ADMİU-da ənənəvi "Gümüş nar"
festivalı keçirilib
İyunun 3-də Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) Rəssamlıq fakültəsinin
tələbələrinin semestr
üzrə yekun hesabat sərgisi - ənənəvi "Gümüş
nar" festivalı təşkil edilib.
Bu il üçüncüsü
təşkil olunan Festivalın açılış
mərasimindən əvvəl
Azərbaycan Nar İstehsalçıları
və İxracatçıları
Assosiasiyasının (ANİİA) qurucusu və sədri Fərhad Qaraşov və əməkdaşları ADMİU-nun rektoru, professor Ceyran Mahmudovayla görüşüblər.
Xanım
rektor universitetin fəaliyyəti və keçirilən "Gümüş
nar" festivalı haqqında qonaqlara geniş məlumat verib. Bildirib ki, ADMİU-nun tələbələri
hər zaman öz yaradıcılıqlarında
Azərbaycan tarixinin, mədəniyyətinin atributlarını,
milli-mənəvi dəyərlərimizi
əks etdirirlər.
Eləcə də Azərbaycan
incəsənətinin simvollarından
biri olan nar da müxtəlif
obrazlarda onların yaradıcılıqlarında əks
olunur.
Rektora bu təşəbbüs üçün
minnətdarlığını bildirən F.Qaraşov Azərbaycanda narçılığın
inkişafı, hazırkı
vəziyyəti, eləcə
də, ANİİA-nın
fəaliyyəti haqqında
geniş məlumat verib.
Daha sonra tərəflər arasında
qarşılıqlı əməkdaşlıq
haqqında Memorandum imzalanıb
və xatirə hədiyyələri təqdim
olunub. Rektor C.Mahmudova Assosiasiyanın
döş nişanı
ilə təltif edilib.
Görüşdən sonra festivalın açılış mərasimi
baş tutub. Sərgidə tələbələrin 100-ə yaxın əsəri nümayiş etdirilib.
Bildirilib
ki, burada qrafika, yağlı boya, akvarel, quaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında
işlənmiş əsərlər
fakültənin tələbələrinin
akademik bilik və vərdişləri
ilə yanaşı, onların fərdi xüsusiyyətləri, bədii
nailiyyətləri haqqında
ətraflı məlumat
verilir. Sərgidə təqdim olunan
işlər rəssam,
qrafik, dizayner, xalçaçı tələbələrin
formalaşmasında mühüm
rolu olan ustad müəllimlər tərəfindən seçilib.
Sərginin təşkilinə və bədii tərtibatına Dizayn və dekorativ tətbiqi sənət kafedrasının
baş müəllimi
Gülnaz Mədətova
rəhbərlik edib.
ADMİU-nun "Musiqi sənəti" fakültəsi tələbələrinin bir-birindən gözəl ifaları festivala rəng qatıb.
Festivalda sərgilənən əsərlərlə yaxından tanış olan ANİİA-nın sədri F.Qaraşov təəssüratlarını bölüşüb: "Azərbaycan incəsənəti üçün peşəkar kadrlar yetişdirən Mədəniyyət və İncəsənət Universitetində belə bir festivalın keçirilməsi çox əlamətdar hadisədir. Çox sevindirici haldır ki, tələbələr öz əsərlərində narı təkcə meyvə kimi yox, mədəniyyətimizin bir parçası kimi təcəssüm etdirirlər. Düşünürəm ki, bu tipli tədbirlərin silsilə şəklində keçirilməsi nara olan sevgini daha da artıracaq. Tələbələrin əsərlərinə baxdıqca nar obrazını milli ruhumuzun qida yeri Qarabağa aid nümunələrdə, İslamda, türklüyümüzdə gördüm. Tələbələr bir çox sahələrə toxunublar, bu da insanda qarışıq və xoş əhval-ruhiyyə yaradır. Bunu nəinki, rəsm əsərlərində, dizayner tələbələrin keramikdən hazırlanmış digər əl işlərində də gördük. Bu da bizi çox sevindirdi. Nar Assosiasiyası olaraq düşünürük ki, narın bir meyvə, aqro-texniki ixrac, istehsal tərəflərindən kənar, daha da tanıdılması və təşviq edilməsi üçün bu cür tədbirlər çox lazımdır".
ŞAHANƏ
525-ci qəzet.- 2022.- 7 iyun.- S.15.