Samuray mənəvi ruhu yaşayır  

 

(Əvvəli ötən çərşənbə sayımızda)

 

 Yeni imperator hiyləgər olmaqla, həm də fərasətli adam idi. 1867-1912-ci illərdə taxt-tacda olan Mutsihito öz hökmranlığını Meydzi ("İşıqlanmış hökumət") adlandırdı. İmperatora nəzarət edən liderlərin ölkədə başladıqları əlamətdar dəyişikliklər o vaxtdan etibarən Meydzi Bərpası kimi tanındı. Bundan xeyli əvvəl, 1850-ci illərin əvvəllərində isə belə görünürdü ki, Yaponiya da qonşusu Çinin taleyin yaşayacaqdır, Qərbdən asılılığı qəbul edəcəkdir.

 

Syoqunun Qərb millətlərinə güzəştə getməsi samurayları razı sala bilməzdi. 1854-cü ildə ABŞ hərbi gəmisində Yaponiyaya üzüb gələni kommodor Metyu Perri syoqunu məcbur etmişdi ki, ölkənin iki limanını ABŞ-la ticarət etmək üçün açsın, bu isə samurayların xoşuna gəlməmişdi. Antixarici hisslərin hakim kəsildiyi samurayların bu narazılığının finalı 1867-ci ildə qiyam qaldırmağa gətirib çıxardı və hökumətin hüquqi başçısı kimi imperator hakimiyyəti bərpa edildi. Beləliklə, ölkənin siyasi həyatındakı köklü dəyişiklik samurayların özlərinin taleyinə də təsir etməmiş qala bilməzdi.

 

Samuray bir tarixi siyasi faktor kimi yoxa çıxsa da, onun ali sənədi olan Busido, orta əsrlərdəki və erkən modern dövründəki kimi görkəmli rol oynamasa da, bütünlüklə sıradan çıxmadı və milli səhnədəki öz əhəmiyyətini qoruyub saxladı. 1930-cu illərdən millətçilik çılğınlığı şəraitində Busido bərpa edildi. Baxmayaraq ki, ilk imperator Mutsihito samuraylarla birlikdə Busidonun da rolunu ləğv etmişdi.

 

Loyallıq və xidmət idealına əsaslanan bu kodeks, şərəfi və imperatoru, ölkəni və ailəni müdafiə etməyi və biri uğursuzluğa düçar olduqda digərinin ona kömək göstərməsi kimi müqəddəs bir vəzifədə özünü qurban vermə borcunu vurğulayırdı. Müharibənin son ağır illərində yapon hökuməti samuray ənənələrini birbaşa olmasa da, bərpa etdi və gənclərdən özünü qurban vermək kimi samuray fədakarlığını göstərməyi tələb etdi.

 

Bunun yeni, müharibə məqsədləri üçün daha səmərəli yollarının formaları yarandı. II Dünya müharibəsinin son illərində gənc yaponların Birləşmiş Ştatların hərbi gəmilərini partlatmaq üçün kütləvi olaraq könüllü qaydada özünü qurban vermək missiyasını yerinə yetirməyə həvəsləndirməklə, təyyarəni idarə edən pilotlar kimi onların yetişdirilməsi və nəzərdə tutulan məqsəd üçün istifadə edilməsi millətçilik ruhunun kulminasiya nöqtəsinə çatdı. Özünü qurban vermək tapşırığı onlara rəhmsizcəsinə, bir qədəh sake içilməsi ilə çatdırılırdı. Pilotlar "kamikadze" adlanırdı, bu isə "ilahi külək" demək idi. Belə "ilahi külək" Yaponiyanı, Çingiz xanın nəvəsi Xubilay xan Çinə hökmranlıq edəndə, monqolların Yaponiyanı iki dəfə tutması cəhdinə imkan verməmişdi. Tufan böyük donanma ilə birlikdə iki qoşun dəstəsini də məhv etmişdi.

