Tamaşa və tamaşaçı.
Dramaturq ustalığı
"ULDUZ"
JURNALI İLƏ "525-Cİ QƏZET"İN BİRGƏ
LAYİHƏSİ - VII DƏRS
Tamaşa tamaşaçı üçün
hazırlanır. Rəssamın əsəri öz sahibini tapandan sonra əsrlərlə
yaşaya bilər, az tirajla çap
edilmiş şeir də müəllifinə ölməzlik, əbədi
həyat qazandıra bilər, amma tamaşaçısız səhnə
əsəri, tamaşa, hesab elə, yoxdur, mövcud deyil. Əlbəttə, texniki imkanların geniş
olduğu bir vaxtda tamaşanı lentə alıb saxlamaq da
olar, amma o, yenə də tamaşaçısız havayı
çəkilmiş zəhmət, havaya sovrulmuş maliyyədir.
Deməli, dramaturq
tamaşasına nə qədər mümkündür,
çox tamaşaçı cəlb etməyə
çalışmalıdır.
Hələ
eramızdan əvvəl Aristotel deyirdi ki, ünsiyyət prosesi
özündə üç şərti birləşdirir: mənbə,
məlumat və ünvan. Əgər bu
üç şərtdən biri yoxdursa, ünsiyyət
alınmayacaq. Filosofun dediyi ünsiyyət
komponentləri prinsipindən yanaşsaq, dramaturq mənbə,
onun pyesi məlumat, tamaşaçı isə repisiyentdir,
başqa sözlə, tamaşaçı alıcıdır,
ünvandır. Deməli, hər bir
dramaturq ilk növbədə auditoriyanın fikri və istəyi
ilə hesablaşmalı, onun vaxtını qiymətləndirməyi
bacarmalıdır.
Dram yaradıcılığının ən vacib şərti
onun darıxdırıcı olmamasıdır. Bəzi
dramaturqlar hesab edirlər ki, tamaşaçının istəyi
ilə hesablaşmaq yaradıcı prosesi
aşağılayır, bayağılaşdırır, hətta
heçə endirir. Onların fikrincə, əsl
sənətkar kütləyə yarınmağa
çalışmamalıdır, onun missiyası daha alidir.
Belə dramaturqlar (tək dramaturqlarmı?) özlərinə
vurğundurlar, öz işlərindən özləri bayılırlar. Əslində
isə, belə sənətkarlar aldanırlar, onların
mövqeyi yanlışdır, hətta ziyanlıdır,
yaxşı dramaturq əsəri mütləq öz
auditoriyasını tapır. Tamaşaçı
iti, sərt mövzular qaldıran pyesləri sevir. O, həyəcanlanmaq,
narahatlıq keçirmək, nigaran qalmaq istəyir, əgər
bunlar pyesdə yoxdursa, uğursuzluq qaçılmazdır. Artur Miller demiş, "dramaturq elə
yazmalıdır ki, tamaşaçı onun pyesini sənət
əsəri kimi yox, həyatın özü kimi qəbul
etsin".
