Aysel Əzizova: "Moda mənim üçün hər şeydir"

 

"Rənglərdən formalara qədər hamısı modanin bir parçasıdır"

 

Müsahibimiz tanınmış modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Aysel Əzizovadır. Onunla moda və dizayn, dəb anlayışı, şəxsi kolleksiyası, pedaqoji fəaliyyəti və sair haqqında həmsöhbət olduq:

 

- Aysel xanım, istərdim, söhbətə sizin incəsənətə, dizaynerlik sənətinə marağınızdan başlayaq. Yəqin ki, rənglərə sevginiz atanızdan - Xalq rəssamı Arif Əzizdən qaynaqlanır?

 

- Bəli, elədir ki, var. Mən atam Arif Əzizin sayəsində gözümü rənglər dünyasına açmışam deyə bilərəm. Hələ 4-5 yaşımdan onun yaradıcılıqla məşğul olduğu emalatxanasında vaxt keçirməyi sevərdim. Biz elə atamın emalatxanasında böyümüşük. Arif Əziz həqiqətən də çox böyük rəssamdır. Mənim ilk ustam da məhz atamdır. Bu sənətə marağımın yaranmasında onun rolu əvəzsizdir. Ancaq ondan fərqli olaraq mən daha çox geyim, qız şəkilləri çəkərdim. Atam da bunu sezmişdi və həmişə bunu vurğulayırdı. Dizaynerliyə həvəsim elə o vaxtdan başladı.

 

- Sizdə bu həvəsi yaradan nə idi?

 

- Mən gözəllik aşiqiyəm. Uşaqkən gözəl geyinən xanımlar diqqətimi cəlb edirdi, onlara baxmaq xoşuma gəlirdi. Anam özü də çox gözəl geyinərdi. Ona baxa-baxa gözəl, rəngarəng geyimlər məni özünə çəkirdi. Hələ o vaxtlarda Azərbaycanda bu ixtisas üzrə tədris yox idi. Arif Əziz isə belə bir təcrübəni Moskvada görmüşdü və 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində moda-dizayn ixtisası açılması təşəbbüsüylə çıxış elədi və bu ixtisas açıldı. 1994-cü ildə mən həmin ixtisas üzrə universitetə qəbul oldum. Təhsil müddətimdə çox şey öyrəndim. Sonra isə ailə həyatı quraraq Türkiyəyə getdim. Orda böyük moda şikətində dizayner kimi çalışdım. Bu, mənə fərqli və maraqlı təcrübə qazandırdı. İlk geyim kolleksiyalarımı da orada yaratdım. Orda işləyərkən fərqli Avropa ölkələrində keçirilən dəfilələrə, moda sərgilərinə qatılırdım. Sonra İstanbul Beykənt Universitetində tekstil və moda tasarım bölümündə müəllim kimi çalışmağa başladım. O da yaradıcılığımda, həyatımda tamama başqa təcrübə oldu. Orda mən tələbələrlə davranış, sənəti onlara sevdirməyin yollarını öyrəndim.

 

- Moda sizinçün nədir?

 

- Moda mənim üçün hər şeydir. Rənglərdən tutmuş, məncə, formalara qədər hər şey modanın bir parçasıdır. Hər xanım gözəl geyinməyi, rəngləri uyğunlaşdırmağı bacarmır. Ancaq inanıram ki, ən yaxın gələcəkdə yavaş-yavaş bütün bunların hamısı düzələcək. Mədəniyyət və İncəsənət Universiteti olaraq hər il bu ixtisasa yiyələnmiş neçə-neçə məzun buraxırıq. İnanırıq ki, onlar da bu sahədə inkişafa nail olacaqlar. Mən burada işləməyə başlayarkən ilk kursumla buraxılış dəfiləsini başqa bir yerdə etdik. Türkiyənin praktikasıyla o dövr üçün məşhur otellərimizdən birində çox gözəl bir moda nümayişi təşkil elədik. Sanki o dəfilədən sonra moda bizim universitetdə başqa bir ritm qazandı və biz hər il professional dəfilə kimi məzun günləri keçiririk. Özüm də bütün bunlardan çox böyük zövq alıram və tələbələrimi məmnuniyyətlə hazırlaşdırıram.

