Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ərazi-sərhəd məsələləri
Bu
gün Azərbaycan və Ermənistan sərhədlərinin
delimitasiyası və demarkasiyası, iki ölkə
arasında ərazi-sərhəd mübahisələrinin həlli
diqqət mərkəzindədir. Gələcək münasibətlərin
qurulmasında mühüm rol oynayacağını nəzərə
alaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə
bu məsələlərə necə
yanaşıldığını, tarixi təcrübənin nədən
ibarət olduğunu təfərrüata varmadan, tezis şəklində
bir daha xatırlatmaq istədim. Qeyd edək ki, AXC
dövründə ərazi-sərhəd məsələlərinin
həlli sahəsində Azərbaycan hökumətinin fəaliyyətini
əks etdirən kifayət qədər arxiv sənədləri
və materiallar mövcuddur.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər
Rusiya imperiyasının tərkibində muxtariyyət
hüquqları belə tanınmayan, ölkənin milli
ucqarları sayılan bölgələr, Azərbaycan,
Gürcüstan və Ermənistanın sərhədləri
hüquqi, siyasi baxımdan qeyri-müəyyən idi. Cənubi
Qafqazın hər üç xalqı üçün həyati
əhəmiyyət kəsb edən bu məsələdə
ilk əlverişli şans 1918-ci ilin fevralında Zaqafqaziya
Seyminin təşkili ilə yarandı. Rusiya
Müəssislər Məclisini tanımaqdan imtina edən Cənubi
Qafqazdan olan deputatların Tiflisdə yaratdıqları bu qurum
ümumən regionda yeni müstəqil dövlətlərin təməlinin
qoyulması yolunda ilk uğurlu təşəbbüslərdən
biri olmaqla, Seymi yaradanlar arasında ərazi-sərhəd məsələlərinin
həlli istiqamətində konkret fəaliyyətin
başlanması baxımından da diqqətəlayiqdir.
Azərbaycan, Gürcüstan və Ermənistan sərhədlərinin
müəyyənləşdirilməsi məsələsinin
Seym daxilində həlli üçün bütün
fraksiyalarının iştirakı ilə 1918-ci ilin mart
ayında Osmanlı (Türkiyə) tərəfi ilə Trabzon
danışıqları başlanmışdı. Bağlanacaq sülh
müqaviləsinin Türkiyə ilə 1914-cü il sərhədlərinin bərpa edilməsinə
əsaslanması razılığına gəlinməsi
gözlənilirdi. Ancaq qarşılıqlı
iddialar səbəbindən danışıqlar nəticəsiz
bitdi.
1918-ci il mayın 11-də ərazi-sərhəd
problemlərinin həlli məsələsinin müzakirəsi
məqsədi ilə Batum konfransı öz işinə
başladı. Konfransın davam etdiyi günlərdə erməni-gürcü
birləşmələri ilə döyüşlərdə
qan axıdılması ilə əlaqədar Türkiyə tərəfi
Brest-Litva sazişində nəzərdə tutulandan əlavə
ərazilərin - Tiflis quberniyasının Ahalsix, Ahalkələk
rayonları, Aleksandropol və Eçmiədzin bir həssəsinin
ona verilməsini, dünya müharibəsi qurtaranadək
Transqafqaz dəmiryolundan istifadə hüququ tələb
edirdi. Konfrans işini Seymin
dağılmasından, Cənubi Qafqazda yeni cümhuriyyətlərinin
yaradılmasından sonra iyun ayının 4-də başa
çatdırdı. Azərbaycan, Gürcüstan və
Ermənistan arasında ərazi-sərhəd məsələlərinin
çözülməsi mümkün olmasa da, hər
üç respublikanın Türkiyə tərəfi ilə
ayrılıqda sülh müqaviləsi bağlaması, bu sənədlərdə
sərhədlərin keçdiyi ərazilərin təsbit
edilməsi, xəritələrdə əksini tapması
müsbət hal idi.
