o cümlədən, "525-ci qəzet"in səhifələrində dəfələrlə təqdim etmişik. Təkliflərimizi müvafiq icra
orqanlarına ünvanlamışıq. Fikrimizcə, Azərbaycanda
bilinqval təlimin tətbiqini şərtləndirən əsas
səbəblərdən birinin tədrisi əcnəbi dillərdə
aparan məktəb və siniflərdəki tədris
situasiyası ilə bağlı olduğundan məsələnin
aktuallığı bir az da artır.
Cari tədris
ilinin yekunlaşmaqda olduğunu və növbəti tədris
ilinə hazırlıqların başlandığını nəzərə
alaraq, təhsil pillələri və səviyyələrində
bilinqval (polilinqval) təlim mühitinin
formalaşdırılmasına nail olmaq üçün təkliflərimizi
diqqətə çatdırırıq:
1)
Respublikamızın təlim xarici dillərdə aparılan məktəbəqədər
və ümumi təhsil müəssisələrində
bilinqval təhsil modelinə keçid məqsədilə
"Ümumi təhsil haqqında" Qanuna dəyişiklik
edilməsi və göstərilən qanunun 6.2 bəndinə
"Azər-baycan dilinin üstünlüyünü təmin
etmək şərti ilə" ifadəsinin, 6.4 bəndinə
isə "dövlət dilində" sözlərinin əlavə
olunması və göstərilən bəndlərin
aşağıdakı kimi verilməsi barədə təklifin
irəli sürülməsi:
"6.2. Ümumi təhsil müəssisələrində
tədris "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
ümumi təhsilin dövlət standartlarına və ya
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, Azərbaycan
dilinin üstünlüyünü təmin etmək şərti
ilə valideynlərin və təhsil alanların arzusu nəzərə
alınmaqla digər dillərdə də aparıla bilər.
6.4. Tədris
digər dillərdə aparılan ümumi təhsil müəssisələrində
Azərbaycan dili, ədəbiyyatı, tarixi və
coğrafiyası dövlət dilində tədris
olunmalıdır";
2) "Azərbaycan
Respublikasının ömürboyu təhsil üzrə Milli
Kvalifikasiya Çərçivəsi"ndə (MKÇ) 1,
2, 4-cü səviyyələr üzrə bacarıqlara
dövlət dilində ünsiyyət və danışma
bacarığının əlavə olunması (məsələn,
4-cü səviyyədəki "müstəqil istifadəçi
səviyyəsində ən azı bir xarici dildə
danışa bilir" təsvirinin "müstəqil istifadəçi
səviyyəsində dövlət dilində və ən
azı bir xarici dildə danışa bilir" kimi verilməsi);
3)
yuxarıda göstərilən dəyişikliklərə
uyğun olaraq, yeni tədris ilinin başlanğıcınadək
hazırda təlim xarici dillərdə aparılan məktəbəqədər
və ümumi təhsil müəssisələri
üçün dövlət və xarici dillərin mütənasibliyini
və inteqrasiyasını təmin edən yeni tədris
standartlarının və tədris planlarının
hazırlanması, onlara uyğun yeni və milli məzmunlu tədris
resurslarının yaradılması ilə bu tipli təhsil
müəssisələrində bilinqval (polilinqval) təlim
modelinin tətbiqinə start verilməsi, məktəbəqədər
təhsil müəssisələrinin Təhsil Nazirliyinin
tabeçiliyinə keçməsini nəzərə alaraq, məhz
erkən inkişaf mərhələsindən başlayaraq, dillərin
qabaqcıl tədris metodikasına və yanaşmalarına
istinadən mənimsədilməsi üçün digər
müvafiq tədbirlərin həyata keçirilməsi;
4) ölkənin
orta təhsil sisteminin köklü şəkildə müasirləşdirilməsi
məqsədilə reallaşdırılan STEAM və "Rəqəmsal
bacarıqlar" layihələri ilə yanaşı, həm
dövlət, həm də əcnəbi dillərdə təlim
