Türk Akademiyaları Birliyində Azərbaycanın sədrliyi dövrünün hesabatı müzakirə olunub

 

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Akademiyaları Birliyinin iclası keçirilmişdir. İclasda Türk Akademiyaları Birliyinə Azərbaycan Milli Elmlər Akademiyasının sədrliyi dövrünün hesabatı dinlənilərək müzakirə edilib, əsasnaməyə görə sədrliyin növbəti respublikanın Akademiyasına təqdim edilməsi mərasimi keçirilmiş, bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Tədbiri giriş sözü ilə Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayev açıb. Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəli Türk respublikalarının Akademiyalarında gedən proseslərdən, baş vermiş ən mühüm yeniliklərdən qarşıda duran vəzifələrdən danışıb.

 

Türk Akademiyaları Birliyi 2015-ci ildə yaradıldıqdan sonra qəbul edilmiş əsasnaməyə uyğun olaraq, Akademiyalar birliyinə 2015-2016-cı illərdə Qazaxıstan, 2017-2018-ci ildə Türkiyə, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası sədrlik edib.

 

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli "Türk Akademiyaları Birliyinə Azərbaycan Milli Elmlər Akademiyasının sədrliyi dövrünün hesabatı qarşıda duran vəzifələr" haqqında məruzə ilə çıxış edib. Məruzədə son üç ildə Akademiyalararası inteqrasiyanın genişləndirilməsi, Birlik Akademiyalarının iştirakı ilə keçirilmiş tədbirlər, ortaq türk mirasının beynəlxalq miqyasda tanıdılması, habelə çap edilmiş mühüm elmi nəşrlər haqqında məlumat verilib, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi zərurətindən danışılıb.

 

Müzakirələrdə Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Bəhram Abduxalimov, Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salixov, Qırğızıstan Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin sədri, akademik Abdıldacan Əkmətəliyev başqaları çıxış etmişlər. Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəli müzakirələrə yekun vurub.

 

Əsasnaməyə görə Türk Akademiyaları Birliyinə 2022-2023-cü illərdə sədrlik etmək Qırğızıstan Elmlər Akademiyasına həvalə olunub. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Akademiyaları Birliyinin rəmzi estafetini bildirən bəyannaməni Qırğızıstan Elmlər Akademiyasının prezidenti, akademik Murat Cumatayevə təqdim edib.

 

İclasda son illərdə Özbəkistanda vaxtilə müxtəlif səbəblərdən ayrı-ayrı nazirliklərə verilmiş elmi-tədqiqat institutlarından bir çoxunun yenidən Elmlər Akademiyasına qaytarılması, Qazaxıstan Elmlər Akademiyasının aksioner cəmiyyət kimi ictimai təşkilat olaraq fəaliyyət göstərməsinin aradan qaldırılaraq, quruma dövlət statusunun bərpa olunması akademiklərin rütbə maaşları məsələsinin həll edilməsi, Qırğızıstan Elmlər Akademiyasının fəaliyyətinin ayrıca müddəa kimi ölkənin Konstitusiyasına mətninə daxil edilməsi, Beynəlxalq Türk Akademiyası üçün xüsusi binanın tikilib istifadəyə verilməsi, Ortaq tarix, Ortaq ədəbiyyat Ortaq coğrafiya dərsliklərinin hazırlanması Türk Akademiyaları Birliyində baş vermiş mühüm yeniliklər kimi diqqətə çatdırılıb.

 

Türk Akademiyaları Birliyinin sədrliyin 2023-cü ilin iyun ayında Tatarıstan Elmlər Akademiyasına transfer edilməsi qərara alınıb.

 

Türk Akademiyaları Birliyinin nümayəndə heyəti Ana Beyit panteomunda dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını ziyarət ediblər.

 

525-ci qəzet.- 2022.- 7 iyun.- S.9.