Rusiya iqtisadiyyatının ölüm fərmanı
Ötən gün Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının
100 günü tamam oldu. Rusiya hərb meydanında
kiçik üstünlüyünü
saxlasa da, müharibəyə görə
çox ağır iqtisadi itkilər verməkdədir.
Rusiyanın maliyyə naziri Anton Siluanov Ukraynada "xüsusi hərbi əməliyyat"ın keçirilməsinin
böyük maliyyə
vəsaiti tələb
etdiyini etiraf edib. Maliyyə nazirinin bu etirafı olmadan da Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı
müharibəyə külli
miqdarda maliyyə sərf etdiyi aydın görünür.
Rusiyanın qlobal iqtisadiyyatdan
təcrid edilməsi də böyük iqtisadi itkilərə səbəb olur. Ancaq bunların heç biri başa çatmaqda olan həftə ərzində
yayılan bir neçə xəbər qədər Rusiyaya təsir edə bilməz. Söhbət Avropa Birliyinin
ilin sonuna kimi Rusiya neftinin
idxalını 92 faiz azaltmaq planı ilə bağlıdır.
Ötən ilin rəsmi
məlumatına görə,
Rusiya ixrac etdiyi neftin 47 faizini Avropa Birliyi ölkələrinə
göndərib. Avropa
Birliyi ölkələri
arasında Rusiyadan ən çox neft alan
ölkə Niderland olub. Niderland ötən il
Rusiyadan 37.4 milyon ton neft alıb. Rusiyadan ən çox neft alan ölkələrin siyahısında Niderlandın
ardınca
19.2 milyon tonla Almaniya, 11.2 milyon tonla Polşa,
8.9 milyon tonla İtaliya, 6.3 milyon tonla Finlandiya, 5.3 milyon tonla Slovakiya
gəlir. Avropa Birliyinin ilin
sonuna kimi Rusiyadan neft idxalatını 92 faiz azaltmaq qərarı Niderland, Almaniya, Polşa, Finlandiya, Slovakiya kimi ölkələrin itirilməsi
deməkdir. Bundan sonra
Rusiyanın Avropa Birliyinə satdığı
nefti hansı ölkələrə satacağı
məlum deyil. Əslində, Rusiyanın Avropa
və Qərb bazarlarını əvəz
edəcək bazar tapması qeyri-mümkündür.
Çünki Avropa Birliyindən
üç ay əvvəl,
mart ayında ABŞ və
Böyük Britaniya Rusiyadan neft idxalatını qadağan
edib.
ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyadan neft idxalatına qadağa qoyması ilə yanaşı, Brüssel və London Rusiya neftini daşıyan gəmilərinin
sığortalanmasına qadağa
qoymaq haqqında razılığa gəliblər.
Bu qadağa Rusiya
neft daşıyıcılarını
Böyük Britaniyanın
Lloyd's of London” sığorta bazarına - dəniz nəqliyyatı üçün
ən böyük sığorta bazarına çıxışdan məhrum
edəcək. Bu isə o deməkdir ki, Rusiyanın dəniz yolu ilə neft ixracı
imkanları ciddi şəkildə azalacaq.
Ekspertlər bu vəziyyətin
Rusiya limanları vasitəsilə neft ixrac edən ölkələr, ilk növbədə
isə Qazaxıstan üçün ciddi problemlər yaradacağı
anlamına gəlir.
Çünki Rusiya limanlarından
daşınan neftin hansı ölkəyə məxsus olduğunu müəyyən etmək
çox çətindir.
Neft daşıyıcıları isə
Qərbin sanksiyalarına
məruz qalmamaq üçün Rusiya limanlarından neft daşımaqdan çəkinəcəklər.