Bir misal çəkim, Gənc Tamaşaçılar
Teatrında "Hasarın o üzü" adlı pyesim əsasında
Bəhram Osmanov maraqlı bir tamaşa
hazırlamışdı. Pyesdə cəmiyyətimiz
üçün çox aktual olan bir mövzu işlənmişdi,
bir ailədə dinə ikili münasibət. Qadın
dindar, kişi dindən uzaq adamdır. Necə ki, müasir cəmiyyətimiz bu məsələdə
çaşqın vəziyyətdədir. Bir
sözlə, pyesdə konflikt bir ailənin timsalında dinlə
dinsizlik arasındadır. Teatrsevərlər ekrandan
yaxşı tanıdıqları və teatr səhnəsində
ilk dəfə məhz bu əsərdə gördükləri
Həmidə Ömərova və məxsusi bu tamaşada
oynamaq üçün Azdramadan dəvət olunmuş Nurəddin
Mehdixanlının ifasında tamaşanı çox sevdilər. Daim anşlaqla
keçən tamaşa artıq 10 ildir, teatrın fəal
repertuarındadır, bu o deməkdir ki, tamaşaçı səhnədə
gördüklərinə ən azı biganə deyil. Bu
tamaşada, bir qayda olaraq, əvvəl gülən, Nurəddin
Mehdixanlının zarafatlarına coşqun reaksiya verən
tamaşaçı birinci hissənin axırında və
bütövlükdə ikinci hissədə elə yenə də
əsas qəhrəmanların dramından sarsılır, təsirlənir,
qəhərlənir, hətta ağlayır. Tamaşaların birində birinci hissənin
axırına yaxın orta yaşlı bir xanım
hıçqırıqla ağlayırdı, hətta bu, bir qədər
isterik ağlama idi. Antraktda xanımı
foyeyə çıxartdılar. Mən də bu mənzərəni
görüb özündənrazı dramaturq ədası ilə yanımdakı
həmkarıma "Dramaturq adamın anasını belə
ağladır" demişdim. Sonra biləndə ki, xanım
üçün təcili yardım
çağırılıb, dediyimə bir az
peşman oldum, fikirləşdim ki, deyəsən,
barıtı çox eləmişəm.
Əlbəttə,
bu, epizodik bir hadisədir, amma nəzərə almaq
lazımdır ki, tamaşaya müxtəlif zövqlü,
müxtəlif səviyyəli adamlar gəlir, salon dolur, amma
onlar hələ publika deyil, tamaşanın düyün hissəsində
elə bir hadisə baş verməlidir ki, bu adamlar həmin
hadisəyə kollektiv şəkildə köklənsinlər,
bir-birlərinə yaxınlaşsınlar, ümumi emosiya ilə
yüklənib səhnədə baş verənlərə
köklənsinlər, tamaşanın bitməsini istəməsinlər,
qəhrəmanlardan ayrılmağa tələsməsinlər.
Onu da nəzərə almalıyıq ki, uzaq illərin
o tayında bilet almaq üçün saatlarla növbəyə
dayanan tamaşaçılar indi yoxdur, olmayacaq da. İndi tamaşaçı teatr üçün
yox, dramaturq, rejissor, aktyor, nəhayət, teatr tamaşası
üçün növbəyə dayanmalı, onun teatra gətirilməsi
üçün yollar axtarmalıdır. İnternetdə
pişiyin salto eləməsinə milyonlarla adam
baxır, layk eləyir, şərh yazır, teatr
tamaşasına isə heç min layk gəlmir. Deməli, teatr, nə qədər paradoksal olsa da, həmin
"idmançı" pişiklə rəqabət
aparmağa məcburdur. Bəs buna necə nail olmalı? Bax bu yerdə dramaturq ustalığından
danışmağa ehtiyac yaranır. Çünki
tamaşanın uğuru ilk növbədə yaxşı
dramaturgiya ilə bağlıdır. Bəs onda bu
dramaturq ustalığı nə deməkdir, ona necə nail
olmalı?
Ondan
başlayaq ki, dramaturqun yazdığı pyes hələ
tamaşa deyil, bir növ yarımfabrikatdır, yarımfabrikat isə istifadəyə
hazır deyil, onu bişirəndən sonra yemək olar. Yemək
də o zaman dadlı olur ki, keyfiyyətli ərzaqdan
hazırlansın. Deməli, dramaturq
yaxşı tamaşa istəyirsə, ilk növbədə
yaxşı pyes yazmalıdır. Biz əvvəlki dərslərimizdə
pyes necə yazılır sualına ümumi şəkildə
cavab vermişdik, amma bu dərsimizdə artıq YAXŞI
pyes necə
yazılmalıdır sualına konkret cavab tapmağa
çalışacağıq.
Dramaturq səri yazmağa
başlamamış bu haqda düşünməli və
özünə bir neçə sual verməli, onu səmimi
cavablandırmalıdır:
1. Pyesin
ideyası orijinaldırmı?