Cənubi Qafqaz respublikaları ilə Osmanlı
imperatorluğu arasında sərhədlərin müəyyənləşdirilməsi
haqqında məsələnin ilk dəfə rəsmi surətdə
əksini tapdığı müqavilələr imzalandı. "Osmanlı
imperatorluğu hökuməti ilə Azərbaycan Cümhuriyyəti
arasında dostluq müqaviləsi" (1918-ci il
4 iyun) Azərbaycan üçün sərhədlərin
müəyyən edilməsi məsələsinə
aydınlıq gətirilməsi baxımından bu gün də
xüsusi əhəmiyyət kəsb edir. Çünki
həmin sənəddə Azərbaycan-Türkiyə sərhədlərinin
müəyyən edilməsi ilə əlaqədar həm
Gürcüstan, həm də Ermənistanla bu sərhədlərin
qovuşma əraziləri dəqiq göstərilmişdir.
Başqa sözlə, bu müqavilədə Azərbaycanın
sonrakı illərdə tarixi şəraitlə bağlı
zorla, ya siyasi məqsədlərlə guya könüllü
surətdə qonşu dövlətlərə verilməklə
itirilən, yaxud qonşular tərəfindən mübahisəli
hesab olunan əraziləri qeyd edilib. Ermənistanla
imzalanmış müqaviləyə görə, Ermənistan
Transqafqazda 9,8 min kvadratkilometr (təqribən
10 min) əraziyə malik dövlət idi. Ermənistan
tərəfindən müqaviləni O.Kaçaznuni, A.Xatisyan və
M.Papacanov imzalamışdılar. 14 maddədən
ibarət müqaviləyə əsasən, Ermənistan
Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul
etdi. Eçmiədzin və Aleksandropol
(Gümrü) Türkiyəyə keçir, Türkiyə
Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ
alırdı. Ermənistanın sərhədi
İrəvan yaxınlığından keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu
qalmışdı. Batum müqaviləsinə
görə, Ermənistan və Gürcüstan hökumətləri
öz ərazilərində yaşayan müsəlman əhalisinin
təhlükəsizliyini, azad inkişafını təmin etmək,
ana dilində təhsil almaq, dini ayinlərin sərbəst
icrasına şərait yaratmaq haqqında təəhhüd
götürürdülər. 1918-ci il
4 iyun tarixli müqavilələrə əlavə sazişlər
də imzalanmışdı.
1920-ci ilə
qədər Ermənistanın 9,8 min kvadratkilometr ərazisi 2 dəfədən
çox, sovet hakimiyyətinin ilk iki ilində isə təqribən
2,8 dəfəyə yaxın artmışdı. Bu ərazilərin cüzi istisnalarla, demək olar ki,
hamısı Azərbaycanın əzəli, tarixi torpaqları
idi.
Azərbaycan Respublikası adından Milli Şuranın sədri
M.Ə.Rəsulzadənin və xarici işlər naziri
M.H.Hacınskinin imzaladıqları müqavilənin 3-cü
maddəsinə əsasən, bu üç respublika öz
aralarında dövlət sərhədlərini müəyyən
edərək protokollaşdırmalı və Osmanlı imperatorluğu
hökumətinə müvafiq qaydada məlumat verməli idi. 4-cü maddədə
isə Osmanlı hökuməti Azərbaycan hökumətinə
qayda-qanun və ölkənin təhlükəsizliyinin təmin
olunmasına ehtiyac duyulduğu təqdirdə, hərbi qüvvə
ilə kömək etməyi öhdəsinə
götürdüyü bildirilirdi. Müqavilənin 5-ci
maddəsində gələcəkdə yaradılacaq sərhəd
mühafizə qüvvələrinin də başlıca vəzifələrindən
olacaq, o dövrdə mühüm əhəmiyyət kəsb
edən bir məsələyə toxunulurdu: "Azərbaycan
Respublikası hökuməti həmin ərazilərin
hüdudlarında silahlı quldur dəstələrinin təşkilinə
ciddi-cəhdlə mane olmağı və bu ərazidə
sığınacaq tapmış quldur dəstələrini tərksilah
edib, zərərsizləşdirməyi öz öhdəsinə
götürür".