 

Bundan üç əsr sonra tufan eyni qaydada İspaniya Məğlubedilməz Armadasını da ingilislərin müqaviməti ilə birlikdə darmadağın etmişdi və ispanların İngiltərəni işğal etmək arzusu da ximeradan uzağa getməmişdi. Əksinə, bu qələbədən sonra İngiltərə güclü dəniz dövlətinə çevrilməklə, gələcəkdəki dünya dövləti və imperiya olmasının bünövrəsini qoymuşdu. Həmin dövrdə İspaniya isə artıq güclü və varlı imperiya idi. Lakin İspaniya Armadası gözlənilmədiyi halda məğlub oldu. İspan kralı II Filipp qəmə bataraq bunun səbəbini belə izah etmişdi ki, biz İngiltərə ilə müharibə aparmaq istəyirdik, allahla müharibə aparmaq fikrinə düşə də bilməzdik. Monqollar da öz fəlakətlərini "ilahi külək" adında olan bu fövqəl qüvvə səbəbi ilə izah edə bilərdilər. Lakin monqollardan fərqli olaraq, ispanlar 1589-cu ildə ingilislərin cavabını verdilər. Onlar Pireney yarımadasının sahillərində İngiltərənin Kontr-Armadasını ağır məğlubiyyətə uğratdılar, ingilislərin itkisi 20 min nəfərə çatırdı.

 

Heç kəs yapon kamikadzelərinin igidliyinə şübhə etmir və onlar, samuray ənənəsinin ölkə üçün çətin bir anda bərpa etmişdilər. Amerika Birləşmiş Ştatlarında nə samuray ənənəsi var idi, nə kamikadze dəstəsi yaranmışdı. Lakin amerikan hərbi təyyarələri bundan iki il əvvəl, 1942-ci ilin martında belə qəhrəmanlıq göstərib, ilk dəfə Tokionun hərbi obyektlərini bombalamışdı. Bu, prezident Franklin Delano Ruzveltin ideyası idi, fantastik görünsə də, 8 dekabr 1941-ci ildə, Yaponiyaya ABŞ Konqressi müharibə elan edən gün demişdi ki, insan bəzən "mümkün olmayanları da mümkün edə bilir". Dəhşətli ağrı hiss etsə də, iradəsi hesabına bu ağır əlilliyə düçar olmuş adam heç bir köməyə ehtiyac duymadan Konqresdə ayağa qalxmışdı. Amerikan "kamikadzeləri" də qeyri-adi cəsarət göstərib, okeandakı təyyarə daşıyan gəmilərdən qalxıb, Tokioya çatmış və onu bombalamışdılar. Onların da yanacaq ehtiyatı gəmilərə qayıtmağa çatmırdı, yalnız qonşu Çin ərazisinə düşə bilərdilər. Onların bir neçəsi həlak oldu, lakin yaponlar bu hücuma məəttəl qalmışdılar, çünki bu, onların ağlına da gəlmirdi və ilk dəfə amerikanların hərbi gücünə əyani şəkildə bələd oldular.

 

Yaponiyaya gəldikdə nə təbii kamikadze, nə insan cildindəkilər bu dəfə ölkəni ağır məğlubiyyətdən xilas edə bildi. ABŞ Yaponiya silahlı qüvvələrinin bütün növlərini darmadağın etdi. Yaponiyanın militarist rəhbərliyi müharibəyə başlayarkən özünü illüziyalarla qidalandırmırdı, siyasətdə isə illüziya ən təhlükəli şeydir. Yaponlar həqiqətən də tarixdə buna qədər heç bir yadelliyə məğlub olmamışdılar və bu unikal faktın mövcudluğu ilə də öyünürdülər, lakin ABŞ bu məğrurluğa da son qoymağı bacardı.

 

Meydzi bərpası Yaponiyanın müstəqilliyini qoruyub saxladı, aqressiv Qərb dövlətlərinin təsiri altına da düşmədi. Əvəzində, Qərbin təcrübəçisindən geniş istifadə etməyə başladı. Qərbin bu vaxta qədərki, hərbi və sənaye sahəsindəki aliliyini etiraf edən yeni liderlər onun metodlarını tətbiq etməklə və onlara uyğunlaşmaqla Yaponiyanı modernləşdirməyi qərara aldılar. Minlərlə yapon gənci Qərb təhsili almaq üçün xaricə göndərildi. Həmin tələbələrin içərisində sosial və təbii elmlər ixtisasları üzrə mütəxəssis kadrların yetişdirilməsinə xüsusi fikir verilirdi. Yaponiyada işləməyə Qərb dövlətlərindən minlərlə mütəxəssis, xüsusən mühəndislər dəvət olunmuşdu və onlar gələcək qüdrətli yapon sənayesinin bünövrəsinin yaradılmasında çalışqan yaponlarla birlikdə fəal iştirak etmişdilər.

