Ağabəyim ağa

 

hekayə

 

 

Tanınmış yazıçı Mustafa Çəmənlinin 40 il əvvəl qələmə alınmış bu hekayəsinin mövzu və motivləri günümüzdə - 2022-ci ilin "Şuşa İli" kimi geniş qeyd edildiyi, müqəddəs Qala-Şəhərimizin 270 yaşının tamamlandığı, Xarıbülbülün ülvi bir rəmz kimi daha da əziz tutulduğu vaxtda bir qədər də aktuallıq qazanıb. Odur ki, doğma Qarabağımızın tarixindəki bir neçə önəmli məqamı aydın bədii nəsr güzgüsündə əks etdirən bu maraqlı hekayəni oxucularımızın diqqətinə çatdırmağı lazım bildik.

 

Dan yeri söküləndə Şuşa qalasından üzü aşağı bir karvan enirdi. Dəvələrin ləngərli yerişi, zınqırovların qəribə cingiltili ahəngi, daşlara dəydikcə çaqqıldayan at ayaqlarının səsi müsafirlərə sanki layla çalırdı...

 

İki yüz atlı iki kəcavəni əhatəsinə alıb aparırdı. Al qumaşa bürünmüş, qızıl-gümüşə tutulmuş kəcavədə Ağabəyim ağa oturmuşdu, arxadan gələn qara dəvənin üstündəki qara kəcavədə isə Ağaməhəmməd şah Qacarın bala batırılmış cəsədiydi, İrana aparırdılar. İki yüz nəfər atlının arxasınca bir yük karvanı da gəlirdi. Bu, İbrahim-xəlil xanın qızına ayırdığı cehiz idi. Lap qabaqda, ayaqları, qolları zəncirli, ayağı yalın, sinəsi-başı açıq, üz-gözü döyülüb qançır olmuş bir nəfər fikirli-fikirli irəliləyirdi. Onun baxışlarından dəlilik yağırdı, yalın ayaqlarını daşlı-kəsəkli yola elə inamla basırdı ki, kənardan baxan elə zənn edərdi ki, yolçu ayaqlarını xəli-gəbə üstünə qoyur.

 

Bu adam kim idi və bu adam nə üçün iki yüz atlının qabağında payi-piyada yüyürürdü? O, nə üçün arxasınca cins Qarabağ atlarını yortan bu adamlardan xahiş eləmirdi ki, ayaqlarını, əllərini açmaq cəhənnəmə, heç olmasa onu ata mindirsinlər, ata rəva bilmirlərsə, Qatırçı Muradın yetişdirdiyi qatırlardan birinin üstünə aşırsınlar?

 

Yox, o, heç bir şey xahiş eləmirdi, əksinə, iki yüz atlının qabağınca başını dik tutub havalı adamlar kimi saymazyana yeriyirdi.

 

Bu adam kim idi? İki yüz atlının atdöşü elədikləri bu adamı tanımırdılarmı?

 

Tanıyırdılar, lakin İbrahimxəlil xanın əmri beləydi: "Tehrana qədər piyada aparın bu qudurğanı, Fətəli şahın özünə təqdim edin".

 

Ona görə də hələ bir kimsə xanın əmrini pozmağa cəsarət eləmirdi.

 

Ağabəyim ağanın vəziri Məlik bəy arxadan dustağı səslədi:

 

- Abbas bəy, yavaş get, yorularsan.

 

Dustaq qanrıldı, qanlı-qanlı Məlik bəyi süzdü.

 

- Məlik bəy, - dedi, - mənəmi gülürsən?

 

Məlik bəyin qaşları çatıldı:

 

- Allaha and olsun sənə gülmək heç ağlıma da gəlmir. Xandan keçə bilmirəm.