Həmin illərdə dövlət sərhədlərinin
müəyyən edilməsi ilə əlaqədar Cənubi
Qafqaz respublikaları özlərinə nisbətən
yaxın bildikləri, nüfuzlu, bölgədəki problemləri
həll etməyə iqtidarı çatan bir neçə
dövlətə öz layihələrini təqdim etmişdilər. Azərbaycan nümayəndələrinin
ərazi-sərhəd məsələləri ilə
bağlı Türkiyə və Almaniya tərəfinə təqdim
etdikləri layihədə Azərbaycana daxil edilən ərazilər
aşağıdakı kimi göstərilmişdi:
bütün Bakı vilayəti (Bakı şəhəri daxil
olmaqla Bakı qəzası, Cavad, Göyçay,
Şamaxı, Quba, Lənkəran qəzaları), Gəncə
vilayəti (Gəncə, Qazax, Cəvanşir, Şəki,
Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur qəzaları),
İrəvan vilayəti (Naxçıvan, Şərur-Dərələyəz,
Yeni Bəyazid qəzaları), Tiflis vilayəti
(Borçalı, Sığnaq qəzaları və Tiflis qəzasının
bir hissəsi), Zaqatala sancağı. Bu layihəyə
görə, Borçalı vasitəsi ilə Azərbaycanla
Türkiyə arasında dəhliz açılmalı idi.
Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi
üçün hazırlanmış həmin layihələrin
birinə əsasən Azərbaycan ərazisi 840.000 verst və
ya 96.502 kvadratkilometr mübahisəsiz əraziyə malik idi. Paris sülh
konfransının katibliyinə təqdim edlmiş 50 səhifəlik
"Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin
Paris sülh konfransına memorandumu"nda hökumətin nəzarəti
altında olan mübahisəsiz ərazinin 837.866 kv. verst, yaxud 94.137,38
kvadratkilometr olduğu göstərilirdi.
Həmin
illərdə dərc olunmuş Ünvan - təqvimdə isə
Azərbaycanın mübahisəsiz ərazisi 853.489 kv. verst / 97 297,67
kvadratkilometr, mübahisəli ərazilərlə birlikdə
999.088,7 kv. verstə, 113,895, 97 kvadratkilometrə
bərabər idi.
Əslində
114.000 kvadratkilometrdən də artıq sahəyə malik olan
Azərbaycannın ərazisinin hər üç halda
mövcud olduğundan az göstərilməsi
Azərbaycan hökumətinin qonşularla normal münasibətlərin
qurulmasına necə yüksək qiymət verməsinin
göstəricisi hesab etmək olardı.
Cənubi
Qafqaz respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsi
sahəsində Azərbaycan tərəfindən ilk addım
1918-ci il iyunun 26-da Zaqatala dairəsi Milli
Şurası bölgənin Azərbaycana birləşməsi
haqqında yekdilliklə qərar qəbul etməsi ilə
atıldı. İyunun 30-da isə AXC hökuməti
özünün müvafiq qərarı ilə Zaqatala dairəsinin
Azərbaycanın tərkibinə daxil edilməsini rəsmiləşdirdi.
1918-ci il avqustun 21-də Gürcüstan hökuməti
Azərbaycan və Gürcüstan arasında mübahisəli
sərhəd məsələlərini həll etmək
üçün arbitraj komissiyanın yaradılması
haqqında qərar qəbul etdi və avqustun 31-də bu barədə
Azərbaycan tərəfinə məlumat verildi. Xüsusi komissiyada ərazi və onunla bağlı
digər məsələləri həll edəcək
konfransın keçirilməsi erməni nümayəndələrinin
gəlməməsi səbəbindən mümkün
olmadı. Hələ iyun ayından irəli
sürülən Zaqafqaziya konfransı ideyasının həyata
keçirilməsinə 1918-ci ilin oktyabr ayında yenidən cəhdlər
göstərildi. Konfransın gündəliyinə
Gürcüstan hökuməti 4 məsələ irəli
sürürdü. Konfransda iştirak edən
dövlətlərin qarşılıqlı surətdə
bir-birini tanıması, bütün mübahisəli məsələlərin,
o cümlədən, sərhədlər haqqında mübahisələrin
həlli bu təkliflərin əsasını təşkil
edirdi. Ermənilərin günahı
ucbatından konfransın vaxtı 3 dəfə dəyişdirildi.
Noyabrın 14-də ermənilərsiz
açılan konfrans daha 2 dəfə təxirə
salındı.
1918-ci ilin dekabrında qısamüddətli erməni-gürcü
münaqişəsindən sonra Azərbaycan-Gürcüstan
münasibətləri yenidən ön plana keçməyə
başladı.
Əzəli Azərbaycan torpaqları olan
Borçalını ermənilərlə paylaşdıran
Gürcüstan tərəfi Azərbaycanın Zaqatala dairəsinə
dair bir neçə iddia ilə çıxış etdi.
