Tənbəllik, yoxsa prokrastinasiya?
İŞLƏRİ
DAHA SONRAYA SAXLAMAĞIMIZIN PSİXOLOJİ
SƏBƏBLƏRİ
Prokrastinasiya
- edilməsi vacib, bəzən sıxıcı, bəzən
icra etmək istəmədiyimiz işlərin sonraya
saxlanması anlamına gəlir. İnsanlar tez-tez prokrastinasiyanı tənbəlliklə qarışdırsa
da, məsələ göründüyündən daha
qarışıqdır. Prokrastinator işləri
sonraya saxlayıb, istirahət etmir, tam tərsi, lazımsız yerlərə enerji sərf etməyə davam edir. Bir tərəfdən beyni yoran, yükləyən, çətin tapşırıqlar
olaraq qəbul edilən işlərdən
uzaqlaşmaq normaldır,
lakin uzun vədədə bu ciddi narahatlıqlara gətirib çıxara bilir.
Böyük Britaniyada 1 mart tarixindən
etibarən 1 həftə
müddətində Prokrastinasiya
həftəsi qeyd olunur (bu bayram
günlərinin özü
də "naməlum"
səbəblərdən tez-tez
sonraya saxlanır). Bu ideyanı dəstəkləyənlər
həmin həftə ərzində, icrası təcili olmayan işləri başqa vaxta saxlayıb, beyinə dinclik verməli, bugünlə yaşamalı olduğumuz
fikrini təbliğ edirlər. Onların
əks qütbündə
yer alan
prokrastinasiya əleyhdarları
isə 14 yanvar tarixini Prokrasinasiya ilə mübarizə günü kimi qeyd edir, işlərin
sonraya saxlanmasını
infantillik və tənbəllik olduğunu
iddia edirlər. Alimlər sübut edir ki, iş aralarında
fasilə vermək və ruhu dincəldən
fəaliyyətlə məşğul
olmaq faydalıdır,
lakin sonraya saxlamaq qısa zamanda vərdişə çevrilə və həyatı çətinləşdirə
bilər. Araşdırmalar
göstərir ki, işləri sonraya saxlamağa meylli insanlar daha az pul qazanır,
daha sıx xəstələnir və
xroniki narahatlıqdan əziyyət çəkirlər.
Prokrastinasiya ilə tənbəlliyin əsas fərqi ondan ibarətdir ki, tənbəl insan yeni proyektə
başlamaqdan ümumiyyətlə
imtina edir, sonraya saxlayan isə məsuliyyətin reallığını qəbul
edir, lakin motivasiya əksikliyindən
daha sonra başlamağı planlaşdırır.
264 nəfərin iştirak
etdiyi araşdırma sırasında məlum olub ki, kəllə-beyin
MRT-si zamanı duyğulara (o cümlədən,
qorxu) cavabdeh olan beyin hissəsi,
prokrastinatorlarda işgüzar
insanlara nisbətən
daha böyükdür. Bu da o deməkdir ki, işləri sonraya saxlayan insanlar daha çox
stressə məruz qalır, mümkün fiaskolar haqqında düşünərək işi
icra etməkdən qorxurlar.
Daha bir psixoloji yanaşma ondan ibarətdir ki, insanlar sevmədikləri,
faydalı hesab etmədikləri, qarışıq,
düzgün struktura
sahib olmayan, planlanmamış
işlərin icrasını
sonraya saxlamağa daha çox meyllidirlər.
Əgər prokrastinasiya xroniki
hal almayıbsa, onun səbəbləri olduqca sadə ola bilər:
- Qərar qəbul edə bilməmək;
- Yeni təcrübələrdən
qorxmaq (o cümlədən,
pozitiv dəyişikliklər);
- Daxili motivasiya əksikliyi;
- Hər şeyi son ana saxlayanda daha rahat və
mükəmməl icra
ediləcəyinə inanmaq;
- Planlaşdırma bacarığının
olmaması;
- Nəticələrin neqativ
ola biləcəyini
idrak etməmək;
- Perfeksionizm (mükəmməlliyyətçilik).
Bəzən insan hansı işin prioritet, hansının daha az önəm
daşıdığını ayırd edə bilmir, ardıcıllığı
bilməyən insan, hansı işi daha öncə görməli olduğunu önəmsəmir. Bəziləri
icra etdikləri iş haqqında yetəri qədər informasiyaya sahib olmadığı
üçün icra edə bilməməkdən
qorxur və sonraya saxlayır. Yanlış
bir inanc var ki, insan
yalnız uğursuzluqdan
qorxur. Əslində
insanın uğurlu olmaq fobiyası da var - öyrəşdiyi
mühit daha komfortludur, burda ola biləcək
hər şeyi kontrol edir, gələcək
uğur isə bütün ssenariləri
alt-üst edə biləcəyi üçün
hərəkətsiz qalmağı
seçir.
Perfeksionizm də məşhur prokrastinasiya səbəblərindən
biridir. İnsan gördüyü işin bütün xırda detalları barədə o qədər
çox düşünür,
təkrar-təkrar redaktə
edir ki, təhvil tarixini ötürür. Daha sonra
başını qatmağa
başqa bir şey tapır, çünki işi icra edə bilmədiyi
üçün də
eqosu zədələnir
və günahkarlıq
hissini kompensasiya etmək üçün enerjisini fərqli istiqamətdə istifadə
edir.
