İşğaldan azad olunmuş rayonlarda "Ağıllı su" layihələri

 

5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

 

Təbiətin əvəzsiz nemətlərindən sayılan sudan səmərəli istifadə Azərbaycanda bütün dövrlərdə aktual olub. Su təchizatı tariximizin ilkin inkişaf dövrü 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bu sahədə ilk böyük layihə Xaçmaz rayonunun Şollar kəndindən Abşeron yarımadasına çəkilmiş Şollar-Bakı su kəməridir. Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi də məhz bu dövrdə yaradılıb.

 

Azərbaycanın içməli və tullantı su sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihələr sürətlə böyüyən və inkişaf edən Bakının içməli su təchizatında həyati əhəmiyyət kəsb edib.

Azərbaycanın əksər şəhər və rayon mərkəzlərində ilk içməli və tullantı su sistemlərinin yaradılması da ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib. Bu işlər bəzi yaşayış məntəqələrinin şəhər kimi formalaşmasında mühüm rol oynayıb.

 

Müstəqilliyin ilk illərindən əhalinin içməli su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.

2003-cü ilin oktyabrında İlham Əliyevin prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlayıb. Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını sosial siyasətin prioriteti kimi müəyyənləşdirdi.

 

Bakı şəhərinin və ətraf qəsəbələrin böyüməsi, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması içməli suya olan tələbatı ciddi şəkildə artırdığından şəhərə yeni mənbədən suyun gətirilməsi aktuallaşdı. Ümummilli lider Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirmiş və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq vermişdi. Ulu öndərin ideya müəllifi olduğu həmin layihə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldı. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atıldı. Oğuz rayonunun ərazisində yeni mənbə yaradıldı, buradan Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkildi. Bununla da, Bakı şəhərinin su təchizatında sabitlik təmin edildi, bir sıra ərazilərdə fasiləsiz rejimlərə keçirildi.

 

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı, yarımadadakı qəsəbə və kəndlərdə mərkəzləşdirlmiş su şəbəkələrinin yaradılması ilə suya olan tələbatın artması, əhalinin keyfiyyətli su ilə təmin edilməsi, magistral kəmərlərdə qəzalar zamanı su təchizatında problemlərin yaranmaması məqsədilə su mənbələrinin əlaqələndirilməsi nəzərə alınmaqla yeni su mənbəyinin yaradılmasına qərar verildi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında ultrasüzgəc texnologiyasına əsaslanan yeni kompleksin təməli qoyuldu. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verildi. Ənənəvi təmizləmə qurğularından fərqli olaraq yeni kompleksdə su ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir.

 

 

 

Oğuz-Qəbələ-Bakı su kəmərinin və Ceyranbatanda yeni kompleksin istismara verilməsi Kürdə emal olunan və Bakıya ötürülən suyun bir hissəsinin içməli su problemi ilə üzləşən rayonların tələbatının ödənilməsinə yönəltməyə imkan yaratdı. Qurğuda emal olunan suyun ətraf rayonlara verilməsi məqsədilə Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri istismara verildi. Bununla da, Hacıqabul, Şirvan, Salyan, Biləsuvar, Neftçala, Saatlı və Sabirabad şəhərləri, həmçinin, kəmərlərin marşrutu boyu 60-dan artıq kənd keyfiyyətli içməli su ilə təmin olundu.

2020-ci ildə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verildi. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan bu qurğu 450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Bölgələrdə yaşayan əhalini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Lənkəran, Mingəçevir, Quba, Qobustan və Ağstafa sutəmizləyici qurğuları istismara verilib.

Ümumilikdə, içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 yeni içməli su mənbəyi yaradılıb.

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq su və kanalizasiya layihələrinin icrasına başlanılmış 54 şəhər və rayon mərkəzinin 33-də içməli və tullantı su, 13-də içməli su şəbəkələrinin, 20-də isə tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra həyati əhəmiyyət daşıyan su təchizatının bərpasına başlanılıb. "Azərsu" ASC tərəfindən Şuşa şəhəri, Hadrut qəsəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Cəbrayıl və Füzuli rayonlarında içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb.

 

İşğaldan azad olunmuş ərazilərdə ilk böyük içməli su layihəsinin icrasına Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində başlanıb. Şəhərin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin, şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulub. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi yenilənib.