Bu niyyətlərini reallaşdırmağa
çalışan gürcülər, həmçinin, bu dairəyə
aid iş və sənədlərin verilməsindən imtina
edirdilər. Doğrudur, həmin dövrədək
və sonrakı vaxtlarda da gürcülərin də əsas ərazi
mübahisələri ermənilərlə bağlı idi.
1919-cu
ilin martında Parlamentdə 4-cü hökumətin proqramı
ilə çıxış edən yeni Baş nazir N.Yusifbəyli
bəyan edirdi ki, xarici siyasət sahəsində əsas vəzifə
böyük dövlətlərin Azərbaycanın suverenliyini
tanımaqlarına nail olmaq, ölkənin ərazi
bütövlüyünü təmin etmək, qonşu
dövlətlərlə mehriban, xoş münasibətlər
saxlamaqdan ibarət olacaqdır. Göründüyü
kimi, hökumətin qarşısında duran əsas məsələlərdən
biri sərhədlərin müəyyənləşdirilməsi
və təsdiq edilməsindən ibarət olacaqdı.
1919-cu
ilin əvvəllərində nəzərdə tutulan Qafqaz
konfransının çağırılması yalnız həmin
il aprelin sonlarında reallaşdı. Ermənilər
1919-cu il may ayının 28-də Türkiyənin 7 vilayətinin
(Van, Bitlis, Diyarbəkir (cənubunu çıxmaqla), Xarpurt,
Sebastiya (qərb hissəsini çıxmaqla), Karin və
Trabzon, Kilikya adlandırdıqları ərazinin isə guya 4
sancağı (Maraş, Sis, Cebel-Berket, Aleksandretto ilə
birlikdə Adana) Ermənistana ilhaq olunması və vahid Ermənistan
yaradılması barədə akt qəbul edib konfransdakı
nümayəndələrinə göndərmişdilər. Paris sülh konfransında erməni nümayəndə
heyətinin başçısı A.Ağaronyanın dediyi
kimi, bununla onlar "bütün erməni xalqının, birləşmiş
Ermənistanın marağını ifadə etdiklərinə",
ölkələrini "dənizdən-dənizə"
çıxaracaqlarına ümid edirdilər.
Ermənilərə
görə, "Türkiyə Ermənistanı"
adlandırdıqları ərazinin 7 vilayəti ilə
yanaşı, Qafqaz Ermənistanın bütün ərazisi,
bütün İrəvan quberniyası, keçmiş Tiflis və
Yelizavetpol (Gəncə) quberniyalarının cənub hissələri,
Qars və Ərdəhan onlara məxsus olmalı idi. Beləliklə, Qara dənizdən Aralıq dənizinə,
Azərbaycanın "Qarabağ dağlarından tutmuş
Ərəbistanın səhralarınadək" olan ərazilərin
alınması planlaşdırılmış və ermənilər
tərəfindən böyük müttəfiq dövlətlərdən
tələb edilmişdi.
Qafqazda
olan ABŞ missiyasının vasitəçiliyi ilə Tiflisdə
1919-cu ilin 23 noyabrında münaqişə vəziyyətində
olan Azərbaycan-Ermənistan arasında sazişin
imzalanması, ingilislərin də əslində, bu ölkələr
arasında hərbi əməliyyatların
dayandırılması və razılığa gəlinməsi
təşəbbüsləri Cənubi Qafqazda ərazi-sərhəd
mübahisələrinin öz həllini tapmasına müəyyən
şərait yarada bilərdi. Ancaq bu ümidlər
tezliklə puça çıxmışdı. Amerikanların Qafqazdan çıxması və
1919-cu ilin dekabrında keçirilmiş Azərbaycan-erməni
konfransının lazımi razılaşmaların əldə
edilməməsi səbəbindən, başlıcası erməni
tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından saziş
pozuldu.
Ermənistan-Azərbaycan konfransının 2-ci iclası
14 dekabr 1919-cu ildə keçirilmişdir. Konfransın
gündəliyinə hökumətlər arasında fikir
mübadiləsi ilə razılaşdırılmış
üç məsələ salınacağı qərara
alınmışdı. Birincisi - ərazi
məsələsi; ikincisi - qaçqınlar haqqında məsələ;
üçüncüsü - ticarət və dəmiryolu
sazişləri. Konfransda Azərbaycan
Respublikası nümayəndə heyətinin rəhbəri Fətəli
Xan Xoyski Cənubi Qafqaz respublikalarının konfederasiyası
ideyasını irəli sürmüşdü.