aparılan məktəblərdə bilinqval (polilinqval) tədris
modelinin tətbiqinin prioritet istiqamət elan olunması, bu məqsədlə
erkən inkişaf və məktəbəhazırlıq mərhələlərində,
ümumi orta təhsilin I-IV və V-VI siniflərində əcnəbi
dillərin (əsas və ikinci dilin) tədrisinə ayrılan
saatların ən azı 3+2 səviyyəsində təmin
edilməsi, xarici dillərin yarımqruplarda tədrisinə
nail olunması; belə olan halda təlim əcnəbi dillərdə
aparılan məktəb və siniflərdə yaranan bilinqval
(polilinqval) mühitin tədris dövlət dilində
aparılan siniflərdə də təmin olunmasına şərait
yaradılmasının nəzərə alınması;
5) ölkənin məktəbəqədər və
ümumi orta təhsil müəssisələrində təlim
prosesinin iki (üç) dildə təşkil olunacağı
nəzərə alınarsa, müvafiq qanunvericilik
aktlarından, tədris standartlarından, planlarından, tədris
vəsaitlərindən təlimin bu və ya digər xarici dildə
aparılmasını göstərən ifadələrin
çıxarılması; məqbul variant kimi tədris
planlarında iki dilin (Azərbaycan-rus və ya Azərbaycan-ingilis
dillərinin) təlim dilləri kimi göstərilməsi;
6) ali təhsilin
bakalavriat səviyyəsinin məzunları üçün
MKÇ ilə müəyyən edilmiş kompetensiyalara
müvafiq olaraq ("fəaliyyət və ya təhsil sahəsi
ilə bağlı məsələləri Azərbaycan və
ən azı bir xarici dildə şifahi və yazılı
şəkildə izah edir, həmçinin peşəkar
müzakirələrdə iştirak edə bilir"), bir
sıra təhsil, humanitar və sosial ixtisaslar üzrə tələbə
qəbulu sifarişində "təlim dili"
anlayışının "təlim dilləri" ifadəsi
ilə əvəzlənməsi, "Xarici dil müəllimliyi
(dillər üzrə)", "Tərcümə (dillər
üzrə)", "Regionşünaslıq (regionlar üzrə)"
kimi ixtisaslara tələbə qəbulu sifarişində Dövlət
İmtahan Mərkəzi tərəfindən "tədris
dili" ifadəsinin yerində təkcə tələbənin
orta məktəbi bitirdiyi dilin yox, həm də ixtisasa yiyələnəcəyi
dilin qeyd edilməsi (məsələn, ingilis dili üzrə
"Xarici dil müəllimliyi", çex dili üzrə
"Tərcümə", Çin üzrə "Regionşünaslıq"
ixtisaslarında Azərbaycan dili ilə yanaşı,
müvafiq olaraq ingilis, çex və Çin dilinin tədris
dili kimi müəyyən olunması); bu halda, yeni tədris
standartlarına uyğun universitetlərin öhdəsinə
buraxılmış 60 kreditin tələbələrin
seçimi və ixtisas kafedralarının potensialı nəzərə
alınmaqla ixtisas dilinin dərindən mənimsədilməsinə
yönəldilməsinin, təbii ki, fənlər üzrə
təlim nəticələrininin peşə təlim nəti-cələrinə
və MKÇ-nin müəyyən etdiyi kompetensiyalara
uyğunlaşdırılmasının tövsiyə
olunması;
8)
bütün təhsil pillələri və səviyyələri
üçün tədris proqramlarının məzmun, eləcə
də dil problemlərinin öyrənilməsi, bilinqval və
polilinqval təlimin metodikası və metodologiyası, nəzəri
və praktik məsələlərinin
araşdırılması, bu istiqamətdə pilot layihələrin
icrası (uşaq bağçaları və xarici dillər təmayüllü
orta ümumi təhsil müəssisələrinin
bazasında), müvafiq tədris resurslarının
yaradılması, tədris modellərinə uyğun fənn
kurikulumlarının məzmun xətlərinə dəyişikliklərin