 

Eyni zamanda, işğaldan azad olunmuş digər rayonlarda da təxirəsalınmaz tədbirlər çərçivəsində sıradan çıxarılmış infrastrukturlar bərpa edilib, yaşayış olan hərbi və mülki obyektlərin dayanıqlı içməli su təchizatı təmin edilib.

 

Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin bərpası layihələri çərçivəsində 2021-ci ildə 54 km içməli su xətləri çəkilib, 1 ədəd subartezian quyusu qazılıb və 2 ədəd subartezian quyusu əsaslı təmir olunub. Ötən müddətdə Şuşa, Kəlbəcər, Zəngilan şəhərləri və Hadrut qəsəbəsində xidmət sahələri yaradılıb və fasiləsiz xidmət təşkil olunub.

 

İşğaldan azad olunmuş şəhərlərin içməli su təchizatı, tullantı və yağış sularının idarə olunması sistemlərinin yaradılması ilə bağlı layihə sənədlərinin hazırlanması məqsədilə işçi qrupu yaradılıb. Şəhərlərin yeni baş planına uyğun olaraq hazırlanacaq yeni layihələrdə "Ağıllı su" konsepsiyasına əməl olunacaq və ən müasir texnologiyalar tətbiq ediləcək. İlk belə layihə Ağdam şəhərində həyata keçiriləcək və bununla bağlı ilkin layihə sənədləri hazırlanaraq işçi komissiyaya təqdim edilib və bəyənilib.

 

Qlobal iqlim dəyişikliyi və son dövrlər müşahidə olunan quraqlıq nəticəsində yaranmış su çatışmazlığının aradan qaldırılması məqsədilə ölkəmizdə zəruri tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı" çərçivəsində bir sıra layihələr icra olunub.

 

Kür çayında suyun səviyyəsinin kəskin aşağı düşməsi səbəbindən Neftçala şəhərinə, həmçinin, rayonun kəndlərinə mövcud sutəmizləyici qurğulardan suyun verilməsi mümkün olmadığından yeni layihələrin icrasına başlanılıb. Neftçala şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarının inşası yekunlaşıb.

Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərin də içməli su təchizatı üçün imkanlar yaradıb.

 

Neftçala rayonunun Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı və Kürkənd kəndlərini içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəməri inşa edilib.

 

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 266 su anbarı və anbar kompleksi, 22 min km-dən çox magistral və paylayıcı su, 6100 km-dək kanalizasiya xətləri, 24 tullantı sutəmizləyici qurğu, 126 su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində abonentlərin sayı 700 min artaraq 1 milyon 630 minə çatıb. 2004-cü illə müqayisədə fasiləsiz su ilə təmin olunan əhalinin xüsusi çəkisi Bakı şəhərində 81,7, ölkə üzrə isə 78,2 faizə qalxıb.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin standartlar çərçivəsində nəzarətdə saxlanılması məqsədilə müasir Mərkəzi Laboratoriya inşa edilib və beynəlxalq akkreditasiyadan keçib. Yeni laboratoriya yaradıldıqdan sonra içməli və tullantı sularının təhlil edilən göstəriciləri 39-dan 118-ə, nümunə sayı 7 mindən 74 minə, monitorinq nöqtələrinin sayı isə 94-dən 4270-ə çatdırılıb.

 

Vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, müraciətlərin asanlaşdırılması, göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni Elektron Su Portalı (e-su.az) yaradılıb. "Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Prezident fərmanına uyğun olaraq "Azərsu" ASC tərəfindən elektron xidmətlərdən istifadə imkanları genişləndirilib. Hazırda 19 adda elektron xidmət vətəndaşların istifadəsindədir. Ümumilikdə, elektron xidmətlərin tətbiqinə başlanandan indiyədək 2 milyona yaxın müraciət qeydiyyata alınaraq icra edilib.

 

Su kimi müqəddəs nemətin qorunması, onun keyfiyyətinin təmin olunması, gələcək nəsillər üçün etibarlı mənbələrin formalaşdırılması müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış məqsədyönlü siyasətinin əsas istiqamətini təşkil edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq əhalinin içməli su ilə təmin edilməsi və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına bundan sonra da töhfələr verəcək.

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 4 iyun.- S.6.