Ümumiyyətlə,
ermənilərin ərazi və ölkələr arasında sərhəd
xəttinin müəyyən edilməsinə dair iddialarına
görə, Azərbaycanla Ermənistan arasında sərhəd
xətti Gəncə yaxınlığından keçərək
Kür çayı boyunca uzanır, sonra isə
Qarabağı ağuşuna alaraq Zəngəzur və Cəbrayıl
qəzalarının inzibati sərhədləri boyunca İran
sərhədlərinə qovuşurdu. Belə
olduğu halda bütün İrəvan quberniyası və Gəncə
quberniyasının əksər torpaqları ermənilərə
verilməli idi. Ermənilərin
gürcülərə qarşı olan, Tiflis
quberniyasının bir hissəsinin və digər ərazilərin
onlara məxsusluğu barədə iddiaları
Gürcüstanı da bu qarşıdurmaya cəlb etmişdi.
Sovet dövründə Azərbaycanın tarixi ərazilərinin bədxah qonşuların əraziləri kimi göstərilməsi cəhdlərinə baxmayaraq, bəzi kənar mənbələrdə Azərbaycanın Ermənistanla mübahisəli sərhədləri barədə obyektiv məlumatlar da əksini tapmışdır. Rusiya ordusunun Mərkəzi dövlət arxivində Azərbaycan-Ermənistan sərhədlərini əks etdirən belə dəyərli sənədlərdən biri "Azərbaycan Sovet Sosialist Respublikasının mübahisəsiz ərazisinin Ermənistanla sərhəddinin təsviri"dir. Həmin sənəddən: "Azərbaycanla Ermənistanın sərhəddi Sürməli qəzasından Araz çayınadək olan əvvəlki inzibati sərhəddən keçir: Ağamzalı, Baş-Gərni və İmirzin kəndlərindən, daha sonra Yeni-Bəyazit və Şərur-Dərələyəz qəzalarından keçərək Göyçə gölündən elə dönür ki, Gözəl-Dərə kəndi Ermənistana, Daşkənd və Basarkeçər kəndləri Azərbaycana keçir. Sərhəd Göyçə gölünü yarıdan bölür, sonradan Gəncə və İrəvan quberniyalarından elə keçir ki, Çubuğlu kəndi Ermənistana, Göyçə gölünün qalan şərq sahili isə Azərbaycana qalır. Bu bölgü əsasında Azərbaycan ərazisinə Gəncə quberniyası və Sürməli, Naxçıvan, Şərur-Dərələyəz, İrəvan quberniyalarının bütün qəzaları, eləcə də Kəmərli, Böyük-Vedi və Dəvəli kəndləri ilə birlikdə İrəvan quberniyasının qəzaları, Yeni-Bəyazitin şərq hissəsi daxildir".
Azərbaycan və Ermənistan cümhuriyyətlərin mövcudluğu dövründə ərazi-sərhəd məsələlərinin çözülməsi səyləri sonadək davam etdirildi, ancaq həllini tapmadığı üçün hər iki respublikanın sərhədlərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsinə əngəllər törətməklə, bolşevik işğalına yol açan səbəblərdən birinə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Cənub sərhədlərinə gəlincə, bu sərhədlər 1828-ci il "Türkmənçay" sülh müqaviləsində müəyyən edilmiş xətt boyunca uzanırdı və müstəqil dövlətin qurulmasından sonra da bu sərhədlər əsasən dəyişilməz qalmışdı. İran tərəfi ilə sərhədlərin mühafizəsi məsələləri də daxil olmaqla münasibətlərin nizamlanması sahəsində danışıqlara gəlincə, 1919-cu il noyabr ayının 1-də Parisdə 4 maddədən ibarət İran-Azərbaycan İttifaqı haqqında saziş hazırlanmışdı. Həmin sazişə görə, Rusiyada hansı dövlət forması və quruluşa malik olmasından asılı olmayaraq, Qafqaz Azərbaycanı Azərbaycan nümayəndəliyinin Sülh konfransına təqdim etdiyi tələblərdə və xəritələrdə göstərilən sərhədlərdə qəti surətdə birdəfəlik Rusiyadan ayrılırdı. Orada, həmçinin, Azərbaycan özünün müstəqilliyinin tanınmasında, hər cür qəsdən qorunmasında, təhlükəsizliyinin təmin olunmasında, siyasi, iqtisadi və mədəni inkişafında, hərbi gücündə İranın etdiyi kömək şəklində, İngiltərənin də həqiqi köməyinə ehtiyac duyduğu göstərilirdi. Azərbaycan tərəfi bununla İngiltərənin müdafiəsinə nail olmağa can atırdı.