 

2018-ci ildə mənim tələbələrim Londonda özəl universitetdə keçirilən beynəlxalq müsabiqədə birincilik qazandılar. Azərbaycandan biz və Rəssamlıq Akademiyasının tələbələri qatılmışdılar. Orda bizim tələbələrimiz iki dəfə dəfilə sərgilədilər. Qələbəmizdən sonra tələbə qızlarımızı yenidən Londona dəvət etdilər. Açığı, bu, məni çox həvəsləndirdi və biz daha çox işləməyə başladıq. Universitet daxilində də bizim çox gözəl layihələrimiz baş tutur. Keçirilən tədbirlərdə mən və tələbələrim sevə-sevə iştirak edirik. Məsələn, bu günlərdə "Paralel dünyalar" layihəsi çərçivəsində İtaliyaya həsr olunmuş tədbirdə biz İtaliyanın Renessans dövrünə aid çox gözəl geyim kolleksiyasıyla çıxış etdik. Universitetimizin tədris proqramında Renessans incəsənəti tələbələrimizə ciddi şəkildə öyrədilir. Ona görə də bunu işləmək bizə rahat idi. Bununla belə inanın ki, bu tədbirdə tələbələrimizin üç aylıq əməyi vardı. Ondan əvvəl də çox böyük tədbirlərimiz olub. Qobustanda, Bakı Ekspo Mərkəzdə və başqa mühüm məkanlarda keçirilən dövlət səviyyəli tədbirlərdə biz dəfilələrimizlə çıxış etmişik. Fikrimcə, bu, böyük bir komanda işidir. Komanda yaxşıdırsa, uğur qazanmaq mütləqdir. Bunların heç biri tək insanın deyil. Rektorumuz Ceyran xanım Mahmudova, ustadım Arif Əziz və çox istedadlı tələbələrimizin sayəsində bu cür uğurlar əldə edirik və inanıram ki, gələcəkdə bu uğurlarımızın sayı artacaq. Çox şadam ki, Türkiyədə və Avropa ölkələrində öyrəndiyim təcrübələrimi bu gün məzunu olduğum doğma universitetimdə öz xalqımın gənc övladlarıyla bölüşürəm.

 

- Hazırda ölkəmizdə dəbin, modanın vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Məncə, bu istiqamətdə vəziyyət heç də pis deyil. Artıq xanımlarımız maraqlı geyinməyə başlayıblar, rənglərdən gözəl istifadə edirlər. 5-10 il öncə bu, daha acınacaqlı halda idi. İndi isə sanki xanımlarımız özlərinə daha çox baxırlar, görünüşlərinə, geyimlərinə daha çox əhəmiyyət verirlər. Bu, məni bir Azərbaycan xanımı kimi çox sevindirir. Məsələn, başqa ölkədə zövqlə geyinmiş, bəzənmiş bir xanım görəndə və onun azərbaycanlı olduğunu biləndə insan həqiqətən fəxr edir. Ancaq bu, yeni-yeni yaranır və inkişaf edir.

 

- Azərbaycanın tanınmış xanımlarının - istər şou-biznes, istərsə də işgüzar xanımlarımızın geyimlərini necə dəyərləndirirsiniz?

 

- Şou-biznesdəki xanımların geyimi tamamilə fərqlənməlidir. Ümumiyyətlə, səhnə geyimi günlük geyimdən fərqli olmalıdır. Təbii ki, burda bizim mentalitetimiz də rol oynayır. Bizim xanımlarımız nə Avropa, nə də Asiya qadınları kimi geyinə bilərlər. Bizim ölkəmizin yerləşdiyi coğrafi ərazi elə bir yerdir ki, Avropa, Asiya, Şərq, dinimiz gərəyi İslam, türksoylu olduğumuz üçün türkçülük kimi amillərin hamısı təsir göstərir. Bu, çox maraqlıdır və inanın ki, başqa ölkədə özünü dərhal biruzə verir. Baxan kimi bilirsən ki, bu, bizim coğrafiyanın xanımıdır. Şou-biznesdə hər kəsin geyimini bəyənirəm, deyə bilmərəm, amma aralarında bəziləri var ki, artıq daha tərz, zövqlü geyinməyə başlayıblar.

 

İşgüzar xanımlarımızın geyimi isə tamamilə fərqlənməlidir. Onlar həm rəng, həm də forma baxımından daha ciddi və tərz geyimlərə üstünlük verməlidirlər. Məsələn, rəng olaraq pastel tonlara, pencək, ətək, jilet, köynək kimi geyim növlərinə üstünlük verməlidirlər. Bu baxımdan, iş xanımlarımızın geyimi heç də pis deyil, deyə bilərik və hətta bəziləri çox tərzlidirlər.

 

- Bəs məşhur xanımlardan sizə dəblə, geyimlə bağlı müraciət edənlər olurmu?

 

- Düzü, mənim dəfilələrim daha çox xarici ölkələrdə olub. Azərbaycanda isə sırf pedaqoji fəaliyyətlə məşğulam. Buna görə də bu haqda heç düşünməmişəm. Amma bundan sonrası üçün niyə də olmasın, şəxsi yaradıcılığımın bu yönüylə də məşğul ola bilərəm.

 

- Şəxsi kolleksiyalarınızda daha çox hansı tərzə üstünlük verirsiniz?

