"Regional Təhsil
İdarələrinin yaradılması zamanın mühüm tələbi idi"
Mütəxəssislərin fikrincə, bu istiqamətdə
atılan addimlar mövcud məsələlərin
düzgün həlli ilə nəticələnəcək
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
rayon və şəhər
təhsil şöbələrinin
(idarələrin) əsasında
12 regional təhsil idarəsi
yaradılıb. 2022-ci ilin
1-ci rübündə müvafiq
yerli təhsil şöbə və idarələrin balansındakı
dövlət əmlakı
Regional Təhsil idarələrinin
balansına verilib, inventarizasiyasının aparılması,
müvafiq sənədlərin
və məlumatların
təhvil-təslim işləri
başa çatıb.
Regional Təhsil idarələrinin
yerləşəcəyi şəhər
və ya rayon mərkəzləri də
müəyyən olunub
və təhsil naziri tərəfindən
təsdiq edilib. Yeni yaradılan Abşeron-Xızı
Regional Təhsil İdarəsi,
Dağlıq Şirvan
Regional Təhsil İdarəsi,
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Qaradağ Regional Təhsil
İdarəsi, Qazax-Tovuz
Regional Təhsil İdarəsi,
Quba-Xaçmaz Regional Təhsil
İdarəsi, Lənkəran-Astara
Regional Təhsil İdarəsi,
Mərkəzi Aran
Regional Təhsil İdarəsi,
Mil-Muğan Regional Təhsil
İdarəsi, Şəki-Zaqatala
Regional Təhsil İdarəsi,
Şərqi Zəngəzur
Regional Təhsil İdarəsi
və Şirvan-Salyan
Regional Təhsil İdarəsinin
rəhbərləri də
artıq təyin olunub.
Təhsil
naziri Emin Əmrullayevin sözlərinə
əsasən, regional təhsil
idarələri hər
rayonda təhsili idarə edən, regional idarələrin
tərkib hissəsi kimi fəaliyyət göstərən qurumlardır:
"İndiyədək təhsilin
yerlərdə idarə
olunması müxtəlif
qurumlar, müxtəlif
təşkilatlar tərəfindən
həyata keçirilirdi.
Yerlərdə məktəbəqədər təhsil müəssisələri
bir formatda, ümumtəhsil məktəbləri
başqa bir formatda idi. Maliyyələşmə başqa bir
qurum tərəfindən
aparılırdı.
Bir sözlə,
rayon təhsil şöbələri,
ərazi maliyyə hesablaşma mərkəzləri,
məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də, metodik kabinetlər dördü biri-biriylə
əlaqəli şəkildə
işləmirdi. Regional idarələri
bizə imkan verəcək ki, bu müəssisələr
arasında təhsil fəaliyyətini vahid formata gətirək.
Təhsildə idarəetmə və
tənzimləmə funksiyalarını
bir-birindən ayıraq.
Bu gün təhsil
mərkəzləşmiş şəkildə fəaliyyət
göstərir. Hər
qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində
sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola
bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması
yerlərdə vətəndaşların
müraciətlərinə keyfiyyətli baxılması,
vətəndaşlara xidmət,
eyni zamanda da digər yerli
məsələlərin həllinə
müsbət təsir
edəcək".
Nazir bildirib ki, yerlərdə problemlərin həlli vətəndaşların da
problemə münasibətindən,
problemə qarşı
mübarizə metodundan
çox asılıdır. İstənilən problem barədə anonim, yarımçıq, sosial
şəbəkələr vasitəsilə edilən müraciətlərin müsbət
həlli ya mümkün olmur, ya da çox
zaman tələb edir. Halbuki vətəndaş portal.edu.az vasitəsilə
müraciət edərsə,
şikayətinə daha
tez baxılar:
"Portal vasitəsilə müraciəti
izləmək imkanımız
var. Yaradılan texnoloji
proses bizə vətəndaşın müraciətinə
nə vaxt baxıldığını, necə
həll edildiyini müəyyənləşdirməyə, həll edilməyibsə, səbəbini öyrənməyə
imkan verir".
Emin Əmrullayev vurğulayıb
ki, regional təhsil idarələrinin iqtisadi zonalar üzrə formalaşması və fəaliyyət göstərməsi
həm də yerli ənənələrin
təhsildə əksini
tapmasına səbəb
olacaq: "Bir yandan yerli ənənələr
təhsilin məzmununda
öz əksini tapacaq,
digər yandan
da yerli problemlərin həlli və qərarların verilməsi yavaş-yavaş
regional təhsil idarələrinin
səlahiyyətinə ötürüləcək.
Uzunmüddətli vədədə qeyri-mərkəzləşdirməni reallaşdırmaq planlaşdırılır.
Məsələn, müəllimlərin
işə qəbulu vahid sistem şəklində
həyata keçirilir.
Regional təhsil idarələrinin bacarıqları
artdıqca, onlara inam formalaşdıqca, işinə müsbət rəy verildikcə, bir sıra səlahiyyətlərin
yerlərə - regional idarələrə
verilməsinin tərəfdarıyıq
və bunun daha doğru addım olduğunu düşünürük".
Təhsil nazirinin müavini İdris İsayevin dediyinə görə,
Regional idarələrin yaranması
təhsil fəaliyyətini
vahid formata gətirəcək. Regional idarələrin
əsas işi və məsuliyyəti təhsilin keyfiyyətinin daha da yüksəldilməsidir.