 

Yaponların ağlı yaxşı, güclü işlədiyindən, onlar təkcə hansısa bir Qərb ölkəsinə aludə olub, onu təqlid etməkdən qaçırdılar. Ayrı-ayrı sahələrdə Qərb ölkələrinin ayrılıqda daha mütərəqqi hesab edilən metodlarının tətbiqinə üstünlük verilirdi. Bu prosesin özü də kor-koranə getmirdi, ağıllı təhlilin və qərar verilməsinin nəticəsi kimi meydana çıxırdı. Bunu əsas götürərək, alman üslubunda ordu, britaniyalıların üslubunda isə hərbi-dəniz və ticarət donanmaları yaradıldı. Yaponlar Birləşmiş Ştatlardan əxz etdikləri sənaye və maliyyə metodlarından geniş istifadə etdilər və özlərinin modern tipli kommersiya və sənaye sistemlərini yaratdılar. Yüksək dərəcədə mərkəzləşdirilmiş inzibati sektoru isə fransızlardan götürməklə, bu yolla köhnə sistemi əvəz etmişdilər. Lap əvvəldən isə yaponlar fransız sosial və qanun qarşısında bərabərlik prinsiplərinə uyğunlaşmışdılar, lakin 1890-cı ildən başlayaraq formaca demokratik olan, lakin praktikada avtoritarizm kimi özünü göstərən bir siyasi sistem yaratmışdılar.

 

Bütün bu modellərin qəbul edilməsi mexaniki xarakter daşımırdı, hər bir metodun tətbiqi xalqın mentalitetini nəzərə almaqla yerli şəraitə uyğunlaşdırılırdı, savadlı işgüzar kadrlarla möhkəmləndirilirdi və xeyli dərəcədə öz mahiyyətini dəyişməklə, əslində, yapon modelinə çevrilirdi.

 

Təəccüblü görünə bilər ki, feodalizmin uzunmüddətli hökmranlığından və həyatın hər bir məsaməsinə nüfuz etməsindən uzaqlaşan bir xalqın və onun rəhbərliyinin modernləşməni həyata keçirməsi belə uğurlu alındı. Həqiqətən də qısa müddət ərzində olduqca böyük yol keçildi, həm də qan axıdılmasına yol verilmədi. İqtisadi cəhətdən çox geridə qalan bir ölkə qısa müddətdə iri sənayeyə və qüdrətli hərbi gücə malik olan bir məkana çevrildi. Bu nailiyyətlərin səbəbini birinci növbədə yapon xalqında, liderləri də bura daxil etməklə, onun hər bir işə ehtirasla yanaşmasında axtarmaq lazımdır

 

Yaponlar hər şeyi, texnikanı da, texnologiyanı da, idarəetmə üsullarını da Qərbdən götürmüşdü, lakin bunu təqlid adlandırmaq insafsızlıq olardı. Hər şeyə bu ölkədə bir yaradıcı münasibət bəslənirdi. Bu, əslində, uğurundan və uğursuzluğundan asılı olmayaraq, axtarışlarla dolu olan bir proses idi. Bu, heç də sirr deyildir ki, yaponlar təbiətcə ağıl quruluşları ilə başqalarından nəyisə əxz etmək ustalarıdır. Lakin təkcə bununla kifayətlənməyib, onların üzərində geniş iş aparmaqla, təkmilləşdirməklə, onu özününkü etməklə bu sahədəki zəhmətinə yekun vurur və heç kəsin gözləmədiyi nailiyyətlərə imza atırlar.