2. Pyes kəskin
süjetlidirmi?
3. Nə
haqda yazmaq istədiyimi bir cümlədə (loqlayn) ifadə edə
bilərəmmi?
4. Mənim
demək istədiklərim uydurduğum əhvalata
sığacaqmı?
5. Pyesimin
ideya və mövzusu özünü nəylə ifadə edəcəkdir:
xarakterlərlə, hərəkətlərlə, yoxsa
dialoqlarla?
6. Pyesin əsasında olan bu əhvalatda şəxsən
məni nə cəlb edir, kimə rəğbətim var, kimə
yox, bu əhvalat mənim özümü təsirləndirirmi?
7.
Tamaşaçı bu tamaşaya niyə baxmalıdır?
8. Nəhayət,
mənim pyesimdə hər şeyə yeni baxış,
yüksək peşəkarlıq, ifadə tərzinin
orijinallığı, parlaq və yaddaqalan xarakterlər
varmı?
Bu suallara müsbət cavab alandan sonra klaviaturanın
arxasına keçmək olar. Başlayırıq
ekspozisiyanı yazmağa və dramatik situasiyanı qurmağa.
Bir dramaturq kimi, mənim üçün dramatik
situasiya xarici vəziyyətin, bəlkə də, şəraitin,
xarakterin özündən güclü olmalıdır. Yəni
mən elə bir şərait yaratmalıyam ki, yaşam tərzini
dəyişmək fikrində olmayan qəhrəmanım öz
adi vəziyyətindən çıxmağa məcbur olsun,
bir an çaşqın vəziyyətə
düşsün, çıxış yolu tapa bilməsin.
Məsələn, gənc, sağlam, kefikök qəhrəman
xarici ölkədən qayıdıb gəlir. O, belə də yaşamaq, ən
azı həyatdan, dünyadan zövq almaq istərdi. Və birdən ona məlum olur ki, əmisi
atasını öldürüb, anasını yatağına
salıb, var-dövlətinə sahib çıxıb. Çaşıb qalmış qəhrəman
çıxılmaz vəziyyətdədir. Bu azmış kimi, kənardan təzyiqlər
başlayır, onu istəyənlər gənci intiqama, qisasa səsləyir,
hətta təhrik edirlər. Deməli, qəhrəmanın
qarşısında həqiqəti öyrənmək,
lazım gələrsə, qisas almaq, ədaləti bərpa
etmək kimi bir məqsəd dayanır. Amma bu məqsədi
reallaşdırmaq asan məsələ deyil, qarşıda
onun özündən qat-qat güclü ciddi maneə - antoqonist var. Bax,
bu, əsl dramatik situasiyadır. Bu situasiya dərin daxili və
xarici konfliktin
yaranmasına şərait yaradır. Məqsədə çatmaq yolunda maneələr
gücləndikcə konflikt dərinləşir, onunla da bərabər,
qəhrəmanın xarakteri gözümüz önündə
yaranır, inkişaf edir, biz onu fəaliyyətdə
görürük. Burda ölüm-dirim
mübarizəsi var. Hadisələrin gərginliyi
tamaşaçıya da sirayət edir. O həyəcanlanır,
gərginlik keçirir, emosional anlar yaşayır, başqa
sözlə, tamaşadan istədiyini və gözlədiyini
alır.
Əlbəttə, mənim dediklərimi özünü
dramaturq hesab edən hər kəs bilməlidir, yəqin, bilir
də. Bəs
onda niyə yaxşı pyeslər az
yazılır? Əlbəttə, bu sualın hamının
bildiyi, qısa bir cavabı var: İSTEDAD! Söz yox ki, istedad əsasdır,
amma unutmayaq ki, tək istedadla iş bitmir, dramaturqa xüsusi
yazı texnikası da lazımdır, çünki pyes yazmaq həm
də texniki işdir, başqa sözlə, dramaturq həm də
texnardır, o, dramaturgiyanın texnikasını və
teatrı, səhnəni yaxşı bilməlidir. Elə bu
mövqedən yanaşıb gənc həmkarlarıma şəxsi
təcrübəmə əsaslanan bir sıra tövsiyələrimi
bildirmək istərdim:
Dərhal əsas mətləbə keçmək
lazımdır. Əsas mətləbə dəxli olmayan
uzun-uzadı söhbətlərdən, jarqon ifadələrdən,
slenqlərdən qaçmaq lazımdır. Yeri gəlmişkən, çox vaxt
dramaturqlarımız özgə millətdən olan
personajlarını dindirəndə təhrif olunmuş
sözlərdən, dialektlərdən istifadə edirlər.