Regional Təhsil idarələri
fəaliyyət istiqamətləri
vətəndaşlara çevik
və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər
və ümumi təhsil müəssisələrində
təhsil alan
uşaqlar üçün
sağlam və təhlükəsiz mühitin
yaradılmasıdır.
Həmçinin, təhsilverənlər üçün müvafiq
və səmərəli
iş şəraitinin
yaradılması, zəif
nəticəsi olan şagirdlərlə işə
xüsusi diqqət ayrılması, onların
nailiyyətlərinin yüksəldilməsi,
eyni zamanda məktəbəqədər yaşlı
uşaqlar üçün
əlverişli öyrənmə
mühitinin təşkili
diqqət mərkəzində
saxlanılacaq məsələlərdəndir:
"İndiyədək təhsilin
yerlərdə idarə
olunması müxtəlif
qurumlar və təşkilatlar tərəfindən
həyata keçirilirdi.
Yerlərdə məktəbəqədər təhsil müəssisələrinin
idarəetməsi və
təşkili bir formatda, ümumtəhsil məktəbləri isə
başqa bir formatda idi. Maliyyələşmə isə tamam
başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə,
rayon təhsil şöbələri,
ərazi maliyyə hesablaşma mərkəzləri,
məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də, metodik kabinetlər dördü bir-biri ilə əlaqəli şəkildə işləmirdi.
Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr
arasında təhsil fəaliyyətini vahid formata gətirək, təhsildə idarəetmə
və tənzimləmə
funksiyalarını bir-birindən
ayıraq".
İdris
İsayev qeyd edib ki, bu
gün təhsil mərkəzləşmiş şəkildə
fəaliyyət göstərir:
"Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli
və keyfiyyətli təhsil mexanizminə nail
ola bilərik.
Bu mənada inanıram
ki, regional təhsil idarələrinin qurulması
yerlərdə vətəndaşların
müraciətlərinə zamanında və düzgün baxılması,
vətəndaşlara xidmət,
eyni zamanda da digər yerli
məsələlərin həllinə
müsbət təsir
edəcək".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə,
regional təhsil idarələri
fəaliyyətə başladıqdan
sonra vahid idarəetmə forması yaranacaq və təhsil sistemi daha mobil olacaq.
Təhsil Nazirliyi müxtəlif qurumlara parçalanmışdı. Təhsilin Keyfiyyətinə
Nəzarət Agentliyi
bir quruma, ibtidai sinif təhsili,
uşaq bağçaları
və uşaq evləri yerli icra strukturlarına tabe idi. Bu isə təhsildə
keyfiyyətin aşağı
düşməsinə və
vahid idarəetmənin
olmamasına səbəb
olurdu. Regional Təhsil İdarələri
mövcud olan bu nöqsanları aradan qaldıracaq, yeni qurumların müstəqil olmasına səbəb olacaq. Rayonlarda təhsil sahəsini dərindən bilən, bu sahədə ixtisaslaşmış
və püxtələşmiş
insanların çox olduğunu söyləyən
Ş.Əsgərov onların
sayəsində yeni idarələrin daha yaxşı işləyəcəyini
və təhsilin keyfiyyətinin yüksəlməsində
böyük rol oynayacaqlarını vurğulayıb:
"Təhsil idarələri
yerli icra hakimiyyəti orqanlarından
ayrılandan sonra, Təhsil Nazirliyinin istənilən çağırışına
operativ reaksiya veriləcək və təhsildə keyfiyyət
yüksələcək. Bir sözlə,
bu struktur dəyişikliyi ölkədə
inqilabi dəyişiklik
olacaq".
Təhsil
eksperti Nadir İsrafilov
bu qənaətdədir
ki, regional təhsil idarələri təhsil sistemində şəffafllığı
təmin edəcək:
"Regional Təhsil idarələrinin
yaradılması zamanın
mühüm tələbi
idi. Buna doğrudan
da, çox ehtiyac vardı. Mən hesab edirəm ki, cənab Prezidentin bu barədə Sərəncamı
alqışlanmalıdır. Çünki bu saat bizdə optimallaşdırma
və rassionalaşdırma
ilə bağlı çox işlər görülür. Buna misal olaraq, ayrı-ayrı
kolleclərin universitetlərin
nəzdinə verilməsini
deyə bilərik.
Bu proses dünya təcrübəsinə əsasən
aparılır".
Millət
vəkili Vüqar Bayramov hesab edir ki, təhsildə
idarəetmənin regionallaşması
bu sahədə nəzarətə kənar
müdaxilələrin minimumlaşdırılması,
şəffaflığın artırılması və
idarəetmənin səmərəliliyinin
daha da yüksəldilməsi
baxımdan çox vacib idi: "Digər tərəfdən,
sözügedən sərəncamda
yaradılan bu regional formatda idarələr digər sektorlarda, o cümlədən, yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan
da məqsədəuyğun
olar. Qeyd edim ki, bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı
ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin
olunmuşdu. Bu, yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir.
Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi
institutsional islahat kimi xarakterizə olunmalıdır".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə Nazirliyin regional idarələrinin yaradılması haqqında imzaladığı Sərəncam mühüm əhəmiyyət kəsb edir. Təhsil Nazirliyinin ləğv edilən rayon, şəhər şöbələrinin bazasında 12 Regional Təhsil İdarəsinin yaradılması təhsil sahəsində aparılan uğurlu islahatların davamıdır: "Regional Təhsil İdarələrinin yaradılması onu göstərir ki, artıq rayonlar üzrə idarəçilikdən regionlar üzrə idarəçiliyə keçilır. Bu da çox önəmli bir məsələdir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 4 iyun.- S.9.