edilməsi, pedaqoji kadrların fəaliyyətinin istiqamətləndirilməsi,
qiymətləndirilməsi, onlar üçün
ixtisasartırma kurslarının təşkili, bu sahədə
beynəlxalq təcrübənin öyrənilməsi və
beynəlxalq əməkdaşlığın təmin
olunması məqsədilə Təhsil Nazirliyinin məzmun, tədris
resursları və strateji inkişafın
planlaşdırılması ilə məşğul olan
şöbələrinə məqsədli
tapşırıqların verilməsi, Təhsil İnstitutu və
ya aidiyyəti üzrə pedaqoji universitetlərdən birinin nəzdində
müvafiq elmi-tədqiqat mərkəzinin yaradılması,
göstərilən problemlə məşğul olan xarici
mütəxəssislər dəvət olunmaqla mütəmadi
elmi-praktik seminar və konfransların keçirilməsi;
Respublikamız
üçün layihənin icrasının vacibliyini, bu layihənin
uğurla həyata keçirilməsi məsuliyyətinin təkcə
Təhsil Nazirliyinin üzərində
olmadığını, onun təhsil, sosial-ictimai və
milli-mənəvi əhəmiyyətini nəzərə
alaraq, ölkəmizdə və dünyada
reallaşdırılan mühüm mədəniyyət və
təhsil layihələrinin müəllifi, Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
nəzdində tövsiyəverici və maarifləndirici
Bilinqval və Polilinqval Təlimə Dəstək Elmi-Metodiki Mərkəzin
yaradılması və rüblük elmi-metodiki jurnalın təsis
edilməsi barədə təklifin irəli sürülməsi;
9)
bilinqval və polilinqval təlim modellərinin uğurlu tətbiqi
məqsədilə dövlət büdcəsindən maliyyələşən
tədris müəssisələrinin yükünü azaltmaq,
təlim-tərbiyə prosesinin səmərəli şəkildə
təşkilinə və cəmiyyətdə düzgün
ictimai rəyin formalaşmasına nail olmaq üçün
xüsusilə də məktəbəqədər və
ümumi orta təhsil pillələrində təhsil prosesinin
üçüncü iştirakçısı - valideynlər
arasında müvafiq maarifləndirmə
işlərinin aparılması (məsələn, iki valideyndən
biri evdə daima uşaqla ana dilində, digəri əcnəbi
dildə ünsiyyət qura bilmirsə, bu halda ikinci dildə
ünsiyyətqurma cəmiyyətin - bağçalar, erkən
inkişaf mərkəzləri, məktəb, tədris
kursları və s. - öhdəsinə buraxılır.
Əks halda tədqiqatçılar bu təhsil modelini
tövsiyə etmirlər); ölkənin təhsil siyasətinə
cavabdeh olan rəsmi icra orqanları lisenziyalı fəaliyyətə
malik təhsil müəssisələri ilə yanaşı,
özəl tədris mərkəzlərinin elmi-metodiki cəhətdən
maarifləndirilməsi və rəğbətləndirilməsi,
onların Təhsil Nazirliyinin bu istiqamətdə elan etdiyi
layihələrə qoşulması, irəli sürdükləri təşəbbüs və fəaliyyətlərin
dəstəklənməsi (heç kəsə gizli deyil ki,
uşaqların məktəbdənkənar vaxtının
böyük hissəsi tədris mərkəzlərində, tədris
kurslarında, repetitor yanında, dərsanə və
günüuzadılmış qruplarda keçir. Bu tipli tədris mərkəzlərində
uşaqlarla məşğul olan şəxslər də
ölkənin tədris həyatının
iştirakçısı olduğundan özəl tədris
strukturlarının fəaliyyətinə elmi-metodiki, mənəvi
və iqtisadi dəstəyi və qanunvericiliklə müəyyən
olunmuş nəzarəti vacib hesab edirik).
Bilinqval
(polilinqval) təhsil
modelinin
üstünlüyünü və
perspektivlərini əsaslandırmaq üçün potensial respondentin
10
sualına 10 cavab
1.
