Hüseyn Cavid irsinə
və şəxsiyyətinə daha diqqətli
yanaşaq!
Bu yazını dahi şair-dramaturq, filosof Hüseyn Cavidin qızı mərhum Turan Cavidin 1998-ci il martın
12-də "Azərbaycan" qəzetinin redaksiyasına
göndərdiyi müraciətdən
parçalar ilə başlamaq istəyirəm:
"Hörmətli ədəbi
ictimaiyyət! Hörmətli Cavidsevərlər!
Son illərdə Hüseyn
Cavid irsinin öyrənilməsi, təbliği,
şairin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində respublikada
görülən işlər
dərin minnətdarlıq
duyğuları oyadır. Övlad
kimi məni ən çox sevindirən cəhətlərindən
biri budur ki, artıq Bakıda şairin adı ilə bağlı mərkəz
var. Hörmətli Prezidentimiz,
Cavid xatirəsinə hər kəsdən daha artıq diqqət və qayğı göstərmiş
cənab Heydər Əliyevin qətiyyəti
sayəsində, nəhayət
ki, uzun illərdən bəri gözlənilən məqsəd
həyata keçib - Elmlər Akademiyasında Hüseyn Cavidin Ev-Muzeyi yaradılıb. Burada yalnız Cavidlə bağlı yadigarlar nümayiş etdirilmir, həm də onun həyat və yaradıcılığının
ayrı- ayrı problemləri ətrafında
elmi-tədqiqat işləri
aparılır.
H.Cavidin
özünə aid olmayan”məşhur”
foto
Məni
respublika ədəbi və elmi ictimaiyyətinə
Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Şirkətinin
rəhbərlərinə, təhsil
ocaqlarına, qəzet
və jurnal redaksiyalarına, mədəniyyət
müəssisələrinin başçılarına müraciət
etməyə bir nigarançılıq vadar
eləyir. Cavid və özü
haqqında işıq
üzü görən
yazılara da nəşr edilən əsərlərində, pyeslərinin
səhnələrdəki ifasına
da çox vasvası münasibət vardı. O, buraxılan
səhvlərə, təhriflərə,
qeyri-ciddi münasibətlərə
çox narahat olurdu. İndi mən də eyni hissləri vaxtaşırı yaşamalı
oluram..."
Müraciətin sonunda Turan xanım ictimaiyyətə
bildirir:
"Mənim yeganə
arzum budur ki, atam haqqında
yalnız doğru, yanlışsız, təhrifsiz
yazılmış əsərlər
işıq üzü
görsün".
Turan Cavidin bu müraciətinə baxmayaraq Cavidlər ailəsinin ruhlarını
incidən səbəblər
yenə də ortaya çıxır.
2009-cu ildə nəşr olunmuş, müəlliflər
Rafiq İsmayılov, Gülşən Orucova, Zahid Xəlilov və Dilrubə Cəfərovanın tərtib
etdikləri "Azərbaycan
dili " (2-ci sinif üçün dərslik)
kitabının 50-ci səhifəsində
Hüsey Cavidin məşhur "Qız məktəbində" şeiri
"Məktəbli qız"
adı ilə tərcümə olunaraq dərc edilib (Tərcüməyə ehtiyac
var idimi?). Həmin vaxt H.Cavidin Bakı və Naxçıvan şəhərlərindəki
ev-muzeylərində, "Turan
Cavid" Qadın Mərkəzi" İctimai
Birliyində qəzetin
çaldığı həyəcan
təbilinə dərhal
münasibət bildirilmişdi.
Təxminən 2013-cü ildə nəşr
olunmuş "Bağçada
və məktəbdə
101 şeir" (Kitabın
heç bir yerində nəşr ili göstərilmir) adlı kitabda Hüsey Cavidin "Qız məktəbində"
şeiri "Gülbahar"
adı ilə təqdim olunur. Kitab Bakıda, "Qələm"
MMC nəşriyyatında işıq
üzü görüb.
Nəşrin rəhbəri
Pərviz Eyyubov kitaba aşağıdakı
məzmunda xəbərdarlıq
da daxil edib:
"Müəlliflik haqqı
qorunur. Xüsusi icazə olmadan
bu nəşri və yaxud onun
hər hansı bir hissəsini çap etdirmək, surətini çıxartmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir".