 

Şərəfli mövcudluğun acı sonluğu

 

 

 

Samuraylar öz ağasına bütünlüklə bağlı idi, az qala onun kölgəsi rolunu oynayırdı. Ona xidmət edir, bəzən isə aşağı samuraylar üçün bu hətta nökərçilik funksiyasına çevrilirdi. Ağa hansısa fəlakətə uğradıqda və ya imtiyazlarından məhrum olduqda samurayın da xidmətinə xitam verilir, son qoyulurdu. Dünənki xoşbəxt sayılan, əhalinin xeyli hissəsindən yuxarıda dayanan samuray, həyat tərzinə öz həmkəndlilərinin köks ötürdüyü bir adam özünə tanış olmayan həyata qatılması ilə, bədbəxt varlığa çevrilirdi. Lakin onun keçmişinin üstündən xətt çəkmək qeyri-mümkün idi, çünki öz dünyasının mənəvi plankasının yüksəkliyini ölənə qədər qoruyub saxlayırdı.

 

1867-1868-ci illər inqilabi, Meydzi Bərpası dövrü samuray zümrəsinə ağır zərbə vurdu, əslində, onun uzun ərlər boyu davam edən şərəfli mövcudluğuna son qoydu. Vaxtilə ölkə əhalisinin müəyyən seqmentini təşkil edən bu sinif bütünlüklə ləğv edildi. 1873-cü ildəki hərbi mükəlləfiyyət haqqındakı qanunla onların çoxu hökumət ordusunun əsgərlərinə çevrildi. Onsuz da gənc imperator Mutsihito samuray təbəqəsini məhv etmək üçün üçillik prosesə başlamışdı. Ayrı-ayrı əyalətlərdə samuraylar özlərinin malik olduqları nüfuzlu sferadan uzaqlaşmaları ilə barışmırdılar və bu tədbirlərə qarşı qiyam qaldırırdılar. Lakin bunların heç bir faydası olmadı və samuray institutu birdəfəlik siyasət səhnəsini tərk etməli oldu.

 

Samuraylar öz süqutlarının quyusunu özləri qazmışdılar. Yaponiyanın iki limanı bir qədər əvvəl məcburiyyət nəticəsində Birləşmiş Ştatlarla ticarət etmək üçün açılmışdı. Beləliklə, əvvəlki əsrlərdən fərqli olaraq Yaponiya dünyaya açıldı, əslində isə dünya Yaponiyaya daha çox açıldı və izolyasiyada yaşayan bir ölkə bundan xeyli artıq fayda götürdü. Vaxtilə xristianlığın ölkədə yayılmasına da icazə verilmişdi, bir sıra feodallar və müəyyən hissə əhali xristianlığa keçmişdi. Lakin az sonra syoqun hakimiyyətinə təhlükə törədəcəyi ehtimalı nəzərə alınaraq, xristian missionerləri ölkədən qovulmuş, bu dinə keçənlər ağır təqibə məruz qalmışdılar. Yalnız hollandlara Naqasaki şəhərinə girməyə icazə verilmişdi ki, Avropaya açılan pəncərə bütünlüklə bağlanmasın. Antiyadelli münasibətin qızğın daşıyıcıları olan samuraylar syoqunun amerikan hərbçisinə belə güzəştə getməsi ilə razılaşmayıb, çox narazı qalmışdılar və nəhayət, 1867-ci ildə qiyam qaldırdılar. Onsuz da 1840-cı ildən başlayaraq ölkədə sosial-iqtisadi vəziyyət yaxşı deyildi və həssas bir zümrənin nümayəndələri sayılan samuraylar da buna biganə qala bilməzdilər.

 

Qiyam, ölkədə iki əsr əvvəl hərbi diktatura qurmuş Tokuqava sülaləsini hakimiyyətdən uzaqlaşdırdı və syoqunun bu vaxt ərzində hətta istisnaya da yol vermədən üzərində hökmranlıq etdiyi imperator tərəfindən ölkənin idarə edilməsi qaydası bərpa edildi. 1868-ci ilin yanvarında mikado taxt-tacına yiyələnən gənc Mutsihito, o, öz hökumətini Meydzi adlandırmışdı, ölkəni avropasayağı modernləşdirmək yolunu tutdu və bu tədbirlərin həyata keçirilməsinə müqavimət göstərən və əslində, siyasətdə artıq ballasta çevrilən samuray sinfinin ləğvi də gündəliyə daxil oldu.

 

(Ardı var)  

 

 

Telman Orucov

525-ci qəzet.- 2022.- 8 iyun.- S.21.