 

Abbas bəy səsini qaldırdı:

 

- Məlik bəy, sən yaxşı bilirsən, bu əllərdi, - zəncirli qollarını irəli uzatdı, - şahın ərmağan apardığınız başını kəsən! İbrahim xandan barat gözləyirdim, sən demə, o, özü məni barat verəcəkmiş. Ha, ha, ha... Aldandım, yanıldım! Bağışla məni, ey Ağaməhəmməd şahın ruhu. Bağışla, səni qətlə yetirəndə belə bir günümü gözləmirdim. Yəqin Şəqaqi xan da Səfərəli bəyi mənim kimi tutub verib Fətəli şaha, ay vəfasız.

 

Məlik bəy qabardı:

 

- Həddini aşma, səni ələ salan yoxdu. Bir az döz gözdən uzaqlaşaq, minərsən ata, yoxsa bu gedişlə bir aya Tehrana çatmarıq.

 

Abbas bəy susdu.

 

Əslində İbrahim xanın ayrı əlacı yoxdu, Fətəli şah Ağaməhəmməd şah Qacarın qatillərini tələb eləyirdi, o, bundan boyun qaçırsa, sui-qəsdin təşkilatçısı hesab olunardı. Bir də xanlığın çox ağır günləriydi, İran şahıyla gərgin olan münasibətləri bir az da gərginləşdirmək istəmirdi. Xan çox götür-qoydan sonra Abbas bəyin tutulub ələ verilməsini, sevimli qızı Ağabəyim ağanın şaha ərə verilməsini, oğlu Əbülfət ağanın isə girov getməsini məsləhət bilmişdi. "Qan qovuşuqdu, - demişdi, - Ağabəyim gedər oğul-uşaq sahibi olar, varislərim artar. Göz işlədikcə uzanan səhrada da bir ağac əkilsə, gün gələr bəhrə verər".

 

İbrahim xanın hökmü yerinə yetirilmişdi. Ağabəyimi sevdiyi oylaqlardan - Cıdır düzündən, Xəzinə qayasından, Daş altından, İsa bulağından ayırmışdılar. Ayırmışdılar yox, onu vurğunu olduğu qayalardan qəlpə-qəlpə, bir gül kolutək dartıb kökündən qopartmışdılar. Bu gül özgə qapısında, yad torpağında bitəcəkdimi, qönçə bağlayacaqdımı, açılıb ətir saçacaqdımı? Bunu heç kəs bilmirdi, heç kəs! Nə münaqişələr, çəkişmələr içində çırpınan atası, nə sevimli anası, nə də Qarabağ elatı...

 

Karvan gedirdi.

 

Karvan ticarət karvanı deyildi. Bu karvan bir daha geri, doğma yurda, ocağa dönəcəkdimi? Heç vaxt! Ağabəyim bunu bilirdi. O, arxada duman içərisində görünməz olan Şuşa qalasına həsrətlə, ürək ağrısı ilə baxırdı. Ona elə gəlirdi ki, Şuşanın dağları da onun arxasınca belə, onun kimi həsrətlə baxır. Dözməyib üzünü döndərdi. Günəş xeyli qalxmış, ala buludlar tala-tala qızarmışdı. Yol boyu xəli kimi döşənmiş göy çəmənliklərdə bərq vuran şeh damcıları elə bil Ağabəyimin göz yaşlarıdı - o, göz yaşlarını bax beləcə, şehə döndərib bu yerlərə səpmək istəyirdi.

 

Xan qızı səfər qabağı Şuşanı qarış-qarış gəzmişdi, özü də ayaqyalın... Torpağın istisini duymaq üçün, ayağını yuyan şeh damcılarının ilıq təmasını hiss etmək üçün! Ağabəyim o gün çox gəzib dolaşmışdı: hər ağacdan bir yarpaq, hər çiçəkdən bir qönçə yığıb dəstə bağlamışdı: özü ilə aparmaq üçün. O, Şuşanın əfsanəvi təbiətinin, onun min bir rəngli çiçəklərinin, güllərinin vurğunuydu. Ağabəyim çiçəklərin dilini, sirrini bilirdi, saatlarla pıçıldaşırdı çiçəklərlə. O, əvvəllər ürəyində yuva bağlamış eşqindən, sevgisindən xəbər verirdi çiçəklərə, indi isə dərdini söyləyirdi... Cıdır düzünün yaxasında çilçırağa dönmüş çiçəklərdən gözünü yığa bilmirdi. Elə bil Şuşanın çölünü, çəmənini əbədi olaraq bəbəklərinə köçürmək istəyirdi. Sonra əlvida deyəcəkdi çiçəklərə...