Bilinqval (ikidilli) və ya polilinqval (çoxdilli) təlim nədir?
Hazırda dünyanın qabaqcıl ölkələrində
geniş tətbiq olunan, təlim-tərbiyə prosesində iki
və ya çox dilin tədris prosesində paralel şəkildə
istifadəsinə, uşaq və gənclərimizin Azərbaycanda
və dünyanın istənilən yerində təhsilin gələcək
pillə və səviyyələrində oxumalarına,
uğurlu karyera və maraqlı həyat əldə etmələrinə
imkan verən təhsil modelidir. Ötən əsrin 20-30-cu illərindən
başlayaraq, geniş şəkildə müzakirə edilən,
dünyanın ən ciddi elmi mərkəzləri, dilçi
alimləri, praktik psixoloqlar, metodistlər və kulturoloqlar tərəfindən
elmi-nəzəri və praktiki istiqamət kimi təsdiqlənən
bu təlim modelinin tətbiqi Azərbaycanın bugünkü təhsil
reallıqları üçün faydalı
görünür. Nəzərə almalıyıq ki, bu gün Azərbaycan
məktəblərində övladını ingilis, rus,
türk, fransız dillərində uşaq
bağçasına və 1-ci sinfə göndərən
valideynin əsas niyyəti ana dili ilə yanaşı, onun digər
dilləri dərindən öyrənməsi arzusundan
qaynaqlanır. Tədris müəssisələrimizdə
xarici dillərə ayrılan saatlar, onların tədrisi
konsepsiyası və metodikası, mövcud tədris
resursları əcnəbi dillərin müvafiq səviyyədə
mənimsədilməsinə hələ ki imkan verməməklə
bərabər, bilinqval (polilinqval) təlimin
yaratdığı tədris situasiyası qədər səmərəli
deyil.
2.
Bilinqval və ya polilinqval təlimə hansı yaş
dövründən başlamaq məsləhətdir?
Linqvodidaktika,
linqvopsixologiya, linqvokulturologiya, metalinqvistika və sair əlaqəli
elm sahələri üzrə mütəxəssislərin
yekdil rəyinə, uşaq bilinqvizmi və polilinqvizmi üzrə
çoxsaylı pedaqoji-psixoloji müşahidə və
eksperimentlərə görə, iki və ya üç dildə
təlimə başlamaq üçün ən optimal yaş
dövrü uşaqların erkən inkişaf
dövrüdür, yəni 0-2 yaşdan başlayaraq, 7
yaşınadək uşaqlar istənilən dildə
eşitdikləri söz, ifadə və nitq
konstruksiyalarını yadda saxlayır, tələffüz və
nitqlərində istifadə edir, paralel olaraq öyrəndikləri
dilə və ya dillərə tərcümə edə bilirlər.
Üçüncü (və ya daha çox)
dilin öyrədilməsinin məktəbəqədərki
yaş dövrünə təsadüf etməsi, ibtidai təhsil
pilləsində və V-VI siniflərdə davam etdirilməsi
tövsiyə olunur. 8-12 yaş
dövrü də dillərin mənimsənilməsi
baxımından uşaqlar üçün münbit yaş mərhələsi
hesab edildiyindən göstərilən yaş dövrlərində
umumi təhsil səviyyəsində dillərin intensiv şəkildə
tədrisi məqsədəuyğundur. Bu
isə məktəbdə, məktəbdənkənar məşğələlərdə
dil dərslərinə, cəmiyyətdə (ailə, məktəb,
tədris mərkəzləri və sair) öyrədilən
dillərdə ünsiyyətə üstünlük verməyi
şərtləndirir.
Hələ
təxminən bir əsr əvvəl, bilinqvizmin təklif
olunduğu ilk dövrlərdə iki dilin paralel şəkildə
öyrədilməsinin uşaqların idraki
inkişafını ləngitməsi barədə fərziyyə
və iddialar elmi əsasını tapmadığından
ABŞ, Kanada, Almaniya, Finlandiya və digər qabaqcıl
ölkələrdə bu gün bilinqval (polilinqval) təlimə
üstünlük verilir.
