Zəfərin mübarək, Şuşa!
Esse
Şuşada ilk dəfə 1985-ci ildə olmuşdum. İkinci dəfə I Qarabağ müharibəsi zamanı
- 12 may 1992-ci ildə qismətimə
yazılmışdı. Daxili İşlər
nazirinin müvafiq əmri ilə 50 nəfərdən ibarət
şəxsi heyətin
komandiri kimi Laçına - Turşsuya
ezam olunmuşduq.
Şuşa işğal
altında idi... Sonuncu dəfə isə zəfərdən sonra, 12 sentyabr 2021-ci ildə... Gördüklərim
məni yaman sarsıtmışdı...
Zəvvar kimi aydın səmalı bir vaxtda - sentyabrın 12-ci günündə ziyarətinə
gəldik.
İzninlə qollarımı boynuna salıb, səninlə qolboyun oluram. Mən, bu
dumansız və sakit səmada ulduzların ən uca üfüqdə bərkidildiyi tavanı da aydın görürəm.
Gördüklərim İlahi
hikmət və əzəmətin təcəllasdır,
ay Şuşa!
İndi qoynundayıq. Hər birimizin ruhu dincəlir...
Belə xoş anlarda unudulmaz və ömrümüzə yazılmayacaq
günləri xatırlamaq
istəməzdim. Axı keçmişi varaqlayıb
köks ötürməyin
nə mənası!? Onsuz da "o günlər" yaddaşlardan
silinməyəcək!
Bu düşüncələrlə ibadət üçün
Gövhər Ağa məscidinə tələsdim...
Vədə xilaf çıxmadım,
"Hacı, biz gələ
bilmədik. Allah xatirinə
bizdən ötrü dualar et", - dost tapşırığını
da unutmadım...
Bu ziyarəti bizə bəxş edib yaşadanlardan Tanrı razı olsun!
Bakıdan Şuşaya uzanan "Zəfər yolu"nun inşası bitmək üzrədir. Ordumuzun ilan kimi qıvrılan,
çətin aşırımlı
bu dağ yolunu, sal qayaları
necə aşıb Şuşanı girovluqdan
və əsirlikdən
azad etməsini sənədli film kimi gözümüzün önünə
gətiririk... İgid
övladlarımız düşmənin
inamında və güvəncində cəhənnəm
odunu qalamışdı...
O qayalara baxdıqca igidlərimizin qəhrəmanlığına
bir daha heyran qalırdıq.
Kitabı, dini və imanı
bir, vicdanı, məsləki, əqidəsi
və sevgisi danılmaz övladlarının
uzun ayrılıqdan sonra yanında olması bir bayrama çevrilmişdi. Dərdinə aşina olduq.
Bundan sonra səninlə hər görüş bayrama çevriləcək,
ay Şuşa!
Söz ustadlarından
olan Molla Pənah Vaqifin məqbərəsini də
ziyarət etdik. Qısa müddətdə
Məqbərənin əvvəlki
görkəmi məharətli
sənətkarların əməyi
sayəsində bərpa
olunmuşdu.
Mərd kişilər bir araya gəlməsəydi, meydan təzələnməzdi. Səni qazanmaq
üçün özünü
qurban verib şəhadətə qovuşmaq
məqsədiydi igidlərimizin,
bu, müqəddəs
arzuları və istəyiydi.
Yırtıcıların viran qoyduğu yerlər indi bərpa olunur, yenidən tikilir. Gördüklərimiz Ali Baş Komandan İlham Əliyevin qurucu islahatlarının, dünyaya örnək siyasətinin və diplomatiyasının canlı
təzahürüdür. Qürur duyduq.
Şəhərlər Sultanı, mədəni, mənəvi
və tarixi qalaların memarlıq abidəsi,
əzəməti və
əsrarəngsiz təbiətin
sahibi Şuşa, zəfərin mübarək!
Səmadan torpağına enən saf yağış damcılarının da inci tək qiyməti
varmış, bilməmişik. O dürr
damcılar bərəkətli
torpağına bərəkət
gətirib, anlamamışıq.
Dar günündə əlindən
yapışıb səni
ayaq üstə qaldıran bu torpağın ərsəyə
gətirdikləri, qolu
bükülməz Vətən
oğulları necə
də təbəssümlü
və məğrurdular!
Gəldik ki, doğmalıq itməsin, qala qapıların bağlanmasın, sənin
biçimli, ağayana
davranışının və
qonaqpərvərliyinin bir
daha şahidi olaq!
Tanrıya şükürlər olsun
ki, təbiət də səxavətini və möcüzələrini
Səndən əsirgəməyib. Cıdır düzünü
seyr edib gəzdikcə sevincimizin meydanını geniş gördük. O sıldırım
qayalara igidlərimizin
barmaq və ayaq izləri həkk olunub. Onu daha bir
kimsə itirə bilməz...
Torpağında addımlayırıq...
Üzeyir
bəyin, Xan qızı Natəvanın,
Bülbülün güllələnmiş
büstlərinə ürək
ağrısı ilə
baxırıq... Düşmən xatirələri əbədiləşdirilən
xadimlərimizin heykəllərindən
də ehtiyatlanırmış.
Ona görə heykəlləri
də güllələyib,
məzarlıqları viran
qoyublar. O qaniçən
yağılar ölülərimizdən
də qisas alıblar...
İndi
qoynunda, ay Şuşa,
hər şey aşkar və sakitdir. Təbiətin saf, insanların
əxlaqı təmiz,
əyilməz vüqarın
dəyəri ölçülməz
cah-cəlal rəmzidir.
Ziyarətinə gələnlərin üzünə gülümsə
və olub keçənlərə keçmiş
olsun", - de, əzəli
təmkinini saxla.
Sən musiqinin və musiqiçilərin beşiyi
olan "pərdə"
içrə qərar
tutmusan. Bu vəziyyətdə
məqamın çox
uca zirvələrdədir...
Fələk zalımlıq və hoqqabazlıq etdi. Heç kimin
xoşuna gəlmədiyi
məkrli bir plan cızdı. İşğal "bağçasını" suladı.
Ədalət hərarəti olmayan
yad əllərə möhtac qaldı.
30 ildən sonra baş tutan görüşdə mənə
elə gəldi ki, valideyn-övlad təmasının ürək
didən səhnəsinə
və uzun illərin səbrü-qərarına
artıq son qoyuldu...
Bu gün Sən,
hər birimizin gözündə Şuşada
qürub edib, elə Şuşada da dan yerini
qanadıb al rəngə
boyadan günəşə
bənzəyirsən. Bizlər başına
dolanan pərvanələrik.
Minnət olsun canımıza!. "Can nədir ki, onu qurban etməyək
Şuşamıza?!"
Hüzurunda əmrinə müntəzirik. Tapşırığını ver, təlimatlandır.
Bir zamanlar ixtiyarsız olmuşuq. Günahlarımızı səmimiliklə etiraf edirik. Amma ağa kərəmsiz, qul xətasız olmaz ki, ay Şuşa!..
Bu günü çox gözlədik, Sənə qovuşmaq üçün çox çalışdıq. Yenə etiraf edim ki, nə vaxtsa görüşəcəyimizə ümidimiz qalmamışdı. Vətən torpağına isə tükənməz sevgimiz varıydı, var və yenə olacaq. Növbəti görüşlərədək, Şuşa!
Şəmsəddin Mənsuroğlu
525-ci qəzet.- 2022.- 8 iyun.- S.13.