 

Birdən o, yaşıl otların arasından dünyaya "boylanan" qəribə bir çiçək gördü. Ağabəyim dizi üstə çökdü, çiçəyə dönə-dönə baxdı: indiyə kimi rast gəlməmişdi. Gəlmişdisə də, fikir verməmişdi. Amma indi o, xırdaca bənövşəyi ləçəkli çiçəyə baxa-baxa fikirləşirdi ki, bu, adicə bir çiçək deyil, dünyanın möcüzəsidi. Elə bil sarı bülbül çiçəyin üstünə qonub nəğmə oxuduğu yerdəcə möcüzə baş vermişdi; bülbül çiçəyə, çiçək bülbülə qovuşmuşdu. Ağabəyim əlində tutduğu çiçəyə bir də baxdı, gözlərinə inanmadı, bülbüllə çiçəyin arasına xar (tikan) girmişdi. Ağabəyimin al yanaqlarına, qönçə dodaqlarına kədər qondu. Təzə tapdığı çiçəkdən dəstə bağlayıb saraya yollandı.

 

lll

 

Həmişə şənlik içində olan Xan sarayına elə bil süstlük, kədər yağmışdı; səs-küy yox idi. Bağırçatladan bir sükut buludu enmişdi Xan sarayının üstünə. Ağabəyim ağa bu sükut buludunun, kədər yağışının altından sıxıntı ilə keçib anası Tutu bəyimin otağına yollandı. Qapını açıb astanada bir an ayaq saxladı. Anasının da otağında haman sükutun sazağı əsirdi. Bütün bunlar elə Ağabəyimin özü ilə bağlı idi, - onun şirin qəhqəhələri bir də buralarda eşidiləcəkdimi? Kim bilirdi. Bax, buna görə yayın bu gözəl çağında Xan sarayına qar düşmüşdü, ayrılıq qarı...

 

Tutu bəyim qızını otağında görəndə sevincindən gözü doldu, qollarını geniş açdı:

 

- Gəl, ceyran balam, gəl! - dedi onu düşməndən qoruyurmuş kimi bağrına basdı. Ağabəyim bir körpətək anasının sinəsinə sığındı. - "Ürəyi necə də tez-tez döyünür, belə getsə, tab gətirməz" - qəlbindən keçirdi, sonra bu döyüntüyə qulaq kəsildi, yadında saxlamaq üçün. O, ömrünün sonuna kimi bu döyüntünü canında, qanında yaşadacaqdı; ana ürəyinin döyüntüsünü.

 

Tutu bəyim əllərini qızının gərdəninə dolanmış hörüklərində gəzdirirdi. Ürəyində: "Heç insafdımı belə bir dünya gözəli gedib 300 arvadı olan bir eyş-işrət sahibinə qismət olsun!" - dedi. Ana-bala xeyli beləcə, ürək-ürəyə dayandılar, ürəklərində talelərilə barışdılar, cəsarətlənib üz-üzə durdular, göz-gözə baxışdılar. Və birdən Ağabəyimin dodaqları çiçəklədi. Qızının dodaqlarında qəflətən açılmış təbəssüm çiçəyini Tutu bəyim gözlərilə dərib sancdı ürəyinin üstünə, aramla köks ötürüb ciyərparasına gözüdolusu tamaşa elədi:

 

- Ana, heç belə çiçək görmüsən? - Ağabəyim çiçək dəstəsini Tutu bəyimə uzatdı. İztirabdan gözlərinin altı kölgələnmişdi. Tutu bəyim çiçək dəstəsini alıb baxdı, dərindən köks ötürdü, pıçıltıya bənzər bir səslə:

 

- Xarıbülbül, - dedi.