1919-cu ilin ikinci yarısına qədər Lənkəran qəzası və Muğanın bir hissəsi tamamilə müstəqil Azərbaycan hakimiyyətinin tabeliyinə keçməmişdi. Bu ərazilərdə qondarma Muğan Respublikası yaradılmışdı. Həm bu separatçı qüvvə, həm də dövlətə müqavimət göstərən digər silahlı dəstələr mövcud idi. Həmin qüvvələrin qəti surətdə məğlub edilməsi yalnız Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən 1919-cu ilin uğurlu avqust hərbi əməliyyatından sonra mümkün oldu.
1920-ci il mart ayının 20-də İran tərəfi ilə bağlanmış dostluq haqqında müqavilə ilə isə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-yure tanıdığını təntənəli surətdə elan edən İran dövləti ikitərəfli münasibətlərin inkişafı, o cümlədən, sərhədlərin təhlükəsizliyinin təminatında maraqlı olduğunu göstərmişdi.
Xalq Cümhuriyyətinin qurucuları, xüsusən Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və Fətəli xan Xoyski Azərbaycanın tarixi ərazilərini bərpa etməsini, qonşu dövlətlərin özününküləşdirməyə çalışdığı torpaqların Azərbaycandan ayrılmasına imkan verilməməsini qətiyyətlə irəli sürür və buna danışıqlar vasitəsilə nail olunmasını təklif edirdilər. Həmçinin, sərhədlərlə bağlı hazırlanan və digər tərəfə təqdim edilməsi nəərdə tutulan layihələrdə Azərbaycanın hüdudları içində qalan qəza və sancaqların bir-bir sayılmasını, dəqiq göstərilməsini zəruri hesab edirdilər. Azərbaycan Parlamentinin 2-ci iclasında (1918-ci il, 10 dekabr) çıxış edən M.Ə.Rəsulzadə İrəvanla yanaşı, Tiflis quberniyasının bir hissəsinin də Azərbaycana məxsus olduğunu qeyd edir, Borçalının türk və müsəlmanlarla məskunlaşmış hissəsinin Azərbaycandan ayrılmayacaq bir bütövü təşkil etdiyini, eyni zamanda, Zəngəzur, Qarabağ uyezdinin yenə Azərbaycanın tərkib hissəsi kimi ondan ayrılmasının mümkünsüzlüyünü bildirirdi. Onun qeyd etdiyi kimi, Azərbaycan bu mübahisəli məsələləri daim demokratik mövqedən, qılınc ilə deyil, sülh ilə həll olunmasını hər zaman istəmiş, indi də istəyirdi. Arzu edirdi ki, Gürcüstan və Ermənistan hökumətləri öz aralarındakı ixtilaflı məsələləri məhz sülh və müsalimət ilə həll etsinlər.
Parlamentin 20 dekabr 1918-ci ildə keçirilən dördüncü iclasında Fətəli xan Xoyski deyirdi: "İkinci dəfə biz Gürcüstandakı səfərimiz vasitəsilə yenə təşəbbüsatda bulunduq. Səfirimiz gürcülər ilə bahəm layihə hazırladı ki, Tiflisdə beynəlmiləl Zaqafqaziya konfransı çağırılsın. Sizə məlum olsun ki, bu konfransın çağırılmasını biz özümüz təklif etmişdik. Konfransın layihəsi hazırlandı, təşrini saninin 10-na təyin edildi. Sonra 17-sinə, 20-nə, 30-na olmaq üzrə dörd dəfə təxir edildi. Fəqət bununla bərabər, konfransa gəlmədilər. Hökumət belə işləri təklif edib, bu xüsusda yazar, xəbər verər, daha gedib özgə hökumətlərin qolundan tutub gətirə bilməzdi".