3.
Bilinqval (polilinqval) təlimi Azərbaycanda aktuallaşdıran
və motivləşdirən məqamlar hansılardır?
Hazırkı
mərhələdə bilinqval (polilinqval) təlimə
keçidi ölkəmiz üçün vacib edən şərtlərə
diqqət yetirək: 1) son on ildə Azərbaycanda, xüsusən
də Bakı şəhərində əcnəbi dillərdə
təhsilə maraq artıb. Valideynlərin öz
övladları üçün məktəb seçimində
rus və ya ingilis dilində təhsilə meyilli olması
dövlət dilindən istifadə və gənc nəslin
milli-mədəni-mənəvi dəyərlər ruhunda tərbiyə
edilməsi üçün əlverişli hesab olunmur; 2)
respublikamızın göstərilən qisim tədris müəssisələrində
və tədricən yerdə qalan təhsil müəssisələrində
bilinqval (polilinqval) təlim mühitinin
formalaşmasının dövlət dilinin
üstünlüyü təmin edilməklə əcnəbi
dillərdə təhsilə şərait yaradacağı, gənclərimizin
ölkənin və dünyanın qabaqcıl universitetlərində
təhsil almasına, yerli və beynəlxalq əmək
bazarlarında uğurlu karyera inkişafına yol açacağı,
ölkədə təhsil mühitinin canlanmasına səbəb
olacağı qənaətindəyik; 3) etnik və dini rəngarəngliyə,
Şərq-Qərb və Avrasiya məkanında ciddi iqtisadi və
mədəni körpü roluna və geosiyasi mövqeyə və
tarazdırılmış siyasi-diplomatik əlaqələrə
malik Azərbaycanın yeritdiyi multikulturalizm siyasəti, azərbaycanşünaslığın
inkişafı dil-ədəbiyyat və mədəniyyətimizin
Avropa və dünyaya inteqrasiyası üçün geniş
qapılar açıb. Təklif olunan təlim
metoduna keçid daxil olmaqla Azərbaycan təhsil sisteminin
bütün pillə və səviyyələrdə cəsarətli
transformasiyası bu interqasiya proseslərini dərinləşdirə,
Azərbaycan insana ciddi imkanlar qazandıra, təhsilimizin beynəlxalq
reytinqlərdə təmsil olunmasına yol aça bilər.
4. Erkən
inkişaf və məktəbəhazırlıq dövründə
iki (üç) dilin mənimsədilməsində məqsəd
nədir?
Erkən
inkişaf və məktəbəhazırlıq
dövrünü iki və ya üç dildə tədris aparılan Azərbaycan
məktəbləri üçün hazırlıq mərhələsi
kimi qiymətləndiririk.
Məktəbəqədər təhsil müəssisələrinin
Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi şəraitində
bu təhsil pilləsi üçün yaradılan və təklif
olunacaq kurikulumun, tədris proqramları və
planlarının məzmununun özəyini məhz dillərin
mənimsədilməsi təşkil etməlidir.
5. Erkən
yaş dövründə uşaq inkişaf mərkəzləri,
körpələr evləri və uşaq
bağçaları hansı tədris standartlarını,
qrafikləri, resursları istifadə etməli, hansı tərbiyəçi
müəllimlərə üstünlük verməli,
hansı tədris şəraitini yaratmalı, məşğələ
otaqlarının tərtibatında nəyi nəzərə
almalıdırlar?