Burada hansı
müəlliflik hüququ
qorunur? Heç bir əsas olmadan şeirin adını dəyişdirilib,
hətta şeirin yanında verilmiş illüstrasiyanın da məzmuna heç bir aidiyyatı yoxdur.
Narahatlıq yaradan səbəblərdən
biri də son illər internet saytlarında
Hüseyn Cavidə aid
olan səhifələrdə
dahi şairin ailəsi ilə, dostları ilə və müxtəlif illərdə olan tək şəkilləri
göstərilir. Həmin
səhifədə bir
rəngli portret yayılıb ki, bu da Hüseyn
Cavidin özü deyil, hər hansı bir mərkəzi, yaxud əyalət teatrlarından
birinin aktyoru olan, bəlkə də hər hansı mülki bir şəxsin Cavid geyimində olan şəklidir.
Həmin şəxs bu şəkildə özünü
şairin 1923-cü ildə
çəkilmiş fotoşəklindəki
geyimində təqdim edir. 1923-cü ildə çəkilmiş orijinal
fotoda şairin xarakteri onun üz cizgilərindən aydın sezilir. Cavidə oxşayan şəxsin rəngli şəklində
isə başa düşmək olmur ki, cəfakeş şair hansı xoş gününə gülümsəyərək özündən
razı halda əyləşib?! Hər iki
şəklə diqqətlə
baxanda fərq aydın görünür.
Bəla burasındadır ki, bəzi nəşriyyat və redaksiyalarda, Cavidlə bağlı keçirilmiş müxtəlif
tədbirlərin proqramlarında,
konfransların materialları
nəşr olunmuş
kitablarda da Cavidə oxşarın həmin rəngli şəklindən istifadə
olunub. Ən maraqlısı isə
budur ki, Hüseyn Cavidin ömür boyu rəngli fotoşəkli olmayıb.
2019-cu ildə orta məktəb şagirdləri, MİQ və sertifikasiyaya hazırlaşanlar üçün vəsait, 5-11-ci siniflər üçün ədəbiyyat dərsliyinin cildinin üzərində şair və yazıçıların şəkilləri təqdim olunub. Cavidin orijinal şəkli əvəzinə burada yenə də Cavidəoxşar şəxsin şəkli verilib. Hətta kitabın içərisində, Cavidə aid bölmədə şair-dramaturqun "Ana" pyesi verilib, səhifənin yuxarı hissəsində yenə də həmin yanlış şəkildən istifadə olunub.
2020-ci il aprel ayının 30-da, gecə saat 11-də indi fəaliyyət göstərməyən "Lider" Telekanalının "Gecənin sehrində" verilişində də arxa planda bir neçə şairin şəkillərilə yanaşı həmin Cavidəoxşar şəxsin şəkli qoyulmuşdu.
Çox təəccüblüdür ki, müasir Cavidşünaslarımız niyə indiyə qədər bu yalnışlıqlara qarşı öz etirazlarını bildirmir, müşahidəçi mövqedə duraraq ciddi addımlar atmır, müvafiq tədbirlər görülməsi üçün təşəbbüs göstərmirlər?
Bu il dahi şairin anadan olmasının 140 illik yubileyi təntənə ilə qeyd olunacaq. İnanıram ki, bu yazıdan sonra yubiley ərəfəsində həmin yanlış fotoşəklə bir daha müraciət olunmayacaq.
Hörmətli yazarlar, jurnalistlər, naşirlər və tədbirlərin təşkilatçıları! Sonda sizlərdən çox xahiş edirəm ki, Hüseyn Cavid haqqında yazılar, verilişlər, kitablar və tədbirlər hazırlayanda mütləq şairin özünəməxsus olan fotoşəkillərdən istifadə edin!
Bəhruz AXUNDOV
Hüseyn Cavidin Naxçıvandakı
Ev-Muzeyinin ilk
direktoru, Əməkdar mədəniyyət
işçisi
525-ci qəzet.- 2022.- 8 iyun.- S.15.