Rəbbim onu xoşbəxt
yaradıb
Anna Bartkulaşvili-70
Elə xalqlar var ki, başqa
xalqın nümayəndəsi
bu və ya digər səbəblərdən
onların əhatəsinə
düşürsə, onu
(gəlməni) müəyyən
təsir və üsullarla öz dillərinə, dinlərinə,
milli adət-ənənələrinə
uyğunlaşdırır, bir növ assimilyasiyaya
məruz qoymağı
milli maraqlardan irəli gələn tələb hesab edirlər. Bu baxımdan
biz istisnayıq. Başqa millətdən
və dindən olan insanların dəyərlərini qoruyub
saxlamalarına nəinki
maneələr törədir,
əksinə, onlara dəstək veririk. Doğma yanaşmamız nəticəsində
qeyri-xalqları təmsil
edən vətəndaşlarımız
da özlərinin identik xüsusiyyətlərinə
sadiq qalırlar.
Bir də görürsən ki, onlar dilimizdə
bizdən daha səlis danışır,
adət-ənənələrimizi mükəmməl mənimsəməklə
sevgi və rəğbət qazanırlar.
Haqqında söz açmaq
istədiyim yazıçı,
şair və publisist, parlaq ziyalı Anna Bartkulaşvili
də məhz belə zəka sahiblərindəndir.
A.Bartkulaşvili Gürcüstanın Bolnisi
rayonunun Ayorta kəndində orta məktəbi bitirdikdən
sonra sənədlərini
Azərbaycan Dövlət
Universitetinə (indiki
Bakı Dövlət Universiteti) təqdim edir. Baxmayaraq ki, Gürcüstanda
da təhsil ala bilərdi, ancaq Azərbaycanı seçir.
Qəbul
imtahanlarından uğurla
keçərək universitetin
Filologiya fakültəsinin
rus bölməsinə
daxil olur. Düşdüyü yeni mühitdə
Azərbaycan dilini öyrənir, səmimiyyəti
ilə tələbə
yoldaşlarının hörmət
və ehtiramını
qazanır. Elə həyat
sevgisinə də həmin illərdə rast gəlir. Hələ tələbəykən ailə
həyatı qumağa
qərar verir ki, bu izdivacdan
dünyaya gəlmiş
qızı hazırda
ailəsi ilə birlikdə ABŞ-da yaşamaqda, iki övladını, yəni
Anna xanımın nəvələrini
Birləşmiş Ştatların
ziyalı mühitinə
uyğunlaşdırmaqdadır.
Anna Bartkulaşvili ilə tanışlığımın tarixçəsi ötən
on beş ili əhatə etsə də, elə bilirəm, onu lap çoxdan tanıyıram. Heç şübhəsiz, bu, aramızda yaranmış səmimi və təmənnasız
dostluğun, xoş ünsiyyətin nəticəsidir.
Dostluğumuz onun həyat
və yaradıcılığına
daha yaxından bələdçilik imkanı
verib. Bilmişəm
ki, Anna xanım uzun illər ali təhsil ocaqlarında pedaqoji fəaliyyətlə məşğul
olub, ayrı-ayrı dil kurslarında Azərbaycan, gürcü,
rus və ingilis dillərini tədris edib, həmçinin, Azərbaycan
Mətbuat Şurasında,
digər jurnalist təşkilatlarında, birliklərində
ekspert, mütəxəssis
qismində çalışıb,
tərcüməçilik fəaliyyəti ilə də məşğul olub.
Tərcüməçilikdən söz düşmüşkən, Anna Bartkulaşvili böyük
Azərbaycan dramaturqu Cəlil Məmmədquluzadənin
əsərlərini, mürəkkəb
dil üslubu ilə seçilmiş Aşıq Dirili Qurbaninin şeirlərini, eləcə də müasir Azərbaycan şairlərindən Elçin
İsgəndərzadənin və Yusif Dirilinin
yaradıcılıq nümunələrini
gürcü dilinə,
habelə böyük
gürcü ədibi İlya Çavçavadzenin
əsərlərini və
gürcü şairi Medeya Kaxidzenin şeirlərini gürcü
dilindən dilimizə
tərcümə edib.
Onun tərcüməçilik fəaliyyətinə
böyük türk şairi Nazim Hikmətin və müasir türk şairi Fatma Xatunun şeirlərinin türk dilindən rus dilinə çevrilməsi də parlaq rənq qatıb. Anna xanımın
"Volşebnıy most" toplusunda bütün bunlarla yanaşı, müasir Azərbaycan şairlərindən Sara Göyçəlinin
və Malik Əhmədoğlunun şeirlərinin
Azərbaycan dilindən
rus dilinə, gürcü şairi Qalaktion Tabidzenin və ərəb yazıçısı, professor-doktor Yusif Ezeddin
İsanın əsərlərinin
rus dilinə tərcümə olunmuş
variantları yer alır. Çox şadam ki,
həmin topluda mənim də sənət nümunələrimə
müraciət var. Gözəl
şeirlər müəllifi
kimi tanınmış
Anna Bartkulaşvili poeziya
janrının incəliklərinə
təkcə gürcücə
yox, həm də Azərbaycan və rus dillərində
varmağı ustalıqla
bacarıb. Həmin
şerlərin toplaşdığı
"Naedine", "Zvёzdı ne qasnut",
"Lunnıy svet",
"Blöz Dojdə"
"Osenniy valğs"
kimi kitabları oxucular tərəfindən
böyük həvəslə
qarşılanıb.