Tədqiqatlar
göstərir ki, bilinqval təlimdə "bir şəxs -
bir dil", "bir situasiya - bir dil", "bir ölkə -
bir dil" prinsiplərinə əsaslanılmalıdır. Yəni Azərbaycanın məktəbəqədər
və ümumi təhsil müəssisələrində
ikidilli təhsil şəraitində valideynlərindən biri
uşaqla mütəmadi olaraq bir dildə, digər isə
ikinci dildə ünsiyyətdə olmalıdır (valideynlərdən
heç biri tədrisdə lazım olacaq ikinci dildə
danışa bilmirsə, bu rolu cəmiyyət, yəni uşaq
bağçaları, erkən inkişaf mərkəzləri,
məktəbəhazırlıq kurslarında səlis nitqə
malik tərbiyəçilər oynayır).
Təhsil müəssisəsində hər bir dil
üçün dilin və ölkənin reallıqlarına
uyğun tədris situasiyası yaradılmalı,
ayrı-ayrı dillərdə tədris müxtəlif tərbiyəçi
müəllimlər tərəfindən
aparılmalıdır. İstər evdə, istər təhsil müəssisəsində
tədris dilinə müvafiq dərs otaqlarının,
oyuncaqların, şəkillərin ayrılması, daha
çox oyunlara üstünlük verilməsi tövsiyə edilir. Xarici dilin tədrisinə ayrılan saatların
sayı dövlət dilində məşğələ
saatlarının sayını aşmamalıdır. Bu, məktəqədər
təhsilin kurikulumunda və məktəbəhazırlıq
proqramında öz əksini tapmalıdır.
6.
Ümumi orta təhsilin ibtidai, ümumi orta (V-IX siniflər) və
tam orta (X-XI siniflər) səviyyələrində bilinqval
(polilinqval) təlim modelinin səmərəli şəkildə
reallaşması üçün hansı tədris standartları
və planları təklif olunur? Təlimdə
dövlət və əcnəbi dillərin paralelliyi və
onlar arasında paritet necə təmin olunmalıdır?
6.1 İbtidai təhsil səviyyəsində dövlət
dili kimi öyrədiləcək və bəzi fənlərin
tədris dili kimi çıxış edəcək Azərbaycan
dilinin, həm də əksər fənlərin tədris dili
kimi mənimsədiləcək xarici dillərin (hazırda
ölkəmizdə əsasən rus və ya ingilis dili) müəyyən
olunmuş standartlar üzrə öyrədilməsinə
ayrılan həftəlik dərs saatlarının sayı eyni
olmalıdır. Hazırkı şəraitdə təlim
və dövlət dillərinə müvafiq olaraq 8-9 saat + 3
saat ayrılır. Bu saatlar tədris
planlarında təlim dilləri üzrə eyni səviyyədə
bölüşdürülməlidir. Tədris
saatlarının bu formatda təqdimi dövlət məktəbləri
üçün əlavə vəsait tələb etmir,
çünki artıq Azərbaycan dili xarici dil kimi yox, təlim
dili kimi tədris ediləcəyindən yarımqruplarda tədris
olunmayacaqdır. Tədris planlarında təlim
dilləri Azərbaycan, rus və ya Azərbaycan, ingilis dilləri
kimi göstərilə bilər. Bu mərhələdə
tədris planına xarici dil kimi daxil edilən ingilis, alman və
s. dilin öyrədilməsinə ayrılan saatların
sayı 3-dən az olmamalı və məşğələlər
yarımqruplarda aparılmalıdır.
Təklif olunan layihə mövcud tədris standartları
və tədris planları bazasında reallaşdırıla və
büdcədən əlavə vəsait ayrılmadan icra oluna
bilər.
Layihənin tətbiqi məktəbəqədər və
ümumi orta təhsil üzrə müvafiq təhsil və tədris
standartlarının yenilənməsini, təhsil qanunvericilik
aktlarına dəyişikliklərin aparılmasını
şərtləndirir.
6.2.
Ümumi orta (V-IX siniflərdə) təhsil səviyyəsində
hər iki dildə tədris saatlarının miqdarının
bərabərliyi və paritetin gözlənilməsinə Azərbaycan
dili və ədəbiyyatı dərsləri ilə
yanaşı, dövlət dilində Azərbaycan tarixi,
coğrafiyası, musiqi, Zəfər tarixi fənləri və
maraq kursları hesabına nail olunur. Bu məqsədlə
müvafiq qanunvericilik aktlarına (Ümumi təhsil
haqqında "Qanun", "Milli Kvalifikasiya Çərçivəsi"
və s.) dəyişiklik edilməsi gündəmdə durur.