Bəs nə etməli?
Psixoloqlar bilirlər ki, yetkin insanların 20%-i mütəmadi olaraq işlərini sonraya saxlayır. Bu problemi aradan qaldırmaq üçün
əvvəlcə bütün
işləri ayrı-ayrılıqda
nəzərdən keçirib,
bunun ertələmə
ya başqa səbəbdən olduğunu
aydınlaşdırmaq lazımdır.
Meyar - hər hansı bir işi sonraya
saxladığım zaman
dincəlirəm, yoxsa
fərqli işlə məşğul olmağa
başlayıram? sualını özünə
ünvanlanmaqdır.
İşləri son ana saxlamamaq, hər şeyi zamanında və keyfiyyətli icra etmək üçün gündəlik, həftəlik,
aylıq plan qurmaq lazımdır. Amma bu proqrama baş verəcək pozitiv hadisələri də əlavə etməyi unutmamaq lazımdır. Bu, gün ərzində işlərinizi həll etdikcə rahatlamaq, əylənmək, doyunca yemək, yatmaq, sevdiklərinizlə ünsiyyət
qurmaq üçün
də vaxtınız olduğunu xatırladacaq.
Əgər 12:00-da iclasa girəcəyinizi
qeyd edirsinizsə,
13:00-da edəcəyiniz ləzzətli
naharı da qrafikdən kənar qoymaq olmaz.
Prokrastinasiyanın digər məşhur səbəbi, qoyulan məqsədin çox böyük, ciddi əmək və zaman tələb edən məqsəd olmasıdır. Bu halı
aradan qaldırmaq üçün böyük
məqsədinizi xırda
işlərə bölmək
lazımdır. Əgər siz
xarici dil öyrənirsinizsə, aydın
məsələdir ki,
bunu bir gündə etməyəcəksiniz.
Axşam gedib yeni dil öyrənəcəm,
deməkdənsə, axşam
gedib bir səhifə yeni məlumat oxuyacam və bir tapşırıq
yerinə yetirəcəyəm,
deyin. Beyniniz bu informasiyanın
təhlükəsiz və
asan icra olunan tapşırıq olduğunu qəbul edəcək və məqsədinizə çatmaq
hissi davamlı motivasiya mənbəyiniz olacaq.
Bir faydalı
addım da, məqsədləriniz barədə
yaxınlarınıza danışmaqdır. Bu məsuliyyət hissinizi artıracaq və siz icra etməkdə
daha həvəsli olacaqsınız, çünki
hər kəs sevdiklərini sevindirmək
istəyir.
Bir işə
başlamadan öncə
mütləq yayındırıcı
faktorları göz önünə almaq lazımdır. Əgər siz tez-tez telefona baxır, mətn yazışmaları
edir, sosial media hesablarınıza girirsinizsə,
yaxşı olar ki, telefonunuzu səssiz rejimə və başqa bir otağa qoyasınız. Eyni şəkildə,
səs-küylü mühitdəsinizsə,
tək qalacağınız,
qapını-pəncərəni bağlayıb diqqətinizi
işinizə cəmləyə
biləcəyiniz yerə
getməlisiniz.
Əgər hazırlıq mərhələsi
ipucları da kömək olmadısa, qızıl 15 dəqiqə
qanunundan istifadə edin. Əvvəla, anlayın ki,
sevməsəniz də,
istəməsəniz də
bu işi icra etməkdən məsulsunuz. Amma özünüzü,
ruhunuzu davamlı şəkildə incitmək
də faydalı deyil. Bu zaman özünüzə deyin
ki, bu işin
icrası üçün
cəmi 15 dəqiqə
vaxt ayıracaqsınız
və bütün diqqətinizi buna cəmləyəcəksiniz. Əgər 15 dəqiqə işlədikdən
sonra davam etmək üçün motivasiyanız yaranmadısa,
daha yorğun hiss etməyə başladınızsa,
bəlkə doğurdan
da yorğunsunuz, acsınız və ya təmiz havaya
ehtiyacınız var. Özünüzə,
sağlamlığınıza vaxt ayırdığınız
üçün günahkarlıq
hiss etmək lazım deyil. Ehtiyaclarınızı ödəyin və
istədiyiniz qədər
15 dəqiqə qanunundan
istifadə edin, işin nə zaman tamamlandığının
fərqinə belə
varmayacaqsınız.
Ən önəmli məqamlardan biri nəticəyə köklənməmək,
prosesdən zövq almaqdır.
Çalışmalısınız ki, gördüyünüz işin
hər etapında özünüz üçün faydalı bir
şey öyrəndiyinizi, inkişaf
etdiyinizi, özünüzə
yatırım etdiyinizi
xatırlayasınız. Ev
yığışdırmaq eyni zamanda idmandır və fiziki
görünüşünüzə də yaxşı təsir
edir. Yemək bişirmək eyni zamanda yaradıcı prosesdir və ruhunuzu da bəsləyir. Sizi əsəbləşdirən
insanlarla ünsiyyətdə olmaq - əsəblərinizi cilovlamağı,
hər vəziyyətdə sakit
qalmağı öyrənmək üçün
fürsətdir.
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 8 iyun.- S.11.