1919-cu ilin mayında Denikin könüllülərinin Dağıstana hücum edərək Mahaçqala və Dərbəndi tutmaları, Azərbaycanın şimal sərhədlərini təhdid etmələri də hökumətdən daha sayıq olmağı tələb edirdi. Təəssüf ki, bir qədər sonra Bakı rayonundakı müttəfiq qoşunları komadanlığı da Azərbaycanın müdafiəsi üçün zəruri olan Xəzər donanmasını Azərbaycana deyil, general Denikinə verməyi daha məqsədəuyğun hesab etmişdi. Lakin Azərbaycan hökumətinin ciddi səyləri nəticəsində donanmanın müəyyən hissəsinin Azərbaycana verilməsi məsələsi həllini tapmışdı. 1919-cu ilin yayında ingilislərin Bakını tərk edərkən şəhər limanının idarəçiliyini, hərbi hissələrin radiostansiyalarını, hərbi gəmilərin və hərbi sursatın bir hissəsini Azərbaycan hökumətinin sərəncamına təhvil verməsi bu sahədə vəziyyətin müsbət istiqamətdə dəyişməsinə şərait yaratmışdı. Həmin gəmilərin əsasında Azərbaycanın Xəzər donanmasını yaratmaq mümkün olmuşdu. Rusiya tərəfinin bütün etiraz və açıq-gizli hədələrinə baxmayaraq, artıq 1919-cu ilin sonunda bir neçə hərbi gəmi və sualtı qayıq Xəzər dənizində dövlət sərhədlərini qoruyurdu. Bu, ayrıca bir məqalənin mövzusu olduğundan ona toxunmuruq. Ancaq bolşeviklər tərəfindən sürətlə cənuba sıxışdırılan Denikin 1920-ci il fevralın 7-də Azərbaycanı rəsmi olaraq tanıdığını elan etdi.
Cənubi Qafqaz respublikalarının müstəqilliyinə olan ciddi təhlükə, o cümlədən, Denikin təhlükəsi ilə əlaqədar 1919-cu il iyunun 16-da Azərbaycanla Gürcüstan arasında üç il müddətinə saziş bağlanmışdı. Həmin sazişin 4-cü maddəsində sərhəd məsələləri də əksini tapmışdı: "Razılığa gələn tərəflər onlar arasında meydana çıxa biləcək sərhədlər haqqında mübahisələri saziş və ya arbitraj yolu ilə həll etməyi öhdələrinə götürürlər".
Ərazi-sərhəd mübahisələrinin
həllini sürətləndirmək və Cənubi
Qafqazın yeni müstəqil dövlətləri arasında əlaqələri
genişləndirmək məqsədilə Böyük
Britaniya nümayəndəliyinin müraciəti ilə əlaqədar
1920-ci il martın 5-də Azərbaycan hökumətinə
göndərdiyi məktubda nümayəndə Uordrop hər
üç respublikanın siyasi və iqtisadi xarakterli
münasibətlərə girəcəklərinə öz
hökumətinin ümidlərini ifadə etmişdi. O bildirirdi ki, London və qarşıdakı San-Remo
konfransında bu ölkələrin sərhədləri məsələsinin
müzakirəsi nəzərdə tutulduğu
üçün Azərbaycan hökuməti tarixi-etnoqrafik dəlillərlə
əsaslandırılmış ərazi tələblərinə
dair ingilis nümayəndəliyinə xüsusi məruzə təqdim
etsin və Qafqaz respublikalarının ən qısa vaxtda
öz aralarında bir çox mübahisələri həll
etmək üçün danışıqlara başlaması
məqsədəuyğdur. Ancaq erməni tərəfinin
yerlərdə sərhədlər məsələsini həll
etmək mümkün olmadığından bu məsələnin
Avropada müttəfiqlərin köməyilə həll edilməsi
barədə əssasız iddiaları nəticəsində
London konfransında həmin dövrdə Cənubi Qafqazdakı
status-kvo təsdiq olunmadı. Çünki bu təkliflə
Azərbaycan və gürcü tərəfi
razılaşmamışdı. Gürcülər hər
üç respublikanın arbitraj komissiyası yaradıb sərhədlər
məsələsini həll etməsi, yalnız bu müsbət
nəticə vermədiyi halda məsələnin Avropaya
keçirilməsini təklif etmişdilər.
Lətif
BABAYEV
Tarix
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 8 iyun.- S. 16-17.