6.3.
Yaranmış tədris situasiyası və xarici təcrübə
təsdiq edir ki, tam orta təhsil səviyyəsində (X-XI
siniflərdə) həftəlik 35-37 saat dərs yükü
özünü doğrultmur və dövlət məktəblərində
büdcə vəsaitinin məqsədsiz xərclənməsinə
səbəb olur. Qabaqcıl Avropa ölkələrinin
təcrübəsinə əsaslansaq, bu təhsil səviyyəsində
həftəlik dərs yükünun 26-30 saat təklif
olunması məqsədəuyğundur. Əgər
hazırkı mərhələdə sosial məsələlərə
önəm verilərsə, onda digər saatlar təmayüllər
üzrə və ya V-IX siniflərdə münbit bilinqval və
polilinqval təlim mühitinin təmin olunmasına yönəldilə
bilər.
Tam orta təhsil səviyyəsində təlim dillərinin
iştirakı saxlanılmaqla texniki və təbiət fənləri
üzrə təmayüllərin ingilis dilində təşkili
məqbul hesab oluna bilər. Eyni qaydanın ümumi tədris planları
üzrə (bilinqval təlim modeli) təhsil alan
X-XI siniflərə şamil olunması tövsiyə
edilir.
Dillərin mənimsədilməsi
üçün intensiv yaş dövrünün VI sinifdə
yekunlaşması və VII sinifdən digər fənlərin
tədris planlarına daxil olunması təmayüllərin məhz
bu mərhələdən təşkilini və dil dərslərinə
yanaşmaya yeni münasibətin və metodologiyanın
formalaşmasını tələb edir.
7. Ölkənin
qabaqcıl universitetləri xarici təcrübədən bəhrələnməklə
və dil daşıyıcısı olan əcnəbi mütəxəsisləri
cəlb etməklə özlərinin nəzdində olan liseylər
və ya baza-təcrübə müəssisəsi kimi onlara
ayrılmış ümumtəhsil müəssisələrinin
X-XI siniflərində təlimin təmayüllər üzrə
və xarici dildə təşkilindən nə əldə edə
bilərlər?
Tam orta təhsil
səviyyəsində (X-XI siniflər) təlimin təmayüllər
üzrə təşkili,
texniki və təbiət fənləri üzrə təmayül
siniflərində tədris prosesinin ingilis dilində
aparılması abituriyentlərə ölkə və xarici ali təhsil müəssisələrində
(ATM-lərdə) təhsilalma imkanlarını genişləndirər,
ingilisdilli ixtisaslarda hazırlıq ilinə ehtiyacı aradan
qaldırar.
Bu, dar ixtisaslar üzrə ölkə üçün
mütəxəssis hazırlığı aparan ATM-lərə
həm də dilbilmə səviyyəsi baxımından
hazırlıqlı abituriyentləri qəbul etməyə və
keyfiyyətli kadr hazırlığı aparmaq
imkanlarını genişləndirər.
8. Göstərilən
təlim modelinin tətbiqi məktəb həyatına,
universitetlərimizin təhsil mühitinə hansı təsiri göstərəcək?
Bilinqval (polilinqval) təlim modelinin tətbiqi təkcə
təlim ingilis və rus dilinin iştirakı ilə
aparılan məktəblərdə deyil, eyni zamanda, hazırda
dövlət dilində təşkil olunan ümumi təhsil
müəssisələrində yeni tədris situasiyası və
mühiti formalaşdırmasına xidmət edəcək. Məktəblərin
kadr potensialından asılı olaraq, ikidilli tədris
planları rus və ya ingilis dilinin iştirakı ilə 6.1,
6.2 və 6.3 bəndləri ilə müəyyən olunmuş
qaydada qurula bilər.