Anna xanım həm
də nasirdir. Onun publisistik
yazıları da oxucu rəğbəti sarıdan korluq görməyib. "Obrazovanie
seqodnə", "Lödi
i sudğbı",
"O pogzii", "Na volne
pozitiva", "Blaqopoluçie
neblaqopoluçno opuctivşixsə",
"O svobode peçati",
"Nezabıvaemıe fialki",
"Russkiy faktor v Azerbaydjane", "Cemğə
i svoboda", "Gpidemiə zaqolovok",
"Çistıy vozdux",
"O sçastğe" və
ekologiya ilə bağlı çoxsaylı
məqalələrini bu
baxımdan misal çəkmək mümkündür.
Mühüm ictimai fəaliyyətlə
diqqət çəkmiş
Anna Bartkulaşvili "caucasusjournalists.net"
saytı üzərindən
Qarabağla bağlı
mövzuların müzakirəsinə
yönəlmiş layihələrin
gerçəkləşdirilməsində
yaxından iştirak edib. Onun mövcud istiqamətdəki
əməyi bir çox dövlət qurumları tərəfindən
qiymətləndirilib, çoxsaylı
təltiflərə layiq
görülüb.
Anna xanım mübaliğəsiz və lakonik desək, çox yaxşı adamdır. Onun yaxşı adamlığının daxilindəki xüsusiyyətləri, həssas yanaşmalarını saylamla bitirmək mümkünsüzdür. Qəlbi təmizlik, ruhu rəvanlıq, dostcanlılıq, qayğıkeşlik, qonaqpərvərlik, ziyalılıq və kübarlıq onun üçün həm də həyatı gözəl yaşamaq fəlsəfəsi, örnəyidir. Hansı mövzuda danışarsa-danışsın, bunu çox peşəkar etməsilə seçilir. Hər söhbətindən mütləq nələrisə əxz etmiş olursan. Fəlsəfi düşüncə sahibi kimi dilə gətirdiyi, qələmə aldığı hər sözün arxasında dərin məna çalarları dayanır, fikirlərindən oturuşmuş ziyalı düşüncəsi boylanır.
Anna xanım həyatının kamillik dövrünün daha bir mərhələsinə qədəm qoyur - 70 illik yubileyini qeyd etməyə hazırlaşır. Onun respublika miqyasında keçirilmiş 60 illik yübileyi təntənəsi yaxşı yadımdadır. O vaxt "Gürcü gözəli - Azərbaycan gəlini" adlı publisistik yazımla onu təbrik etdim. Anna xanımın 65 illik yubileyinin keçirildiyi ədəbi-bədii məclisin aparıcısı olmaqla da dostumun ömür yolunun xoş gününə heyranlıq və seyranlığımı ifadə etmək xoşbəxtliyini yaşadım.
Anna Bartkulaşvilinin 70 illik həyatının 50 ili yaradıcılıqla bağlıdır. Bu baxımdan yubiley həm də sanballı yaradıcılıq yoluna baxış, hesabat səciyyəsi daşımaqdadır. Heç şübhəsiz, Anna xanım sınaqlardan üzüağ, alnıaçıq çıxmağı bacaran simadır. Elə bir sima ki, daşıdığı nəciblik keyfiyyətləri sanki yaradıcılıq sazının mizrabıdır, ömür piramidasının zirvəsinə doğru gedən yolun mayakıdır. Bu simada daim özü ilə qürur duymalı olan şərəfli qadın, ziyalı, ədib obrazı canlanır.
Əziz və hörmətli Anna xanıma Allahın onun taleyinə yazdığı ömür payının bugündən sonrakı dönəmini də bax beləcə - alnıaçıq, üzüağ, şərəflə və təbii ki, daha da məhsuldar ədəbi yaradıcılıqla yaşamasını arzulayıram. Uca Tanrıdan ona güc, qüvvət, səbr, əzm və intəhasız enerji diləyirəm. Deyirəm ki, ey əziz dost, səkkizinci, doqquzuncu və sonrakı onluqları da cansağlığı və könül xoşluğu ilə xırdala, hər yaşanan yeni günün yaddaqalan olsun.
Fəxrəddin Meydanlı
525-ci qəzet.- 2022.- 8 iyun.- S. 20.