Möhtəşəm qələbəmizdən
sonra yaranan bəzi tamaşalarda düşmən
obrazlarını da görürük. İki
düşmən Azərbaycan dilində onlara məxsus ləhcədə
danışır, bir növ Nəcəf bəy Vəzirovun
Qıdı kirvəsi kimi. Unudurlar ki, Qıdı
kirvə azərbaycanlıların məclisində
danışır. Onun pozuq dildə
danışması təbiidir. İki erməninin bir-biri ilə pozuq
Azərbaycan dilində danışması isə ən azı
təəccüb doğurur.
Səbəb və nəticə. Süjet inkişaf edib
irəlilədikcə bir hadisə o biri hadisəni doğurur,
ona səbəb olur, sonra üçüncü hadisə
başlayır. Əlbəttə, hər hansı bir
hadisə deyil, məhz bir-birlərinə səbəb və nəticə
məntiqi ilə
bağlı hadisələr.
Ritm və ovqat. Pyesin ovqatını və ritmini müəyyən etmək çox vacibdir. Nəzərə almalıyıq ki, ucadan oxunmaq üçün yazılmış mətnlə mütaliə üçün nəzərdə tutulmuş mətn arasında böyük fərq var. Odur ki, uzun monoloqlardan qaçın. Təbii səslənən qısa, məzmunlu və sürətli dialoqlardan istifadə etmək lazımdır, onlar bir-biri ilə bir zəncirin halqaları kimi birləşməli və personajlar arasında tennis topu kimi irəli-geri "sıçramalıdır". Bəs buna necə nail olmalı? Bəli, yazmalı, dəfələrlə köçürməli, bir də köçürməli, ucadan oxumalı! İstənilən müəllif pyesini gözdən keçirməklə onun artıq mətnlə yüklənib-yüklənmədiyini asanlıqla müəyyən edə bilir. Pyesdə artıq nə varsa, dərhal gözə çarpır. Heç mətni oxumadan, sadəcə, səhifələrə baxmaqla replikaların həddindən artıq uzun olduğu görünür.
Təsvir və remarkalar. Səhnənin uzun-uzadı təsvirlərindən, yersiz remarkalardan və süjetin inkişafında əhəmiyyətli rolu olmayan personajlardan yaxa qurtarmağa çalışın. Teatra yaxşı bələd olan dramaturq bilir ki, səhnəyə aid təsvirlərin və remarkaların ustad rejissor üçün elə bir əhəmiyyəti yoxdur. Bunu bilə-bilə pyesi yükləmək mənasız işdir. Yeri gəlmişkən, Şekspir əsərlərində remarka, demək olar ki, yoxdur.
Dramaturq ustalığı sonsuz söhbətin
mövzusudur, danışdıqca danışa bilərsən,
amma başlanan sona yetməlidir. Biz tamaşaçının
marağını nəzərə alıb tamaşanı
lazım olan məqamda bitirdiyimiz kimi, söhbətimizi də
sizi yormadan elə burda bitirirəm. Axı biz həmişə
çalışırıq, tamaşaçı
tamaşanın bitməsindən sevinmək əvəzinə
təəssüflənsin, tamaşanın təsirindən
uzun müddət çıxa bilməsin, hadisələri istəyinə
uyğun şəkildə davam etdirsin.
Əli
ƏMİRLİ
525-ci qəzet.- 2022.- 8 iyun.- S. 14.