Polşanın Baş naziri Mateus Moravetski Brüsseldə keçirdiyi
mətbuat konfransında
bildirib ki, Avropa Birliyi üçüncü ölkələrin
Rusiyadan neft almasını qadağan etmək istəyir: "Polşa və Avropa Birliyinin əksər ölkələri
ikinci dərəcəli
sanksiyalar adlanan sanksiyaların da tətbiq edilməsini təklif edir. Bu sanksiyalar Rusiyadan neft alan
üçüncü ölkələrə
yönəlməlidir ki,
onlar Rusiyadan neft ala bilməsinlər".
Rusiya neftinə qarşı tətbiq olunan bu qadağalar onun OPEK+ platformasından da kənarlaşdırılmasına
səbəb ola
bilər. “The Wall Street Journal”ın
məlumatına görə,
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) bəzi
üzvləri Rusiyanın
neft hasilatı üzrə OPEK+ sazişində
iştirakının dayandırılması
ilə bağlı məsələni nəzərdən
keçirirlər. OPEK üzvləri hesab edirlər ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Avropa İttifaqının Rusiya
neftinə qismən qadağa qoyması neft ixracatçısı
ölkələrinin xeyrinə
olacaq. Onlar daha çox
neft satmaq imkanı qazanacaqlar. Yeri gəlmişkən, Venesuela
və İran Rusiyanın neft bazarın kənarlaşdırılmasının
onların da xeyrinə olacağını
güman edir. İran artıq dünya bazarlarında Rusiyanı əvəz etməyə hazır olduğunu hər imkanda ifadə edir.
Rusiya neft bazarlarından kənarlaşdırıldığı kimi, qaz bazarlarını da itirməkdədir. Rusiyanın qaz nəhəngi "Qazprom" rublla ödəniş edilmədiyinə görə Danimarkanın “Orsted” və “Shell Energy Europe” şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. Ötən il "Qazprom" Danimarka şirkətinə 1,97 milyard kubmetr qaz satıb ki, bu da Danimarkada ümumi qaz istehlakının təxminən 70 faizini təşkil edir. Bundan əvvəl isə "Qazprom" Niderlandın "GasTerra" qaz treyderinə rublla ödənişdən imtinaya görə qazın nəqlini tam dayandırmışdı. Bütün bu məlumatlar o anlama gəlir ki, Rusiya qazına qarşı sanksiya hələ tətbiq edilməsə də, "Qazprom" alıcılarını sürətlə itirməkdədir.
İqtisadçılar isə ABŞ və Böyük Britaniyanın ardınca Avropa Birliyinin Rusiyadan neft idxalatına qadağa qoymasını Rusiya iqtisadiyyatı üçün ölüm fərmanı hesab edirlər. Bu bənzətmədə heç bir şişirtmə yoxdur. Çünki Rusiyanın iqtisadiyyatı əsasən enerji daşıyıcıların, xüsusilə də neftin ixracı üzərində qurulub. Neftin ixracının azalması onun hasilatına ağır zərbə vuracaq. Çünki Rusiyanın kəmərlər vasitəsilə Avropa Birliyinə ixrac etdiyi nefti hansısa başqa istiqamətdə satmaq imkanı yoxdur. Üstəlik, böyük həcmdə nefti uzun müddət ərzində saxlamaq üçün yeraltı anbarları da mövcud deyil. Bu isə o deməkdir ki, Rusiyada neft hasilatı ixracatın zəifləməsi ilə problemlə üzləşəcək.
Rusiyanın neft məhsullarının ixrac etməsinə də qadağa qoyulduğunu nəzərə alanda ölkənin neft emalı sənayesinin də tədricən məhv olacağını proqnozlaşdırmaq olar. Çünki neft məhsullarının alıcısı olmasa, emal zavodları fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
Bütün bunlar təsduqləyir ki, Avropa Birliyinin ilin sonuna kimi
Rusiya neftinin
idxalını 92 faiz azaltmaq
qərarı Rusiya iqtisadiyyatı üçün həqiqətən də ölüm fərmanı olacaq.
Xaqani
CƏFƏRLİ
525-ci qəzet.- 2022.- 4 iyun.- S.8.