Bu tətbiqin
həm də ciddi sosial-ictimai əhəmiyyəti şübhəsizdir:
təhsil müəssisələri və təhsilalanların
müxtəlif bölgələr üzrə qeyri-bərabər
imkanları, təhsil ehtiyacları üzündən bəzən
ailələrin paytaxta və iri şəhərlərə
üz tutması, MİQ imtahanlarında kifayət qədər
bal toplamış gənclərin rayon mərkəzləri və
kəndlərdə iş yeri ilə təmin olunması,
bölgələrdə məktəbəqədər təhsil
müəssisələri infrastrukturunun inkişafı və
sair problemlər tədricən öz həllini tapa bilər.
Xüsusilə də Qarabağ və Şərqi Zəngəzur
bölgələrində yaradılacaq təhsil müəssisələri,
onların tədris proqramları həm yeni tələblərə,
həm də nümunəvi ikidilli təhsil mühitinə
malik olmuş Şuşa Realni Məktəbi,
Qazax Müəllimlər Seminariyası kimi təhsil müəssisələrimizin
klassik təhsil modellərinə və ənənələrinə
söykənməlidirlər.
Bilinqval (polilinqval) təlim modelinin
tətbiqi ATM-lərdə təhsil ixtisasları üzrə mütəxəssis hazırlığı proqramlarının yenilənməsinə, məktəbəqədər və ümumi təhsil müəssisələrinin yaxın gələcəkdə ikidilli və ya üçdilli pedaqoji kadrlarla təmin olunması probleminin aradan qalxmasına xidmət edəcək.
Məktəbəqədər və ümumi təhsil pillələrində təklif olunan bilinqval və ya polilinqval təhsil modeli ali təhsil pilləsində mütəxəssis hazırlığı proqramlarının dil problemini aradan qaldırmaqla icrasını asanlaşdıracaq, yeni kadr və tədris resursları hesabına münbit təlim şəraiti yaradılacaq.
ATM-lərdə göstərilən təlim metoduna diqqətin artırılması xüsusilə də linqvistik təmayüllü universitetlərimizə öz ixtisaslarına, mütəxəssis hazırlığı proqramlarına, elmi-tədqiqat və beynəlxalq əməkdaşlıq istiqamətlərinə yenidən nəzər salmaq, ən yeni tələblərə və şəraitə uyğun özlərinin transformasiyası imkanlarını araşdırmağa imkan verəcək.
9. Hansı tədris standartlarına (proqramlarına) dəyişiklik edilməsi vacibdir?
Bilinqval (polilinqval) təlim modelinin tətbiqi məktəbəqədər təhsilin və ümumi təhsil pilləsində fənn kurikulumlarının yenilənməsini, ali təhsilin bakalavriat səviyyəsində təhsil ixtisasları üzrə mütəxəssis hazırlığı proqramlarının tədris dili aspektində yenidən nəzərdən keçirilməsi üçün ATM-lərə tövsiyələrin verilməsini (ixtisas blokuna daxil olan 120 + universitetlərin sərəncamında olan 60 kreditin müasir yanaşmalara uyğun istifadəsini) labüd edir.
10. Təklif olunan təhsil modelinin ölkəmiz üçün önəmi nədir?
Dünya təcrübəsi və
aparılan tədqiqatlar göstərilən bu təlim
modelinin tətbiqinin etnik, dini və milli zənginliyə,
multikultural dəyərlərə və siyasətə malik Azərbaycana
öz təhsil sistemini Avropa və dünya təhsil məkanına
real inteqrasiya etməyə, regionlarda təhsilə
marağın yüksəlməsinə və təhsil
müəssisələrində canlanmaya şərait yaradacaq,
gənc nəslin təhsil və karyera inkişafı
imkanlarını yüksəldəcək.
Telman
CƏFƏROV
BSU-nun
tədris işləri üzrə prorektoru, filologiya üzrə
elmlər doktoru, professor, Əməkdar müəllim
525-ci qəzet.- 2022.- 4 iyun.- S.10;11.