 

- Əsasən, pret-a-porte modellərini sevirəm. Məncə, bu, günümüzün ən çətin yaradılan kolleksiyalarından biridir. Çünki günlük geyimləri dəyişmək, rəngləri düşünmək, uyğunlaşdırmaq çox çətindir. Hər sezonun özünə görə rəng çeşidləri var. Günlük geyimləri xanımlara bəyəndirmək və qəbul etdirmək çətindir. Avanqard geyimlər yaratmaq daha asandır. Dəfilə kolleksiyalarım isə tamam başqadır. Orda daha çox asimmetrik formalar, kreativliyə üstünlük verirəm. Günlük geyimlər isə məni çətinə saldığı, düşünməyə vadar etdiyi üçün bunu sevirəm.

 

- Bu işin bazarı necədir?

 

- Moda böyük bir industriyadır. Mən çox istərdim ki, ölkəmizdə bu sahə daha da inkişaf etsin, tekstil fabrikləri yaradılsın və bizim tələbələrimiz də orda təcrübə qazansınlar. Çünki orda bir paltarın parçasının seçilməsindən satışına qədər hər şey öyrədilir. Təbii ki, bizim ölkəmizdə başqa sahələr daha çox inkişaf edib, fərqli industriyalar var. Amma istərdim, tekstilə də müəyyən diqqət ayrılsın.

 

- Nazirlər Kabinetinin qərarı ilə 2022/2023-cü tədris ilindən etibarən sizin müəllifi olduğunuz məktəbli formaları tətbiq ediləcək. İstərdim, bu haqda danışaq. Məktəbli formaların eskizlərinin konsepsiyası hardan qaynaqlanır?

 

- Bu, Təhsil Nazirliyinin universitetimizə müraciəti əsasında baş tutdu. Mən və bir neçə müəllim bu işin üzrində çalışdıq və sevindirici haldır ki, mənim eskizlərim seçildi. Düzü, bu eskizləri hazırlayarkən, təkcə modelyer-dizayner kimi deyil, həm də bir ana olaraq yanaşdım məsələyə. Oğlum məktəblidir, qızım artıq universitetdə oxuyur. Fikirləşdim ki, onlar necə bir məktəbli formaları istərdilər və özlərini hansı geyimlərdə rahat hiss edərlər? Eləcə də, qardaş Türkiyənin, Avropanın təcrübələrindən istifadə etdim. Biz Sovetlər məkanından artıq uzun müddətdir ki, ayrılmışıq. Deməli, onların tətbiq etdiyi ağ-qara klassik formalardan da çıxmalıyıq. Nə qədər olar? Məncə, uşaqlar da yorulub bundan. Hətta artıq orta və yaşlı nəslin nümayəndələri ağ-qara geyinmək istəmir, uşaq təbii ki, istəməz. Fikirləşirəm ki, bundan çıxmaq lazımdır. Həmçinin, bu işdə uşaqların psixologiyasına da önəm verilməlidir. İndi bütün dünya hamımızın cibindəki kiçik telefona sığır. Onlar da baxırlar başqa ölkələrdə həmyaşıdlarının geyindikləri formalara və təbii ki, onlar da o cür geyinmək istəyirlər. Mən geyimlərimizi hazırlarkən, ölkəmizin ailə mentalitetini də nəzərə aldım. Qız uşaqları üçün daha rahat, komfortlu geyimlər hazırladım. Onların kombinlərində həm ətək, həm də şalvar var. Qışın soyuğunda qız uşağı niyə ətəkdə getsin məktəbə? Şalvar daha rahat deyilmi? Oğlanlar üçün də rənglər çox önəmlidir. Eləcə də, valideynlər üçün çalışdım daha rahat materialdan olsun ki, onları hər gün ütüləmək lazım gəlməsin. Ən önəmlisi isə geyimlərdə düymə yoxdur. Axı uşaqlar bəzən səliqəsiz ola bilirlər. Hər dəfə düymənin qırılması problem yaradır. Ona görə də zamokdan istifadə etdik. Bütün bunları nəzərə alaraq, geyimlərin eskizlərini hazırladım. Bu geyimlər yaşa və siniflərə görə ayrılacaq. İnşallah, həm uşaqlar, həm də valideynlər bəyənərlər.

 

- Yaxın gələcəkdə Azərbaycanda şəxsi kolleksiyanızın dəfiləsini keçirmək planınız varmı?

 

- Hazırda sırf pedaqoji fəaliyyətlə məşğulam, amma fikrimdə bu da var. İnşallah, yaxın zamanda gerçəkləşər. Və dəfilə edərsəm, orda fərqli dizaynda və çox zövqlü geyimlər nümayiş etdiriləcək.

 

 Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 7 iyun.- S.13.