 

Ağabəyim:

 

- Necə dedin, anacan, Xarıbülbül?

 

- Bəli, qızım, el arasında bunun adına xarıbülbül deyirlər.

 

Ağabəyimin qaşları çatıldı.

 

- Qəribədir, bu günə kimi Xarıbülbül çiçəyinə rast gəlməmişdim.

 

Tutu bəyim:

 

- "Bu günə kimi göylərdəydin, ay qızım, indi yerə enmisən" - demək istədi, ancaq Ağabəyimi qəmləndirməkdən qorxduğu üçün sözünü dəyişdi: - O, sən deyən çiçəklərdən deyil, Bəyim, onu Cıdır düzündən başqa dünyanın heç bir yerində tapmazsan.

 

- Tapmaram?!

 

- Yox, bu çiçək təkcə Cıdır düzündə bitir, haqqında əfsanə də qoşublar, - Tutu bəyim qubar qonmuş gözlərini qızından yayındırıb xarıbülbül çiçəyinə dikdi.

 

Ağabəyim şıltaq uşaq kimi qəşəng dodaqlarını büzüb:

 

- Danış, ana! Bilirsən əfsanələri nə qədər sevirəm! - dedi.

 

Tutu bəyim köksünü ötürüb:

 

- Qulaq as, - dedi, - deyirlər lap qədimlərdə torpağın da, daşın da, gülün-çiçəyin də dili varmış. Hələ desən quşların da. Onlar da insanlar kimi sevib sevilirmişlər. Hərə bir gözələ aşiq olurmuş, bülbül də gülə... Güllə bülbül bir-birini dəlicəsinə sevirmişlər. Bülbül hər gün gül üçün oxuyurmuş. Şuşa oylaqlarında nə qədər gül-çiçək var, hamısı bülbüllə gülün məhəbbətinə məftun olubmuşlar. Təkcə xar (tikan) bülbülün səsini eşitmək belə istəmirmiş, gülü bülbülə qısqanırmış. - Tutu bəyim sözünə ara verdi, Ağabəyim uşaq kimi əllərini sinəsinə dayaq verib sonsuz bir maraqla anasının "Xarıbülbül" nağılına qulaq asırdı.

 

- Bir gün, - Tutu bəyim sözünə davam etdi, - xar ürəyini gülə açır. Gül ona get tayını tap deyir, xar çox yalvarır, gül onu eşitmir ki, eşitmir. Axırda xar acıqlanıb gülün bir ləçəyini yeyir. Gül nalə çəkib ağlayır, bülbül yarının səsini eşidib gəlir görür ki, xar gülü yeyir. Bülbül xara yalvarıb, deyir, güldən əl çək, xar onu eşitmir. Bülbül sevgilisini xilas etmək üçün özünü çırpır xara,  köksü parçalanır. Tamaşaya duranlar Allaha yalvarırlar: ay Allah, bizim canımızı al, onlara qıyma. Allah onların səsini eşidir, bir göz qırpımında hamısını gülə, çiçəyə döndərir. Təkcə gül, xar, bir də bülbül bir yerdə bir çiçək olur. O zamandan el arasında bax, bu çiçəyə Xarıbülbül deyirlər.

 

Tutu bəyim əfsanəni bitirib yaşarmış gözlərini sildi, dilinə gətirməsə də, ürəyində qızı ilə bu əfsanə arasında bir oxşarlıq görüb daha da kövrəldi. Ağabəyim də tutulmuşdu, indi dünyada onun üçün Xarıbülbül çiçəyindən əziz bir çiçək yoxdu.

 

Karvan gedirdi.

 

1982

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2022.- 8 iyun.- S.19.